Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 112-ci ildönümüdür.
Ömrün qəmli günlərindəyəm,
Xəstəliyim üzündən,
Qocalığım üzündən.
Həkim deyir ki, yorulub ürək.
Deyirəm, yorulmusan, ürəyim.
Ötən günlər gözümdə,
Bir xəyal dünyasıdır,
Göynədir göyüm-göyüm.
O günlər doğmam idi,
Bu günlərim ögeyim.
Günlər var çeşid-çeşid.
İnciklisi bu yanda,
Fərəhlisi o yanda.
Belə olurmuş demək,
Ömür-günün sonunda.
Poeziyanın, hisslərin kulminasiyası Rəsul Rzanın bu misraları deyilmi?
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.
İkinci Dünya müharibəsi illərində Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı “Vətən”, “İntiqam! İntiqam…” şeirlər kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk toplular, “Vəfa” pyesi və s. dillər əzbəri idi.
20-ci əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarında, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.
Rəsuı Rzanın “Rənglər” silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.
Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun “Rus elində kimin günü xoş keçir”, H.Lonqfellonun “Hayavata haqqında mahnı” poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.
Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.
Rəsul Rzanın yoxluğundan 41 il ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.
Allah rəhmət eləsin!