Super User
Əməkdar artist Əyyub Quliyev Almaniyada Opera Sənəti Festivalında iştirak edib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti Əyyub Quliyev Almaniyada İmmlinq Opera Sənəti Festivalında iştirak edib.
AzərTAC xəbər verir ki, Almaniyanın ən füsunkar bölgələrindən biri olan Bavariyada – Qut İmmlinq şəhərində keçirilən festival hər il Avropa, ABŞ, Latın Amerikası, Çin və Yaponiyadan dəvət olunmuş tanınmış opera müğənniləri, dirijor və rejissorları bir yerə toplayır. 25-ci dəfə keçirilən festival müxtəlif uğurlu və yeni lahiyələri ilə diqqəti cəlb edib – C.Rossininin “Cenerentola” və C.Puççinin “Madam Batterflay” operalarının yeni quruluşu, V.A.Mosartın musiqisinə həsr olunmuş “Mozarts Eskapaden” gecəsi, “Tanqo və trio”, “Çelissimo” instrumental konsertləri ilə bərabər festival çərçivəsində vokal ifaçılarının beynəlxalq müsabiqəsi də baş tutub. Avqust ayının sonuna qədər davam edən festivalın son 3 günü azərbaycanlı dirijor Əyyub Quliyev və Bavariya Festival Orkestrinin çıxışları ilə yadda qalıb. Konsertlərdə Bavariya orkestri ilə bərabər beynəlxalq ifaçılardan ibarət xor və ABŞ, Litva, Danimarka, Rusiya, Çin və Qırğızıstandan dəvət olunmuş istedadlı opera müğənnilərinin yer aldığı konsertlərdə C.Puççinin “Turandot”, “Bohema”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Maqbet”, “Traviata” və “Luiza Miller”, A.Dvorjakın “Rusalka” və A.Tomanın “Hamlet” operalarından nümunələr səsləndirilib. Konsertlərin əsas yaddaqalan hadisələrindən biri Bavariya Festivalı Orkestri tərəfindən səsləndirilən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi olub. Müxtəlif ölkələrdən – Almaniya, Avstriya, İtaliya, Rumıniya və Gürcüstandan dəvət olunmuş tanınmış musiqiçilərdən ibarət orkestrin bu ifası alqışlarla qarşılanıb. Azərbaycanlı dirijorla bərabər festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok və Gürcüstanın tanınmış xormeysterləri – Arçil Uşveridze və Mixail Edişeraşvilinin konsertlərdə iştirakı isə gecənin dostluq və birlik simvoluna çevrilməsinə səbəb olub. 3 saata qədər davam edən konsertin sonunda dinləyicilərin xüsusi marağını nəzərə alaraq Əyyub Quliyev və konsertin digər iştirakçıları proqrama əlavə olaraq opera nümunələrini ifa ediblər.
Mediasiya sayəsində 12 ildir övladı olmayan və artıq ayrılmağa qərar verən bir cütlük ayrılmaq fikrindən necə vaz keçdi
“Ədəbiyyat və incəsənət” portalının müsahibi yeni yaranmış Mediasiya Şurasının üzvü, mediator və eyni zamanda yazıçı Zamiq Abdullayevdir. Qısaca olaraq oxucularımızı mediasiya və Mediasiya Şurası barədə məlumatlandırıb müsahibəyə keçirik.
Qısa arayış:
Mediasiya sığortaçılarla zərərçəkmiş şəxslər, ümumən konfliktdə olan iki tərəf arasında barışdırıcı funksiyanı yerinə yetirəcək bir mərhələ olaraq qəbul edilir.Mediasiyanın tarixinə diqqət yetirdikdə məlum olur ki, bu institut hələ qədim zamanlarda Babilistanda, Roma və Yunanıstanda ailə münaqişələri zamanı barışdırıcılıq üçün tətbiq edilmişdir. Mediatorlar tarixən yalnız yüksək savada və istedada malik şəxslər sırasından seçilmişdir.Mediasiya müasir dövrdə münaqişənin alternativ həlli üsulu kimi qəbul olunur.
Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən yaradılmış, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdur.
-Zamiq müəllim, biz sizi həm də yaxşı şair və yazıçı kimi, çox gözəl şeirlər, hekayələr müəllifi kimi tanıyırıq, mediator terminini ictimaiyyətə bədii dillə necə çatdırardınız?
-Mediator - alov şölələri arasında yüksək məharətlə rəqs edərək, alovun mənbəyini tapmaqla, onu söndürməyi, səmanı sülh göyərçinlərinin rahatlıqla uça biləcəyi aydınlığa qovuşdurmağı bacaran şəxsdir!
-Mediasiya sahəsində ilklərdənsiniz. İlklərdən olmaq necədir, hansı üstünlükləri, çətinlikləri var?
