Rusiya müğənnisi Filipp Kirkorovun Turin şəhərində keçirilən Avrovijn musiqi yarışmasının 1-ci yarımfinalında peyda olması qalmaqal yaradıb.
“Ədəbiyyat və incəsənət” portalı Kr.Ru saytına istinadən xəbər verir ki, Ukraynaya təcavüzünə görə Rusiya iştirakçısını yarışa buraxmayan təşkilatçılar Kirkorovun üzünə xoş baxıblar, 1995-ci ildən hər dəfə yarışmada fəxri qonaq kimi iştirak edən Kirkorova gözün üstündə qaşın var deyən olmayıb. Ona qızıl sky-box, VİP loja təqdim edilib.
Rusiyalı müğənni Turinə son aylar yaşadığı Monakodan vertolyotla uçub gəldiyini, Yunanıstan təmsilçisinə azarkeşlik etdiyini söyləyib. (Şükür ki, ermənini deməyib).
Amma Rusiyada həm media, həm də mədəniyyət başbilənləri Kirkorovu satqın adlandırıblar. Məsələn, məşhur musiqi tənqidçisi Sergey Sosedov onu “tərbiyəsiz və əxlaqsız” adlandırıb, qeyri-vətənpərvərlikdə ittiham edib. Sual edib ki, bu necə olur, Rusiyaya yarışmaya qatılmaq yazaq olunur, amma Rusiya təmsilçisi bu təhqiri vecinə almayıb gedib orda poz verir?
Müğənni özü isə bu hücumları heç vecinə almır. O, “Mən pop ulduzam, nə istəyirəm, edirəm” söyləyib. Görünür, Filipp də Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrinin necə olacağını hiss edə bilir.
Foto: Kr.Ru