Super User

Super User

Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.
Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumata görə, Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.
100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir.
Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək.
İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkili planlaşdırılır. Sanitariya-gigiyena qaydalarının tətbiqi ilə yanaşı, sərgi-yarmarka məkanında sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılacaq. Qeyd olunan tədbirlərlə bağlı əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar veriləcək.
Sərgi-yarmarkaya iştirakçı və ya ziyarətçi qismində qatılmaq istəyənlər ətraflı məlumat əldə etmək üçün sərginin rəsmi veb-saytına (www.bakubookfair.az), sosial media hesablarına daxil ola və yaxud telefon (+99412 404 10 00), e-mail ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilk dəfə 2009-cu ildə keçirilib.

Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın təbliği sahəsində növbəti addımını atıb. Belarusun populyar “Stihi.bu” ədəbiyyat portalı görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının, rus dilinə tərcümə olunmuş “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərini dərc edib, habelə şairin yaradıcılığı haqqında məlumata  yer ayırıb.
Şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan tərcüməçisi, mərhum şair Vladimir Qafarovdur.
Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış Belarus portalı öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrini rus və belarus dillərində dərc edir.

Cümə axşamı, 26 Avqust 2021 10:30

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

 

Təqvimdə elə günlər var ki, onları elliklə qeyd etmək zəruridir. Belə günlərdən biri də bu günə təsadüf edir. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilib. Və çox şübhəsiz ki, Beynəlxalq Azərbaycan Muğamı Gününün məhz avqustun 26-sı günü elan edilməsi səbəbsiz deyil, Azərbaycan muğamının dünyada təbliği sahəsində müstəsna rola malik Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məhz avqustun 26-da dünyaya gəlib.

 

Muğam Azərbaycanın qədim musiqisidir, 1975-ci ildə YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasına daxil edilib. Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüzillik­lərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyətini zənginləşdirən Azərbaycan muğamı müasir tarixində Heydər Əliyev Fondunun xətti ilə təbliğ olunaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak edirlər. Son illərdə “Qarabağ xanəndələri” albomu buraxılıb, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.

 

 Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasından çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil edib. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənib. ABŞ Milli Kosmik Agentliyi (NASA) muğam musiqisini 1977-ci ildə peyklə kosmosa da göndərib. YUNESKO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.

 

Bu gün hər birimiz muğam dinləməyə borcluyuq. Bir gün bayağı musiqidən qopub muğam dinləməyin özü də savabdır.

 

26 avqust. Azərbaycan Pedaqoji Universitetinin 100 illik yubileyi

 

Sovetlər dönəmində APİ Lenin, indisə Azərbaycan Pedaqoji Universiteti adlandırılan bu təhsil ocağında  oxuyub oxumamağımızdan asılı olmayaraq, gəlin, bu gün bu qocaman təhsil ocağını sürəkli şəkildə alqışlayaq. Tarixə nəzər salsaq görərik ki, 1921-ci il avqust ayının 26-da Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılıb. Onun ilk buraxılışı 1923-1924-cü tədris ilində olub. ADPU elə həmin gündən bu günə qədər ölkəmizdə yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərib, Gürcüstan, üzdəniraq Ermənistan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlayıb. ADPU ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verən çoxsaylı alimlər də  yetişdirib, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb və inkişaf edib. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlərə, ictimai-siyasi xadimlərə, yazıçı və şairlərə, bəstəkarlara rast gəlinir.  Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev və 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır.  

 

Bu gün ADPU-nun bölgələrdə 5 filialı var, Azərbaycan Dövlət Pedaqoji Kolleci onun nəzdində fəaliyyət göstərir. ADPU-də indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlanıb. Hazırda universitetdə Filologiya, Tarix və Coğrafiya, Riyaziyyat və İnformatika, Kimya və Biologiya, Fizika və Texnologiya, Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə, İbtidai təhsil, Məktəbəqədər təhsil, Psixoloji Xidmət və Korreksiyaedici təlim ixtisasları üzrə müəllim və tərbiyəçi kadrları hazırlayan 12 fakültə və 55 kafedra fəaliyyət göstərir. Universitetdə 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru və professor, 329 nəfəri isə fəlsəfə doktoru və dosentdir.  Hazırda universitetin əyani və qiyabi şöbələrində 21 minədək tələbə təhsil alır. ADPU-da 700 min nüsxədən ibarət kitab fondu olan kitabxana, qiraət zalları, hesablama-kompüter mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi xidmət mərkəzi və s. fəaliyyət göstərir. Belə bir təhsil ocağını, siz deyin, necə alqışlamamaq olar?

