Super User

Super User

        

Bir müddət öncə Adəm İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” kitabı işıq üzü görüb və kitab dərhal əks-səda yaradıb. “Ədəbiyyat və incəsənət” portal kitabdan maraqlı hissləri dərc etməklə oxucularını kitabı əldə edib oxumağa çağırır. Çox maraqlıdır. Bəşər tarixinin 17 suçlu, cinayətkar ermənisinin məhşər divanı qarşısına çıxması və onların törətdikləri cinayətlərin tarixi sənədlərlə isbatı çox maraqlıdır. İndi təqdim etdiyimiz hissə isə kitabın hazırlıq hissələrindəndir. Düşünürük ki, bu da oxucularda maraq doğuracaq. Bəşər tarixinin ən qəddar caniləri kimlərdir? Kimlər insane qanın dan dəniz yaradıblar?

Növbəti həftələrdə isə digər maraq doğuran hissələri də oxucularımıza təqdim edəcəyik.

 

          Kaliqula

Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən hədsiz dərəcədə qorxub ətrafdakı hər kəsi özünə potensial düşmən sanırmış. Bu adam qeyri-adı qanunlar icad edibmiş. Məsələn, kim imperatorun üzünə baxsa, onun içərisində şirlər olan qəfəsə atılması. Çox qəribə ölüm hökmləri icra olunurdu imperiyada. Arıların sancması kimi. Kaliqula həm də nizamsız seksual həyat keçirir, çox sayda zorlamalara imza atırdı.

 

Neron

Daha bir Qədim Roma imperatoru 1-ci əsrdə daxili üsyanları qəddarcasına yatırtması, sonradan isə despotu ilə yadda qalıb, özünə rəqib bildiyi bütün saray əyyanlarını, hətta həyat yoldaşı Oktaviyanı belə edam etdirib. 64-cü ildə isə Roma şəhərində baş verən dəhşətli yanğını təşkil edib, şəhərin əsas küçələri onun ucbatından yanıb kül olub.

 

Çingizxan

Monqol imperiyasının yaradıcısı, ilk böyük xanı. 12-ci əsrdə yer üzərindən Tanqut çarlığını, Çinin Tzsin imperiyasını, Bağdad xəlifəliyinı, Voljsk Bolqarıstanını və Xorəzmşah kimi dövlətləri silmişdir, on minlərlə insanların qətlə yetirilməsinə, əsir və qul həyatına məhkum olunmasına rəvac vermişdir.

 

Vlad Sepeş – Drakula

15-ci əsrdə yaşayan bu macar-rumın qrafı Transilvaniyada ağlasığmaz qəddarlığı ilə yadda qalıb. Məsələn, 300 braşovlu gənci tonqalda yandırıb, qadınları ucu şiş taxtaya keçirib balalarını onlara sarımaqla işgəncəyə məruz qoyub. Drakula özü şəxsən qətlə yetirdikləri 23884 türkün cəsədini sayıbmış. Hətta qəddarlığına görə bu şəxsin incəsənətdə dönə-dönə obrazı da yaradılıb.

 

İvan Qroznı

Ağlasığmaz vəhşilikləri ilə seçilən bu 16-cı əsr Rus çarı xəyanətdə ittiham edilən saray əyanlarının tikə-tikə doğranıb üzərilərinə ya qaynar su, ya da buz tökülməsiylə dərilərinin ətdən qopmasından həzz alirmiş. Eləcə də o, bakirə qızlara qarşı elədiyi sonsuz sayda təcavüzləri ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atmışdır. Bu şəxs həm də tarixə öz oğlunun qatili kimi  düşmüşdür.

 

Mulay İsmail

Bu Mərakeş sultanı Sudan qullarından ibarət ordusu ilə yeni-yeni torpaqlar işğal edir, əsirlər ələ keçirirmiş. Qana susayanda isə bu hannibal sarı paltar geyinib şikar axtarır, xoşuna gələnləri öldürürmüş.

 

Birinci Pyotr

Ruslarda imperiya ambisiyası, qonşu xalqların torpaqlarını işğal edərək ucsuz-bucaqsız ərazilərə sahib çıxmaqla bir velikorus şovinizmi yaradıb, bu səbəbdən günü bu günədək də davam edən yüzlərcə ədalətsiz müharibələr aparılıb, milyonlarla insane qurban gedib.

