
Super User
Bu dəfə Rafiq Tağı
“Alatoran” Yayınlarının oxuculara yeni bir töhfəsi var. Bu dəfə Rafiq Tağının seçilmiş hekayələr toplusu “Alatoran” Yayınlarında işıq üzü görüb. “Qatilə didaktika dərsləri” adlanan kitaba müəllifin 13 hekayəsi daxil edilib.
14-15 Mayda Sumqayıtda kitab sərgisi keçiriləcək
May ayının 14-də gənclər şəhəri Sumqayıtda, Kimyaçılar sarayının qarşısında “Qanun” nəşriyyatının təşkilatçılığı ilə Kitab sərgisi açılacaq. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi mayın 15-də də davam edəcək.
Sərginin təşkilatçı qurumunun rəhbəri Şahbaz Xuduoğlu sərginin məhz Sumqayıtda keçirilməsini bu cür əsaslandırıb: “Sumqayıt kitab şəhəridir. Özünə həmişə, zavod, fabrik, fəhlə şəhəri deyib. Ordakı inkişafı, təmizliyi görəndə düşündüm ki, Sumqayıt əsl kitab şəhəridir.
Sumqayıtda bizim çox sadiq kitab oxucularımız var. Pandemiya vaxtı online sifarişlərin həcminə görə Bakı ilə yarışa girmişdi. Kitab Şəhəri Sumqayıta gəlirik...”
Bu gün Musiqili Teatrın növbəti premyerası olacaq
Bu gün və sabah Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün növbəti premyerası olacaq – “Bəxtiyar” musiqili komediyası nümayiş olunacaq.
Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan “Bəxtiyar” tamaşası Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tofiq Quliyevin 105 illiyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar.
Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.
Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevin 75 illiyi qeyd olunacaq
Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə təşkil olunacaq.
Gecədə görkəmli tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi planlaşdırılır. Eyni zamanda, professor Ramiz Quliyevin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr etdiyi iki tar və fortepiano üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət iki məcmuənin təqdimatı da nəzərdə tutulub.
Günün fotosu: Afrika quraqlıqdan can verir
Günün fotosu: Afrika quraqlıqdan can verir
Afrika buynuzu ölkələri - Keniya, Somali və Efiopiya son onilliklərin ən şiddətli quraqlığından əziyyət çəkirlər.
Son 18 ayda buralara bircə damcı da yağış düşməyib. Heyvanlar qırılır, torpaq məhsul vermir, toz dumanı göz çıxarır.
BMT-nin məlumatına görə, burada iyirmi milyon insan aclıq çəkir. İnsanlar ev-eşiklərini tərk edib gedirlər.
Foto: Euronews
Nazir Anar Kərimov Metropoliten muzeyində olub
Anar Kərimov ABŞ səfərinin növbəti günü Nyu-York şəhərində yerləşən Metropoliten muzeyində olub. Muzeyinin direktoru Deniel Veyslə ilə görüş çərçivəsində mədəniyyət naziri bir sıra mühüm məsələləri müzakirə edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Metropoliten muzeyinin Azərbaycan muzeyləri ilə təcrübə və metodologiya mübadiləsi, təlim proqramlarının keçirilməsi haqda fikir mübadiləsi aparılıb.
Sərgi və digər tədbirlərin keçirilməsinə dair, həmçinin Anlaşma Memorandumunun imzalanması ilə bağlı imkanlar, gələcək sıx əməkdaşlığın sahələri barədə danışıqlar aparılıb.
Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” layihəsinin növbəti ünvanı Şəki olub
Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəki, Zaqatala, Oğuz, Balakən və Qax bölgələrində fəaliyyət göstərən ev, xatirə və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası, Heydər Əliyev mərkəzlərinin direktorları və baş fond mühafizlərinin, həmçinin elmi işçilərinin iştirakı ilə Səməd Vurğun adına Folklor evində təlim-seminar təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova tərəfindən aparılan növbəti təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onlar üçün əlverişli şəraitin təşkili, elmi inventarizasiya, ekspozisiyanın tərtibatı üçün tematik planların hazırlanmasına dair müzakirələr aparılıb. Həmçinin, “Azərbaycan incəsənəti dünya muzeylərində” mövzusunda təqdimat keçirilib, Qətər, ABŞ, Türkiyə, Rusiya (Ermitaj və Rusiyanın Etnoqrafiya muzeyi), İran, Ukrayna, Böyük Britaniya və digər ölkə muzeylərini bəzəyən incəsənət nümunələrimiz haqqında ətraflı məlumat verilib. Tədbirdə ümumilikdə 16 mədəniyyət müəssisəsindən 40-dək muzey əməkdaşı iştirak edib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir. Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.
