Super User

Super User

 

“Ədəbiyyat və İncəsənət” portalının “Şənbə qonağı” rubrikasının budəfəki qonağı Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycanın Xalq Artisti, professor Siyavuş Kərimidir. Qonaqla İntiqam Yaşar söhbətləşir.

 

-Hər vaxtınız xeyir, Siyavuş müəllim! Pandemiya yaradıcı insan olan Siyavuş müəllimə necə təsir etdi?

 

-Əvvəla, ən başlıcası, mən ailəmi daha yaxından tanıdım. Təbii ki, bu bir zarafatdır (gülür).Bütün günlərimi, demək olar, ailəmlə keçirdim. Adətən necə olur? Biz evdən səhər çıxırıq, işə gedirik və axşam qayıdırıq. O zaman da uşaqlar yatmış olur. Ailə ilə  təmas 40-45% olur. Amma bu pandemiya dövründə 100% bütün günü bir yerdə olduq. Pandemiya zamanı bütün günü evdə oturmaq zərurəti uzun zamandan sonra yaradıcılıqla, sənətlə məşğul olmaq imkanı yaratdı mənə, çünki adətən iş, sənədlər, təhsil, tələbələr və müxtəlif görüşlər, tədbirlər  birləşib yaradıcılığa vaxt ayırmağa qoymurdular. Mənim üçün bu dövr bəstəkarlıq fəaliyyətim üçün çox məhsuldar oldu. Böyük bir əsərin üzərində işlədim, 8 ay demək olar, bu əsərlə yatıb-durdum. Demək olar ki, hazırda reallaşma prosesi gedir.

 

-Bir musiqiçi üçün zaman necə anlayışdır?

 

-Mənə elə gəlir ki, musiqiçi üçün zaman anlayışı yoxdur. Gözəl xalq mahnılarımız yüz dənə olmayıb, min dənə olmayıb, on min dənə olmayıb. Qat-qat çox olub. Keyfiyyətsizləri unudulub, amma o zamandan bu günə ələnə-ələnə ən gözəlləri, ən yadda qalanları, ən keyfiyyətliləri gəlib çıxıb. Və çox təəssüf olsun ki, 30-40 il bundan əvvəl yazılmış mahnıları da bu gün televiziya-radio  aparıcıları, diktorlarımız, jurnalistlərimiz retro mahnılar kimi təqdim edirlər. Retro adətən kino olur, musiqi olmur. O musiqilər indi də səslənir və yüz ildən sonra da, min ildən sonra da səslənəcək. Musiqi üçün zaman anlamı demək olar ki,  yoxdur. Musiqi aləmində sən elə əsər yarada bilərsən ki, o, yüz illər də yaşaya bilər. Biz indi elə mahnılar eşidirik ki, onlar 2-3  dəqiqəlik eşidilir və  unudulur. Deyirsən ki, bu nə mahnıdı? Zaman anlayışı musiqi sferasında aidiyyatı  olmayan bir anlayışdır. Musiqi bütün zamanları, keçmişi də, indini də, gələcəyi də - hamısını birdən birləşdirə bilir, öz orbitində saxlaya bilir.

 

-Sovetlər dönəmində və müstəqillik dövründə, paralellər aparsanız, sənətin gücünü, bir az da konkret desək,  parlaqlığını, əhatə genişliyini necə xarakterizə edərdiniz?