 

Andronik Ozanyan

Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirib.

 

Benito Mussolini

Bu italiyalı şəxs məktəbli ikən sinif yoldaşını bıçaqlamasından başlayaraq italyan faşizminin banisi kimi, diktator kimi ölkə daxilində etdiyi cinayətlərinə, eləcə də Hitlerin müttəfiqi kimi 2-ci dünya müharibəsində yüz minlərlə insanı qırdırmağadək uzanan bir həyat yolu keçib.

 

Adolf Hitler

Bu Almaniya vətəndaşının günahları o qədər çox və təkzibedilməzdir ki (o, faşizmin banisi, 2-ci dünya müharibəsinin səbəbkarıdır, 1939-1945-ci illər ərzində hər il 4 milyonadək insanın qətlinə fərman verib, yəhudilərin məhvinə yönəli Xolokost qətliamı onun ayağındadır), onu tarixin ən qəddar canisi hesab edirlər.

 

İosif Stalin

Milliyyətcə gürcü olsa belə tarixə SSRİ vətəndaşı kimi düşən, Sovet İttifaqı adlı xalqlar həbsxanasını ən antihumanist həddə qədər inkişaf etdirən, xüsusən 1937-ci ildə on minlərlə ziyalını güllələdən, Sibir çöllərinə sürgün etdirən, 9 milyon insanı həbsxanalara atan, sənayeləşdirmə və kollektivləşdirmə illərində 20 milyon insanın canına qıyan, dünyanın tən yarısını zorən sosialistləşdirib digər yarısı - kapitalizm ilə əbədi mübarizəyə sürükləyən bir  qəddar diktator olub Stalin.

 

Ted Bandi

Tarixə “Amerikanın ən qorxulu adamı” kimi düşmüş bu şəxsin cinayətkar gələcəyi nümunəvi tələbə olduğu dönəmdə əsla proqnozlaşdırılmırmış. Qoluna yalançı gips qoyub çemodanını maşınınadək götürüb aparmağı gözəgəlimli qadınlardan xahiş etməklə təməli qoyulan 30-dan çox cinayət eyni sonucla bitmişdi: qadınların zorlanması və öldürülməsi. Həbs olunub həbsxanadan  qaçaraq Ted Bandı ağlasığmaz cinayətlərini yenidən davam etdirmiş, amma növbəti həbsdən sonra elektrik stulunda əyləşdirilməklə öldürülmüşdür.

 

Kim İr Sen

Bu Şimali Koreya diktatoru 2 milyon insan həyatına qənim kəsilmişdi, özünə “Millətin atası” titulunu götürərək insanları itaət etməyə, alçaltmağa müvəffəq olmuşdu.

 

Pablo Eskobar

Kolumbiya narkobaronu və terrorçusu olmuş bu şəxsi, təsadüfi deyil ki, sağlığında “Kokain kralı” adlandırırdılar.  Medelyin karteli adlı narkoticarət şəbəkəsinin lideri olan bu şəxs 1980-ci illərin sonunda dünya kokain bazarının 80 faizinə nəzarət edirdi. 30 milyard sərvəti olan Eskobar Forbesin dünyanın ən varlıları siyahısında 7-ci pilləyədək yüksəlmişdi. Ağ ölüm adlı narkomaniya məhz onun sayəsində dünyada çiçəklənmiş, yüz minlərlə gənc məhv edilmişdir.

 

Mao Tze Dun

Çin diktatoru tək elə bircə “Böyük sıçrayış” ideologiyasına 65 milyon insanın, ümumilikdə 33 illik hakimiyyəti dövründə 76 milyon insanın qurban getməsinə rəvac vermişdi. Üstəlik, bu şəxsin qəribə bir cinayəti də vardı, əkin sahələrinin sərçələrdən qorunması adı altında tək bir il ərzində 2 milyard sərçənin məhvinə səbəb olmuşdu.

 

Səddam Hüseyn

Bu İrak prezidenti öz cəlladlarına milyona yaxın iraklını güllələmək, ölüncəyə qədər döydürmək, qazla boğmaq əmri vermişdi, bəzi insanları hətta əlində tapança özü güllələmişdi.