 

26 avqust. Ümumdünya itlər günü

 

Heyvanların Müdafiəsi Beynəlxalq Fondunun dəstəyi ilə hər il bu gün insanın ən yaxın dördayaqlı dostunun günü qeyd olunur. İtlər günündə nə etmək olar? Küçədəki sahibsiz itləri tumarlayıb yedizdirmək, evdəki itlərə əlavə yemək payı vermək. Yaxud yaxında-bərədə bir çinli görəndə yaxasından tutub demək ki, adamsan, adam balasısan, it əti yemə.

 

İtlər 30 min ildir ki, insanlarla yanaşı yaşayırlar. Onlar insan emosiyasını hiss edə bilirlər. İtlərin hissiyyatı insanlarınkından 100000 dəfə yüksəkdir. Onlar adam kimi tərləyə bilirlər. Hər bir it yüzə qədər söz əzbərləyə bilir. Ən sürətli it cinsi (borzaya) 72 km/saat sürət yığa bilir. İtlər yağışı sevmirlər. Ona görə yox ki, islanmaqdan qorxurlar. Ona görə ki, nədənsə məhz aramsız yağış səsi onların eşitmə orqanını iflic edir. İtlər depressiyaya da düşə bilirlər.

 

26 avqust. Daha nələr, nələr günü

 

Argentina aktyorlar gününü qeyd edir. Namibiya qəhrəmanlar gününü. Papua-Yeni Qvineya tövbə, Iran zəhmətkeşlər, ABŞ gilaslı dondurma gününü. Bu gün həm də Tualet kağızı günüdür. 1991-ci ilin bu günüdə SSRİ parlamentinin növbədənkənar sessiyası ölkə ərazisində kommunist partiyasının fəaliyyətinə qadağa qoyub. 1946-cı ildə Corc Oruelin məşhur “Heyvanlar kolxozu” satirik povesti işıq üzü görüb. 1728-ci ildə Asiya ilə Amerika arasındakı körfəzi Vitus Berinq kəşf edib, beləcə Berinq körfəzi yaranıb. 1980-ci ilin bu günüdə “Evdə tənha” filminin baş rolunu oynayan aktyor Makoley Kalkin doğulub. 1910-cu ildə Nobel sülh mükafatı laureatı Tereza ana, 1880-ci ildə ədəbi avanqardizm cərəyanının banisi, fransız şairi Qiyom Apolliner dünyaya gəliblər.

 

Varisin “21-31 avqustun təqvimi” yazısından fraqmentlər

 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" sosial layihəsi çərçivəsində Aİ-nin 27 üzv dövlətinin nağıl və əfsanələrini Azərbaycan dilinə tərcümə edib.
Aİ-nin Azərbaycan Nümayəndəliyindən AzərTAC-a bildirilib ki, rəngarəng kitab formasında nəşr olunan nağıllar toplusu, ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq.
Bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, köklərini və ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək. Saysız-hesabsız müharibələrdən alovlanan bugünkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab parlaq və dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun.
Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün, çap versiyası ilə yanaşı, Aİ Nümayəndəliyi quruma üzv dövlətlərin səfirləri ilə birlikdə, səfirliklərin digər əməkdaşları tərəfindən danışılan nağılların videoversiyalarını hazırlayıb ki, onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Videonağıllar dünəndən etibarən nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/  facebook səhifəsində hər gün yayımlanmaqdadır.
Kitabın Azərbaycan dilində elektron versiyası Aİ Nümayəndəliyinin internet səhifəsində mövcuddur.

