
Super User
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022" müsabiqəsi keçirilir
Dünya miqyasında reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilən “Cannes Lions” hesab olunur. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi bu il ikinci dəfə ölkəmizdə təşkil olunur. Bu müsabiqədə 30 yaşadək yaradıcı şəxslər ikili komanda şəklində iştirak edirlər. Müsabiqəyə “Çap” və “Videoçarx” kateqoriyaları üzrə işlər təqdim olunur.
Müsabiqədə qeydiyyatdan keçən iştirakçılara müsabiqə təşkilatçıları tərəfindən 16 aprel tarixində təlimatlar göndərilib, “Çap” kateqoriyası üçün 24 saat, “Videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunub. Çap kateqoriyası üzrə mövzu “Mədəniyyət naminə sülh”, videoçarx kateqoriyası üzrə isə “İnsanların mədəniyyət müəssisələrinə mütəmadi ziyarətinin təşviq edilməsi” olaraq təyin edilib. İştirakçıların işləri 7 may tarixində Nizami Kino Mərkəzində baş tutacaq tədbirdə beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda müəyyənləşdiriləcək. Müsabiqənin əsas mükafatı hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın Fransanın Kann şəhərində reallaşacaq "Young Lions Competitions 2022" finalında iştirak etmək hüququ olacaq.
Mükafatlandırma mərasimindən əvvəl “TEDx” formatında yerli və xarici spikerlər çıxış edəcəklər.
Yaponiyanın ölkəmizdəki səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov səfiri mərkəzlə tanış edib, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən bildirir ki, görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb, səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Murad Hüseynov səfirin diqqətinə çatdırıb ki, bu günə kimi yapon musiqiçilər bir neçə dəfə BMM-nin səhnəsində çıxış ediblər. 2014-cü ildə “VA-LİQA” qrupunun muğam ifaçıları ilə birgə səhnəni bölüşdükləri konsert proqramı ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. Həmçinin 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində ənənəvi yapon musiqisi ifaçısı Yosuke İrienin şakuhaçi musiqi alətində ifasından ibarət konserti mədəniyyətlərin bölüşməsi baxımından maraqlı layihələrdən biri olub.
Səfir səmimi qəbula görə təşəkkür edərək son illər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.
Yaponiyanın Azərbaycanla mədəni əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirən diplomat belə mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb. Mayın 15-də Yaponiya səfirliyi və Yaponiya Mədəniyyət Festivalı Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə “Yaponiya Mədəniyyət Festivalı”nın keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.
By gün “Xalçaçı günü” Şuşada qeyd olunub
Mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı - “Xalçaçı günü” ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Bu il bu günün ikiqat əhəmiyyəti var. Çünki bu il xalçaçıların bayramı mədəniyyət paytaxtımız, Qarabağın sənət məbədi, xalçaçılıq sənətinin beşiyi Şuşada qeyd olundu.
Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı çərçivəsində “Azərxalça” ASC Şuşanı ziyarət edən yerli və xarici qonaqlara özünün xalça toxuma prosesi haqqında “Xalça necə doğulur” adlı interaktiv tamaşa formasını təqdim edib.
“Azərxalça” ASC-dən AzərTAC-a bildirilib ki, tamaşa izləyənlərin böyük marağına səbəb olub, həmçinin turistlər özləri toxuma prosesində iştirak ediblər. Xatırladaq ki, festivalda kulinariya ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət nümunələrinin də geniş təqdimatı baş tutub.
“Xalçaçı günü”ndə “Azərxalça” ASC-nin rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müxtəlif rayonlarda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, rayon gəncləri, məktəblilər də emalatxanalara baş çəkərək xalçaçıları təbrik ediblər.
“Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzidir. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, 2016-cı ilə qədər xalçaçıların peşə bayramı olmayıb. Artıq altı ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı günü” kimi qeyd olunur.