 

İdi Amin

Axirətdə qurulan Divan bu uqandalı dövlət başçısını elədiyi vəhşiliklərə görə hətta ağıldan kəm adlandırmışdı. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti zəbt etmiş bu keçmiş Britaniya ordusu zabiti yarım milyon uqandalını öldürtmüş, hətta hannibalizmdə də ittiham olunmuşdu.

 

Pol Pot

1975-1979-cu illərdə - 4 il ərzində hakimiyyətdə olan bu kambocalı diktator ölkə əhalisinin hər üç nəfərdən birinin məhvinə səbəb olaraq bəşər tarixində ən inanılmaz despot kimi ad çıxarıb.

 

Pedro Alonso Lopes

“And monstrı” təxəllüslü tarixin ən vəhşi manyakı. Ginnesin rekordlar kitabında “ən qəddar qatil” kimi birincilik daşıyan bu şəxs Cənubi Amerikanın Kolumbiya, Ekvador və Peru kimi dövlətlərində 1975-1978-ci illərdə yüzdən çox yeniyetmə qızı zorlayaraq öldürmüşdür.

 

Fransua Düvalye

Haitinin 31-ci prezidenti rejim əleyhinə çıxanların hamısını, müxalifləri izlətdirirdi, kim bir kəlmə mənfi fikir bildirirdisə, sözünün kəskinliyinə görə ya həbsə atılır, ya güllələnirdi. Haiti həbsxanaları ağzına kimi dolmuşdu, yeni həbs olunanlara yer tapılmırdı. Ömrünün sonunadək prezident olması barədə mürtəce qərar imzalamışdı bu şəxs. Özünə Papa Dok ləqəbi qazandırmış, ona da nail olmuşdu ki, dövlət himni “Papa Dok əbədidir” sözləri ilə başlasın. Əsarətə, yoxsulluğa sürüklənən xalq ayağa qalxmaq istəyəndə isə gülləbaran edilirdi.

 

P.S. Çox keçməz ki, bu siyahıya 2022-ci ildə başqa ölkənin ərazilərinə soxulmaqla on minlərlə dinc insanı qanına qəltan edən növbəti caninin də adının düşəcəyi şübhə doğurmur. Bəşəriyyət və Tanrı bütün caniləri cəzalandırır!

 

 

 

 

İlk olaraq səhnədə Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.

Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb. 

AzərTAC xəbər verir ki, festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb.

Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib. 

Qeyd edək ki, qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, 250-dən çox musiqi layihələrində iştirak edib, həm solo, həm də qrup albomları buraxıb. Bu, onu Avropa elektron andeqraundun aparıcı simalarından biri kimi təsdiq edib. Onun müxtəlif layihələri nağara və bas, IDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir. İvan Şopovu öz sahəsindəki digər sənətçilərdən həqiqətən də fərqləndirən cəhət onun ənənəvi bolqar folklorunu elektron musiqi və cazla qarışdırmasıdır. 

O, ABŞ, Cənubi Amerika, Rusiya, Asiya, Avstraliya və Yeni Zelandiyada turlarda çıxış edib. 

“Trigaida” Şərqi Avropada Bolqarıstanın kiçik və rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir musiqi layihəsidir. Sözügedən folktronika triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Georgi Marinov və Asya Pinçeva Bolqar musiqisini dünyaya tanıdan, müasir klub musiqi üslubunu folk musiqisinə sintez edən “ORATNITZA” musiqi qrupunun üzvləri olmuşdurlar. Həmçinin trio dünya musiqi istiqamətinda geniş bir musiqi platforması nümayiş etdirir.

Xatırladaq ki, mayın 14-dək Şuşada keçiriləcək V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.

 

4 Saylı Bakı "ASAN xidmət" mərkəzinin təşkilatçılığı ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən mərkəz daxilində fotosərgi təşkil olunub. Sərgi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və UYD İctimai Birliyinin "Rənglənmiş tarix" layihəsi çərçivəsində həyata keçirilib. 

 

Layihənin məqsədi Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğidir. 

Sərgidə Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərova məxsus ağ-qara fotolar sərgi iştirakçılarına rəqəmsal üsullar ilə rənglənmiş üslubda təqdim edilib. 

