Super User
27 Vogue nəşri birləşdi ki, oxuculara daha keyfiyyətli xidmət göstərsinlər
Pandemiya təkcə itkilərə və məyusluğa gətirib çıxarmadı, həm də çox vaxt dəyişikliklərə də meydan açdı və qapalı sərhədlərə baxmayaraq, bütün dünyanı birləşdirdi. Bu, ümumi mövzulara həsr olunmuş buraxılışlar hazırlayan Vogue nəşrlərinə də toxundu. Ümidlə dolu və kreativ başlanğıc! Yeni Sentyabr sayı bütün Vogue redaktorlarının beynəlxalq əməkdaşlığının üçüncü təcrübəsinə çevrilir - bu dəfə 27 nəşr yenilənmə və yeni başlanğıclar barədə danışmaq üçün birləşiblər.
“Ədəbiyyat və incəsənət” portalı bu xəbəri Vogue dərgisinə istinadən azərbaycanlı modasevərlərin diqqətinə çatdırır.
"Yeni Beginnings kampaniyası moda dünyasında baş verən dəyişikliklər və sənayenin daha davamlı, inklüziv və qlobal olmaq istəkləri ilə bağlı optimistliyini ifadə edir", — Vogue ABŞ-ın baş redaktoru, Vogue qlobal redaksiya direktoru və Conde Nast qlobal məzmun üzrə məsləhətçi Anna Vogue deyir. — Biz bu dəyişikliklərlə və onların dərinliyi ilə həyəcanlanırıq - bu, bizim üçün sənayedə özünü yeniləmənin və yenidən başlamağın çox sevindirici nümunəsidir. Və Vogue bu prosesi dəstəkləməkdən xoşbəxtdir".
Avqust və sentyabr aylarında Vogue jurnalının 27 dildə 21 nəşri satışa təqdim olunacaq, hər birinin üz qabığı günəş imicini günəşin şəklinin diliylə şərh edir – bu, dünyanın demək olar ki, bütün mədəniyyətlərində birləşmənin və yeni həyatın simvoludur. Həmçinin, yeni Beginnings təşəbbüsü çərçivəsində, çap nömrələri və digital platformaları müxtəlif ölkələrdən olan istedadlarla birlikdə Vogue redaktorları tərəfindən hazırlanmış unikal məzmunda təqdim ediləcəkdir. Mouchchi Prada və Rafa Simons-un eksklüziv müsahibələri, dünyanın modellərinin, mədəniyyət və dizayner qəhrəmanlarının moda hekayələri, eləcə də modada bir sabitlik trendi kimi qəbul edilən John Galliano və Tomo Koidzumi kimi ünlülərlə daha yaxından tanışlıq – bütün bunlar oxucuların ixtiyarına veriləcək.
Bundan başqa, sentyabrdakı buraxılışla yeni nəşr də debüt edəcək, bu nəşr başqaları ilə birlikdə qlobal kampaniyaya qoşulacaq — çap və rəqəmsal formatda təqdim olunan Vogue Scandinavia. İsveç, Danimarka, Norveç, Finlandiya və İslandiyadan olan oxucular üçün jurnal ingilis dilində nəşr olunacaq. Daha bir yenilik: Vogue Chına-nın təzə sayı yeni baş redaktor Margaret Zhang-ın rəhbərliyi altında təqdim ediləcək, bu da Çin nəşrinin tarixində yeni səhifə olacaq.
Əminik ki, azərbaycanlı Vogue-sevənlər öz jurnallarının yeni məzmununu çox bəyənəcəklər.
© Photographer: Daniel Jackson.
Türkiyədə Nadir Adilmanın “O gələcəkmi?” kitabı işıq üzü gördü
“Türkiyədə çap edilən bu kitabımı internat evlərində böyüyərək hər gün “O gələcəkmi” sualını öz-özünə bir neçə dəfə təkrar edən bütün balaca dostlarıma həsr edirəm.
Kitabın bütün dillərdərdəki nəşrindən əldə edəcəyim vəsaiti Araz Əhmədovun rəhbərlik etdiyi "IMSI" İnternat Məzunlarının Sosial İnteqrasiyası GİB-nin üzvləri arasından seçiləcək gəncin xərclərinə və yaxud da maliyyə imkanları həddi imkan verərsə gənclərin Türkiyədə təhsilləri xərclərinə yönəldəcəyəm.”
Bunlar yeni nəşrə müəllifin yönəldici sözləridir.
Qeyd edək ki, Azərbaycanın tanınmış motivasiya spikeri və kouçu Nadir Adilmanın “ O gələcəkmi” kitabını Türkiyədə “Nestor” yayın evi nəşr edib. Kitabın tərcümə və redaktəsi Şebnem Karslıya məxsusdur.
Ən çox baxılan “Cənub Parkı" cizgi seriyası 30-cu mövsümədək uzadıldı
Hazırda" Cənub Parkı " 24 mövsümdür ki, nümayişdədir, 25-in çıxışı 2022-ci ilə planlaşdırılır, 30-cu mövsüm isə 2027-ci ildə istehsala buraxılacaq.