- Bəli, biz mediasiyanı Azərbaycanda ilk tətbiq edənlərdənik. Həmişə bir işin ilk qurucuları daha çox yadda qalırlar. Tarixdə bunun örnəkləri çoxdur. Təbii ki, bu qürurverici və çox şərəflidir. Biz Azərbaycan Mediasiyasına qanadlarını açmağı, uçmağı öyrətməliyik. Biz necə öyrətsək, biz onu havaya hansı səviyyədə buraxsaq, gələcək nəsillərə də o cür çatacaq. Ona görə də bizim üzərimizə çox böyük məsuliyyət düşür. Təbii ki, ilk olmağın çətinlikləri də az deyil. Nəzəri bilikləri ilk dəfə yaranan təcrübəyə çevirmək heç vaxt asan olmayıb. Ancaq Mediasiya Şurasının İdarə Heyəti yorulmadan çalışır, isti bir mediasiya ailəsi yaradaraq hər bir mediatora fərdi dəstəyini əsirgəmir.
-Sizcə, uğurlu mediasiya prosesi hansıdır, mediatorun üstünlükləri nə ilə ölçülməlidir?
-Mediasiyanın təməl məqsədi prosesi Barışıq Sazişi ilə yekunlaşdırmaqdır. Təbii ki, Barışıq Sazişi ilə yekunlaşmış mediasiya prosesinə uğurlu demək olar. Mediatorun üstünlük dərəcəsi mübahisə tərəflərində ən kiçik barışıq işığını anında görmək, bundan istifadə edərək İlkin Mediasiya Sessiyasında tərəfləri Tam Mediasiya Sessiyasına keçməklə mübahisəni öz aralarında həll edə biləcəklərinə inandırmaqdır. Mənə görə bu, ən çətin mərhələdir. Tam Mediasiyanın ödənişli olması da bu çətinlikləri artırır. Təbii ki, mediasiya fəlsəfəsi inkişaf etmiş ölkələrdə insanlar ümumiyyətlə mediasiyanın üstünlüklərini, onlar üçün ən yaxşı həll üsulu olduğunu və eləcə də ödənişli xidmət olmasını çoxdan bilirlər, bizim cəmiyyətdə hələ xeyli müddət mediasiya maariflənməsinə, təbliğat layihələrinə ehtiyac olacaqdır. Növbəti və həlledici göstərici Tam Mediasiya prosesini Barışıq Sazişi ilə yekunlaşdırmaqdır. Sırf mediasiyanın ictimai-fəlsəfi məqsədindən yanaşsaq, hər bir mediatorun üstünlüyü əldə etdiyi Barışıq Sazişinin sayıyla ölçülməlidir.
-Fəaliyyətə başlamanız çox qısa zaman olsa da artıq təcrübənizdə Barışıq Sazişləri var. Bir çox işləri Barışıq Sazişi ilə yekunlaşdırmısınız. Əldə etdiyiniz barışıq sazişlərində maraqlı və bölüşəcək nələr var?
- Bilirsinizmi, bu çox qəribə bir təcrübədir. Bu təcrübə qazanıldıqca insanı daha çox xoşbəxt edir. Eləcə də hər bir Barışıq Sazişindən sonra tərəflərin məmnunluğunu gördükdə yaşanan hiss tam fərqli, yeni bir zövq yaşadır. Axı mediasiya məhkəmədən və arbitrajdan fərqli olaraq “Qalib-Qalib” prinsipinə əsaslanır. Sizə necə təsvir edim. Məsələn, təcrübəmdə olan Barışıq Sazişlərindən birində biz tərəfləri elə bir şərtlərə razılaşdırdıq ki, həmin şərtlər daha çox arzu misallı idi. Məsələn 12 ildir övladı olmayan və artıq ayrılmağa qərar verən bir cütlük – ayrılmaq fikrindən vaz keçir, hər iki tərəf ailə həyatına yeni sətirdən, yeni nəfəslə başlayacağına söz verir, ər qısa zamanda qohumlardan və ya körpələr evindən övladlığa uşaq götürməyi öhdəsinə götürür, xanım ərinin bir sıra xırda məişət şərtlərini qəbul edir. Həmin cütlük arasında uşaqsızlıqdan daha kəskin şərt kimi ortaya çıxmış mübahisə vardı: sənəd üzərində ərin qardaşının mülkiyyətində olan, lakin faktiki cütlüyün özünə məxsus mənzili ərin öz adına keçirməsi şərti. Qarşı tərəf bu şərti ümumiyyətlə eşitmək istəmirdi. Mən o şərti onlara bir arzu kimi xatırlatdım, razılaşdılar və həmin mübahisə üzrə belə bir şərt bağladılar: “Övladlığa götürdükləri uşağın ilk ad günündə ər mənzillərinin öz (mümkün olarsa uşağın) adına keçirdilməsi barədə sənədi hədiyyə edəcək.”
