“Ədəbiyyat və incəsənət” portalı “Cənubi Azərbaycandan səslər” rubrikasından növbəti şairin şeirlərini təqdim edir - Arğın Paşanın. Rubrikanı “Ədəbiyyat və incəsənət” portalının
Güney Azərbyacan nümayəndəsi,
Təbrizdə yaşayan yazar Əli Çağla aparır.
Arğın Paşa
Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur 1989-cu ildə Muğanda doğulub böyüyüb. Bilim yurdunda bitki uzmanlığı bitirib. Gənc çağından ana dilində şeir yazmağa marağı olub. Az sonra şeirləri qəzetələrdə görünüb.
2013-cü ildə Azərbaycan folkloru əsasında uşaqlar üçün “Cırtdan", 2016-cı ildə “Axmaq tülkü", 2017-ci ildə Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün “Duzlu çəpiş" və 2019-cu ildə “Cırtdan" kitabı ikinci dönə çapdan çıxıb. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ Arğın Paşa Muğanln ustad Şəhriyar dərnəyi ilə Füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.
AVTO BİOQRAFİ
1989-am; 1368
Nisgiləm
Harayam
Bağrı qarayam;
İnsanam və özgürlüyün özü;
Yəni öz kefimin paşası!
İgid babamın adını seçdim.
"Paşa"-yam;
Yam-yaşıl Muğanda doğuldum;
Xəzəlin göbəyində.
Kiçik yaşlarımdan şeirlə boy atdım.
Əzbərlədim qəbir şeirlərini!
Atamın söylədiyi nağılları,
Anamın nisgilli bayatılarını və
Sevdim anamı; dilini daha artıq.
Onsəkkizimdə dil açdım.
Ondoqquzumda əsgərliyə getdim
Gənc qardaşımla birlikdə.
Bu anlar şeir içimi döydü.
Çəkib canımdan dağıtdım varaqlara
İçimdəki darıxma qasırğasın...
Bitirib gəldim və son günündə gəldi
əsgər qardaşım;
Amma əllərdə!..
Bu çağlar sevgi də məndə güllələndi
və dağıldım...
Bitki ozmanlığı bitirdim bilim yurdunda.
İyirmi ikimdə ədəbi dərnəklərlə tanış oldum.
Az sonra Muğanın şeir dərnəyində,
Yazıçılar birliyində birinci səsi qazandım.
Şeir və hekayə oxudum dünya yazarlarından və yazıldım neçə ölkədə.
İyirmi üçümdən uşaqlar üçün yazdım.
Kitab etdim neçə dönə.
İyirmi səkkizimdə məzar şeirim doğuldu;
Doğum günümdə!
İyirmi doqquzumda işimdən atıldım...
Yalqızlığımda yalqız olmayanda darıxdım.
Darıxmalarımı Nəsimidə yaşadım
Füzulinin dərdli sətirlərində;
Ramizdə, Xəlil Rzada, Bəxtiyarda
O tayda, bu tayda;
Arazda yaşadım, yaşa doldum aramızda
Yəni yaşamadım yaşam boyu...
Bu an
Otuzumdayam;
Və hələ də iyirmi birimdə!..
ÖZ KEFİMİN PAŞASIYAM
Yoxluğunda üşümürəm,
Öz kefimin paşasıyam.
Dərd yükünü daşımıram,
Öz kefimin paşasıyam.
Nə gözlərim dəniz olur,
Nə ürəyim bir an solur,
Boşalır külqabım, dolur,
Öz kefimin paşasıyam.
Qəm çəkmirəm bir an, lələ,
Cavandır bil, bu can hələ,
Ürək sözüm coşur belə,
Öz kefimin paşasıyam.
Önəmsizdir mənə saat,
Yaşayıram dərdsiz, rahat,
Cəhənnəm olsun bu həyat,
Öz kefimin paşasıyam.
Düşünməki dağılmışam,
Dağlarınla, dağ olmuşam,
Şair fəsli doğulmuşam,
Öz kefimin paşasıyam.
Yaşamıram bir an sürgün -
Ki, işlərim düşə düyün,
"Dünya beş gün, o da xoş gün",
Öz kefimin paşasıyam.
ÖZÜMÜ TAPA BİLMİRƏM
Külqabı, istəkan... Boşalır tez-tez
Bir payız gecəsi, beş-altı şair.
Göz-gözü görməyir tüstüdən daha
Və dərdlər tökülür ortaya bir-bir.
Keçmişə sürüyür, sabaha çəkir,
Yenə də gülürəm bu çağımda mən.