Dünyanın bir çox ölkəsində xalçaçılıq sənətinin mövcud olmasına rəğmən, belə bayramın qeyd olunması ilk dəfə məhz Azərbaycanda reallaşıb. Bu hadisə Azərbaycanda milli-mənəvi irsimiz hesab olunan xalçaçılığa, bu xalçaları toxuyub ərsəyə gətirən toxuculara verilən qiymətin bariz nümunəsidir.
Bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsas məqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini - bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir.
“Azərxalça” ASC-nin bir çox xarici ölkələrdə, o cümlədən BƏƏ-də (EKSPO 2020 Azərbaycan pavilyonunda) sərgi davam etdiyi müddətdə, martın 31-dək satış və nümayiş mərkəzi fəaliyyət göstərib. Azərbaycan ilə ərəb ölkələri arasında uzunmüddətli, zəngin və qarşılıqlı əməkdaşlığın 30 illik tarixini qeyd etmək məqsədilə bu il fevralın 18-də xüsusi olaraq “Dubay EKSPO 2020” sərgisi üçün hazırlanmış “Dostluq” adlı xalça Azərbaycan pavilyonunda təqdim olunub. Bu ildən etibarən cəmiyyət tarixində ilk dəfə ipək xalçaların toxunmasına da start verilib.
Müasir dizaynlı evlərində Azərbaycanda toxunmuş, əsl əl işi xalçalarımızı fərqli üslubda görmək istəyən yerli və xarici xalçasevərləri nəzərə alaraq, bazara yalnız klassik deyil, müasir dizaynlı xalçalar da təqdim olunub. Bunun üçün də konseptual, gənc, istedadlı dizaynerlər, rəssam və xalçaçıları işə cəlb edilir.
Yerli rəssamlarla yanaşı “Azərxalça” ASC xarici rəssam və dizaynerlərlə də əməkdaşlıq edir. İsrailli rəssam Rami Meirin əsərlərinin xalçalara köçürülməsi və satışı istiqamətində, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkə səfirlikləri ilə hər iki ölkədə xalçalarımızın sərgi və satışının baş tutması haqqında da danışıqlar və qarşılıqlı əməkdaşlıq həyata keçirilir.
“Poladın izi ilə...” sənədli filminin təqdimatı keçirilib
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən sənədli filmlərin çəkilişi davam etdirilir. Silsilənin növbəti ekran əsəri şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimova (1975-2020) həsr olunan “Poladın izi ilə” sənədli filmidir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mayın 4-də Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin ölkəmizdəki səfəri Cahit Bağcı, digər rəsmilər, Milli Qəhrəmanın ailə üzvləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdilər.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında qeyd etdi ki, filmin əsas məqsədi özümüzü tanımaqdan ibarətdir: “Biz ölkə olaraq uzun müddət imperiyanın tərkibində yaşamışıq. Bu dövrdə tariximizi bizə unutdurmaq istəyiblər. Ancaq buna baxmayaraq biz özümüz-özümüzə qayıtdıq. Milli yaddaşın geri qaytarılması, təbii ki, Vətən oğullarının qəhrəmanlığı sayəsində gerçəkləşdi. Tarix həmişə böyük millətlər tərəfindən yazılıb. Həmin millətlərin hər zaman güclü ordusu olub. Güclü ordusu olan millət tarixdə iz buraxıb. Biz tarixi yaddaşımızı 2020-ci ildə yenidən aşkar formada kəşf elədik. Bugünkü filmin qəhrəmanı, əsgərimizin, ordumuzun ən cəsur nümayəndələrindəndir. Biz bu ekran əsərini yalnız Polad Həşimova deyil, onun simasında bütün qəhrəman Vətən oğullarına ithaf olunan film hesab edirik”.
Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyi olaraq əsas məqsədlərdən biri də bu tarixi davamlılığı bərpa etməkdir: “Bizim çox zəngin mədəniyyətimiz var. Mədəniyyətin vacib ölçüsü Vətən, ailə sevgisidir. Bizim üçün adi gələn bir sıra məlumat və dəyərlər çox yerdə yoxdur. Məsələn, Abbas Səhhətin məşhur “Vətən” şeirində Vətən və onun oğulları arasında bütün münasibətlər var. Şeirdə xüsusi diqqətimi cəlb edən bir misra var. Şair yazır ki, “Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir”. Yəni Vətən bizdən əvvəl əcdadlarımızın torpaqları olub və gələcəkdə də bizimdir. Bu misraları yazan mədəniyyət başqa mədəniyyətdir. Ona görə də biz fəxr edirik ki, belə bir mədəniyyətin sahibiyik”.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı vurğuladı ki, bu Vətən şəhidlərin uğrunda can verdiyi və bizə əmanət etdiyi torpaqdır: “Bu gün ölümsüz olan bir igidin, 30 illik həsrəti şəhadəti ilə azadlığa çevirən bir qəhrəmanın həyat hekayəsini izləyəcəyik. Polad Həşimovla bağlı bildiklərimizlə yanaşı, bilmədiklərimiz də var. Bu film vasitəsilə onları öyrənəcəyik. Polad Həşimovdan sonra Azərbaycanda Vətəni, müstəqilliyi qorumaq üçün minlərlə Polad doğulub. Bu gün filmi izləyənlər arasında Milli Qəhrəmanın anası Səmayə Həşimova da var. Mən Səmayə ananın əllərindən öpürəm. O, təkcə Azərbaycan qəhrəmanlarının anası deyil, bütün Türk dünyasının simvoludur”.
Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov Azərbaycanın igid oğullarından biri haqqında film ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini söylədi.
Polad Həşimovun anası Səmayə Həşimova filmə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Söylədi ki, Polad Həşimov öz şəhidliyi ilə Azərbaycan xalqının qələbə ruhunu oyadıb, başını uca edib.
Milli Qəhrəmanın həyat yoldaşı Ofeliya Salmanova qeyd etdi ki, Polad Həşimov Azərbaycanın səngərdə şəhid olan yeganə generalıdır. Bu fakt kifayət edir ki, biz Polad Həşimovun necə bir qəhrəman olduğunu dərk edək.
Çıxışlardan sonra “Poladın izi ilə” sənədli filmi nümayiş etdirildi.
2021-ci ildə lentə alınan filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, operatoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişləri Polad Həşimovun doğma yurdu Qəbələdə, yaşadığı Sumqayıtda, hərbi xidmət etdiyi və döyüşdüyü bölgələrdə aparılıb. Ekran işində şəhid generalla düşmənə qarşı birgə döyüşmüş səngər yoldaşları, ailə üzvləri xatirələrini bölüşürlər.
Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatının qarşısını alarkən 7 hərbi qulluqçu ilə birgə qəhrəmancasına şəhid olub. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Güney AZƏRBAYCANDAN Dərviş Təbrizli - ANONS
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan üzrə nümayəndəsi Əli Nurvəş güneyli şairlərin şeirlərini vaxtaşırı oxuculara təqdim edəcək. İlk təqdim edilən şair Dərviş Təbrizli olacaq. Sabah bu qəmli, nisgil dolu şeirlərlə tanış olmağı yaddan çıxarmayın.
20-30 ildən sonrakı Azərbaycanın xalq şairləri və yazıçıları bu sıradan çıxacaq
Qubada keçirilən Silkway beynəlxalq ədəbiyyat festivalının Azərbaycan turu başa çatsa da təəssüratlar bitib-tükənmək bilmir. Mediada məqalələr, sosial şəbəkələrdə status və fotolar baş alıb gedir.
“Ədəbiyyat və incəsənət” portalı səfalı Quba bölgəsinin gözəlliklərini əks etdirən bu fotoya diqqət yetirmənizi xahiş edir. Fotoda festivalın 32 finalçısından 18-ni görürsünüz. Hamısının sifətində xoş təbəssüm var, sabahkı günə inam nikbinliyi sezilir.