 

-Mən deyərdim ki, Azərbaycan professional musiqi mədəniyyətinin məhz  zirvəsi Sovetlər dönəminə təsadüf edir. Elə Üzeyir bəyi, Bülbülü, Müslüm Maqomayevi, Qara Qarayevi, Fikrət Əmirovu, Rəşid Behbudovu, Zeynəb Xanlarovanı, Arif Məlikovu və daha kimləri-kimləri xatırlaya bilərik, hansı ki, onlar SSRİ-nin xalq artistləri idilər. Və Sovet  Sosialist Əməyi Qəhrəmanı idilər.  Baxmayaraq ki, Böyük Vətən Müharibəsində - 1941-1945-ci illərdə Azərbaycan neftinin gücünə qələbə qazanıldı, amma dünya bizi, Azərbaycanı neftimizlə tanımırdı. Bütün dünya Azərbaycanı Rəşid Behbudovla, Müslüm Maqomayevlə, Polad Bülbüloğlu ilə, “Qaya” ansamblı ilə tanıyırdı. Azərbaycanın mədəniyyəti o qədər güclü idi ki! Ümumiyyətlə, Sovetlər birliyinin şüarı belə idi ki, "Sovet vətandaşı dünyanın ən savadlı və ən mədəni insanıdır". Bu şüara görə də direktivlər qurulurdu. Mədəniyyətə də böyük diqqət yetirilirdi, təhsilə də böyük diqqət yetirilirdi. Həqiqətən də belədir. Bu gün demək olar ki, ölkəni idarə edən insanların hamısı Sovet təhsilinin yetirmələridir. Bizim prezidentimiz də, digər rəhbər şəxslərimiz də. Və Sovet dövründə Azərbaycan musiqi mədəniyyətinə göstərilən diqqəti mən xüsusi ilə qeyd edirəm.  Heydər Əliyevin Azərbaycan  mədəniyyətinə olan diqqəti, tək musiqidə yox, ədəbiyyatda da böyük idi. Baxın, görün, Ukrayna Azərbaycandan 5 dəfə böyük ölkədir, amma orda mədəniyyət sahəsində cəmi 2 nəfər Sosialist Əməyi Qəhrəmanı var idi, Azərbaycanda isə neçə-neçə! Üstəlik, xalq artistləri, xalq yazıçıları və şairləri... Mədəniyyətə olan münasibət başqa idi. Və müqayisə etsək, bu gün biz qlobalizm dövrünü yaşayırıq. Sərhədlər silinir, mədəniyyətlər qarışır, itir. Bu o qədər də yaxşı hal deyil. Mədəniyyəti qoruyub saxlamaq hər bir vətəndaşın müqəddəs borcudur. Özü də ki, Azərbaycanın mədəniyyəti kimi mədəniyyəti, Azərbaycanın musiqisi kimi musiqini, Azərbaycanın muğam mədəniyyəti kimi mədəniyyəti. Rəşid Behbudovun səsini eşidən kimi adam istər-istəməz fəxr edir. Mən fəxr edirəm ki, Rəşid Behbudovla işləmişəm, Müslüm Maqomayevlə işləmişəm, Polad Bülbüloğlu ilə işləmişəm. Baxın, Azərbaycan musiqisinin zirvəsi məhz Sovetlər dönəminə təsadüf edir. Adlarını sadaladığım müğənnilər SSRİ-nin ən məşhur müğənniləri sırasında olduğu kimi  Fikrət Əmirov, Qara Qarayev kimi bəstəkarlar da SSRİ-nin ən məşhur bəstəkarlarından olublar. Onların əsərləri haradasa ifa olunanda adam fəxr edir. Hər kəs heyran olur, “bunlar necə gözəl əsərlərdir” deyir. Avropa musiqiçiləri məndən xahiş edirlər ki, Q.Qarayevin, F.Əmirovun əsərlərini göndərim, ifa etsinlər. Onlar deyirlər ki, daha yorulmuşuq Avropa bəstəkarlarının əsərlərini ifa etməkdən, nə gözəl əsərlərdir, sizin əsərlər.

