Qoca skripkaçı haqqında ballada

 

“Ədəbiyyat və incəsənət” portalı bundan öncə oxucularına gənc yazar Habil Yaşarın hekayəsini təqdim etmişdi. Bu dəfə Habil Yaşar qarşınızda başqa ampluada dayanacaq. Onun poemasını sizlərin ixtiyarına buraxırıq.

 

Zibil qabı yanında,

Zibillik eşələyən,

qoca, nurani kişi,

Yamanca deyinirdi.

O, bəzən gülümsəyir,

bəzən gileylənirdi…

 

“Ah, mənim amansız, qara taleyim,

Məni məhrum etdi işıqlarından.

Yoluma daş qoydu bu həyat mənim,

Heç üzüm gülmədi uşaqlığımdan.

 

Ey cansız və ruhsuz, kor zibilqabı,

Bilirəm, zərrə də məni duymmazsan.

Bəlkə də hissimdə çox yanılıram,

Məni məndən yaxşı anlayanımsan…

 

Hər gün ətrafında hey fırlandıqca

Sən mənə baxırsan oyuncaq kimi.

Halbuki mənim də xəyallarımda,

Gələcək var idi, çox parlaq idi.

 

Sənin ətrafında fırlandığım tək,

Mənim dörd yanımda tamaşaçılar,

Bu cür fırlanardı xəyallarımda,

Ah, mənə qıymadı xəyallarım da.

 

Gözlərim kor ola, görməyəydi kaş,

Qaranlıq dünyamın qaranlığını.

Ya məni heç anam doğmayaydı kaş,

Ya da ki, doğaydı bəxtəvər kimi...

 

Ah, yenə anamı qınayıram mən,

Yazığın özü də bədbəxt adamdı.

Taleyin amansız sınaqlarından,

Onun da heç üzü gülmədi, əfsus…

İndi torpaq altda qəm çəkir yenə,

Bu bədbəxt oğlunun bədbəxtliyinə.

 

Həm cansız, həm ruhsuz yarandığından,

Bəlkə də xoşbəxtsən ey zibilqabı,

Nə bilim, bəlkə də elə deyilsən…

Olmaya, mənim tək gileylənirsən,

Sən də taleyinin dönüklüyündən?”

 

Bu ara adamlar keçir yanından,

Kinayəylə dolu, kəskin baxışlar.

Fələyin rəhmsiz oyunlarından,

Min qat daha betər öldürür onu…

Bumudur ədalət? Bumudur həyat?

Hər an bir-birindən daha narahat.

 

O, baxır ətrafa gözlərində qəm,

Adamlar şeytan tək görünür ona.

Yer üzü deyilən sanki cəhənnəm.

Yox “sanki” artıqdır, özüdür ki var,

Elə cəhənnəmin özüdür ki var...

 

Keçir əllərinə neçə cür əşya,

Hər əşya kimsədən bir xatirədir.

Qəfildən əlinə toxunan nəsnə,

Onu yerindəcə yaman titrədir.

 

Astaca qaldırır onu göylərə,

Baxır həsrət dolu, intizar dolu.

Onsuz fəsillərə, onsuz illərə,

O, qədəm qoymuşdu ahu-zar dolu.

 

Qabarlı əlləri toxunur simə,

Azacıq musiqi səsləndirərkən,

Hönkürtü qoparıb, çökərək yerə,

Ağlayır məhv olmuş  ümidlərinə.

 

Ancaq skripka da düşmür əlindən.

Bağrına basmışdır, qucaqlamışdır.

Onun qoxusuyla, musiqisiylə,

Cənnəti dünyada o yaşamışdır.

 

Yenidən adamlar keçir yanından,

Necə də duyğusuz, ruhsuz və cansız.

Ölmüş ürəklərə təsir edərmi?

Musiqi sədası, insan həyatı,

Bax budur həyatın sonsuz təzadı.

 

Bir anlıq xəyala qapılır qoca,

O, böyük səhnədə cürətə gəlir.

Kiçikdən böyüyə tamaşaçılar,

Musiqi səsindən heyrətə gəlir.

Mələklər də səsin seyrinə gəlir.

 

Onun taleyinin gözləri kimi,

Ətrafda bərq vurur rənglər, işıqlar.

Dünya nə gözəldi, necə gözəldi,

Hər dörd tərəfində bir yaraşıq var.

 

Hər kəsdən bəxtiyar bir insan kimi,

Unudub kədəri, unudub qəmi,

Taleyə təşəkkür eləyir qoca.

Başı zirvələrdən daha da uca.

 

Ona yaraşardı ah bu ucalıq,

Bəlkə də şansı var, amma qocalıq

Taqətdən və gücdən salmışdı onu…

Yox, yox, yanılıram, gülərsə gözlər,

O qüvvət, o taqət qayıda bilər.

Qocalıq da cildin dəyişdirərək

Özünü bir xeyli cavanlaşdırar.

Bax budur həqiqət, budur reallıq,

Fərqi nə, qocalıq, yoxsa cavanlıq.

 

Anidən bir cavan tutur qolundan,

Ayırır gül kimi xəyallarından.

Guya ki yaxşılıq edirmiş kimi

Savabın dalınca gedirmiş kimi

Ayırır qocanı xəyal plovdan.

Alın yazısını bu qovhaqovdan.

Bax beləcə bitir nağılın sonu,

Azacıq sevincə tab gətirməyib,

Tale xoşbəxtikdən ayırır onu.

 

Yenidən qayıdıb bu cəhənnəmə,

Qərq olur amansız kədərə-qəmə.

Dünya başdan-başa gözündən düşür,

Bir tək skripka, o sirli alət,

Qalır yüksəklikdə, səslər gülüşür.

Sıxıb əlləriylə yoxlayır onu, 

Körpə tək sevgiylə qoxlayır onu.

 

Gözünün işığı, bircə dənəsi,

Amansız taleyin xoş hədiyyəsi,

Məhz bu skripka mübaliğəsiz,

Yeganə səbəbdir xoşbəxtliyinə.

Əlini göylərə qaldırıb yenə,

Şükürlər eləyir yaradanına,

Ən böyük sevinci bəxş edib ona,

Beləcə gətirib, gətirib sona.

 

Yük götürüldü canımdan, unuduldu qayğılar.

İlahi xoşbəxtliyim bu şeirlə yaşandı.

Ah necə də gözəldir kama yetmiş arzular,

Zamanın özü belə müvəqqəti dayandı.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.