Soldan sağa bu ardıcıllıqla düzülüblər: Ruslan Dost-Əli, Ümid Nəccari, Təvəkkül Boysunar, Mehdi Dostəlizadə, Səddam Laçın (oturub), Emin Piri, İntiqam Yaşar, Cavid Zeynallı, Eminquey (oturub), Fərid Hüseyn, Ulucay Akif, Nadir Yalçın, Ramil Əhməd, Həsən Kür, Cavid Qasımov, Rəvan Cavid, Ayxan Ayvaz və Faiq Hüseynbəyli.
20-30 ildən sonra Azərbaycan ədəbiyyatının əsas simaları, xalq şairləri və yazıçıları məhz bu sıradan çıxacaq. Buna əmin ola bilərsiniz.
Ədəbiyyatımızda son dövrlərin ən iddialı gəncliyi yetişir. Bu gənclərə dayaq olmaq, onların kükrəyən istedadlarının qarşısındakı bütün maneələri götürmək lazımdır. Bu, ölkə ədəbiyyatının, mədəniyyətinin taleyini həll edən insanlara bir çağırışdır.
Yaşasın Azərbaycan ədəbi gəncliyi!
Günün fotosu: Bayden Putini təhqir edib
Günün fotosu: Bayden Putini təhqir edib
“Səfeh ordusu olan diktator”. ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini bu sözlərlə xarakterizə edib.
O, bu fikirləri Alabama ştatındakı müdafiə zavodunda çıxışı zamanı səsləndirib. Həmin zavodda tankəleyhinə “Javelin” raketləri hazırlanır ki, həmin raketləri də ABŞ Ukraynaya verir.
“Diktatorlara cavab vermədikcə onların iştahı artır” deyib Bayden.
Bu arada Putin isə Emmanuel Makronla telefon danışığında Qərbi Ukraynanı silahlandırmamağa çağırıb, deyib, biz Ukrayna ilə dialoqa hazırıq, “cığallıq” edən onlardır.
Foto: Euronews
Dünyada medianın ən azad və ən məhkum olunduğu ölkələrin adları bəlli olub: Norveç və Şimali Koreya
Məşhur “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı hər il olduğu kimi bu il də mayın 3-də Mətbuat Azadlığı İndeksini açıqlayıb və bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə regionda mətbuat azadlığı üçün dağıdıcı təsirlərə malikdir.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, bu KİV azadlığının qorunması təşkilatı müharibənin işıqlandırılması zamanı jurnalistlərin həlak olması və yaralanması ilə bağlı çoxsaylı faktları bəyan edib, sovet dövründən bəri görünməmiş səviyyədə Rusiyada senzura və kütləvi dezinformasiyanın olduğunu qeyd edib.
Rusiya hazırda Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərdə xəbər mənbələrinə hücum edir və yerli KİV-ləri əməkdaşlığa məcbur etməyə çalışır. Bu səbəbdən də “Sərhədsiz reportyorlar” 2022-ci il Mətbuat Azadlığı İndeksində Rusiyanı —— ölkə arasında yer 155ci yeri tutduğunu bildirilir.
"Hökumət Rusiyanın özündə xəbər və informasiyanı tam nəzarətə götürüb, müharibə zamanı senzura yaradıb, kütləvi informasiya vasitələrini bloklayaraq və onlara tabe olmayan jurnalistləri təqib edərək, onların bir çoxunu ölkəni tərk etməyə məcbur edib", – deyə "Sərhədsiz Reportyorlar"ın məlumatında bildirilir.
Rusiya ötən ilki 150-ci pillədən beş pillə enib. Ötən il bu ölkənin ona görə reytinqi aşağı salınmışdı ki, Kreml Aleksey Navalninin tənqidinə etiraz edən jurnalistlərə qarşı təzyiqlər edirdi, KİV haqqında qanunda "xarici agentlərə təzyiqin gücləndirilməsi” çabalarına əl atırdı.