 

Dünəndən bu günə fərq təbii ki, var. Kiçik bir məişət fərqi deyim. Mən yaşadığım binada 15-20 il əvvəl 15 mənzilin hamısında pianino var idi. Uşaqlar hamısı musiqi məktəbinə gedirdilər, musiqiyə getmək dəb idi. Bu gün uşağı musiqiyə aparanda valideyin düşünür ki, hansı alətə qoyum ki, uşaq sabah ailəsini saxlaya bilsin. Yəqin qarmon və ya nağara kimi alətlər arasında seçim edir. Çünki gələcəkdə toy məclisində, gəlingətirdidə də ifa edə bilsin. Kontrabas, violonçel, skripka kimi alətlərin adını belə çəkən yoxdur. Bilirsiniz, belə fərqlər var. Əlbəttə ki, bunlar təhsillə bağlıdır. Sovetin qoyduğu musiqi təhsili çox gözəl təhsil idi, amma əfsuslar olsun ki, Bolonya təhsil sistemi çox mənfi təsir etdi bizim musiqi təhsilimizə. Başqa təhsillə müqayisə edə bilmərəm, amma musiqi təhsilinə çox mənfi təsiri oldu, ziyanı çox oldu. Biz tələbələrimizə əvvəlki kimi təhsil verə bilmirik. Ölkə Boloniya təhsilini qəbul etdi, biz də ölkənin vətəndaşı olduğumuz üçün bu vəziyyətlə ayaqlaşmalı olduq, icra etməli olduq. Keyfiyyət əvvəlki deyil, əfsus.

 

İndi də gələk məsələnin ikinci tərəfinə. Təbii ki, müstəqillik dönəmi bizim üçün daha şərəflidir. Üstəlik, Sovetlər dönəmində rus təbliğat maşını daha çox dünyaya özününküləri təbliğ edirdi, ayrıca Azərbaycan milli mədəniyyətindən söhbət gedə bilməzdi, ancaq Sovet mədəniyyətindən söhbət gedirdi. Azərbaycan müstəqil olandan sonra öz milli mədəniyyətini yüksəldə bildi, öz milli mədəniyyətini təbliğ edə bildi.

 

-Siyavuş müəllim, bir peşəkar musiqiçi kimi sizi çağdaş musiqimizdə nə narahat edir, nə narahat etmir?

 

-Yuxarıda qeyd etdiyim məsələlər məni çox narahat edir. Məni narahat edən mənim aid olduğum xalqın, mənim aid olduğum cəmiyyətin musiqi zövqü məsələsidir. Əvvəla, onu deyim ki, musiqi çox tərbiyəvi əhəmiyyətə malik ola bilən bir sferadır. Çox vacib məsələdir. Boş yerə Heydər Əliyev musiqiyə belə münasibət bəsləməyib. Boş yerə onu sevməyib. O bilirdi ki, musiqinin necə böyük qüdrəti var, gücü var. Bu gün televiziyaların göstərdikləri ifaçılar və səsləndirdikləri musiqilər əlbəttə ki, heç də ürəkaçan səviyyədə deyil. Əvvəla, onu deyim ki, televiziyaların müqəddəs borcu cəmiyyəti maarifləndirmək, mədəniyyəti düzgün təbliğ etmək, cəmiyyəti öz  arxasınca apara bilən bir qurum olmaqdır. Amma, əfsus olsun ki, televiziyalar cəmiyyətin arxasınca gedirlər. Cəmiyyət nəyi tələb edirsə televiziya da onu nümayiş etdirir. Mən eyni şeyləri sosial şəbəkələrdə də görürəm. Sosial şəbəkələrdə bu gün nalayiq hərəkətlər elə bil, xırda pul kimi adi bir şeydi. Bunların hamısına kontrol olmalıdır. Biz əgər özümüzü çox yüksək mədəniyyətli xalq sayırıqsa öz informasiya məkanlarımızı, vasitələrimizi qaydaya salmağı bacarmalıyıq. Mən başa düşürəm ki, demokratik ölkədə yaşayırıq, demokratik cəmiyyətik. Amma, mənim fikrimcə, demokratiya və mədəniyyət uzlaşmayan istiqamətlərdir. Mədəniyyət və demokratiya birgə olanda axırda anarxiyaya gətirib çıxarır. Mədəniyyətin diktatura rejimində olmağı daha məsləhətdir. Sadəcə kiçik bir misal çəkim. 2-3 yaşında uşaq xoşagəlməz nəsə eləyəndə arxasından bir balaca vurursan, deyirsən, belə eləmək olmaz. Bax bu diktaturadır. Siz istəyirsiniz ki, sizin övladınız tərbiyəli, normal bir insan kimi böyüsün. Eləcə də, cəmiyyət belədir. Cəmiyyətdə yaxşı təbəqələr də var, orta təbəqə də var. Etiraf edək ki, hər millətdə olduğu kimi mənfi ünsürlər də var. Təsir qüvvəsi ancaq yaxşı olmalıdır. Yaxşı həmişə üzdə olmalıdır. Pis və ziyanvericilər cəmiyyətdən kənarlaşdırılmalıdır, izolyasiya olunmalıdır. Bu yöndə istəklərim  çoxdur. Mən dəqiq insanam, nizam-intizam tərəfdarıyam. Qayda-qanun tərəfdarıyam. Qayda-qanun olsa və hər kəs öz işiylə yüksək dərəcədə məşğul olsa bir ölkə kimi bizim tayımız-bərabərimiz olmaz. Bizim düşmən üzərində qələbəmiz oldu bu yaxınlarda. Biz bundan sonra da özümüzü dünyaya çox mədəni, çox savadlı, çox ali bir xalq kimi tanıtmağı bacarmalıyıq.