Xəbər verdiyimiz kimi, 2019-cu ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə LiFFt festivallar festivalı bu il İstanbulda keçiriləcək, bu münasibətlə festivalın müsabiqə hissəsinə start verilib, eyni zamanda YouTube platforması üzərində materik şair və yazıçılarının əsərlərindən ibarət canlı antologiyaya start verilib. Azərbaycanlı yazarların da iştirakçısı olduğu canlı antologiya hazırda ədəbi dairələrin və medianın gündəmindədir.
"Avrasiya ədəbi Festivalı: dünya şairlərinin canlı antologiyası " – bu başlıqla ilk səhifədə Asiya Jurnalistlər Assosiasiyasının "Azia inn" xəbər nəşrinin növbəti sayı yazı dərc edib. Nəşr ən maraqlı və aktual xəbərləri ilə Şərqi, Cənub-Şərqi, Mərkəzi və Qərbi Asiyada dominantlıq etməkdədir. Xəbərlər, o cümlədən bir neçə dildə eyni zamanda dərc olunur: ərəb, İngilis, Çin və Yapon. Asiya Jurnalistlər Assosiasiyasının prezidenti "İpək Yolu" Avrasiya layihəsinin yaradıcısı Ashraf Aboul-Yaziddir (Misir).
“Azia inn” LiFFt festivalı barədə ətraflı məlumat verməklə canlı antologiyanın iştirakçılarını təqdim edib, onların ədəbi nümunələrindən parçalar dərc eləyib.
Nəşr bu ədəbiyyat layihəsini zamanın ən nüfuzlu və ən miqyaslı layihəsi adlandırıb.

Çərşənbə, 25 Avqust 2021 10:23

25 avqustda Nitşe doğulub, Yumsa vəfat edib

 

Bu günün cəmi-cümlətanı bir neçə qeyd ediləsi çaları var. Onlardan ən başlıcası, bu günün Məcburi Öpüş Günü olmasıdır. Bu gün mübarizəni, küsülülüyü, düşmənçiliyi bitirmək günüdür demək. Gedib zorla “əks cəbhədə dayanan”, yəni küsülü, incik olduğun adamı öpürsən, o da səninlə barışır. Barışmamağa ixtiyarı yoxdur. Bayramı pozsa cərimələnər.

 

Bu gün Braziliyada əsgərlər günü,  Koreyada Sunqun günüdür (1960-cı ilin bu günündə Kim Çen İr Sunqunda hakimiyyətə gəlib). Belarus öz müstəqilliyini bayram edir. ABŞ-da, yəni deyirsiniz, bu əlamətdar hadisəylə qıt olan gündə səssizlik qorunacaq? Əsla. Bu günü amerikalılar Banan spliti günü kimi qeyd edirlər. Bu, desertdir, bananı kəsib içinə sirop doldururlar.

 

1941-ci ilin 25 avqustunda sovet qoşunları ingilis qoşunları ilə birgə İranı ələ keçiriblər. Tarixin həmin dönəmində Seyid Pişəvəri hərəkatı, Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlib. İkiyə bölünmüş vətənimiz tarixin keşməkeşli dövründə birləşmək şansı əldə edib. Əfsus ki, sonda imperialistlər öz maraqları naminə Azərbaycanı xöşbəxtlikdən məhrum ediblər.

 

1609-cu ildə Qalileo Qaliley ilk teleskopu nümayiş etdirib. 1970-ci ildə alman top modeli və aktrisası Klaudiya Şiffer, 1930-cu ildə şotland aktyoru və prodüsseri Şon Konneri, 1912-ci ildə ADR rəhbəri Erik Honneker (həmin o Brejnevlə atəşin öpüşən şəxs), 1724-cü ildə “Atın anatomiyası” əsərini yazmış britaniyalı rəssam, animator, yazar Corc Stabbs, 1530-cu ildə isə Moskva knyazı İvan Qroznıy bu gün doğulanlardandır. Bu gün vəfat edənlərdən, deyim kimin adını çəkəcəyəm? İki zirvənin. Bunlardan biri 1900-cü ildə dünyadan köçən dünyaşöhrətli alman filosofu Fridrix Nitşe, digəri 1776-ci ildə gözlərini əbədi yuman şotland filosofu və tarixçisi Devid Yumdur.

 

Və mütləq Nitşedən bir sitat gətirməliyəm. Görün dahi alman nə deyib: “Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalan olmadan bu reallıq, bu "həqiqət" üzərində qələbə çalmaq qeyri-mümkündür.”.

