Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022" müsabiqəsi keçirilir

 

Dünya miqyasında reklam  istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilən “Cannes Lions” hesab olunur. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi bu il ikinci dəfə ölkəmizdə təşkil olunur. Bu müsabiqədə 30 yaşadək yaradıcı şəxslər ikili komanda şəklində iştirak edirlər. Müsabiqəyə “Çap” və “Videoçarx” kateqoriyaları üzrə işlər təqdim olunur.

Müsabiqədə qeydiyyatdan keçən iştirakçılara müsabiqə təşkilatçıları tərəfindən 16 aprel tarixində təlimatlar göndərilib, “Çap” kateqoriyası üçün 24 saat, “Videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunub. Çap kateqoriyası üzrə mövzu “Mədəniyyət naminə sülh”, videoçarx kateqoriyası üzrə isə “İnsanların mədəniyyət müəssisələrinə mütəmadi ziyarətinin təşviq edilməsi” olaraq təyin edilib. İştirakçıların işləri 7 may tarixində Nizami Kino Mərkəzində baş tutacaq tədbirdə beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda müəyyənləşdiriləcək. Müsabiqənin əsas mükafatı hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın Fransanın Kann şəhərində reallaşacaq "Young Lions Competitions 2022" finalında iştirak etmək hüququ olacaq.

Mükafatlandırma mərasimindən əvvəl “TEDx” formatında yerli və xarici spikerlər çıxış edəcəklər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.