
Super User
Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir
Bakı Dövlət Universitetində (BDU) birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir. Festival Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçirilir.
Dünən isə festivalın açılış mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Cəngi” rəqsi ifa olunub. Daha sonra Şuşa şəhərinin 270 illiyi və “Şuşa İli” ilə əlaqədar havaya içərisində şeirlər olan rəngli şarlar buraxılıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev festival iştirakçılarını ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı və məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universitetində görməkdən şad olduğunu bildirib. Rektor qeyd edib ki, BDU yarandığı gündən indiyə kimi bir çox tarixi hadisələrə şahidlik edib. Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı da həmin tarixi günlərin sırasında xüsusi yer tutacaq: “Əminəm ki, festival türk dünyasının sarsılmaz birliyinə, xüsusilə eyni mədəniyyətə, tarixə malik olan qardaş Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə verəcək”.
Rektor festivalın təşkilində müstəsna rol oynayan və tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara xüsusi minnətdarlıq edib: “Çox məmnunuq ki, Azərbaycanla türk dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətləri günbəgün inkişaf edir. Burada mən xüsusilə Türkiyədən gələn qonaqları vurğulamaq istəyirəm. Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər özünün ən yüksək səviyyəsinə çatıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı Azərbaycanla Türkiyənin dost və qardaş münasibətlərinin strateji inkişafının yol xəritəsidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə davam etməkdədir. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında oldu, savaşın ilk anlarından ölkəmizə ən yüksək səviyyədə mənəvi-siyasi dəstəyini ifadə etdi. Məhz bu tarixi qələbənin nəticəsində bugünkü festivala Azərbaycanın qalib ölkə kimi ev sahibliyi etməsi çox qürurvericidir. Bu gün bu möhtəşəm festivalla eyni vaxtda TEXNOFEST keçirilir. Bu möhtəşəm elm, texnika festivalı da qardaş ölkələrimizin dostluğunun, birliyinin daha bir parlaq nümunəsidir”.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxışında Azərbaycan və Türkiyənin həm silahının, həm sözünün güclü olduğunu qeyd edib, bütün dünyaya barış, sülh arzulayıb: “Hər xalq öz doğma torpağında əkib-becərsin, mahnılar yazsın, kitablar oxusun, belə kitab bayramlarını ürək açıqlığı ilə qeyd edə bilsin”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı Aqil Abbas, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakıcı çıxışlarında birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar.
Qeyd edək ki, mayın 26-dan 28-dək keçirilən festivala türk dövlətlərinin tanınmış alimləri, qələm adamları qatılıblar. Tədbirin birinci günü “Şuşa Günü”, ikinci günü “Türk Dünyası Günü”, üçüncü günü isə “Dədə Qorqud Günü” adlandırılıb. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək. Festival türk dünyasının böyük mütəfəkkirləri Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirələrinə həsr edilib. Festivalda türk dövlətlərinin alimləri həmin ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşidbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub. Tədbirin sonuncu günü, mayın 28-də festivalın təntənəli mükafatlandırma mərasimi təşkil olunacaq.
Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı gələn il Türkiyədə təşkil ediləcək.
Gəncədə “Qarabağ süitası”
Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin və Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş "Qarabağ süitası" adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Əmirov adina Gəncə Dövlət Filarmoniyasında təşkil olunan tədbir Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəsm sərgisinin nümayişi ilə başladı. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı Günay Məmmədova Azərbaycan Respublikasının Prezidentinin "Şuşa ili" haqqında sərəncamını diqqətə çatdırdı və qeyd etdi ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.
Sonra "Qarabağ süitası" kompozisiyası təqdim olunmuşdur.
Tədbirdə Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradovun "Gözün aydın Qarabağım" poemasından nümunələr səsləndirilmişdir. Konsert proqramında Uşaq İncəsənət Məktəbinin "Gəncə gönçələri" mahnı və rəqs ansamblı (bədii rəhbər Məsud Kərimov, xoreoqraf Xaliq Əliyev), "Xəmsə" nağaraçalanlar ansamblı (bədii rəhbər Söhrab Ibrahimov), Samux rayon Qarayeri Uşaq Musiqi Məktəbinin "Simayi Şəms" ansamblı (bədii rəhbər Nail Bağırov), hər iki məktəbin xor kollektivləri, xanəndələri, vokalçıları biri-birindən maraqlı musiqi ifalarını təqdim etmişlər. Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bütün təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirdi.
Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi, xeyriyyətçi heykəltəraş Qasım Qasımov "Azad Şuşa" adlı əl işini Regional idarəyə hədiyyə etmişdir.
Beynəlxalq Muğam Mərkəzində Şuşa təravəti
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə respublikamızın qocaman bədii təhsil məktəblərindən biri olan Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, İlk öncə mərkəzin foyesində "Şuşa ili"nə həsr olunmuş rəsm sərgisi nümayiş olunub, məktəbin "Qaytağı ritm qrupu" və "Təbəssüm rəqs qrupu"nun ifaları gələn qonaqların diqqətini çəkib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükut anımı ilə başlayıb. Daha sonra təqdim edilən videoçarxda məktəbin 90 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salınıb. Videoçarxda qeyd edilib ki, Azərbaycan vokal sənətinin banisi görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün təşəbbüsü ilə, Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən yaradılmış Şuşa Musiqi Məktəbi Azərbaycanda yaradılan ilk musiqi məktəblərindən biri idi. Məktəb Xanqızı Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdır.