Sərgidə nümayiş etdirilən fotolar 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edən vətəndaşlar, mərkəzin əməkdaşları və könüllüləri tərəfindən maraqla qarşılanıb. Sərgi iştirakçıları rənglənmiş fotolara aid məlumat lövhələrində fotosu rənglənmiş şəxsiyyətlər haqqında məlumat əldə ediblər, həmçinin rənglənmiş fotoların orijinal olan ağ-qara versiyası ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Bakı, Gəncə, Lənkəran şəhərlərində Şəki, Şamaxı rayonlarında Şuşa musiqiçilərinin fotosərgisi keçirilmişdir.

Günün fotosu: Finlandiya təcili NATO-ya üzv olmalıdır

 

NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirər, alyansın özünü də qüvvətləndirər. Finlandiya təcili NATO-ya üzvlük barədə müraciət etməlidir!

Bu bəyanatla Finlandiyanın prezidenti Sauli Niinistye və baş naziri Sanna Marin çıxış etmişlər. 

Xatırladırıq ki, bloklara qoşulmayan Finlandiya bu addımı Rusiya təhlükəsini duyaraq atmışdır. 

Sorğuya görə ölkə əhalisinin 76 faizi ölkəni alyansda görmək istəyir.

 

Foto: Euronews

 

Nobel mükafatı laureatı, Yaponiya əsilli Britaniya yazıçısı Kadzio İsiquronun “Məni heç vaxt buraxma” romanı əsasında serial çəkiləcək.

 

RİA Novosti agentliyi xəbər verir ki, ekran işi FX telekanalı tərəfindən istehsal ediləcək.

Ssenari Melissa İkbala aid olacaq. Serialın nə zaman ekranlara çıxacağı məlum deyil.

Qeyd edək ki, roman əsasında 2010-cu ildə eyniadlı film də çəkilib.

 

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil edilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnını ifa edib.

 

AzərTAC xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ikinci yarımfinalında iştirak edən 18 ölkədən ancaq 10-u final mərhələsinə adlaya bilib. 

Azərbaycan da daxil olmaqla Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya finala vəziqə qazanıb. 

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala çıxmışdı. 

Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalı mayın 14-də keçiriləcək. Finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcəklər.

 Rusiya müğənnisi Filipp Kirkorovun Turin şəhərində keçirilən Avrovijn musiqi yarışmasının 1-ci yarımfinalında peyda olması qalmaqal yaradıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Kr.Ru saytına istinadən xəbər verir ki, Ukraynaya təcavüzünə görə Rusiya iştirakçısını yarışa buraxmayan təşkilatçılar Kirkorovun üzünə xoş baxıblar, 1995-ci ildən hər dəfə yarışmada fəxri qonaq kimi iştirak edən Kirkorova gözün üstündə qaşın var deyən olmayıb. Ona qızıl sky-box, VİP loja təqdim edilib.

Rusiyalı müğənni Turinə son aylar yaşadığı Monakodan vertolyotla uçub gəldiyini, Yunanıstan təmsilçisinə azarkeşlik etdiyini söyləyib. (Şükür ki, ermənini deməyib).

Amma Rusiyada həm media, həm də mədəniyyət başbilənləri Kirkorovu satqın adlandırıblar. Məsələn, məşhur musiqi tənqidçisi Sergey Sosedov onu “tərbiyəsiz və əxlaqsız” adlandırıb, qeyri-vətənpərvərlikdə ittiham edib. Sual edib ki, bu necə olur, Rusiyaya yarışmaya qatılmaq yazaq olunur, amma Rusiya təmsilçisi bu təhqiri vecinə almayıb gedib orda poz verir?

Müğənni özü isə bu hücumları heç vecinə almır. O, “Mən pop ulduzam, nə istəyirəm, edirəm” söyləyib. Görünür, Filipp də Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrinin necə olacağını hiss edə bilir. 

Foto: Kr.Ru

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 saylı uşaq incəsənət məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş hesabat konserti keçirib.

 

Baş İdarədən bildirilib ki, konsertdə məktəb şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, “Leyla” rəqs kollektivinin ifasında rəqslər təqdim olunub.

Həmçinin tədbirdə istedadlı şagirdlərin rəsm əsərlərindən ibarət sərgi nümayiş edilib.