“Bu qoca şəhri ayaqdan saldım, axtardım səni...”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan üzrə nümayəndəsi Əli Nurvəş güneyli şairlərin şeirlərini vaxtaşırı oxuculara təqdim edəcək. İlk təqdim edilən şair Dərviş Təbrizlidir.
Dərviş Təbrizli
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10-dan artıq nəsr kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.
GƏLMƏZ
Getmək zamanı gəldi, gedək, durmağa gəlməz,
Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.
Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,
Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.
Məndən sənə qoy bircə nişan qalsın əlində,
Qaytarma, o halqa daha heç barmağa gəlməz.
Boş sözlərə uydun sən özün, neynəsin özgə?
Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..
Yüz min dərəcə sifrdən azdır bu baxışlar,
Od sözlər ilə ağzımı yandırmağa gəlməz.
Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,
Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.
Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,
Hər bir gəlişin getməyi var, yormağa gəlməz.
SORUŞ
Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,
Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.
İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,
Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.
Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,
Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.
Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,
İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.
Sən gedən gündən məni görcək pıçıldar qonşular,
Halımı pıç-pıçların içrə qulaqlardan soruş.
Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,
Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.
Eşqi biz döndərmişik indi ögeylik eşqinə,
Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.
Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,
Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.
Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,
Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.
KÜÇƏNİZDƏ
Gördüm səni mən ilk dəfə öz küçənizdə,
Dil tutmadı heç bir yol atam söz küçənizdə.
Salxımla bitib gözlərim üstündə məhəbbət,
Gəl, əl uzadıb bircəsini üz küçənizdə.
Göstərmə gözəl gözlərini hər kəsə, vallah,
Çox qorxuram axir vuralar göz küçənizdə.
Min gənc o qara gözlərinin bəndinə düşmüş,
Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.
Sal sevgi odun könlümə bağrım başı yansın,
Bu sevgidən arzumdur olam köz küçənizdə.
Axşamdan inan sübhəcə səndən danışırdıq,
Tanrımla gəzirdik o gecə biz küçənizdə.
Təbriz dolusu sevgi gətirdim qucağımda,
Tökdüm, qapızda qoy qala Təbriz, küçənizdə.
Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,
Addım ata bilməz daha sənsiz küçənizdə
YAĞIŞ ALTDA
Mən könlümü bir gün sənə satdım yağış altda,
Sandım ki, yatan baxtı oyatdım yağış altda.
Ağzımda susan dil səni görcək işə düşdü,
Ağzım dolu bir dəfə söz atdım yağış altda.
Güldün mənə, bir kəlmə danışcaq geri döndün,
Saldım üzümə azca yubaltdım yağış altda.
Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,
Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.
Addımlarılan Təbrizi başdan-başa ölçdük,
Öpdüm səni atdıqca hər addım yağış altda.
Addım başı könlüm qəzəl istərdi gözündən,
Bilməm ki, nələr onda yaratdım yağış altda?
Düşdü araya ayrılıq, əl-əldən üzüldü,
Səndən ürək axirdə qopartdım yağış altda.
Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,
Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.
Dərviş, o yalan sevgini bir buxçaya yığdım,
Getdim görüşən yerdə boşaltdım yağış altda.
Tiflisdə Əhməd Cavad rüzgarı
Gürcüstan paytaxtı Tbilisidə böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunan “Ölməz qələm cəngavəri” adlı tədbir keçirilib.
AzərTAC xəbər verir ki, xatirə gecəsi Tbilisi Şəhər Şurasında (sakrebulo) təşkil olunub. Tədbirin keçirildiyi səhnədə Azərbaycan xalçaları nümayiş etdirilib.
Tədbir Tbilisi meriyasının dəstəyi, sakrebulo və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə gürcü kişi xoru Gürcüstanın və Azərbaycanın dövlət himnlərini ifa ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva qonaqları salamlayıb, tədbirin təşkilinə görə, Tbilisi sakrebuluna təşəkkürünü bildirib.
Sonra Tbilisi şəhər şurasının üzvü Nino Ruxadze çıxış edərək Əhməd Cavadın Gürcüstanla sıx əlaqələrindən danışıb. O, azərbaycanlı şairin Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərini originaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladıb. Bildirib ki, Əhməd Cavad tərcüməsi ilə oxucuları Gürcüstan mədəniyyəti və dəyərləri ilə tanış edib, ölkəni qədim mədəniyyətli proqressiv və Avropa sivilizasiyasının bir hissəsi kimi göstərib.