 

 

 

Varisin “21-31 avqustun təqvimi” yazısından fraqmentlər

 

Çərşənbə, 25 Avqust 2021 10:22

Yağış bütün günü döyür hər yeri…

Sizə istedadlı bir gənc şairi təqdim etmək istəyirik. Mammədov Sahibi. O, 21 oktyabr 1986-cı ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Çox gənc yaşlarından poeziyaya vurğun olması aşkarlanıb, özü də lirik-fəlsəfi şeirlər yazıb. İndiyə qədər xeyli uğur da qazanıb. Nəsimi festivalının beynəlxalq ədəbi müsabiqəsinin iki qat laureatıdır (2018 və 2019-cu illərdə). Bakıda keçirilən Avrasiya materikinin LiFFt festivallar festivalının "Gənc şair" nominasiyasının qalibidir (2019-cu ildə). Rusiyada Mixail Plastov adına Beynəlxalq Ədəbiyyat Mükafatının laureatıdır (2020-ci ildə). LiFFt - 2020 Ümumrusiya ədəbi marafonunun "Şeir" nominasiyasında 1-ci dərəcəli diplom sahibidir. "Çexov Payızı - 2021" XI Beynəlxalq Ədəbiyyat Festivalının laureatıdır həm də.
2021-ci ildə əsərləri Azərbaycan Respublikası məktəb ədəbiyyatına daxil edilib. Azərbaycan və Rusiya Yazıçılar Birliyinin, eləcə də Şimali Amerika Rusdilli Yazıçılar İttifaqının, Beynəlmiləl Yazıçılar İttifaqının üzvüdür, Nigar Həsənzadənin başçılıq etdiyi Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki "SÖZ" ədəbi layihəsinin daimi iştirakçısıdır.
"Ötən günlərin tapmacaları" və  "Cənnətdə bir yer üçün" kitablarının müəllifidir. Sahib şeirlərini rus dilində yazır. “Ədəbiyyat və incəsənət” portalı ilk dəfə gənc şairin ruscadan Azərbaycan dilinə çevrilmiş şeirlərini dərc edir. Şeirləri Aydan Xəndan tərcümə etmişdir.

YAĞIŞLI BİR GÜNDƏ

Vaxt gəldi, əzizim, mən getməliyəm
Yaxşı, gəl səninlə bir çay da içək.
Bayırda yağış da bayaqdan yağır
İslanmamaq üçün çıxmayım gərək.

Oturub gözləyək bir az səninlə
Necə də gözəlsən indi, bir bilsən!
Elə sən özün də yağış kimisən
Durmadan səs-küylə pəncərə döyən.

Sən də su kimisən, yumşaq, zərifsən
Baş vurub qoynuna, üzüb dərinə,
Boynumda bir iplə boğulubsan ki
Gedirəm bilərək suyun dibinə...

Sən bir vadi kimi özünə çəkir,
Sənə atılıram heç düşünmədən
Bircə yağan yağış yalan söyləmir,
Hələ də səsini duyuruq çöldən.

Yağış səngiməyir, yağdıqca yağır,
Zərif şırşırıyla daşları yuyur,
Zümzümə edərkən həzin damcılar
Sarsılmaz qayalar birdən ram olur.

Tərtəmiz, çox şəffaf su kimisən sən
Bu bənzərlikdən də yaxşısı varmı?
Bütün qadınlardan əzizsən mənə
Əksim əbəs yerə səndə yaşamır.

Yağış bütün günü döyür hər yeri
Payızın günahı yoxdur anında
Əslində yağış da günahkar deyil
Xoşbəxtəm sadəcə sənin yanında

DOSTLAR HAQQINDA

Sadiq dost bir atəş böcəyi kimi
Bizə yol göstərər zülmət gecələr,
Gündüzlər yanında olsa da yenə,
Kimsəyə görünməz, sakitcə gəzər.

Saxta dost kölgə tək ömrünü sürər,
Günəş üstündəysə, o yanındadır.
Elə ki günəşin çöküşü başlar,
 Altında sərilər ayaqlarının.

Sən də alışmısan artıq bunlara,
Fəqət bu həyatın bir qanunu var.
Səmanı buludlar örtdüyü zaman
Kölgən sənlə qalmaz, birdən qeyb olar...

BƏLALARIN KÖKÜ

Bu səhər yoluma taksiylə çıxdım
Yollara baxırdım çirk idi ətraf
Günəş də səmadan tutqun baxırdı
Hara nəzər salsam, bərbaddı, bərbad!