Rəsm qalereyası: Nigar Nehmi Abbasbəyli, “Şuşa”

Bu günlərdə Qubada möhtəşəm SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu keçirildi. “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəkçisi olduğu festivalda gənc şair Ruslan Dost-Əli birincilik qazandı. “Ədəbiyyat qəzeti”ndə festival finalçısı Tural Cəfərlinin Ruslan Dost-Əli ilə müsahibəsi dərc edilib. Həmin müsahibəni oxucularımıza təqdim edirik. 

 

 

- Xoş gördük, Ruslan bəy. İşlər necə gedir, yeni nələr yazırsınız?

 - Xoş gördük. İşlərin gedişatı ovqatla bağlıdır. O da gah elə olur, gah belə. Adətən, yaradıcı adamın işləri qaydasında olmur. Xüsusi bir şikayətim yoxdur. Sadəcə, yaşamaq mənim üçün narahatlıq, nigaranlıqdır. Əsas iş də bu narahatlığı rahat bir şəkildə keçirməkdir. Açığı, demək olar, heç nə yazmıram. Öz hücrəmə çəkilmişəm. Düşünürəm, oxumaq daha vacibdir. Amma hər şey bir yana, yazmaq gözəl işdir. Həm də yazıçını, şairi formada saxlayan amildir. Oturub şeir yazmaq kimi bir şakərim yoxdur. Şeir Allah qonağıdır. Həmişə gözüm üstündə yeri var...

 

- Keçən həftə Beynəlxalq Silkway ədəbiyyat festivalı (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi keçirildi. Kifayət qədər ciddi imzalar iştirakçı oldu. Təbrik edirik, festivalın qalibi oldunuz. Ümumən ab-hava necə idi?

 - Təşəkkür edirəm. Ədəbiyyatla bağlı, ədəbiyyat adına görülən işləri yüksək qiymətləndirmək lazımdır. Təbii, burada işin keyfiyyəti, ədalətlilik və peşəkarlıq meyarı əsas götürülməlidir. Bu cür festivalların əsas qayəsi yaradıcı şəxslər arasında körpü rolunu oynamaqdır. Beynəlxalq Silkway ədəbiyyat festivalı bu baxımdan çox faydalı oldu. Bu işdə yazıçı Varis Yolçuyevin böyük zəhməti var. Təşkilat Komitəsinin həmsədrləri Əlibala Məhərrəmzadəyə və Varis Yolçuyevə böyük təşəkkür düşür. Şəhərin xaosundan, qaçaqaçından, qayğıların əlindən bir neçə günlük qaçıb təbiətə köklənmək yaradıcılıq baxımından yaxşı effekt verir. 

 

- Hansı təkliflərin oldu və ya müsabiqə şərtləri ilə bağlı görmək istədiyin məqamlar... 

 -Şərtlərdə nəsr və poeziya ayrı-ayrılıqda olmalı idi. Nəsrlə poeziyanı müqayisə etmək yanlışdır. Yəni hər iki kateqoriya üzrə müvafiq olaraq 3 yer təyin edilməli idi. Əsaslandırma belə oldu ki, cəmi 6 nəsr nümunəsi olduğuna görə şeir və hekayələr eyni kateqoriyada təqdim edilib. Bu da başa düşüləndir. Növbəti festivalda bu nüanslar nəzərə alınsa, çox gözəl olar.

 

- Səsvermə ilə bağlı fikir ayrılıqları oldu. Necə düşünürsən, bu nə ilə bağlı ola bilər?

 - 30 iştirakçı arasında da səsvermə keçirildi. Yəni bir-birimizə səs verdik. Bilirsiniz, bir şairə onun layiq olduğundan bir az artıq qiymət veriləndə buna haradasa susmaq, göz yummaq olur. Ancaq layiq olduğundan qat-qat aşağı qiymət veriləndə, bunu həzm eləmək olmur. Bal məsələsində adətən münsiflərin haqsızlıq etdiyini görürdük, bu dəfə əksinə oldu. İstedadlı, işıqlı adamlara qarşı qərəz həmişə olub. İştirakçılar arasında vicdansızlıq edənlər çox oldu. Belə işlərdə kifayət qədər həssas və diqqətli olmaq lazımdır.

 

- Bəlkə qısqanclıq var? Hamı qalib ola bilməz axı...