MTV Entertainment Studios şirkəti ilə "South Park" (South Park, 1997 - hazırda) cizgi serialının yaradıcıları Tree Parker və Mett Ston arasında serialın 30-cu mövsümədək uzadılmasına dair sövdələşmə imzalanıb. Bu barədə «Ədəbiyyat və incəsənət” portalı animasiya seriyasının saytına istinadən məlumat verir.
"Comedy Central" kanalında "Cənub Parkı" teleserialı 30-cu mövsümədək uzadılır",-deyə məlumatda bildirilir. Hazırda “Cənub Parkı " 24 mövsümünü keçirir, 25-in çıxışı 2022-ci ilə planlaşdırılır, 30-cu isə, bəyanata əsasən, 2027-ci ildə buraxılacaq. Bundan başqa , sövdələşmə "Paramount" striminq xidməti əsasında "Cənub Parkı"nın motivləri əsasında 14 tammetrajlı filmin buraxılmasını nəzərdə tutur, onlardan ikisi 2021-ci ildə işıq üzü görəcək.
Xatırladaq ki, “Cənub Parkı" cizgi seriyası 1997-ci ildə debüt edib. Onun əsas qəhrəmanları - Kolorado ştatının eyniadlı kiçik şəhərciyində yaşayan və müntəzəm olaraq qeyri-adi vəziyyətlərə düşən dörd məktəblidir. Cizgi filmi qara yumorla tanınır, həmçinin satirik tərzdə Amerika cəmiyyətinin kəskin sosial və siyasi problemlərinə toxunur.
Azər Turan: “Bu əsassız iddianı nisbətən zərərsizləşdirə bildim”.
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə olan “Şənbə qonağı” layihəsində bu gün istəkli oxucularımızı tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanla görüşdürürük. Görüşə İntiqam Yaşar bələdçilik edir.
Azər Turan şəxsiyyətinə işıq salmaq üçün gəlin bir müddət öncə Neftçalada, Heydər Əliyev Mərkəzində Azər Turanın "XX əsr - Fəryadın metafizikası" kitabının təqdimat mərasiminə keçid edək, orada xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın söylədiyi bu sözlərə diqqət edək: “Neftçala deyəndə şəxsən mənim ilk yadıma düşən ad rəhmətlik İmamverdi Əbilovun adıdır. O, bizim ailəvi dostumuzdur. Atamın dostu idi. Anamla qarşılıqlı hörmət münasibətləri vardı və mən də daha cavan olmağıma baxmayaraq, onunla yazışırdım, qarşılıqlı əlaqə saxlayırdım. O, Neftçalada bir ədəbiyyat ocağı yaratmışdı. Onun evi bir muzey idi, kitabxana idi. Müxtəlif ölkələrdən aldığı məktublar, fotolar, kitablar çox zəngin bir irsdir. Amma İmamverdi müəllimin ən böyük irsi onun övladlarıdır. Bu gün söhbət Azərdən getdiyi üçün mən Azəri xüsusi qeyd etmək istəyirəm. Ümumiyyətlə, indi təəssüf ki, çox kitab oxumaq imkanım azdı. Qəzetlərdən, televiziyadan xəbərlərə baxmaq adamın vaxtını alır. Hər halda, elə kitablar var ki, mən onları mütləq oxuyuram. Azər Turanın "XX əsr - Fəryadın metafizikası" kitabını da maraqla oxudum. Bu kitab çox vacib bir hissi, amalı ifadə edir. O da türk dünyasının birliyi, türk dünyasının mənəvi dəyərləridir. Türk dünyası heç bir başqa xalqa qarşı deyil. Türk dünyası bütün dünyaya barış təklif edən, bütün xalqlara hörmət edən və eyni zamanda öz mənəvi dəyərlərini qoruyan bir dünyadır. Türk dünyasının mənəvi birliyi Azər Turanın bu kitabından da qızıl xətt kimi keçir... Mən Azəri təbrik edirəm.”
- Azər bəy, hər vaxtınız xeyir. Qəzetdə zaman necə keçir?
- Qəzetdə zaman həftələrə bölünüb...
- “Ədəbiyyat qəzeti”ni bu gün ədəbi prosesdə necə xarakterizə etmək olar?
- “Ədəbiyyat qəzeti” milli istiqamətə yönəlmiş, məfkurə xəttini qoruyan, dünya estetik təmayüllərini aramsız təqdim edən, üstün mətnlər yarada biləcək gənc nəslə meydan verən bir qəzetdir... Bu gün bu qəzetin özəllikləri çoxdur və ədəbi prosesdəki yeri də göz qabağındadır.
- Ədəbi zövq amilini başda tutaraq, ədəbi bir orqana rəhbərlik etmək çox çətin prosesdirmi? Mane olanlar, süni yolla çap olunmağa can atanlar çoxdurmu?
- Elə də çətin deyil, yaxud, ədəbi zövq amilini əsas götürərək ədəbi orqana rəhbərlik etmək çətin olsa da, bundan başqa da yol yoxdur. “Süni yol” deyəndə nəyi nəzərdə tutursunuz, bilmədim. Süni yola əl atanlar üçün qapıları bağlayırsan. İş olur, bitir. Mane olanlar isə yoxdur.
- Yaradıcı bir insan üçün ciddi meyarlara əsaslanan bir mətbu orqanın məsuliyyəti çətinlik yaradırmı?