Sakrebulonun sədri Giorgi Tkemaladze çıxış edərək azərbaycanlı şairin yaradıcılığına nəzər salıb, onun xatirəsinə həsr olunan tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib.
Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrindən söz açıb, bu cür tədbirlərin münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirib. O, Tbilisidə Azərbaycan mədəniyyətinin qorunması və saxlanılmasına göstərilən diqqəti yüksək qiymətləndirib.
Sakrebulonun Təhsil və Mədəniyyət Komissiyası Aparatının rəhbəri, yazıçı İrakli Şamatava Ə.Cavadın yaradıcılığı və fəaliyyəti barədə danışıb. Bildirib ki, şair Acarıstanda da yaşayıb və gürcülərin yaxşı dost olduğunu yazıb. Gənc yazıçı qeyd edib ki, Ə.Cavadın həyat yoldaşı Gürcüstandan olub və əsərlərində gürcü xalqına yaxın və xoş münasibəti aydın görünür.
İ.Şamatava, həmçinin bildirib ki, gələn il Gürcüstan və Azərbaycan ədəbiyyatına həsr olunan ikidilli antologiyanın nəşri nəzərdə tutulub.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) nümayəndəsi, Qafqazşünaslıq Elmi-Tədris İnstitutunun rəhbəri Merab Çuxua çıxışında Gürcüstanda Azərbaycan ədəbiyyatının tədrisindən söz açıb. O deyib ki, universitetdə Azərbaycanşünasılıq proqramına dil, folklor ilə yanaşı ədəbiyyat da daxil edilib. Ə.Cavadın əsərlərinin də proqrama daxil edilməsi nəzərdə tutulub
Tədbirin bədii hissəsində aşıq Nargilə Mehtiyeva rəhbərlik etdiyi “Meydan” aşıqlar qrupu ilə birgə Əhməd Cavadın sözlərinə yazılmış “Gəncədən gəlirəm” mahnısını ifa edib.
Azərbaycanlı uşaqlar şairin "Gürcüstan" şeirindən bəndlər söyləyiblər.
Sonda M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva sakrebulonun sədri G.Tkemaladzeyə Azərbaycan dilində işıq üzü görmüş "Pələng dərisi geymiş pəhləvan" əsərinin yer aldığı nəfis kitab, Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin güclənməsinə verdiyi böyük töhfəyə görə təşəkkürnamə təqdim edib.
Xatirə gecəsində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, mədəniyyət və incəsənət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbirinin təfərrüatları - YENİLƏNİB
Ötən gün - 5 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, yibiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, şairin nəvəsi Süleyman Axundzadə, şairin nəticəsi onun adını daşıyan Prezident mükafatçısı Cavad Axundzadə, şairin kötücəsi Nərgiz Əhməd qızı və şairin səcərəsindən olan digərləri, eləcə də şəhər ziyalıları, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət incəsənət işçiləri iştirak ediblər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhadətə yüksələn Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Dövlət himni səsləndirilib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edib. O, ölkə rəhbəri İlham Əliyevin şair Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında sərəncamını diqqətə çatdırıb. Bildirib ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq sərəncama uyğun olaraq silsilə tədbirlər keçiriləcək.
Yubiley tədbirində iştirak edən şairin nəvəsi Süleyman Axundzadə, nəticəsi Cavad Axundzadə, kötücəsi Nərgiz Əhməd qızı, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov çıxış edərək Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən danışdılar. Yubiley tədbirinin musiqi proqramını F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) təqdim etdi.
Respublikanın Əməkdar mədəniyyət işçisi, Filarmoniyanın solisti Mehparə Cəfərova məşhur “Çırpınırdı qara dəniz” mahnısını, solistlər İlham Vəlioğlu “Gəncədən gəlirəm”, Əli Məmmədov “Şükriyyə”, Pərvanə Rzayeva “Gəncəm hey”, Rüstəm Cəfərov “Can Azərbaycan”, “Sıravi Əhməd”, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı “Türk Azərbaycan Qardaşlığı” (bədii rəhbər Sohrab İbrahimov), Filarmoniyanın “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı (baletmeyster Sənan Cavadov) “Şalaxo”, “İgidlər” rəqslərini ifa ediblər.
Azərbaycan xalqının müstəqillik ideallarına bütün ömrü boyu sadiq qalmış şair Əhməd Cavadın 130 illik yubiley tədbiri Gəncədə böyük təntənə ilə qeyd olunub.