Məsələ ondadır ki, bu mübahisəni ancaq mediasiya vasitəsilə, bu cür həll etmək mümkün idi, başqa heç bir mübahisələrin həlli yolunda bu sayaq imkanlar yoxdur. Mübahisələrin həlli yollarından heç birində, heç bir kəs onlara 12 il ərzində keçirdikləri hissləri, həyacanları, yuxusuz gecələri, arzuları, xanımın bu illər ərzində həkim qəbullarında, əməliyyatlarda olduğu anlarda həyat yoldaşının narahat, nigaran görkəmlə xəstəxana pilləkənlərində soyuqdan titrədə-titrədə gözlədiyi dəqiqələri tərəflərin inamını qazanmış bir mediator qədər ustalıqla xatırlada bilməzdi. Bu kimi mübahisələri həll etmək üçün taktikalar mediasiyada çoxdur, imkanlar genişdir.
-Barışıq sazişi necə olmalıdır? Bizə uğurlu Barışıq Sazişinə gedən yolu təsvir edərsinizmi.
-Mediasiya terminləri içində S.M.A.R.T. adlı bir termin var. Bu termin Barışıq Sazişinin necə olmasını gözəl açıqlayır. Spesifik (Specific), Ölçülə Bilən (Measurable), Əldə Edilə Bilən (Achievable), Realistik (Realistic) və Vaxtla Məhdudlaşdırılmış (Time-bound). Barışıq Sazişinə gedən yol mediatorun prosesə ilk andan qanunu düzgün tətbiq edərək başlamasından, hazırlıq mərhələsində işi və tərəfləri daha çox öyrənməsindən, öz üzərində daim işləməsindən və təbii ki, ən vacibi - mediatorun fitrətində olan istedadlardan – həssaslıq, intiuisya, münasibət qurmaq bacarığı, intellektindən və sairdən asılıdır.
-Son olaraq nə demək istərdiniz?
-Mən vətəndaşlarımıza aralarındakı mübahisələri daha çox xərc, daha çox zaman tələb edən ağır məhkəmə çəkişmələri vasitəsilə deyil, mediasiya vasitəsi ilə həll etməyi arzu edirəm. Mediator həmkarlarıma isə mediasiyanın gələcəyi naminə ən nümunəvi xidmət göstərməyi, qanunu düzgün şəkildə tətbiq etməyi tövsiyə edərək uğurlar arzulayıram.
Şirvanşahlar Sarayı Kompleksində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçiriləcək
Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə qədim memarlıq abidələrindən olan Şirvanşahlar sarayında Azərbaycanın dünyaca məşhur şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.
AzərTAC xəbər verir ki, şairin unikal yaradıcılığını əks etdirən ədəbi-bədii gecə çərçivəsində Fondun himayəsində yaradılan “Dədə Qorqud” Kamera Orkestrının ifasında Azərbaycanın görkəmli bəstəkarları tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərlər səsləndiriləcək.
Tədbirdə rəsmilərin, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də Azərbaycanda akkreditə olunan səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, eləcə də Türk Şurasının xətti ilə Bakıya və Şuşaya səfər edən bir qrup beynəlxalq media nümayəndələrinin iştirakı nəzərdə tutub.
Rəssamın yubileyi, tranzistorlu radioqəbuledici və San-Marino
3 sentyabr. Tanınmış rəssam Oqtay Şıxəliyevin 90 illiyi
Oqtay Şıxəliyevin (Oqtay Şirəliyev yox a) əl işləri hər gün gözümüzə sataşır, amma bilmirik ki, bunların yaradıcısı kimdir. XX əsrin 60-cı illərindən etibarən Bakıda bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metro stansiyası, park və s. bədii tərtibatını o verib, binaların interyerində müxtəlif formalı kompozisiyalar yaradıb. Rəssamın monumental yaradıcılıq nümunələrinə misal olaraq Bakıdakı 18 saylı məktəb, Bakı məişət kondisionerləri zavodu, “Azərbaycan” nəşriyyatının binası, Bakıda “Uşaq dünyası” universal mağazası və digərlərini göstərmək olar. O, rəngkarlıq sahəsində çalışmış, çoxlu portret və mənzərə təsvirləri, plakatlar işləmiş, dekorativ vazalara və boşqablara tərtibat da vermişdir. Daha çox lokal rənglərə üstünlük verən rəssam bu rənglərin ahəngini onların təzadı ilə birgə yaratmışdır. “Mənim qaracam”, “Nigar”, “Qız”, “Kimyaçı” kimi portretlərdə, həmçinin, “Qobustan”, “Müharibənin nəticələri” adlı mənzərələrində buna rast gəlmək mümkündür. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980) və s. əsərləri onun tematik tablolarının əsas bədii xüsusiyyətlərini əks etdirir. Portret və mənzərə janrında yaratdığı “Qobustan daşları” (1966), “Sumqayıt boruları” (1970), “Tarzən Bəhram Mansurov” (1972), “Aydın səma” (1974), “Rəssamın ailəsi” (1976), “Meksika həyəti” (1982) və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir. Bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanada və s. yaradıcılıq səfərlərində olmuş Oqtay Şirəliyevin əsərləri dünyanın müxtəlif ölkələrində nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. O, 1982-ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 1992- ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür, Prezident təqaüdçüsü idi. Oqtay Şıxəliyev 2012-ci il yanvar ayının 31-də Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.