- Əlbəttə, bu, hər şeydən öncə, ədəbiyyatımıza cavabdehlik duyğusunun yaratdığı məsuliyyətdir. Altı il əvvəl demişdim, qapılar açıqdı, istedadlılar gəlsin. Hamısı gəldi və çap olundu. Amma dediyin meyarlarla çalışmaq, əlbəttə, çətindir. Ədəbi meyarlar ədəbi əyarlara bağlı məsələdi. Meyar həmişə var, yüksək əyar isə həmişə olmur... Məsələn, əksəriyyət özünü böyük şair, böyük yazıçı hesab edir. İndi nəinki Bakıda, hətta gedib Moskvada da, Madriddə də kitab nəşr etdirmək adi bir işdi. Bunu hamı bacarır. Amma şərti deyirəm, tutaq ki, Birinci Yeni dalğasının şeirə münasibəti mənim üçün poeziya baxımından meyardır. Orhan Vəlinin isə şeirləri yüksək ədəbi əyardır.
- Ədəbi ictimaiyyətin “Ədəbiyyat qəzeti”nə münasibəti, əməkdaşlığa can atması sizi qane edirmi?
- Ədəbi ictimaiyyətin qəzetə münasibətini onların bizimlə daimi əməkdaşlıq ritmində olmalarının özü müəyyən edir. Bu gün “Ədəbiyyat qəzeti”nin layiqli ədəbiyyat tribunasına çevrildiyini kimsə dana bilməz. Bu səviyyəni və estetik düzəni bacardığım qədər qorumağa çalışıram.
- Qəzetin yeni layihələri gözlənilirmi?
- Yeddi ildə, bildiyiniz kimi, çox layihələrimiz olub. Fikir varsa, düşüncə varsa, bu özü də yeni layihələrin qaynağıdır. Bu günlərdə yeni layihələrə başladıq. Günel Musa “Onun romanı” rubrikasını hazırlayır, tanınmış yaradıcı adamlarla ədəbiyyat söhbətləri edir, “Türkcə və məncə” rubrikasında türk romanları barədə Hədiyyə Şəfaqət yazılar yazmağa başlayıb. Yaxın vaxtlarda Alpay Azər Azərbaycanda ədəbi proseslə bağlı tənqidçilərlə müsahibələr təşkil edəcək və s... Hələ ki bunlardır.
- Bəzi adamlar səsləndirirlər ki, bizi AYB orqanları çap etmir. Amma mən özüm də şahidəm ki, “Ədəbiyyat qəzeti”nə təqdim etdiyim bütün istedadlı imzaların yazıları çap olunub. Həmişə istedadlı imzaları qəzetə yönəltməyimi istəmisiniz. Bəs bu çap olunmayanlar kimlərdir?
- Sualın bir qisminə özün kifayyət qədər aydın cavab verdin. Deyirsən ki, “Ədəbiyyat qəzeti”nə təqdim etdiyim bütün istedadlı imzaların yazıları çap olunub”. Amma xatırlayıram, yeddi il əvvəl səni heç kəs təqdim etməmişdi. Redaksiyaya şeir gətirmişdin və elə həmin həftə də şeirlərin dərc olundu. Çünki fərqliydi, yanaşman yeniydi, istedadla yazılmış şeirlər idi... Ümid Nəccari ilə bağlı da belə olmuşdu. Redaksiyada qəzetin növbəti sayını mətbəəyə göndərməyə hazırlaşırdım. Bu arada elektron poçtuma Nəccaridən şeirlər daxil oldu. Ümidi tanımırdım. Məktubu açdım. Gözümə sataşan ilk misraları xatırlayıram:
Səni yaşamaq lazım, bir ağac kimi bahar günündə,
Bir qaya kimi üzü dənizə, bir ümid kimi sevə-sevə!
Şeirləri zövq alaraq oxudum və elə ordaca onları səhifəyə qoymaq qərarına gəldim. Çünki həqiqi poeziya nümunələri idi. Təbrizli Ümid Nəccarinin Bakıdakı debütü belə oldu. Çap oluna bilməyənlərin isə kimliyini məndən soruşmayın. O ki qaldı “AYB üzvüyəm, qəzet də AYB-nin orqanıdır, çap olunmalıyam” fikrinə, mən, bəlkə də, ilk baş redaktor oldum ki, bu əsassız iddianı nisbətən zərərsizləşdirə bildim.
- Gənclərin yaradıcılığı sizi qane edirmi?