Maşın şütüyürdü palçıq yollarda,
Boz rənglər içində qalmışdı evlər,
Təkərlər tullayıb hər yerə çirki,
Könlümü salırdı sonsuz təşvişə.

O an birdən-birə daraldı nəfəs,
Açdım pəncərəni təmiz havaya
Şüşənin çirki də yox oldu birdən
Vuruldum bu meşə, dəniz havaya

İçimdə düşündüm ötən həyatı
Sanki pəncərədən görsənir əksi
İnsanlar boylanır ordan, sadəcə,
Fərqlidir hər kəsin ömür şüşəsi.

Rezonans doğuran  "Elektra" ilə yanaşı Zalsburq festivalı bu yayın proqramına daha bir tamaşa daxil etmişdi, onun tamaşası axır ki, baş tutdu. Söhbət Motsartın "Bütün qadınlar belə hərəkət edirlər" ("Cosi fan tutte") operasından gedir. Rejissor Kristof Loy və dirijor Yoana Malvisin quruluşunda. Onlar bu operanın premyerasını Zaltsburg-2020 -də ortaya qoymuşdular, operanın bu yeni versiyası daha böyük bir layihə kimi ortaya çıxdı. Bir il sonra onun necə fərqli və daha baxınaqlı göründüyünə opera ictimaiyyəti çox təəccübləndi.
Keçən yazda pandemiya fəlakəti gəldikdə Salzburg festivalı tələsik B, C və s. planlarını inkişaf etdirməyə başladı. Əgər festival zallarının qapısında kəhrəba qıfıllar görünürdüsə də, hər halda, hansısa premyeraları buraxmaq lazım idi -burada prestij öz sözünü deyirdi,  yüzillikdə aktual olan festivalı birdən-birə susdurası deyildilər ki.
“Ədəbiyyat və incəsənət” portalı Week-end dərgisinə istinadən məlumat verir ki, Zalsburq festivalında ötən yay üçün nəzərdə tutulan Romeo Kastelluççi və Teodor Kurentzisin quruluşunda “Don Juan" tamaşası 3 saat yarımlıq davamiyyətinə görə qurban gedəsi olmuşdu, belə ki, yalnız antraktsız, qısa tamaşalara icazə verilirdi. Eyni zamanda, festivalın yüz illiyində Motsart olmadan keçinmək də mümkün deyildi. Beləliklə, çarəsiz niyyət yarandı: Lorenzo da Pontenin librettosunda böyük üçlüyün operalarından birini qoymaq, daha dəqiq desək, "Cosi fan tutte"ni. Kristof Louya hesab olunan həftələr ərzində tamaşanı yaratmaq tapşırıldı. Elə etmək lazım idi ki, bu qısa müddət ərzində festivalın emalatxanaları da kostyumların və dekorasiyaların öhdəsindən gələ bilsinlər. Eyni zamanda, seksizm haqqında yaranan suallar da sığortalanmalı idi, feministlərin qarşısına çıxmaq üçün platforma da hazırlanmalı idi. Belə ki, Motsartın operasının formal analizi qadının kişi qarşısında hüquqsuzluğuna bəraət verdiyi halda Pontenin yeni etika nöqteyi-nəzərindən librettosunda bərabərhüquqluluq məcbiriyyəti ortaya qoyuldu. Amma etiraf etmək lazımdır ki, festival mümkün qadın hücumunu zərif şəkildə daha bir vasitəylə qabaqladı, yüzillik tarixində ilk dəfə quruluşçu dirijor qadın oldu - Yoan Malvisi, Nürnberq Ştaatsteatrının musiqi rəhbəri.
Üç saatlıq operanı yarım saata qısaltmaq üçün Loy və Malvits çox şeyi qurban verdilər: burada tam kəsilmiş  hissələr, ixtisara getmiş musiqi və dialoqlar, bol-bol məhdudlaşmalar yer aldı. Xüsusən,  Despinin ilk ariyası, Gulelmodan  qadınlara yumoristik məzəmmət ("Donne mie, la fate a tanti..."), Fernandonun şikayəti ("Tradito, schernito...") və s. və i.