3 sentyabr. Ümumdünya Göydələnlər Günü
Dünyada ilk göydələn 1885-ci ilin 3 sentyabrında ABŞ-ın Çikaqo şəhərində istifadəyə verilib, bu gün həmin o hadisənin şərəfinə təqvimdə göydələnlər günü kimi qeyd edilir. Həmin bina The Home İncuranse sığorta şirkətinə aid idi, 10 mərtəbəliydi, arxitektoru Uilyam Cenni idi. İlk göydələnin ömrü isə elə də uzun olmamışdı, bina 1931-ci ildə sıradan çıxmışdı.
Göydələnlər gününü bizim paytaxtımız xüsusi şövqlə keçirə bilər, çünki dünyanın ən gözəl memarlıq şedevrlərindən biri olan Alov qüllələri Bakının hüsnünü bəzəyir. Bu gün ərinmədən yolunuzu bu gözəlliyin yanından salın, bir daha ona baxıb həzz duyun, yaxşımı?
3 sentyabr. San Marino Respublikasının Günü
Yaxın oturun, sizə müasir cənnətlərdən biri haqqında danışacağam. 3 sentyabr 301-ci ildə yaradılmış San Marino knyazlığı həqiqətən cənnətdir. İlk olaraq ondan başlayım ki, hazırda yer kürəsində koronavirusa qalıb gələn yeganə ölkə də San Marinodur. Korona bəlası gələndə və insanlar yoluxub vəfat etməyə başlayanda ölkənin rəhbəri “Onsuz da əhalimiz azdır, elə edək ki, bu bəla axırımıza çıxmasın” deyərək ən keyfiyyətli və ən bahalı vaksini almış, öncə özü və ailə özvləri, hakimiyyət əyanları nümayişkəranə şəkildə vaksin olunmuşlar, ardınca da bütün ölkə əhalisi. Hazırda ölkədə bircə dənə yoluxma halı yoxdur, hamı da şad-xürrəm ömür sürməkdədir.
Bu bayran günündə san-marinolular dini rituallar ifa etməkçün kilsələrə toplaşırlar, günortaya kimi ruhani prosedurlar yekunlaşır, günortadan sonra isə dünyəvi prosedurlar başlayır. Hərbi orkestr ifa edir, arbalet turniri keçirilir, atəşfəşanlıq baş tutur.
Ərazisi cəmi 61 kvadrat kilometr (hansı rayonla bərabərləşdirim, heç biri uyğun gəlmir. Belə deyək də, bir imkanlı azərbaycanlının qəsri yerləşən torpaq sahəsi qədər), əhalisi isə vur-tut 34450 nəfər olan bu ölkə kiçikliyinə görə Avropada 3-cü, dünyada isə 5-cidir. Amma bir balaca boyu var, dam dolusu toyu var. Uzun-uzadı yazmayacağam, orda maddi rifah halı necədir, adambaşına düşən ümumi daxili məhsulun həcmi nə qədərdir, bir aylıq gəlirə neçə kilo qara kürü və ya trüfel göbələyi (qara kürünün kilosundan xəbəriniz varmı, deyirlər 1500 manatdır, trüfel göbələyi isə nə vaxtdır 2000 dollarda dirənib) ala bilirlər, bunları deməyəcəyəm, tək onu deyəcəyəm ki, orada demokratiya elə bir həddədir ki, azadlıq özü də bu qədər qol-qanad açmasına utanır. Ölkənin konstitusiyası isə 1500-cü ildən dəyişməz olaraq qalır, təsəvvür edirsinizmi?
3 sentyabr. Tranzistorlu radioqəbuledici, Xruşşev, Formula 1
Bu gün Qətər Britaniyadan aldığı müstəqilliyinin 50 illiyini bayram edəcək. Bu gün İranda isə Britaniya müstəmləkəçiliyi ilə mübarizə günüdür. Milli qəhrəman Rais Əl Delvarinin şərəfinə qeyd edilir bu gün. Bir baxın, onlarda da Britaniya, bunlarda da.
ABŞ-da donuz qabırğasından barbekyü günüdür. Yaponiyada çarpayı günüdür. Bəli, amerikalılar bu gün bolluca donuz qabırğası yeyəcəklər, yaponlar isə çarpayıda sərələnəcəklər.