Məktəbin yarandığı ilk illərdə Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli, Əməkdar müəllim Fatma Zeynalova, professor Aleksey Raxmanov, Lətif Əliyev kimi müəllimlərin ixtisaslı musiqiçi kadrların hazırlanmasında böyük xidmətləri olub. O dövrün məşhur tarzəni Rəsul Əsədov bu təhsil ocağında şagirdləri – sonradan istedadlı tarzənlər kimi tanınmış İsi Abbasov, İmran Səfiyev, Aslan Qarasarova, görkəmli bəstəkarlar, SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri Süleyman Ələsgərov və Əşrəf Abbasova tar ifaçılığının sirlərini böyük həvəslə öyrədib. Dünya şöhrətli bəstəkar Arif Məlikov bir müddət Şuşa Musiqi Məktəbində müəllim kimi çalışmışdır.
1984-cü ildə görkəmli dirijor, bəstəkar, musiqi xadimi Niyazinin vəfatından sonra onun adını əbədiləşdirmək məqsədilə Azərbaycan SSRİ Nazirlər Kabinetinin müvafiq qərarı əsasında məktəbə Niyazinin adı verilmişdir. Beləliklə 1984-cü ildən etibarən Şuşa şəhər Musiqi Məktəbi, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbi kimi fəaliyyətini davam etdirir.
Yubiley mərasiminin rəsmi hissəsində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Sevda Məmmədəliyeva, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini xanım Vüsalə Fətəliyeva, Azərbaycan Respublikasının Xalq artistləri Ramiz Quliyev və Vamiq Məmmədəliyev çıxış ediblər.
Çıxış edənlər məktəbin kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb, təhsil ocağının bundan sonra da yeni-yeni uğurlar qazanacağına əminliyi qeyd ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi diqqət və qayğısından danışaraq hazırda ölkəmizdə mədəniyyət sahəsinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi münasibətilə və gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Şuşa Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları məktəbin direktoru Anar Əlizadəyə təqdim olunub.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.
Nazirin Ağdamda vətəndaşların qəbulu ilə bağlı qeydlər
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov Ağdamda vətəndaşları qəbul edib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır. 2022-ci ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov mayın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
Mədəniyyət naziri Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirib. Məlumat verilib ki, rəqs zalı, kompüter otağı, elektron kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas zalının mövcud olduğu mərkəzdə, həmçinin 3D kino zalı, konfrans zalı, rəqs studiyası, kompüter və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.
Daha sonra Ağdam rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Ağdam, Ağcabədi və Laçın rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, mədəniyyət müəssisəsinə əlavə ştatların ayrılması və digər məsələləri əhatə edib. Görüşdə həmçinin yerlərdəki incəsənət məktəblərində rəssamlıq ixtisası üzrə tədrisin səviyyəsinin daha da yüksəldilməsi və gənc istedadların üzə çıxarılması ilə bağlı layihə təklifi də irəli sürülüb.
Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Nazirliyin fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Bu gün böyük Səməd Vurğunun anım günüdür
Böyük Azərbaycan şairi Səməd Vurğun 1956-ci il mayın 27-də dünyadan köçmüşdür. Bu gün onun anım günüdür.
“Qazax" Xeyriyyə İctimai Birliyi Mətbuat Xidməti bu tarixlə bağlı məlumat yayıb. Məlumatda deyilir:
“27 may Xalq şairi Səməd Vurğunun anım günüdür.
Hər il olduğu kimi bu gün də saat 11⁰⁰-da "Qazax" Xeyriyyə İctimai Birliyi və Səməd Vurğunun Ev Muzeyinin birgə təşkilatçılığı ilə Fəxri Xiyabanda Şairin məzarı ziyarət olunacaq. Hər kəs dəvətlidir.
Əklil və tər qərənfillər "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanıb.”
Böyük şairimizin ruhu şad olsun!
Günün fotosu: Ukraynada müharibə ən aktiv fazaya keçib
Günün fotosu: Ukraynada müharibə ən aktiv fazaya keçib
Rusiya Donbasda hərbi əməliyyatları genişləndirib. Rəsmi Kiyev bunu 2-ci dünya müharibəsindən sonra Avropadakı ən böyük silahlı münaqişə adlandırıb.
Foto: Euronews
“Azərkitab” Qubada “Qanlı Hekayətlər" Kitabının təqdimat mərasimini keçirib
"Azərkitab" kitab mərkəzinin Quba filialında Rahib Qarayevin “Qanlı hekayətlər” kitabının təqdimat mərasimi baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına tədbirin təşkilatçısı olan "Azərkitab" Kitab Mərkəzinin Quba filialından məlumat veriblər.
Təqdim olunan kitabın müəllifi Rahib Qarayev ixtisasca hüquqşünasdır.