Yəni, "Cosi" nin tammiqyaslı tamaşasının əvəzinə, sadəcə, layiqli semi-stage-ə ümid etmək olardı, amma, hər halda, gözəl teatr nümunəsi peyda oldu. Peşəkarlıq həqiqətən böyük şeydir.
Səhnə yaradıcılığı baxımından xəsislik təəssüratı yaranırdı: büsbütün ağ divar,  iki kənar qapı və orkestr yerləşən çuxura düşmək üçün pillələr. Vəssalam. Hərəkət edən səhnənin yalnız bircə dəfə -  “Secondate, aureate amiche" serenadası zamanı hərəkətə gələrək dəyişdirilməsi, tənha, əzəmətli bir ağacın görüntülərinin peyda olunmasını da qeyd etməliyik. Geyim baxımından da xəsislik gözə çarpırdı: kişi qəhrəmanları qara kostyumlarda, qadınlar qara donlarda. Və yalnız aldatma və anlaşılmazlıqlar vaxtı gələndə Fernando və Qulyelmo öz sevgililərinin yanına çimərlikdə rəngli şort və köynəklərdə gəlirlər.
Amma maestro Malvitsin rəhbərlik etdiyi Vyana filarmoniklərinin daha səxavətli, hazırcavab və rahat görünmələri diqqəti cəlb etdi, belə ki, onun kişi həmkarları  son bir neçə on il ərzində partituranın öhdəsindən daha az enerjili və daha az zərifliklə gəlmişdilər. Bu işin o işlərdən daha cazibədar görünməsi də əsassız deyildi.
Və müğənnilərin musiqiylə əla  ansamblı, hansı ki, zövqverici və maraqlı nüanslarla onların bütün qeyri-adi psixologiyasının solo işləriylə vəhdətində təcəssüm olunurdu, xüsusi heyranlıq gətirirdi.
Lea Desandr öz Despinini şən və cazibədar şəkildə ifa etdi-o, librettoya tam uyğun olaraq şokoladı qaşıqla çaldı, həkim müayinəsində oldu, finalda notariusu da bacarıqla təsvir edə bildi.
Kişilərlə ziddiyyətlər oyunu da istisnasız olaraq alındı. Movial və təmtəraqlı bariton Andre Şuenin Zalsburq debütantı Boqdan Volkovla  ideal dueti möhtəşəm oldu, lirika emosional və stilistik mənada çox səliqəli şəkildə məhz "Un aura amorosa" ariyasında operanın bütün əsas solo nömrəsiylə əvəzləndi. Yoxannes Martin Krentzlenin ifasında Don Alfonso da (saçlarında bəyazlıq və illərlə gələn müdriklik haqqında sözlər heç də şişirtmə deyildi, yaşlı personajı bundan ötrü qrimləməyə, parik taxdırmağa ehtiyac qalmamışdı) adi ifa sayıla bilməzdi.
Uzun reitativlərdə, ariyalarda və ansambl ifalarında nümayiş etdiriləsi şeylər kifayət qədər ağıllı şəkildə edilmiş qısa pantomimalarda  göstərildi, buna da böyük libretto və ifa məharəti lazım idi.
Son illərin zalsburqlu Motsart tamaşalarının çoxunun dalana dirəndiyi iddia olunduğu bir zamanda hədsiz isti, mental çətinlik və teatrşünasların total inamsızlığının fövqündə və ən əsası - pandemiya məcburiyyəti üzündən qısa variantda nümayiş məcburiyyəti şəraitində nümayiş olunan  Motsartın “Cosi fan tutte” operası bu cür uğur qazanmaqla,  şübhəsiz, qiymətsiz bir inci olduğunu ortaya qoydu.
Yaşasın elitar sənət!