 

-Siyavuş müəllim, bu gün orta məktəblərdə musiqi fənninin tədrisi sizi qane edirmi? Məsələn, bir ədəbiyyat adamı kimi fikrimi deyim ki, məni qane etmir. Ya fənn ikinci dərəcəli yanaşmaya məruz qalır, ya da ki, fənni qeyri-ixtisas müəllimlərinə həvalə edirlər. Kadr çatışmazlığından, bu və ya digər səbəblərdən yaranan bu problemi necə "relsə" salmaq olar?

 

-Mən bu "relsə" salmaq məsələsini bir neçə dəfə qaldırmışam. Mən sizinlə tam razıyam. Bu gün orta məktəblərdə musiqi fənni çox keyfiyyətsiz, çox aşağı səviyyədə tədris olunur. Vallah, belə tədris olunmaqdansa olunmasa yaxşıdır. Bilirsiniz, rəsm də tədris olunur, kimin qabiliyyəti var çəkir, kimin qabiliyyəti yoxdu çəkmir. Bu  müvəqqəti bir şeydir, bacarıqdan aslıdır. Eyni cür yanaşma  musiqidə də olmalıdır. Kimisi musiqini bilər, kimisi sonradan öyrənər, kimisi heç bilməz. Bizim konservatoriyada orta məktəblər üçün musiqi müəllimliyi ixtisası var. Mən hesab edirəm ki, bu ixtisas ümumiyyətlə lazım deyil. Mən bir neçə dəfə bu məsələni qaldırmışam. Konservatoriyanı istənilən ixtisas üzrə bitirən hər bir tələbə orta məktəblərdə musiqidən dərs deyə bilər. Çünki onların ixtisası musiqidir. Bunun üçün xüsusi orta məktəb müəllimliyi  ixtisası açmaq lazım deyildi. Amma biz məcburuq açaq, çünki orta məktəbə dərs demək üçün tar, kamança ifa edənlərə icazə verilmir, ancaq ixtisasını müəllimlik üzrə bitirənlər gələ bilər. Bilirsiz, biz burada özümüz özümüzün qan damarımızı  kəsirik. Bu məsələni mən 10-15 il bundan əvvəl qaldırmışdım. Məktəblərdə musiqini tədris etmək lazımdır, amma bu səviyyədə yox. Səviyyə çox aşağıdır. Və hesab edirəm ki, həm orta ixtisas, həm də ali məktəblərdə musiqi müəllimliyi ixtisası ləğv olunmalıdır. Musiqini tədris edən ali səviyyəli məktəblər yalnız konservatoriyalar olmalıdır. Mən musiqi üzrə aliməm, gəlim stomotologiya kabinəsi açım? Axı bunun üçün Tibb Universiteti var.  Texniki universitet texnika ilə məşğuldur. Xarici dillər universiteti xarici dillərlə məşğuldur, Mədəniyyət və İncəsənət universiteti kino, teatr ilə məşğuldur.  Düzdür, orada da musiqi təhsili var, amma hesab edirəm ki, musiqi ilə ancaq konservatoriyalar məşğul olmalıdır. Bu düzgün istiqamətdir. Heydər Əliyev Milli Konservatoriyanı Azərbaycanın milli musiqi mədəniyyəti üçün açdı ki, bizim milli musiqimiz inkişaf etsin, tədqiqatı, təbliğatı, ümumiyyətlə tanıtım siyasəti olsun. Və əlbəttə, bu  musiqi müəllimliyi məsələsi mən düşünürəm ki, çox geniş müzakirə olunmalıdır. Təhsil Nazirliyi öz fikrini bildirməlidir.