- Qismən qane edir. Amma, məncə, ədəbiyyatda gənclər anlayışı kökündən yanlış anlayışdır. Çingiz Aytmatov Fransada “Cəmilə” ilə tanınanda 31 yaşı vardı. Amma əsəri daha əvvəllər yazmışdı – 28-29 yaşlarında. Özü də Qırğızıstanda ədəbi jurnalın baş redaktoru idi. Bu, ayrı bir söhbətin mövzusudur. İndi bir anlığa təsəvvür edin, Hüseyn Cavid bizim günlərdə yaşayır. 34 yaşında “Şeyx Sənan”ı yazıb. Siz bu adamı AYB-nin Gənclər Şurasının üzvü kimi qəbul edərsiniz? Yaxud: “Tərlansan, göydən enməzsən, / Bu torpaqda sevinməzsən, / Mən dönərəm, sən dönməzsən, / Yaşa, könül, yaşa, könül!” kimi misralar yazan Müşfiq 29 yaşında dünyasını dəyişib... Bu mənada deyirəm ki, ədəbiyyatda gənclər anlayışı kökündən yanlışdır. Amma o da var ki, ədəbiyyat da cəmiyyətin özü kimidir. Levi-Strossun sözlərini ədəbiyyata da şamil etmək olar: “O zaman ki, cəmiyyət özündən sonrakılara nələrisə ötürə bilmir, bunun üçün özündə qüvvə tapmır, o andan etibarən hesab oluna bilər ki, həmin cəmiyyət xəstədir”. Bizim isə görürsünüz ki, belə bir problemimiz yoxdur. Yeni nəsillər gəlir. O nəsil millətin ən ağrılı yerini sağaldır. Qarabağı işğaldan azad edir. Demək, bünövrə sağlamdır. Sadəcə, kaş ki, ədəbiyyatdakı yeni nəsil savaşdakı yeni nəslə adekvat olaydı. Ədəbiyyatda gənclik yox, nəsillər anlayışı var – generation. Gənclik-qocalıq nisbi söhbətlərdir. Kafka dünyanı heyrətdə qoyan romanlarını yazanda 30 yaş civarındaydı. Sizcə, gənc idi? Mən ədəbiyyatda gənc nəsil anlayışına inanmıram. Ədəbiyyatın pionerləri, komsomolçuları olmur. Ədəbiyyatın yaradıcıları – yazıçıları, şairləri olur. Hansı yaşda olmalarından asılı olmayaraq. Şübhəsiz, əsas amil istedaddır, özü də qeyri-adi istedaddır. Saramoqo “İsanın İncili”ni 75 yaşında, Viktor Hüqo “Paris Notr-Dam kilsəsi” romanını 29 yaşında yazmışdı. Qeyri-adi olmayan istedad bu əsərləri yarada bilməzdi. Yaxud, İkinci Yeninin ilk kitabı sayılan "Üvercinka"da “Laləlidən dünyaya gedən bir tramvaydayız" deyən Cemal Süreyanı xatırlayın. 1956-cı ildə Laləlidən dünyaya yola düşən tramvayın 25 yaşlı sərnişini Cemal Süreya qısa müddətdə türk poeziyasında baxışlar sistemini, dəyərlər kultunu, paradiqmaları dəyişdi. Yaxud, Çingiz Aytmatov. Çox gənc yaşlarında Lui Araqonun diqqətini cəlb etmək, hər halda, sıradan bir hadisə deyildi. Bizdə bəzən dil amilini önə çəkirlər. Bəli, bu faktor da var və önəmlidir. Amma bu, ən önəmli amil deyil. Sən rus dilində “Əsrə bərabər gün” yazırsansa, bu başqa. Çingiz Aytmatov rus dilində yazsa da, nəticə etibarilə dünyaya böyük qırğız yazıçısı kimi daxil oldu. Çünki yazdığı bütün əsərlər Böyük Çöl Mədəniyyətinin modernist təfəkkürlə dünya ədəbiyyatına transfer olunmasıyla müşayiət olundu. Nə yazdısa, hansı obrazı yaratdısa qırğız düşüncəsi ilə yazdı və yaratdı. Cəmiləni də, Boranlı Yedigeyi də, Abdiası da, Filofeyi də. Dil rusca ola bilərdi. Amma o dili yönəldən təfəkkür, Nizami Cəfərovun təbirincə desəm, Çingiz Aytmatovun mətnlərindəki sintaksis türkcə idi... Bu yaxınlarda biz qəzetdə Səadət Şıxıyevanın Nizami ilə bağlı önəmli bir yazısını dərc etdik. Yəqin, oxudunuz. Nizaminin farscasına tamam yeni rakursdan yanaşılan bu məqalədə təxminən belə bir fikir vardı ki, Nizami bu gün farsların özlərinin belə xüsusi lüğətlərin köməyi ilə mənasını qavramağa çalışdığı bir dildə yazıb, o dövrdə fars dilini tamam yeni və fərqli səviyyəyə qaldırıb, ona müxtəlif anlamlar verib, ona yeni mənalar yükləyib. Bu baxımdan da Səadət xanım təklif edirdi ki, Nizaminin farsdilli şeirə gətirdiyi anlamların özü ayrıca öyrənilməlidir... Bu mənada, türk Çingiz Aytmatovun ruscası da, elə türk Nizaminin farscası ilə eyni mahiyyətdədir. Lakin bu, başqa bir söhbətin mövzusudur...
- Bu gün dünyada gedən ədəbi proseslərdə biz varıqmı? Varıqsa, hansı imzalarla? Yoxuqsa, hansı amillər mane olur?
- Təbii ki, dünyada gedən ədəbi proseslərdə biz də ola bilərik, olmalıyıq. Buna çağdaş Azərbaycan ədəbiyyatının potensialı imkan verir. Sadəcə, biz çağdaş ədəbiyyatımızı dünyaya çıxarmağın yolları barədə dərindən düşünməliyik. Kimin yazmasından asılı olmayaraq, dünya səviyyəli müəllifləri və mətnləri önəmsəməliyik. Dünyaya hansı yolla gedilir, hansı yolla daxil olunur, bilmirəm. Bunun mexanizmini tapmaq, yoxdursa, onu işləyib hazırlamaq əlaqədar təsisatların üzərinə düşür... Bu baxımdan, bəlkə də dünyaya sezdirmədən, milli bir proqrama sahib olmalıyıq.