Rusiyada getdikcə daha çox KİV "ekstremist" kimi tanınır, sosial şəbəkələrdə onların məzmununun yayılması isə hesabatda cinayət təqibinə məruz qalmalarına səbəb olurdu.
Kreml Ukraynada müharibə haqda fikirlərini bəzi qonşu ölkələrə, xüsusilə reytinqdə 153-cü yeri tutan Belarusa da qəbul etdirir. Belarusda müstəqil jurnalistlər 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərindən sonra işlərini min bir zülümlə davam etdirirlər və 20-dən çox media işçisi indi ölkənin həbsxanalarında oturur.
"Sərhədsiz Reportyorlar "qeyd ediblər ki, Mərkəzi Asiya ölkələrinin hökumətləri də KİV-ə təzyiq edirlər ki, onlar Ukraynada müharibənin daha" neytral " işıqlandırılmasını təmin etsinlər. 177-ci yeri tutan Türkmənistanda hökumətin nəzarətində olan bütün KİV-lər müharibəyə məhəl qoymur, deyə məlumatda bildirilir.
Ukrayna özü də reytinqdə mövqeyini itirib və indi 106 – cı yeri tutur (2021-ci ildə 97-ci). Buna səbəb isə təbii ki, müharibə qanunlarıdır.
Məruzədə bildirilir ki, Rusiyanın 24 fevral 2022-ci ildə başladığı müharibə Ukrayna KİV-lərinin yaşaması üçün təhlükə yaradır. "Bu" informasiya müharibəsi "ndə Ukrayna Kreml təbliğat sisteminin ekspansiyasına müqavimət xəttinin önündədir", – deyə məlumatda bildirilir.
Bununla yanaşı, təşkilat Ukraynada media bazarının oliqarxların Hakimiyyətində hələ də əhəmiyyətli dərəcədə qaldığını göstərir və oliqarxlar telekanalların redaksiya siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Rusiya ilə "informasiya müharibəsi" hələ Rusiyanın işğalına qədər Ukraynanın media sferasına ziyan vurmuşdu. “Lənətli” sayılan KİV-lər prezidentin fərmanı ilə qadağan edilmişdi, Rusiya sosial şəbəkələrinə giriş isə məhdudlaşdırılmışdı. Bu, Rusiyanın işğalının başlaması ilə daha da gücləndi. Rusiya təbliğatını aparan KİV-lər bloklaşdırılıb, Rusiya ordusu isə Ukrayna əhalisini müstəqil xəbər və informasiyaya çıxışdan məhrum etmək üçün jurnalistlərə, kütləvi informasiya vasitələrinə və Telekommunikasiya infrastrukturuna qəsdən zərbələr endirib", – deyə "Sərhədsiz Reportyorlar"bəyan edir.
Təşkilat Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş verəndən bəri jurnalistlərin hər zamankindan daha çox fiziki təhlükəyə məruz qaldığını, tez-tez hərbçilər üçün məqsədli hədəfə çevrildiyini və öldürülən və ya yaralanan Reportyorların sayının durmadan artdığını xatırladır.
Mətbuat azadlığı reytinqində Norveç ardıcıl olaraq altıncı ildir ki, birinci yerdədir. Danimarka 2021-ci ildəki dördüncü yerdən ikinci yerə keçib. İsveç isə üçüncü yeri tutur.
İlk dəfə Estoniya və Litva – iki keçmiş kommunist dövləti – ilk onluğa daxil olub, müvafiq olaraq dördüncü və doqquzuncu yerləri tuturlar.
Bolqarıstan 91-ci yerdən 112-ci yerə yuvarlanmış, əksinə, Moldova isə 89-cu yerdən 40-cı yerə yüksəlmişdir. Moldova hökumətdəki dəyişikliklər və jurnalistlər üçün vəziyyətin yaxşılaşmasına ümid sayəsində bu il müsbət mənada seçilir.