 

-Siyavuş müəllim, məşhurluq sənətə hansı yöndən təsir edir? Müsbət yön verirsə hansı keyfiyyətlər vacibdir, mənfi təsir edirsə çatışmayan nədir?

 

-Mənə elə gəlir ki, məşhurluğun sənətə heç bir aidiyyatı yoxdur. O, sənətdən tam kənardadır. Hansısa bir marketdə satıcı səni görüb hansısa bir xidməti göstərə bilər. Yolda, hansısa polis işçisi səni saxlayıb tanıyırsa sənin günahından keçə bilər. Bunun sənətə heç bir aidiyyatı yoxdur. Sən məşhur olub çox keyfiyyətsiz bir əsər də yarada bilərsən. Ümumiyyətlə, məşhur adam öz sənəti ilə məşhurlaşır, onun keyfiyyətsiz əsər yaratmağa haqqı, hüququ yoxdur. Məşhurluğun sənətə aidiyyatı olmamalıdır. O, sənətdən irəli gələn bir meyardır ki, sən məşhur olursan. Məşhurluq həm yaxşıdır, həm də narahatedici ola bilər. Çoxu hesab edir ki, sən məşhursansa, demək, çox imkanlı adamsan, sən bütün məsələləri həll edə bilərsən. Başlayırlar xahiş-minnətlə sənin yanına axışmağa. Elə hesab edirlər ki, bu məşhurdursa bunu bütün dünya tanıyır, demək hər bir qıfıla açar tapa bilər.  Xeyr, bu belə deyil. Məşhurluq ancaq sənin ailən, səni tanıyan, sənin sənətinə hörmət edən cəmiyyət arasında olan bir meyardır. Məşhurluğun bayaq qeyd etdiyim kimi müsbət cəhətləri də var. Mənfi cəhətləri də var ki, məsələn, harasa ictimaiyyət içinə çıxanda hamı səni tanıyır, hamı səninlə şəkil çəkdirir. Bu da bir az narahatlıq verir. Amma bir tərəfdən də bu yaxşıdır, insanlar səni sevirlər, hörmət edirlər. Bu, çox məsuliyyətlidir həm də. Çox diqqət mərkəzində olursan. Gərək ağzından çıxan hər kəlməyə diqqət edəsən, hər hərəkətinə xüsusi diqqət edəsən, çəkisinə fikir verəsən.

 

-Sizin Şuşa ilə - mədəniyyət paytaxtımızla bağlı ideyyalarınız, planlarınız varmı?