1959-cu ildə Yaponiyada Sony kompaniyası ilk tranzistorlu radioqəbuledici istehsal edib. İndiki gənc nəsil bilməz, bizim dövrümüzdə bu cihaz məişətdə çox önəmli yer tuturdu. 80-ci illərin sonunda SSRİ-də və Azərbaycanda baş verən siyasi hadisələr barədə doğru-düzgün məlumatları insanlar məhz bu tip radiolar vasitəsi ilə xarici radiostansiyalardan alırdı. “Amerikanın səsi” və “Azadlıq” radioları, diktor Mirzə Xəzər çox populyar idilər. 20 yanvardan sonra, yadımdadır, mən VEF markalı tranzistorumuzu həyətə çıxarardım, cavanlar toplaşıb qulaq asardıq, valideyinlər arasında isə şayiə dolaşardı ki, göydən vertolyotla izləyirlər, kimlər xarici radiostansiyalara qulaq asırlarsa onları tutacaqlar.
1953-cü ilin bu günündə SSRİ-də hakimiyyətə Nikita Xruşşev gəlib. O adam ki, ölkəni başdan başa qarğıdalı plantasiyalarına çevirib, xarici müxbirə ayaqqabısını çıxarıb tolazlayıb. 1950-ci ilin bu günündə İtaliyanın Monsa şəhərində Formula 1 üzrə ilk dünya çempionatına start verilib ki, hazırda o çempionat Bakı küçələri üçün də keçərlidir. 1914-cü ildə amerikalı Meri Cekobs büstqalteri (üzr istəyirəm) kəşf edib, iki il əvvəl isə Böyük Britaniyada ilk konserv zavodu istifadəyə verilib.
1875-ci ildə avstriyalı konstruktor Ferdinand Porşe dünyaya gəlib. Porşe indi dünyanın sevərək idarə etdiyi Porşhe və Volkswagen avtomobillərinin, eləcə də Tiqr tankının yaradıcısıdır, biləsiniz.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
Yaşasaydı, bu gün korifey aktyor Yaşar Nuri 70 illik yubileyini qeyd edəcəkdi
Yaşar Nurini tanımayan, sevməyən varmı? Sözün həqiqi mənasında böyük aktyorlardan idi, Allah ona qəni-qəni rəhmət eləsin. Əlbəttə, mütləq çoxluq onu yaratdığı komik obrazlarla sevib. Amma mən məktəbli ikən baxdığım “Səni axtarıram” teletamaşasında rol aldığı dramatik “Elçin müəllim” roluna vurğun idim, Firəngiz Mütəlllibova ilə yaşadıqları səhnə sevgisi bizə o qədər real görünürdü, içimizdə pərvazlanan ilk sevgi ruşeymləri cücərir, böyüyürdü sanki. O dövrlərin necə ki tamaşaları, mahnıları fərqli idi, eləcə də sevgiləri fərqli idi, təmənnasızıydı, safıydı büsbütün.
Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış və unudulmaz aktyorumuz Məmmədsadıq Nuriyevin ailəsində anadan olmuşdur. Səhnədə ilk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxış etmişdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmiş, müxtəlif dram dərnəklərinə getmişdir. 1968-ci ildə Bakıdakı 173 saylı orta məktəbi bitirmiş, Azərbaycan İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Kurs rəhbərləri tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir. Tələbəlik illərində Balaş (“Sevil”), Salmanov (“Toy”), Neznamov (“Günahsız müqəssirlər”) və s. obrazlar yaratmışdır. 1974-cü ildə Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə kollektivin aktyor truppasına qəbul olunmuşdur. Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən repertuarda olan bir çox tamaşalarda iştirak etmişdir. O, Pərviz (“Bağlardan gələn səs”), Qasım (“Quşu uçan budaqlar”), Sərsəm Salman (“Dəli yığıncağı”), Əbdüləli bəy (“Sevil”) və s. obrazlarını yaratmışdır.
Yaşar Nuri həm də məşhur kino aktyoru idi. Əlliyə yaxın bədii filmə çəkilmiş, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak etmişdir. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın qızıl fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlara R.Həsənoğlunun hazırladığı R.Qasımovanın “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, H.Cavidin “Topal Teymur”, A.Qəhrəmanovun əsərləri əsasında lentə alınmış, haqqında əvvəldə söz açdığım “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası və s. televiziya tamaşalarını misal göstərmək olar.
O, 1981-ci ildə Azərbaycan SSR-nin “Əməkdar artist”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüş, 1991-ci ildə 40 illik yubileyində “Yaramaz” filmindəki roluna görə Dövlət mükafatı laureatı olmuş, 1992-ci ildə isə “Qızıl dərviş” mükafatına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinın Fərdi təqaüdçüsü idi. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Yaşar Nurini 2012-ci il noyabr ayının 22-də itirdik.
Yaşar Nurini xatırlayanda bir də ən çox onun yaratdığı Dadaşov obrazı yada düşür. “Qatarda” tamaşasında kupe yoldaşı bu sadə zəhmətkeş adamı yüksək vəzifəli şəxs kimi qəbul edib ona yarınmağa başlayır, o da “Fatı dur, Fatı otur” deyib başına müvəqqəti qonmuş şahlıq quşundan istifadə edərək kupedə hakimiyyəti öz əlinə alır. Ancaq sadəlik sonda özünü büruzə verir, o, bu yalançı imtiyazdan imtina etməli olur.