Dünyanın beş ölkəsində mətbuat azadlığının ən pis şərtləri müəyyənləşib, bu ölkələr Myanma, Türkmənistan, İran, Eritreya və Şimali Koreyadır.
Bu il Dünya Mətbuat Azadlığı indeksi "Sərhədsiz Reportyorlar"tərəfindən dərc edilmiş 20-ci indeksdir. Təşkilat bildirib ki, indeks demokratik ölkələrin daxilində və beynəlxalq səviyyədə fikir ayrılıqlarını qızışdıran KİV-in qütbləşməsini göstərir.
İndeks bu il “xəbərlər və informasiya xaosunun fəlakətli nəticələrini – saxta xəbərləri və təbliğatı təşviq edən qloballaşdırılmış və tənzimlənməyən onlayn informasiya məkanının nəticələrini qeyd edi
"Sərhədsiz Reportyorlar" deyirlər ki, sosial şəbəkələrin fəaliyyət göstərdiyi üçün dezinformasiya kampaniyalarının yayılması səbəbindən demokratik cəmiyyətlərdə fikir ayrılıqları artır.
Reytinqdə 42-ci yeri olan ABŞ-da KİV-in qütbləşməsi daxili sosial ixtilafları artırır və gücləndirir. Lakin 26-cı yerdə olan Fransa kimi ölkələrdə də sosial və siyasi gərginlik sosial şəbəkələr və yeni media ilə müşayiət olunur.
O ki qaldı Azərbaycana, ölkəmizin yeri BBC-nin icmalında icmalçı üçün əhəmiyyətsiz görünüb deyə qeyd edilməyib. Bu yerin hansı səmtdə olmasını təxmin edə bilərsinizmi?
Dəhşət filminin qəhrəmanları dinozavrlardır
Bir vaxtlar Spilberqin “Yura dövrünün parkı” filmi ekrana çıxmışdı, onda hələ sovet dönəmi idi, Bakıda kinoteatrlarda biletlər üçün uzun növbələr yaranmışdı. Bu dəhşət filmi uşaqlar o yana, böyükləri də qorxudurdu.
“Universal Pictures” kino şirkəti dinozavrların dövrünə həsr etdiyi məşhur filmin çəkilişlərini başa çatdıraraq, “Yura dövrünün dünyası: Hökmranlıq” (“Jurassic World: Dominion”) filminin yeni tizer-treylerini təqdim edib.
RİA Novosti saytına istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, treylerdə filmin əvvəlki hissələrindəki baş qəhrəman Oven Qreydinin bəslədiyi sevimli dinozavrı olan Blue adlı velociraptor körpəsi əks olunub. Filmdə velociraptorlardan başqa digər dinozavr növləri də yer alıb.
Qeyd edək ki, filmdə aktyor Prattdan başqa Sem Nil, Ceff Qoldblum, Lora Dern, Brays Dallas Hovard, Daniella Pineda, İzabella Sermon və başqaları çəkilib.
Filmin təqdimatının iyunun 10-da keçirilməsi nəzərdə tutulub.
Amma qeyd edək ki, köhnə film təzədən daha kəskin və qorxulu alınmışdı. Bəlkə də ona görə ki, həyatda elə dəhşətlər baş verir ki, daha insanlar dəhşət fiımlərindən qorxmurlar.
Milli Dram Teatrının kollektivi bu gün Türkiyədə beynəlxalq Trabzon Teatr Festivalına qatılacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi bu gün Türkiyədə açılan Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyədədir.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, festivalda teatr V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edəcək. Festival Trabzon şəhərində keçirilir.
Milli Dram Teatrı festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə - 7-8 may tarixlərində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək.
Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır.
Tamaşanı Nərmin Həsənova idarə edir. İlk tamaşa 2019-cu ildə oynanılıb.
Qeyd edək ki, səhnə əsərinin dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.
Trabzon festivalı mayın 9-dək davam edəcək.