- Qəzetçiliyin gur oxuculu dövrünü yaşamış bir redaktor üçün indiki zamandakı qəzetçilik necə bir anlayışdır?
- İndi rəqabət var. Saytlar, qəzetlər, sosial şəbəkə var. Heç mənim də yaşım o gur oxuculu vaxta təsadüf etməyib. “Ədəbiyyat qəzeti”nin nə vaxtsa səksən min tirajla çıxmasına səbəb yalnız orada dərc olunan yüksək səviyyəli mətnlər deyildi, təbii. Bu, adamların kütləvi şəkildə ədəbiyyata meyli ilə də bağlı deyildi. Bir tərəfdən, dövlətin ideologiyasını daha geniş kütlələrə təbliğ etmək lazım idi... Digər tərəfdən, indi klassik hesab etdiklərimizin əksəriyyəti həyatdaydı və yazıb-yaratmaqdaydılar. Bu gün bizim “Ədəbiyyat qəzeti”nin yerləşdiyi 9-cu mərtəbədə cəmi iki qəzetin – “Ədəbiyyat qəzeti”nin və “Azərbaycan müəllimi” qəzetlərinin redaksiyaları vardı. İndi isə təkcə bu mərtəbədə, az qala, hər qapının üstünə hansısa qəzetin, jurnalın adı yazılıb. 1980-ci illərdə mən tələbə olanda bu qəzetə yazı gətirərdim. Gördüyün bu dəhlizdən keçib baş redaktor Nəriman Həsənzadənin otağına çatana qədər, təbii ki, qəzetin əməkdaşlarına da rast gəlirdin: Sabir Əhmədli, Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Abbas Abdulla, Seyran Səxavət, Sirus Təbrizli, Camal Yusifzadə, Davud Nəsib, Nadir Cabbarov, Rəhim Əliyev... Böyük bir ədəbiyyat pleyadası... Onlar təkcə “Ədəbiyyat qəzeti”nin əməkdaşları deyildi, həm də və daha çox ədəbiyyatın özünü yaradan qələm sahibləri idi. Qəzet ölkədə hansısa problemi qaldıran yazıyla çıxış edirdisə buna dərhal reaksiya olurdu. Tutaq ki, qəzet Sabir Məmmədovun “Ayran əhvalatı” yazısını çap edirdi. Yazı sərin ayran içmək üçün növbəyə duran fəhlənin növbəsinin əlindən alınması, döyülməsi və nəhayət, 4 il iş alması ilə nəticələnən ağır taleyindən bəhs edirdi. İndi təsəvvür edin, “Ədəbiyyat qəzeti”ndə çap olunan o yazını ölkənin rəhbəri Heydər Əliyev oxuyur, problemi aydınlaşdırması üçün Ali Məhkəmənin sədri Abdulla İbrahimova tapşırıq verir, o da qəzetin baş redaktoru Nəriman Həsənzadəni dəvət edir, qəzetdə qaldırılan problemlə bağlı hansı işlərin görüldüyü barədə hesabat verir. “Ədəbiyyat qəzeti”ndə gedən bir yazı Ali Məhkəminin kollegiyasının qərarını dəyişməsinə səbəb olur. Həbs olunmuş insan azadlığa buraxılır. Bura onu da əlavə edim ki, adını çəkdiyim Ali Məhkəmənin sədri Abdulla İbrahimov da dövrünə görə unikal bir ziyalı olub. Məsələn, inamla deyə bilərəm ki, “Quran”ı, Tolstoyu, yaxud Şərq mistisizmini Abdulla İbrahimov səviyyəsində dərindən bilən adamlar indi də barmaqla sayılacaq dərəcədə azdır. Abdulla İbrahimov Çingiz Aytmatovun “Novıy mir” jurnalında dərc olunmuş “Plaxa” əsərini yazıçılardan daha əvvəl oxuyurdu, Nodar Dumbadzenin ən yaxın dostlarından biri idi... O dövrün sənət dünyasında estetik harmoniya vardı. Rəsul Rzanın müqabilində bir Qara Qarayev, Bəxtiyar Vahabzadənin yanında bir Xudu Məmmədov var idi... Qütbün bu tərəfində Fikrət Əmirov, Niyazi vardısa, o biri tərəfində Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev vardı. İlyas Əfəndiyev dramaturgiyasının səhnə həllini rejissor Tofiq Kazımov verirdi. Hüseyn Cavidi ədəbiyyatşünaslıqda Məmməd Cəfər, teatrda Mehdi Məmmədov təmsil edirdi. Mircavad var idisə, Vaqif Mustafazadə də var idi... Və səksən min tirajla çıxan qəzet təkcə ədəbiyyatın təbliği ilə deyil, eyni zamanda paralel olaraq incəsənətin də təbliği ilə məşğul olurdu, 1959-cu ildə adı da dəyişib “Ədəbiyyat və incəsənət” qəzeti olmuşdu. Təbii ki, dominantlığı yenə də ədəbiyyat təşkil edirdi. Cazibəni isə sənət adamlarının özləri, onların yaradıcılığı və şəxsiyyətləri, cəmiyyətdəki nüfuzları yaradırdı. Elə bir dövr idi yəni. Tutaq ki, indi bir müəllifdən yalnız bir şeir dərc etsən, həmin müəllif “niyə bir şeir?” - deyə, dərhal inciyəcək, deyilmi? Amma “Ədəbiyyat qəzeti”nin Qasım Qasımzadənin baş redaktorluğu ilə çıxan dövründə - 1962-ci il saylarından birində Əli Kərimin yalnız bir şeiri - “Daş” dərc olunub. Özü də birinci səhifədə. Yalnız bir şeir ədəbi-ictimai fikrə yön verə bilib...