Fasiləsiz olaraq 37 il Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışıb, "Vətən uğrunda" medalı ilə təltif olunub.
"Qanlı Hekayətlər" kitabında özünün şahid olduğu və üzərində işlədiyi müxtəlif kriminal hadisələri bədiiləşdirmiş və əxlaqi-tərbiyəvi mözvzuda kitab yazmış, Azərbaycan Polisinin simasını əks elətdirmişdir.
Tədbirdə qonağlar - Quba Rayon Bələdiyyəsinin sədri Humay Məmmədova, "Ədəbiyyat qəzeti”nin baş redaktorunun müavini, əməkdar jurnalist, şair Adil Cəmil, "www.kultur.az" saytının direktoru, şairə İradə Aytel, Quba Rayon Bələdiyyəsinin üzvü Mehbarə Rüstəmova, "Azərkitab" Kitab Mərkəzinin Quba filialının direktoru Xəyal Eyyubov və digərləri iştirak ediblər. Açılış sözü ilə çıxışa başlayan Quba Rayon Bələdiyyəsinin sədri Humay Məmmədova Rahib Qarayevin yaradıcılığından danışaraq ona öz təşəkkürünü bildirib. Daha sonra şairə İradə Aytel və şair, əməkdar jurnalist Adil Cəmil çıxış edərək oxuculara kitabın işığına toplaşdıqıarı üçün təşəkkürlərini bildiriblər.
Oxuculara sözügedən kitab haqqında məlumat verili , yaradıcı potensialı olan oxucular yazıçı və digər qonaqlarla sual-cavabda iştirak ediblər. Sonda Quba Rayon Bələdiyyəsinin Sədri Humay Məmmədova Quba Xalçasını Rahib Qarayevə hədiyyə edib. İmzalı kitablar iştirakçılara hədiyyə olunub, xatirə fotoları çəkilib.
Təqdimat hamıda xoş əhval-ruhiyyə yaradıb.
Musiqi məktəbi şagirdləri növbəti uğur qazanıblar
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “NEW VISION CONTEST” Beynəlxalq vokal-instrumental onlayn müsabiqəsində uğurla çıxış ediblər.
Baş İdarədən xəbər verirlər ki, məktəbin fortepiano ixtisası üzrə V sinif şagirdi Amira Məcidova və VII sinif şagirdi Ziba Museyib İnstrumental ansambl nominasiyası üzrə I dərəcəli diploma layiq görülərək laureat adını qazanıblar.
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.
Bildirib ki, yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anar Kərimov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daim mədəniyyətimizi dünyada təbliğ edir, mədəniyyət xadimlərinə qayğı göstərir: “Mədəniyyət xalq üçün ən vacib strateji sahədir. Onu dərin bur məfhum kimi görürük. Biz mədəniyyətin cəmiyyətin inkişafına təsirini artırmalıyıq. Mədəniyyət bizim üçün təkcə əyləncə deyil, həm də təhlükəsizlikdir. Bu insanlar mədəniyyət sahəsinin əsgərləridir. Hər biri öz sahəsində önəmli fəaliyyətlə, mədəniyyətin inkişafı ilə məşğuldur. Mədəniyyətsiz cəmiyyət güclü və möhkəm ola bilməz”.
Nazir bütün mədəniyyət və incəsənət xadimlərini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib və müstəqilliyimizin qorunmasında mədəniyyətin böyük rolu olduğunu vurğulayıb.
Daha sonra Anar Kərimov orden və medalları sahiblərinə təqdim edib.
Mükafata layiq görülənlər çıxışlarında ölkə rəhbərliyinə yaradıcılıqlarına göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Qırğız dilində çap olunan “Qarabağ hekayələri” kitabının təqdimatı olub
Qırğız dilində çap olunan “Qarabağ hekayələri” kitabının Bişkekdə təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, səfirliyin əməkdaşları, diaspor nümayəndələri, yazıçılar, ictimai xadimlər iştirak ediblər.
Kitabın tərtibçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin əlaqələndiricisi, Qırğız-Türk “Manas” Universitetinin müəllimi, şair-tərcüməçi Altınbek İsmayılov, redaktoru və “Ön söz” müəllifi Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovdur. Kitabda 13 Azərbaycan yazıçısının 14 hekayəsi yer alıb.
L.Qəndilov ermənilərin xalqımıza qarşı zaman-zaman törətdiyi soyqırımlar haqqında məlumat verib, kitabın qırğız dilində nəşr olunmasını yüksək qiymətləndirib. Səfir deyib ki, son 30 ildə Qarabağda baş verən hadisələri qırğız oxucusunun daha dərindən anlaması, 44 günlük Vətən müharibəsində Qələbənin necə çətinliklə qazanılmasını dəyərləndirmək üçün bu toplu mühüm rol oynayacaq. Diplomat toplunun ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıq edib.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayevin və kitabdakı hekayələrdən birinin müəllifi Əkbər Qoşalının onlayn çıxışları dinlənilib.
Tədbir qırğız manasçılarının ifaları ilə başa çatıb.