 

-Əlbəttə ki, ideyalar tükənməzdir, planlar çoxdur. Ümumiyyətlə, mədəniyyətlə yaxın olan hər kəs üçün Şuşada olmaq bir şərəfdir. Mən Şuşanı çox sevirəm, bu yaxınlarda Şuşada oldum, ”Xarıbülbül” festivalında. Və başa düşdüm ki, mən hər il buraya gələcəyəm, hər il mən burada olacağam. Əlbəttə, təkcə gəzmək üçün demirəm. Gəzmək üçün də böyük məmnuniyyətlə gedəcəyəm. Amma işimlə əlaqədar da hər zaman məmnuniyyətlə getməyə hazıram. Bir çox layihələr - Muğam festivalı, Xarıbülbül festivalı, müsabiqələr və musiqi tədbirləri, dövlət tədbirləri orada keçiriləcək və əlbəttə ki, dəvət etsələr, təbii ki belə də olacaq və iştirak edəcəyəm. Mütləq böyük məhəbbətlə, eşqlə iştirak etməliyik. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz də böyük məhəbbət və sevgi ilə ora gedəcəyik.

 

-İndi internet əsridir və dünya bir növ elektron təqdimata, sosial media platformalarına yönəlib. Bu platformalarda tez-tez rast gəlinən bir hal da var ki, bədxah  qonşularımız bizə məxsus olan əsərləri öz əsərləri kimi təqdim edirlər və dünya da bunu biz təbliğatda gecikirik deyə onlarınkı kimi qəbul edir. Sosial mediada, məsələn, götürək YouTube kimi böyük platformanı, nə işlər görülməlidir ki, bunun qarşısı alınsın?

 

-Bunun bir yolu var! Bir şeyi qəbul etməliyik ki, bu həmişə belə olacaq. 5 il , 10 il bundan əvvəl də ermənilər bunu edirdilər, 50 il  sonra da edəcəklər. Bu, onların xislətidir. Ancaq təbliğat! Hamımız təbliğ etməliyik. Biz çox gözəl əsər yazırıq, heç Azərbaycandan kənara çıxmır. Biz bunun tanıtımına, yayılmasına çox böyük önəm verməliyik. Daima bizim musiqiçilər, aktyorlar, muğənnilər Azərbaycan musiqisini dünyanın hər yerində ifa etməlidirlər. Qoy görsünlər ki, balabanı azərbaycanlı ifa edir. Biz bunu etiraf etməliyik ki, bu saat dünya yanlış təbliğat nəticəsində bu aləti “erməni duduxu” kimi tanıyır. Biz təbliğ edirik, amma cəmi 3-4 ölkə balaban kimi tanıyır bu aləti. Gəlin, etiraf edək ki, onların təbliğat maşını çox böyükdür və güclüdür. Amma buna baxmayaraq biz geridə qalmamalıyıq. Bir şeyi yadınızda saxlayın. Sən öz nəyinisə, hansı əşyanısa  yaxşı qorumursansa onu götürüb aparacaqlar. Sən onu qorumalısan. Necə qorumalısan? Mahnını əlində tüfənglə qorumalısan? Xeyr! Sən hər yerdə onu elə gözəl ifa etməlisən ki, eşidənlər əmin olsunlar ki, həqiqətən bu səninkidir, Azərbaycanındır. Onsuz da onlar yenə oxuyacaqlar. Amma oxuyanda başqaları biləcəklər ki, bu onlarınkı deyil, Azərbaycanındır.

 

-Poeziya ilə musiqi sizin üçün nə deməkdir?

 