Ucqarda görünür ayaq izlərim,
Donmuşam hələ də qucağında mən.
Bir neçə saatdır sənin dalınca -
Getmişəm, özümü tapa bilmirəm.
Çağırır dostlarım, hardasan, Paşa?!
- İtmişəm, özümü tapa bilmirəm...
Sağlıqlar düzüldü masanın üstə,
yenidən özümdə yaratdım səni.
Acı keçmişimi çəkdim başıma,
Bir qurtum şərabda unutdum səni.
BAXIRAM
Gözündə bir qorxu, min bir həyəcan,
İlahi nə duyur xəyalən görən?
Könlündə yaşıl və sıcaq bir muğan,
Sənmisən röyamda məni öldürən?
Bir olay sındırıb yenə vüqarı,
Keçmişi büsbütün itirdim daha.
Qaldırıb içimdə yetim divarı,
Çəkilir kimliyim bu gün, sabaha.
Gəlib gözlərimin önündə durub,
Baxıram könlünün pəncərəsindən.
Gəlişin sevinci beynimə vurub,
Qopardın tənimi yer kürəsindən.
Gözlərin gözümə zillənən çağı,
Elə bil köksümdən güllə sovuşdu.
Dodağın bir anlıq güllənən çağı,
Sürəkli qışımdan çillə sovuşdu.
İNQİLAB QOXUSU
İnqilab qoxusu gəlir;
İntihar edir dodaqlarım
Yaxınlaş mənə.
Eheeeey gözləri poeziya xiyabanı,
Muğanda qora pişirən ay;
Təbrizdə titrəyən ərk
Şuşada həsrət...
Gözlərin ıslaq son baharın
öpülməmiş dodağı;
Gözlərin alça bağı.
Gözlərin bir qızıl almanı ikiyə bölmüş Araz,
Yaxınlaş mənə biraz.
Gözlərin yazarlar birliyinin sədri.
Kamaləddin Kamyunun "qürbət" şeiri
Şuta Yataşuylinin "daranmış saçları"
Nəzar Qəbbaninin "yüz sevgi məktubu"-dur gözlərin.
Mayakovskinin "şalvarlı bulud"-u,
Gözlərin Nəsimi,
Nazim Hikmətin asılma xəbəri;
Nüsrət Kəsəmənlinin şah əsəri:
"Məndən əsirgəmə o gözlərini..."
Gözlərin Müşfiqin tutqun tarıdır,
Arzularıdır Əhməd Cavadın.
Sökük Oxtaydır,
Oxa tay;
Toxtayıram tikiləndə dənizinə...
Gözlərin sürgün Sahirin azadlıq şeiri,
İlahiləşən Nadir
Qarşında çalınan darıxma sazlar
Qəzəllərə sığmayan darıxmalar...
Nisgilli bayatılar...
Qoşmalar...
Sərbəst çiçək toplusu.
Gözlərin uduzma qorxusu!
Baxırsan;
Dili tutulur gözlərimin,
Ağzı bağlanır dilimin!
Düşünmür düşüncəm
Helen Kelerlənirəm...
Gözlərin şeir ocağıdır;
Yandırırsan,
Yaxırsan,
Baxırsan, şair oluram.
Gözlərin, dilimdə yazılan bütün divanlar.
Gözlərində ədəbi yatıram,
ədəbiyyat öyrənirəm
Baxışın kölgəsində.
Dağıdırsan qalibləri
Sərhədlər itir
İt olur Hitler
Səddam itilir
Gözlərin Əbdülmalikin Pakistan torpağında
Qurşun çağıdır;
Sükut çəkir içimə!..
Bas gözlərinin bağrına məni
Gözlərin candır
Güneydə susuz Urmu gölündən küsən durnalar...
Quzeydə sürgün düşən torpaqlar;
Gözlərin ölkəmdəki dağlar.
Gəl!
Gəlişini düşünürəm;
Sinəm su səpir baxışlarına
bağlanan küçələrə.
Baxırsan;
72 hava gəlir başıma
"Ayaq cəlili" gəlirsən açıq kökdə;
Baş kökdə "baş müxəmməs"
"Paşa köçür" gözlərində...
Gözlərində bitir yaşam
Yaşam gözlərində
Buraxma məni.
Gözəllərini qısqanıram
Eheeeeey... Qız, qan!
Qısqanıram şeirimdə gözlərini.
Gözlərinlə şirindir yaşam
Şirinəm;
Bahar baxışlım,
Fəsillərə son qoymuş yaz;
Yaxınlat
Yaxınlat dodaqlarıma gözlərini biraz...