Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə respublikamızın qocaman bədii təhsil məktəblərindən biri olan Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, İlk öncə mərkəzin foyesində "Şuşa ili"nə həsr olunmuş rəsm sərgisi nümayiş olunub, məktəbin "Qaytağı ritm qrupu" və "Təbəssüm rəqs qrupu"nun ifaları gələn qonaqların diqqətini çəkib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükut anımı ilə başlayıb. Daha sonra təqdim edilən videoçarxda məktəbin 90 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salınıb. Videoçarxda qeyd edilib ki, Azərbaycan vokal sənətinin banisi görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün təşəbbüsü ilə, Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən yaradılmış Şuşa Musiqi Məktəbi Azərbaycanda yaradılan ilk musiqi məktəblərindən biri idi. Məktəb Xanqızı Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdır.
Məktəbin yarandığı ilk illərdə Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli, Əməkdar müəllim Fatma Zeynalova, professor Aleksey Raxmanov, Lətif Əliyev kimi müəllimlərin ixtisaslı musiqiçi kadrların hazırlanmasında böyük xidmətləri olub. O dövrün məşhur tarzəni Rəsul Əsədov bu təhsil ocağında şagirdləri – sonradan istedadlı tarzənlər kimi tanınmış İsi Abbasov, İmran Səfiyev, Aslan Qarasarova, görkəmli bəstəkarlar, SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri Süleyman Ələsgərov və Əşrəf Abbasova tar ifaçılığının sirlərini böyük həvəslə öyrədib. Dünya şöhrətli bəstəkar Arif Məlikov bir müddət Şuşa Musiqi Məktəbində müəllim kimi çalışmışdır.
1984-cü ildə görkəmli dirijor, bəstəkar, musiqi xadimi Niyazinin vəfatından sonra onun adını əbədiləşdirmək məqsədilə Azərbaycan SSRİ Nazirlər Kabinetinin müvafiq qərarı əsasında məktəbə Niyazinin adı verilmişdir. Beləliklə 1984-cü ildən etibarən Şuşa şəhər Musiqi Məktəbi, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbi kimi fəaliyyətini davam etdirir.
Yubiley mərasiminin rəsmi hissəsində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Sevda Məmmədəliyeva, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini xanım Vüsalə Fətəliyeva, Azərbaycan Respublikasının Xalq artistləri Ramiz Quliyev və Vamiq Məmmədəliyev çıxış ediblər.
Çıxış edənlər məktəbin kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb, təhsil ocağının bundan sonra da yeni-yeni uğurlar qazanacağına əminliyi qeyd ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi diqqət və qayğısından danışaraq hazırda ölkəmizdə mədəniyyət sahəsinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi münasibətilə və gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Şuşa Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları məktəbin direktoru Anar Əlizadəyə təqdim olunub.
Tədbir rəngarəng konsert proqramı ilə davam edib.