Yaponiyanın ölkəmizdəki səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib

 

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Beynəlxalq Muğam Mərkəzini ziyarət edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov səfiri mərkəzlə tanış edib, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən bildirir ki, görüşdə mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açılıb, səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Murad Hüseynov səfirin diqqətinə çatdırıb ki, bu günə kimi yapon musiqiçilər bir neçə dəfə BMM-nin səhnəsində çıxış ediblər. 2014-cü ildə “VA-LİQA” qrupunun muğam ifaçıları ilə birgə səhnəni bölüşdükləri konsert proqramı ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. Həmçinin 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində ənənəvi yapon musiqisi ifaçısı Yosuke İrienin şakuhaçi musiqi alətində ifasından ibarət konserti mədəniyyətlərin bölüşməsi baxımından maraqlı layihələrdən biri olub.

Səfir səmimi qəbula görə təşəkkür edərək son illər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.

Yaponiyanın Azərbaycanla mədəni əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirən diplomat belə mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb. Mayın 15-də Yaponiya səfirliyi və Yaponiya Mədəniyyət Festivalı Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə “Yaponiya Mədəniyyət Festivalı”nın keçiriləcəyini diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.