 - Əlbəttə, qısqanclıq var. Mən bunu özümə qarşı böyük ölçüdə hiss elədim. Hətta elə adamlar vardı, qısqanclıqları gözlənilməz oldu. Üzlərinə baxanda narahatlıqlarını açıqca sezmək olurdu. Bunlar az-çox istedadlı olub, istedadlarında zərrə qədər işıq olmayanların işidir. Paxıllıq ağacı içindən yeyən qurd kimidir, nə olursa özünə olur. Nə deyim? Allah hər birinin köməyi olsun. Mən səsvermədə çox humanist davrandığımı deyə bilərəm. 31 iştirakçının heç birinə 6 baldan aşağı qiymət verməmişəm. Münsiflərin seçiminə gəlincə, heç kim qalxıb deyə bilməz ki, birinciliyə filankəs layiq idi, amma Ruslan Dost Əlini seçdilər. Müsabiqədə səslənən əsərlər ortadadır. Yalnız şeirləri nəzərdə tuturam. Hamı tapıb oxuya bilər. Münsiflər heyətinin yekdil rəyi bir daha onu göstərdi ki, şeir təkcə zövq məsələsi deyil. Bu müsabiqədə ətrafına özü kimi 3-5 adam yığıb, orda-burda poeziya haqqında ağzına gələni danışan, sosial şəbəkədə 5-10 layka aldanan adamların da şair obrazı darmadağın oldu. 

 

- Ustadlarla həmsöhbət oldunuz, dərslərdə iştirak etdiniz... 

 -Bəli. Düşünürəm ki, Anar və Nizami Cəfərovun çıxışları faydalı oldu. Hər biri ilə maraqlı söhbət elədik. Gənc yazarlar Nizami Cəfərovun bəzi fikirləri ilə razılaşmadılar. Ancaq akademikin dediklərində həqiqət var idi... Məsələn... Məsələn, Nizami Cəfərov deyir ki, siz gənclər böyük həcmli əsərlər yaza bilmirsiniz. Şeirlərinizdə yaxşı tapıntılar var, ancaq hamısı yarımçıqdır. Yazdığınız şeirlərdə pərakəndəlik var, süjet xətti yoxdur. Sizcə də, adam haqlı deyilmi?! 

 

- Şeirin düsturu varmı? Ya şeir yazmağın? 

 -Şeirin, ya onu yazmağın düsturu heç vaxt ola bilməz. Şeir ilahi faktordur. Birbaşa ilahiyə bağlı nəsnədir. Onu düzüb-qoşanda, quranda alınmır, süni görünür. Bir də, şair özünü, içinin ona diktə elədiyini yazmayanda şair ola bilmir. Ədəbi mühitimizdə yüzlərlə beləsi var. Nizami müəllimin dediyi başqa şeydir, əlbəttə. Tutaq ki, bir şeirin əvvəlində dağın başında dincələn adamın şeirin sonunda ürəyi istidən partlayır. Şeirin ortasında da bu adamın Bəndər Şəhrə səfərilə bağlı heç bir məlumat yoxdur. Yəni biz yazdığımız şeirlərdə Çexovun dediyini edə bilmirik. Bizim tüfəngimiz açılmır...

 

- Tez-tez gənc yazarları mütaliə etməməkdə, intellektli olmamaqda qınayırlar. Bəs, sizcə, intellekt və mütaliə nədir? Necə olmalıdır?

 - Toplum olaraq intellektual səviyyəmiz çox aşağıdır. Analitik qabiliyyətimiz həddindən artıq zəifdir. İnsanlara kitabı məcbur oxutdurmaq olmaz. Cəmiyyətə könüllü şəkildə kitab oxutdurmağın yollarını tapmaq lazımdır.

 

- Ruslan bəy, ədəbi mühitimiz haqda nə düşünürsünüz, necə təsvir edə bilərsiniz mənzərəni?

 - Bu sualı jurnalist dostlarımızdan biri də vermişdi. Dəyişən bir şey yoxdur. Ona görə də eyni cavabı verəcəm: Ədəbi mühitdə qəribə dağınıqlıq var. Modern forma axtarışları bizi yolumuzdan sapdırıb. Sözün müqəddəs hesab olunduğu dövrləri kitablardan da olsa oxumuşuq, söhbətlərdə eşitmişik. "Filankəs filan sözü necə yerində tapıb" eyforiyasından, situasiyanın hegemonluq elədiyi ədəbiyyata keçid çox ağır gedir. Biz keçmişdən gələcəyə körpü ilə getmirik, sanki sel bizi aparır. Məncə, bu pərakəndəlik, boğulma bitəndə hər şey qaydasına düşəcək.