Bu, həm də Yaşar Nurinin öz daxili aləminin açması idi, o, sona qədər sənətə, tearta sadiq qaldı, məmurluq imtiyazlarını qəbul edə bilərdi, amma etmədi.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
Şəkildə: “Qatarda” tamaşasından səhnə
Xalq artisti Bakıda arxitektura mükəmməlliyi ilə bulvar tikəcək
Xalq artisti Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcəyi ilə bağlı şəxsi instaqram hesabında paylaşım edib. O, layihənin planı olan vərəqlə çəkdirdiyi fotosunu yayıb və belə bir status yazıb:
“İnşaat işləri həmişə layihənin sxemindən başlayır. Bu, çox yaradıcı prosesdir. Hətta deyərdim ki, tikinti bir mahnıdır, əgər hər şey həmahənglik təşkil edəcəksə, onda əla nəticə olacaq!”
Emin Ağalarov hər iki tikintini – həm ticarət mərkəzini, həm də bulvarı çimərlik kimi fəaliyyətə başlamış və artıq kurort qəsəbəsinə çevrilmiş “Sea Breeze”də reallaşdırılacaq. Ticarət mərkəzinin tikintisinə sentyabrın 15-də start veriləcəyi bildirilir. Layihənin ümumi ərazisi 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq əhatə edəcək. Yaxın zamanda isə daimi yaşayış üçün mənzil, otel və apartamentlərin tikintisinə başlanılacaq.
Müəssisələrin 2023 -2024-cü illərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Xarkovda azərbaycanlı heykəltəraşın monumental kompozisiyasının açılışı olub
Xarkov şəhərində Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun “Siçovul” abidəsinin açılış mərasimi keçirilib. Niyə bəs siçovul?
AzərTAC-ın Ukrayna bürosunun yaydığına görə, Xarkov Əczaçılıq Universitetinin 100 illiyi münasibətilə ali təhsil ocağının ərazisində yerləşən “Siçovul” abidəsi dərin məzmun kəsb edir. Bu məzmunu açlılş mərasimində çıxış edən Seyfəddin Qurbanov bildirib. O deyib ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Rusiya, Avropa dövlətlərində “Siçovul” abidəsi ucaldılıb. Ukraynada belə bir abidənin məhz Xarkovda ucaldılması şəhər sakinləri və turistlər üçün maraq doğuracaq. Onun sözlərinə görə, heykəl kompozisiyasının mənası odur ki, dünya tibbi siçovullar üzərində aparılan elmi eksperimentlər üzərində inkişaf edib. İnsanları xəstəlikdən, ölümdən qurtaran dərmanlar yaradılıb. Ona görə də heykəl kompozisiyasında “Siçovul” və kitablar, dərman əksini tapıb.
Tədbirdə çıxış edən universitetin rektoru Alla Kotvitskaya, Qazaxıstanın Xarkovdakı Fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti Emin Nəcəfli heykəl kompozisiyasının əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, heykəl kompozisiyasının hündürlüyü 3,5 metrdir və tuncdan hazırlanıb. Onu da vurğulayaq ki, Seyfəddin Qurbanov Xarkovda 60 heykəl kompozisiyası və memorial lövhənin müəllifidir.
Bakı Kitab Mərkəzi 3 yaşını qeyd etdi
Bu gün Bakının ən elitar kitab mərkəzi sayılan Baku Book Center - Bakı Kitab Mərkəzi sözün həqiqi mənasında kitabla təmas üçün ideal məkandır. Üzeyir Hacıbəyov və Qoqol küçələrinin kəsişməsində yerləşən, 2500 kvadratmetr sahəyə malik bu mərkəzin rəsmi açılışı 2018-ci il sentyabr ayının 1-də olmuşdur. Bakı Kitab Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmışdır və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə yanaşmaqdadır. Burada oxuculara Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə, istənilən janrlarda kitablar təqdim olunur. Gözəl yazıçımız Günel Anarqızının rəhbərlik etdiyi mərkəzin əsas konsepsiyası - oxucularda mədəni, mənəvi dəyərləri və faydalı bilikləri daşıyan kitaba maraq oyatmaqdır.
Bakı Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Burada, həmçinin, "I love Baku" brendinin rəngarəng suvenirləri və "Azərmarka" şirkətinin məhsulları təqdim olunur. Eyni zamanda, 1-ci mərtəbədə Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar da satılır.
Mərkəzin layihəsi üzərində çalışarkən, yaradıcılar kitabsevərlərin burada asudə vaxtlarını keçirmələri üçün də imkan yaradıblar. Kitab satışı ilə yanaşı burada "Coffee mood" adlı kafe də fəaliyyət göstərir.
Kafedə əyləşərkən qonaqlar Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola bilirlər.
Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrıca, uşaqlar üçünsə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlər keçiriləcək təqdimat hissəsi və elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir.
Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər təşkil olunmuş tədbirlər keçirilir.