- Həyat və yaradıcılığınızda silinməz izləri olan, önəmli yerə sahib olan ədəbiyyat adamları haqqında istərdim danışaq. Məsələn, böyük şairimiz Xəlil Rza Ulutürk haqqında maraqlı söhbətlərinizi xatırlayıram.
- Xəlil Rza ilə bağlı xatirələrim o qədər dərindir ki, bir müsahibə çərçivəsində bunları necə danışa bilərəm? 18-20 yaşlarında bir ədəbiyyat həvəslisiydim... Xəlil Rza isə dövrün tanınmış şairlərindən biriydi, elmlər doktoru idi. Dostluq edirdik. Tez-tez onun Əli Bayramov küçəsindəki evinə gedərdim. İndi o küçədən keçmək mənə çox ağırdır. Xatirələr yaddaşımı yandırır... Həmin küçə indi Təbriz Xəlilbəylinin adını daşıyır. Təbriz isə mənim tələbəlik dostum idi... Müharibə günlərində Azərbaycan ordusunun televiziya ilə yayımlanan döyüş epizodlarını izlədikcə mən orada ölən ermənilərə baxa-baxa əziz Təbrizini Daşaltıda itirən böyük Xəlil Rzanın misralarını xatırlayırdım:
Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur...
Vur, ölən daşnakdır, insan deyil, vur.
Böyük qələbəmizdən sonra isə daha çox Xəlil Rza Ulutürkü düşünürəm. Televiziyada Xarıbülbül festivalına baxırdım. Fonda Şuşanın dağları görünürdü. Təbriz orda şəhid olmuşdu... Və bu yaşantılar mənə “Sovet dövründə Ulutürk olmaq” adlı bir yazı yazdırdı. Yəqin, sən də o yazını oxumusan.
- Bəli. Azər bəy, Faiq İsmayılov imzası ilə yazan bir nakam şair dostunuz olub. Həmişə ona olan sədaqətiniz, dost acısına bunca yanğılı yanaşmanız nümunəvi dostluq kimi görünüb mənə. İstərdim bu barədə də danışasınız.
- Bu, sadəcə, dost münasibətindən doğan bir hal deyil. Faiq XX yüzil Azərbaycan poeziyasının parlaq imzalarından biridir. Səksəninci illərin əvvəllərində tələbə yoldaşım olub. Çox az yaşadı. Modernist bir şair idi. Özü də mən bunu deyərkən, istərdim siz həm də onu düşünəsiniz ki, Faiqin o şeirləri yazdığı dövrdə – 1980-ci illərin əvvəllərində onun internetdən faydalanmaq imkanı yox idi, çünki hələ heç internet yox idi. Faiq Azərbaycanda özünü yazan, duyğularını qatqısız ifadə edən bəlkə də ilk modernist Azərbaycan şairlərindən biri idi. Hər halda, mən belə düşünürəm. Bu mənada Faiqlə bağlı gördüyüm işlər yalnız dost sədaqətinə bağlı məsələ deyil. İş otağımın divarında onun şəkli varsa, bu, dostumun şəklidir kimi bir anlama gəlmir. Bu, Azərbaycanın nakam və böyük modernist şairinin şəklidir. Bax, elə tutaq ki, biz Faiqin şeirlərinin dünyaya gedən yolunu açaq. Görək nə olur? Məsələn, onu Parisdə tərcümə edib çap etsinlər, baxaq, mənim sevimli şairim Jak Preverin vətənində Faiq necə oxunur?
- Yaradıclıq baxımından yeniliklər gözlənilirmi? Üzərində çalışdığıınız, bitirdiyiniz nümunələr varmı?
- Hə. İşlər çoxdur. Qəzetdə isə sentyabr ayında Nizami ilə bağlı “Xüsusi buraxılış” etməyi planlaşdırırıq. Bir də, tezliklə Qarabağla, 44 günlük savaş tariximizlə, böyük zəfərimizlə bağlı qəzetdə gedən seçilmiş nümunələrdən ibarət kitab ərsəyə gətirəcəyik.
- Söhbətimizə yekun sözünüz, demək istədikləriniz.
- Yekun olaraq sizə, yeni açılmış mədəniyyət portalınıza uğurlar arzulayıram. Yaradıcı sevincləriniz çox olsun!
“Azərbaycan mədəniyyətinə töhfə verən şəxslər daim diqqət mərkəzində saxlanılır”
Mədəniyyət naziri Anar Kərimov avqustun 6-da videoformatda vətəndaşların qəbulunu keçirib. Nazir onlayn görüşdə növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Görüşdə ümumilikdə on bir vətəndaşın müraciəti dinlənilib.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri müxtəlif mövzuları əhatə edib. O cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma kimi məsələlərə dair müraciətlər olub.