Foto: SF / Monika Rittershaus

Neçə vaxtdır ki, kinosevərlər məşhur “Hörümçək adam” filminin Marvel kinokompaniyası tərəfindən istehsal olunmuş yeni seriyasını səbirsizliklə gözləməkdədirlər. Dünən Hollivud filmi treyler nümayişi ilə rəsmən təsdiqlədi.
Kinostudiya treyleri vaxtından əvvəl  göstərdi, belə ki, bir neçə gün əvvəl internetdə onun pirat versiyası peyda olmuşdu.
Filmin rejissoru John Watts- dır. Yeni "Hörümçək adam" da Tom Holland, Zendeyys, Marisa Tomey, Benedikt Kamberbetç, Dj. Simmons, Engauri Rays və başqaları rol alıblar.
Filmin premyerası dekabrın 16-na planlaşdırılır.

Şəkildə: treylerdən fraqmentlər.

Özbəkistanın tanınmış yazarı, "Kitab dünyası" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Xasiyyət Rüstəmin "Adı Lalə idi o qızın..."poeması 44 günlük Vətən müharibəsi dövründə yazılmış diqqətçəkən ədəbi nümunələr sırasındaydı, həmin poemanın da yer aldığı "44 gün" kitabı Sumqayıtda ədəbi ictimaiyyətə  təqdim olundu. Xasiyyət xanımla birgə Azərbaycana gəlmiş araşdırmaçı yazar Şöhrət Barlas da tədbirə qatılmışdı.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı yeni nəşri həm Azərbaycan, həm də özbək oxucuları üçün çox dəyərli adlandırdı. O, Şöhrət Barlasın da türk dünyası üçün önəmli işlərə imza atdığını vurğuladı: "44 günlük müharibədə Şöhlət Barlas sona qədər yanımızda olduğunu, hətta savaşmağa hazır olduğunu demişdi".
Həm Xasiyyət xanım, həm də tarixçi-yazar Şöhrət Barlas Özbəkistan-Azərbaycan ədəbi-mədəni bağlarının möhkəmlənməsində göstərdikləri xidmətlərə görə Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin Fəxri üzvü elan edildilər.
Ardınca çıxış edən Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair Əkbər Qoşalı yeni nəşri tarixi hadisə kimi qiymətləndirdi.
Kitabın ədəbi məsləhətçisi, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva Xasiyyət xanımın fədakar əməyini yüksək dəyərləndirdi: "Dünyanın müxtəlif yerlərində eyni qanı daşıdığımız qardaşlarımız var. Amma 44 günlük müharibə dövründə qardaşlarımız arasında susanlar oldu. Ürəyi bizimlə döyünən qardaş-bacılarımızı da gördük. Zəfərimizə bizimlə birgə sevindilər. Xasiyyət xanım da onlardan biridir".
Qənirə xanım Xasiyyət Rüstəmin Özbəkistanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliğində dəstəyini əsirgəmədiyinə diqqət çəkdi. Qənirə Paşayeva əlavə etdi ki, Nizami ilində "Xəmsə" orijinaldan özbək dilində tərcümə olunub. Eyni zamanda, qardaş şəhərlər layihəsi üzərində iş gedir.
Həm Xasiyyət xanım, həm də tarixçi-yazar Şöhrət Barlas Özbəkistan-Azərbaycan ədəbi-mədəni bağlarının möhkəmlənməsində göstərdikləri xidmətlərə görə təltif olunublar.
Qeyd edək ki, “44 gün" kitabı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin maliyyə dəstəyilə nəşr olunub.
Mərkəzin direktoru Samir Abbasov Şuşa səfərinin unudulmaz olduğunu, Vətən müharibəsi dövründə yaşadıqlarını ifadə etməkdə çətinlik çəkdiyini, zəfəri bizə yaşadan şəhidlərimizin qarşısında baş əydiyini dilə gətirdi: "Mədəniyyət mərkəzimiz 44 gün ərzində 244 məqalə dərc etdirdi. Məhz Xasiyyət xanım və Şöhrət bəy bizə bu işdə çox böyük dəstək göstərdilər".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Vətən müharibəsi dövründə demək olar ki, hər gün Şöhrət Barlasla təmasda olduğunu bildirdi: “Daha çox Türkiyənin, Pakistanın adı çəkilirdi, amma Özbəkistan Ön Asiyada fərqlənirdi. 70 il bizə təlqin ediblər ki, biz qardaş deyilik. Dost kimi Qafqaz xalqlarını göstərirdilər. Lakin son illər özbəklərlə bizim qardaşlıq əlaqələrimizin qədim köklərə malik olduğunu sübut edən ziyalılar sayəsində gerçəklik ortaya çıxdı”.
Qarabağ Veteranları Birliyininin   Sumqayıt bölməsinin sədri Mübariz Quliyev də özbək yazarlara  minnətdarlığını ifadə etdi.
Qonaqlara həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi "Milli Ordu-100" medalı təqdim olundu.
Qeyd edək ki, “44 gün” kitabının Gədəbəydə də təqdimatı keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.