Mərkəzdəki bütün tədbirlər və aksiyalar haqqında zalda canlı anonslar səslənir, müxtəlif yerlərdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar verilir. Sensor ekranlarda Mərkəzdə satılan bütün kitablar haqqında məlumat almaq olur.
Bakı Kitab Mərkəzinin cəmi 3 il ərzində həm yerli sakinlərin, həm də şəhərin qonaqlarının ən sevimli məkanlarından birinə çevrilməsi fərəh doğurur.
“Ölmək vaxtı deyil” filminin final treyleri ekrana çıxıb
Dünya seyrçisinin maraqla izlədiyi Agent 007 Ceyms Bond haqqında növbəti - 25-ci filmin çəkilməsi barədə yəqin ki oxucular məlumatlı idi. Söhbət “Ölmək vaxtı deyil” (No Time to Die) filmindən gedir.
Xatırladaq ki, Ceyms Bond barədə filmlər 1962-ci ildən çəkilir. Hazırda rejissor Sem Mendesin “bondiana” seriyasından sonuncu filmi olan “007: Spektr” (Spectre, 2015) dünya prokatında 880 milyon ABŞ dolları qazanıb. Kinoseriyanın ümumi kassa yığımları isə 10 milyard dolları ötür.
TASS-ın məlumatına görə yeni filmin final treyleri ötən gün “Bondiana”nın YouTube-dakı rəsmi kanalında yerləşdirilib.
Yeni filmdə baş rolu Deniel Kreyq ifa edir. Filmin dünya premyerası sentyabrın 28-də olacaq, film Londonda - Albert-Hollda nümayiş olunacaq.
O kı qaldı filmin süjetinə, Süjetə əsasən, Ceyms Bond operativ xidmətdən uzaqlaşır və Yamaykada yaşayır. Bu vaxt onun Mərkəzi Kəşfiyyat İdarəsindən olan köhnə dostu kömək xahişi ilə adaya gəlir, ondan oğurlanmış alimin xilası xahiş edilir. Bond razılaşır, lakin missiya Bondun nadir texnoloji silaha malik olan sirli cinayətkarın tələsinə düşməsi ilə nəticələnir…
Olduqca maraqlı, kəskin süjetə malik filmdir.
Rənglərdən möcüzə yaradan rəssamın anım günü
2 sentyabr. Rəssam Əyyub Hüseynovun 105 illiyi
Azərbaycanı dünya miqyasında tanıdan rəssamlar az olmayıb. Onlardan biri də Əyyub Hüseynovdur. Əyyub Müseyib oğlu Hüseynov 1916-cı il sentyabr ayının 2-də Naxçıvanın Şərur rayonunun Xok kəndində anadan olub. Onun yaradıcılığının erkən dövrü Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı illərdən başlanır. O, 1931-ci ildə texnikumu bitirdikdən sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirib, təhsilini başa vurduqdan sonra bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib, müxtəlif tamaşalar üçün dekorasiya və eskizlər hazırlayıb. Lakin rəssam kimi dəzgah rəngkarlığına daha çox meyl edib. Əyyub Hüseynov kənd mövzularında rəngarəng tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib. “Araz vadisində” mənzərə tablosunun yaranmasından 70 ildən artıq vaxt keçməsinə baxmayaraq, əsər bu gün də məşhurdur. Əyyub Hüseynov sovet dövründə əsərləri ilə Azərbaycanı dünyada tanıtdıranlardan biri olaraq müxtəlif janrlarda çəkdiyi rəsmlərində milli dəyərlərimizi təsvir edib. Yaratdığı tablolar bu gün də dünya muzeylərini bəzəyən eksponatlardandır. Əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra”, eləcə də “Aşıq Ələsgər” və “Əmək qəhrəmanı” portretləri məşhurdur.
1980-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Əyyub Hüseynov 1998-ci il aprel ayının 17-də Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!
2 sentyabr. “Bir daha bax” günü.
Köhnə əşyaları, paltarları atmaq istəyirsiniz? Onlara bir daha baxın, nəzərdən keçirin. Bəlkə onların içində elələri var ki, dost-tanışınıza gərəkli ola bilər, yaxud aparıb aztəminatlı ailələrə verə bilərsiniz? Bu günün məğzi bax budur. Və deyilənə görə, bu gün həqiqətən də insanların sanki şüuru dəyişir, beyinlərinə pozitiv fikirlər dolur, ətrafdakılara pay-pürüş paylayırlar. Həqiqətən, səninçün lazımsız olan bir şey kiminsə həyatını dəyişə bilər, bu aksiomdur.
İnsanlar arasında məgər belə deyil? Sənin dəyər vermədən ayrıldığın birisi gedib bir başqasını xoşbəxt etmirmi?