-Poeziya elə musiqidir mənim üçün. Mənim çox yaxşı yazar, qələm dostlarım var idi və indi də var. Bəziləri dünyasını dəyişiblər, həyatda olanların Allah ömrünü uzun eləsin. Poeziyadan da çox şey asılıdır, insanı tərpədə bilsin, danışdıra bilsin. Sən şeirdə bir tərpətmə, riqqətəgətirmə duyursan və istəyirsən ki, onu musiqiyə çevirəsən. Yoxsa sən musiqi yazmaq istəyirsən, görürsən ki, təqdim edilən şeirdə adi məişət söhbətləri yazılıb. Belə sözlərlə mahnı olmaz ki. Gərək sözlər səni düşündürsün, mətn səni düşündürsün, feyziyab etsin, sənə rahatlıq versin. Sənə əziyyət verməsin. Bu gün bizim həyatımız o qədər çətindir ki, o qədər problemlər var ki, musiqini dinləyib baş sındırmaq məsələsi, vallah adamı lap dəli edər. Musiqi bir labirint, krossvord olmamalıdır, onda bir rahatlıq duymaq lazımdır. Gərək sevgisi olsun insanın. Vətənə, ailəyə, qadına, balasına, hər şeyə sevgi ola bilər. İnsan Allahın yaratdığı ən ideal bir yaradıcı fiqurdur, canlıdır. Əzələləri, damarları, mükəmməl fizionomiyası ilə bu canlını kim yarada bilər?! Ancaq Allah yarada bilər. Bu cana rahatlıq lazımdı, bu cana sevgi, məhəbbət lazımdı. Əlbəttə ki, bu rahatlıq gözəllikdən gəlir. Gözəl poeziyadan, gözəl musiqidən, gözəl mahnılardan gəlir. Onların vəhdətindən gəlir. Bizim uşaqlıqdan indiyə kimi sevdiyimiz mahnılar var. Baxın, heç səsin yoxdursa belə, musiqi qabiliyyətin yoxdursa belə, yenə nəsə ifa edirsən, nəsə zümzümə edirsən. Axı sən canlısan, axı sən sevirsən, sənin ürəyin var. Allah sənə duyum verib. Biz yenə gəlirik bayaqqkı məsələyə - cəmiyyətin zövqü məsələsinə. Bu məsələdə televiziyaların, əlbəttə ki, sosial şəbəkələrin rolu çox böyükdür. Əvvəllər belə şey yox idi. İndi kim istəyir çıxır televiziyaya, ağzına gələni oxuyur. Bunlar çox xoşagəlməz hallardır.

 

-Niyə şairlərlə musiqiçilər arasında işgüzar mühit indi əvvəlki kimi yoxdur? Bu əlaqələrin olmaması bayağılığa, zövqsüzlüyə yol açmırmı?

 

-Əvvəla, mən deyim ki, bayağı sözü heç düzgün söz deyil. Bunu kim deyib, bilmirəm. Bu fərdilikdən asılıdır. Mənim dostum var idi, şair İsmayıl Dadaşov, bir il öncə dünyasını dəyişdi, Allah ona rəhmət eləsin. Mən çox mahnılarımı onunla yazmışam. Səlim Həbibi var idi şair, mən bir çox mahnılarımı onunla yazmışam. Biz dost idik. Mən çoxları ilə dostluq edirəm. Rafael Hüseynov ilə də dostluq edirəm, Sabir Rüstəmxanlı ilə də dostluq edirəm. Baxır kiminlə işləmək sənə rahatdır. Kiminlə səndə alınır yaradıcılıq. Tofiq Quliyev, Allah rəhmət eləsin, əksər mahnıları Zeynal Cabbarzadə ilə yazıb. Onlar dost idilər. Fərdi, şəxsi münasibətlərdən çox şey asılıdır.Yaradıcılıq hər zaman var. Yaradıcılıq baxır kimdə alınır, kimdə alınmır. Dahiyanə əsərlər yüzdə bir olur. Hər şey ola bilər. Yenə deyirəm, zaman məsələsi əsas amildir. Siz elə gözəl əsər yazacaqsınız ki, o, illərlə unudulmayacaq. Amma keyfiyyətsiz nəsə yazsanız iki dəqiqəyə unudulub gedəcək.

 

-Gənc bəstəkarlar kifayət qədər görünürmü sənət cameəsində?