Anar Kərimov ölkəmizdə mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlərin, bu sahədə islahatların, eyni zamanda nazirlik tərəfindən icrasına başlanılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Nazir, həmçinin incəsənət xadimlərinin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin daima diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Qeyd olunub ki, artıq bu sahədə yeni bir mexanizmin tətbiq olunması üçün işlər aparılır. Bu prosesin həyata keçirilməsində məqsəd gələcəkdə həmin şəxslərin peşəkar və yaradıcı fəaliyyətinin, zəhmətinin, mədəniyyət sahəsində xidmətlərinin qiymətləndirilməsinin ədalətli, şəffaf şəkildə və müstəqil bir komissiya vasitəsilə aparılmasıdır. Tətbiq olunan mexanizm sayəsində bu sahədə çalışan və mədəniyyətimizin inkişafında, təbliğində xidmətləri olan şəxslər gələcəkdə layiqincə dəyərləndiriləcəklər.
Vətəndaşların bütün müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb.
Anar Kərimov bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verib.
Mədəniyyət Nazirliyi və Teatro.az portalı 4.4 qısa tamaşalar festivalını elan etdilər
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir.
Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin 44 günlük müharibəsində azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması əlbəttə ki, mədəniyyətimizdə, o cümlədən milli teatr sənətində də öz təcəssümünü tapmalıdır. Nəzərə alaq ki, artıq ikinci ildir davam edən pandemiya ilə bağlı tətbiq edilən karantin şəraitinə görə teatrlarımız, demək olar ki, fəaliyyətsizdir. Bu mənada, “4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın haqq savaşındakı qalibiyyətini Azərbaycan teatr tarixində əbədiləşdirməklə yanaşı, teatr mühitindəki sükunəti də aradan qaldırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək. Festival təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaradacaq.
Müsabiqənin mövzusu müharibədir.
Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. Mükafat fondu aşağıdakı qaydada bölünəcək:
I Yer: 1.500 AZN
II Yer: 1.000 AZN
III Yer: 750 AZN
Qeyd: Hər yer üzrə bir qalib seçiləcək.
Müsabiqəyə qəbul şərtlərini Mədəniyyət Nazirliyinin rəsmi saytına istinadən təqdim edirik:
1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər.
2. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.
3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər.
4. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.
5. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır.
6. Müsabiqəyə təqdim edilən işlər film-tamaşa formatında da ola bilər.
7. İştirakçılar tamaşaların videoyazısını və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.
8. Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2021-ci il tarixindən gec olmayaraq
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron poçt ünvanına göndərilməlidir.
Qeyd: Son tarixdən (15 oktyabr 2021-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq.
9. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.
10. Təqdim edilməli materialların və sənədlərin siyahısı:
Müraciət forması
Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində videoyazısı
Tamaşanın 30-60 saniyəlik treyleri.
Qeyd: Tamaşaların videoyazısı və treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.
Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
Tamaşadan 3 ədəd fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır).
Əlaqə vasitəsi: +994 506602025
Bütün festival iştirakçılarına “Ədəbiyyat və incəsənət” portalı adından uğurlar arzulayırıq!
Azərbaycan və Türkiyənin birgə istehsal etdikləri “Nisan” filmi ictimaiyyətə təqdim olundu
“Hyatt Regency” hotelində “Nisan” filminin təqdimatına filmi ərsəyə gətirən hər iki ölkədən olan yaradıcı heyət qatılmışdı. Rejissor İbrahim Bülbül, “Sənət Akademiyası”nın direktoru Səbuhi Zaman, Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufakı, aktyor Rəşad Kəsəmənli və başqaları çıxış edərək film barədə məlumat verdilər.
Qeyd edək ki, bu ilin aprelinində Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə “Sənət Akademiyası” adlı təhsil mərkəzi təsis edilib. Akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda, film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır - bir tərəfdən akademiyada tanınmış türk ulduzları həm aktyorluq dərsləri keçirlər, digər tərəfdən də film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır. Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkəti Bakıda çəkilişlərə başladı, ilk layihə - “Nisan” adlı film çəkildi. Filmdə hər iki qardaş ölkədən tanınmış aktyorlar çəkiliblər.
Baş rolları Türkiyənin dünyaca məşhur “Kurtlar Vadisi” serialından tanıdığımız Erhan Ufak və əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova ifa edirlər.
Şəkillərdə: Təqdimat mərasimindən və filmdən görüntülər
Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirildi
Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda “Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirildi.
Təqdimat mərasimində AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, şair, tərcüməçi İmir Məmmədli, Gürcüstanın Azərbaycandakı Elçiliyinin nümayəndələri Georgi Buaçidze, Malxaz Xulordava, eləcə də digər ziyalılar iştirak edirdi. Hər biri söz alaraq bu əlamətdar hadisə barədə öz təəssüratlarını bölüşdülər.
Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov çıxış edərək Aşıq Ələsgər irsinin zəngliyindən, gürcü dilində nəşr edilən şeirlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcəyindən söhbət açdı. .