2 sentyabr, Odessa şəhərinin günü
Odessada axırıncı dəfə 1996-cı ildə olmuşam. Amma təəssüratlar o qədər yaxındır ki, hətta bu Qara dənizdəki liman şəhərinin Dənizkənarı bulvarının qoxusu belə burnumdadır. Dünyada onlarca ölkələrdə, şəhərlərdə olsam belə nədənsə Paris, London, Madrid, Frankfurt, Nyu-York, Moskva, Kiyev, İstanbul belə məni Odessa qədər təəccübləndirməyib, sevindirməyib, xoşbəxt etməyib. Bəlkə də onu mənə sevdirən türk köklərinin olmasıdır. Bir baxın, 1415-ci ildə bu şəhər Hacıbəy adı ilə tanınırdı. Sonradan, 18-ci əsrdə ruslar buranı ələ keçirib adını da dəyişdilər, Odessa sözü fransız mənşəlidir, çoxlu su deməkdir. Deyilənə görə, o vaxtlar şəhərə köçürülən kazaklar insanların Hacıbəy yox, Odessa demələrinin qeydinə qalırmışlar, şəhərin girəcəyində lövbər salaraq gələnlərə “Hara belə?” sualı verirmişlər, Odessa cavabı aldıqda gələni şəhərə buraxır, Hacıbəy cavabı aldıqda onu qılıncdan keçirirmişlər. Bax belə bir qara şovinizm tarixçəsi.
Şəhərin o qədər özəlliyi var ki. Burada bir çox məşhur sovet filmləri şəkilib. Dünyaca məşhur Privoz bazarı burdadır. Eləcə də, dünyaca məşhur Deribasovsk küçəsi də. Sovetlər dövründə ayrıca bir lətifə kateqoriyası var idi, Odessa lətifələri. Sovet dövründə məşhur bir məsəl də var idi, “Rostov papa, Odessa mama”. Ölkənin bütün kriminal avtoritetləri Odessada yığışardı. Dünyanın ən yaşıl və güllü-çiçəkli bulvarlarından biri Odessa bulvarı hesab edilir. Buranın bir adı da var idi, yəhudi Odessası. Yəhudilər burada çox idilər, Avram və Sara obrazları da həm buna, həm də şəhərin yumor ənənəsinə bir işarə idi.
Yadımdadır, bir dəfə Dənizkənarı bulvarı gəzərkən dənizin, gül-çiçəyin və xoşbəxtliyin qoxusu başıma necə vurmuşdusa gülsatan qarıdan bir vedrə gül alıb yoldan keçən qəşəng qızlara paylamışdım. Eh, Odessa, Odessa!
2 sentyabr. Müharibənin bitməsi, məcburi sıyıqyemə, “Titanik”in tapılması günü
Tarixə fikir verirsinizmi, 2-ci dünya müharibəsi dünən – 1 sentyabrda başlayıb, bu gün – 2 sentyabrda başa çatıb. 1945-ci ilin bu günündə, Moskva vaxtı ilə saat 16.02-də almanların son müttəfiqi – Yaponiyanın kapitulyasiyası ilə bəşər tarixində ən çox can alan bir müharibə sona çatıb.
Bu gün vyetnamlılar Milli dövlət günlərini qeyd edirlər, amerikalılar Kaberne gününü. Kaberne təbii ki, mətbəxə aiddir, şərab üzümü növüdür. Üstəlik, amerikalılarda bu gün “Səhər naharında sıyıq” günüdür. Olsun ki, bizdə peyvənd məcburi olduğu kimi amerikalılarda da 2 sentyabrda sıyıq yemək məcburidir.
1993-cü ilin bu günündə Özbəkistanda 2000-ci ildən kiril əlifbasından latın əlifbasına keçmək haqda qərar verilib. Amma 2021-ci ildir, hələ də keçə bilməyiblər. Demək, latına keçə bildiyimiz üçün bizi alqışlamaq yerinə düşməzmi, düşər. 1985-ci ildə Nyufaundlend sahillərində əfsanəvi “Titanik” gəmisi tapılıb. 1969-cu ilin bu günüdə Kaliforniya universiteti laboratoriyalarından birində bir kompüterdən digərinə məlumat ötürülməklə İnternetin yaranmasına ilk töhfə edilib. 1834-cü ildə Samuel Kolt öz revolverinə patent alıb. İki yüz ilə yaxın bir dövr ərzində koltlar nə qədər can almışlar, bu qədər insan ruhu Kolt köpək oğlunu elə bilirsiniz lənətləmir?
1831-ci ildə Qoqolun “Dikanka yaxınlığında Xutor axşamları” romanı işıq üzü görüb. 1789-cu ildə ABŞ-da maliyyə nazirliyi yaradılıb. 1192-ci ildə tarixin növbəti dönümünü səciyyələndirən əlamətdar bir olay baş verib, Yaffada ingilis kralı 1 Riçard Şir ürəkli ilə Sultan Səlahəddin sülh müqaviləsi bağlayıblar.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
Şəkildə: Rəssam Əyyub Hüseynovun avtoportreti Milli muzeydə nümayiş olunur