 

- Gənc yazarların əsas problemlərini yaradıcılıqla bağlı nədə görürsünüz?

 - Gənc yazarların əksəriyyətinin problemi yaza bilməməkləri ilə bağlıdır. Üstəlik, yaza bilməməklərini məişət qayğılarıyla, sosial vəziyyətlə və s.-lə əsaslandırmağa, özlərinə haqq qazandırmağa çalışırlar. Etiraf edə bilmirlər ki, istedadımız bu yazdığımıza çatır. 

 

- Poeziyanın kölgədə qalması ilə bağlı fikirlər səslənir. Ancaq görünən odur ki, insanların şeirə hər zaman ehtiyacı var. Bu barədə nə deyə bilərsiniz?

 - Poeziyanın kölgədə qaldığını düşünmürəm. Əksinə, məncə, son dövrlər şeirə maraq bir az da artıb. Düzdür, yazanların sayı oxuyanların sayını çoxdan keçib. Bazarda müştəridən çox, satıcı olanda malın urvatı qalmır. İndi bizdə də yazmaq kütləviləşib. Ancaq əminəm ki, o yazanların da əksəriyyəti əvvəl-axır yenə oxumağa qayıdacaq.

 

- Son dövrlər gənc qiraətçilər sanki şeirə yeni nəfəs vermiş oldular. Ümumiyyətlə ədəbiyyatı necə gündəm etmək olar?

 - Peşəkar müstəvidə baş verən hadisələr, gedən proseslər adətən gündəmə çevrilmir. Sənəd hər zaman fərdlər üçün maraqlı olub, bu gün də belədir. Fikir vermisiniz? Heç bir ədəbi-bədii ölçülərə cavab verməyən nümunələr daha tez məşhurlaşır, dildən-dilə düşür, nəinki əsl sənət əsərləri.

 

- "İndi dadlı söz də hamıda yoxdu". Sözün dadını necə müəyyən edirsiniz?

 - Sözü hiss eləmək kifayətdir. Sözə qarşı çox həssasam. Bəlkə də hansısa yeməyin dadını tutmaya bilərəm, sözün dadını əsla. Sözü bütün canıyla, qanıyla hiss eləyən, iliyinə qədər duyan kişilər var. Onlar üçün sözün verdiyi ləzzəti heç nə əvəz edə bilməz. Yeməyin dadlısı damaqda qalan kimi, sözün də dadlısı ürəkdə qalır.

 

- Nə vaxtsa nəsrə keçmək haqda düşünürsünüz?

 - Düşünmüşəm. Gələcəkdə böyük həcmli əsər yazmaq fikrim var. Amma buna hələ ki hazır deyiləm. Elə bilirəm, yaxşı nəsr nümunəsi yaratmaq üçün yazıçı əsəri tamamlayana qədər özünü hər şeydən, hamıdan təcrid etməlidir. Tamamilə özünə - içinə çəkilməlidir. Yalnız özü ilə əlaqədə olmalıdır. Bu da asan məsələ deyil, əlbəttə.

 

- Nəsr daha çətindir, ya necə?

 - Yuxarıda da qeyd elədim, nəsrlə poeziyanı müqayisə etmək yanlışdır. Şeir daha çox şüuraltı məhsuldur. Gəlir, yazırsan. Onun redaktəyə ehtiyacı yoxdur. Nəsrdə isə mətnə təkrar-təkrar qayıtmaq, daha da təkmilləşdirmək üçün üzərində işləmək mümkündür. Bu mənada nəsr daha ağırdır, böyük zəhmət, hövsələ tələb edir.

 

- Ədəbiyyatla və yaradıcılığınızla bağlı gələcək görüşləriniz...

 - Ədəbiyyatımızın gələcəyi ilə bağlı çox nikbinəm. Elə bilirəm, o qədər də uzaq olmayan gələcəkdə Nobel mükafatını ölkəmizə gətirə biləcəyik. Bu, kimlər üçünsə gülməli səslənə bilər. Hər halda, mən belə düşünürəm.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.