Kitabın “Ön söz” müəllifi Ələsgərşünas alim Fəxrəddin Salim, şeirləri gürcü dilinə tərcümə edən tanınmış şair İmir Məmmədlidir.
Avrasiya Millətlər Assambleyasının “Sülh mahnısı” festivalı ərizə qəbuluna başladı
Azərbaycanlı musiqiçilər, mədəniyyətimizi təbliğ etmək, xüsusən uzun illər işğal altında olan torpaqlarımızda erməni faşistlərinin törətdikləri vəhşilikləri dünya xalqlarının diqqətinə çatdırmaq üçün gözəl bir fürsət yaranıb.
1 avqust 2021-ci ildə Avrasiya Xalqları Assambleyası "Sülh mahnısı"Beynəlxalq incəsənət festivalında iştirak etmək üçün ərizələrin qəbuluna başladı.
Festival Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuşdur və eyni adlı humanitar-mədəni layihə çərçivəsində keçirilir.
Festivalın əsas məqsədləri dünya ictimaiyyətinin sülhün, təhlükəsizliyin və planetə həssas münasibətin qorunması mövzusuna cəlb edilməsi, beynəlxalq yaradıcılıq məkanının yaradılmasıdır.
Müxtəlif ölkələrdən olan musiqiçilər, artistlər, müğənnilər və rəqqaslar festivalda iştirak edə və insanlar və xalqlar arasında sülhə, planetdə həyatın qorunmasına, qarşılıqlı hörmətə, dostluğa və həmrəyliyə həsr olunmuş öz musiqi nömrələrini ifa edə bilərlər. Mahnı ana dilində ifa edilə bilər.
Festival bu il qarışıq formatda (offline və online) keçiriləcək. Festivalın qala-konserti Moskvada, Rusiya paytaxtının Konsert meydançalarından birində keçiriləcək.
"Avrasiyanın səsi"/ "Avrasiyanın ürəyi" statusu almış "sülh mahnısı" Festivalının iştirakçıları Avrasiya Xalqları Assambleyasının günləri "proqramı çərçivəsində konsertlə Avrasiya ölkələrindən birinə dəvət olunacaqlar.
Ərizələrin qəbulu 30 avqusta qədərdir.
Festival haqqında əsasnamə və iştirak üçün ərizə (PDF) aşağıda, rusca mətnin içindədir.
Ərizə göndərmək üçün ünvan:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
«ПЕСНЯ МИРА»
1 августа 2021 года Ассамблея народов Евразии открыла прием заявок на участие в Международном фестивале искусств «ПЕСНЯ МИРА».
Фестиваль приурочен к учрежденному Организацией Объединенных Наций Международному дню мира 21 сентября и проходит в рамках одноименного культурно-гуманитарного проекта.
Главные цели фестиваля – привлечение мировой общественности к теме сохранения мира, безопасности и бережного отношения к планете; создание международного творческого пространства.
Артисты, певцы, музыканты и танцоры из разных стран могут принять участие в Фестивале и исполнить свой музыкальный номер, посвященный миру, сохранению жизни на планете, взаимоуважению, дружбе и согласию между людьми и народами. Песня может быть исполнена на родном языке.
Фестиваль ежегодный. В этом году он будет проходить в смешанном формате (офлайн и онлайн). Гала-концерт фестиваля состоится в Москве, на одной из концертных площадок столицы России.
Участники Фестиваля «ПЕСНЯ МИРА», получившие статус «Голос Евразии»/ «Душа Евразии» будут приглашены в одну из стран Евразии с концертным выступлением в рамках программы «Дни Ассамблеи народов Евразии».
Прием заявок до 30 августа.
Положение о Фестивале (PDF)
Заявка на участие (PDF)
Адрес для отправки заявок:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
ICESCO ilə əməkdaşlıq çərçivəsində qlobal akselerator layihəsinə başlanılır
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Bakı Ali Neft Məktəbi və “NewSpace Innovation” ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə “ICESCO akseleratoru” adlı yeni pilot layihəyə başlayırlar.
Mədəniyyət Nazirliyinə istinadən AzərTAC bildirilib ki, layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və ilkin olaraq 5 sənaye sahəsini əhatə edəcəkdir: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir.
Layihənin birinci mərhələsində milli səviyyədə keçiriləcək yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş ən yaxşı startaplar yerli münsiflər heyəti tərəfindən seçiləcəkdir. Milli səviyyədə keçiriləcək yarışlar 11 sentyabr tarixində iki günlük düşərgə (bootcamp) şəklində başlayacaq və burada komandalara biznesin qurulması, biznes modelləri, müştəri araşdırmaları mövzularında təlimlər keçiriləcəkdir.
İkinci mərhələdə düşərgə altı həftə ərzində intensiv mentor sessiyaları ilə davam edəcəkdir. Bu mərhələdə komandalar ideyalarını təkmilləşdirəcək, təklif və prototiplər hazırlayaraq münsiflər heyəti qarşısında çıxış edəcəklər. Hər ölkənin 3 ən yaxşı komandası final mərhələsində iştirak etmək hüququ qazanacaqdır.
Üçüncü mərhələdə hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat üçün mübarizə aparacaqlar.
Müsabiqədə iştirak etmək istəyənlər avqustun 6-dan sentyabrın 8-dək qeydiyyatdan keçə bilərlər.