 

-Mən deyərdim ki, bu dəqiqə bəstəkarlıq sənəti öz vəziyyətini dəyişib. Belə getsə, artıq bəstəkarlıq sənəti olmayacaq. Çünki müasir texnologiya o qədər inkişaf edib ki, sənin bu dəqiqə kiçicik zövqün olsa və sən bir balaca texnikanı bilsən, kompüterdə gözəl əsərlər yarada bilərsən. Bunun üçün not bilmək də lazım deyil. Konservatoriyanı bitirib ali məktəb diplomu almaq da lazım deyil. Bu olur artıq musiqi dizaynerliyi. Amma ki, həmin bu dizaynerlər həm də bəstəkarlıq sənətini oxuyub öyrənsələr və texnologiyanı bilsələr, çox maraqlı işlər ola bilər. Mən sizə deyim ki, bu gün istedadlı gənclərimiz həddən artıq çoxdur. İstər musiqi yaratmaqda, istər alətdə ifa etməkdə, istər oxumaqda olsun. Onların hamısına, əlbəttə, şərait yaratmaq lazımdır. Hamı istedadlıya kömək etməlidir. İstedadlıya kömək elə, istedadsız hər yerdən özünə yol tapacaq.

 

-Müasir Azərbaycan poeziyasını dərindənmi izləyirsiniz?

 

-Son zamanlar mən sənədlərdən başqa heç nəylə məşğul ola bilmirəm (gülür), vaxt olmur. Mənim yazar dostlarım var, bayaq dedim, elə gözəl nəşr olunmuş kitablar gətirirlər, onlar inanın ki açılmamış qalır. Çünki vaxt olmur. Mən əvvəllər çox mütaliə etməyi sevirdim, mütaliə edirdim. Amma çox təəssüf olsun, son zamanlar heç çür sənədlərdən imkan olmur. Özünüz bilirsiniz, sənədləri oxumaq, qiymət vermək, müzakirə etmək, məsləhətləşmək lazımdır. Ona görə əfsus ki, vaxt olmur mütaliəyə. Amma məndə həmişə bir inam da var ki, mütləq arada vaxt tapıb ən dəyərli bədii nümunələri oxuyacağam.

 

-Maraqlı və geniş söhbət üçün təşəkkür edirəm. Var olun!

 

İyulun 1-dən Avropanın bir neçə ölkəsində Kiarostami rüzgarı əsəcək.
 Adətən, kinodan danışanda son dövrlərin yetişdirdiyi ən böyük rejissorlar arasında daim Abbas Kiarostaminin də adı çəkilir. İran rejissorluq məktəbinin Qızıl pleadasında əsas yer tutan bu rejissor Şərqi də, Qərbi də eyni dərəcədə təəccübləndirə bilir. Bu yay günlərində mədəniyyət təqviminə göz gəzdirdikdə nə görürük? Bir sıra Avropa ölkəsində, Sloveniyada, Macarıstanda, İsveçdə İran klassikinin bütün tammetrajlı filmlərinin, həmçinin nadir sənədli və qısametrajlı işlərinin daxil olacağı böyük retrospektivlər keçirilir. Şimal qonşumuzda isə İran rejissoru daha detallı tamaşaçılara təqdim ediləcək. Moskvanın Garaje Screen yay kinoteatrında keçiriləcək Kiarostaminin filmlərinin retrospektivinə bütün biletlər artıq satılıb. Retrospektiv Kannda "Qızıl palma budağı" almış ilk İran filmi olan "Albalı dadı" (1997) ilə açılacaq.
Bu əlamətdar hadisə ilə bağlı “Kommersant uik-end” jurnalı manşet yazısı vermişdir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazıda iranlı rejissor yeni dövrün ən dahi rejissorlarından hesab edilir.

“Dünyada İran rejissoru Abbas Kiarostaminin şərəfinə adlandırılan bir neçə ağac var. Bu tək kinematoqrafiya üçün deyil, reallıq üçün də əhəmiyyətli görünür. Axı ağaclar nəfəs alıb verirlər, eynən insan kimi tənəffüs edirlər. Kələkbazlar ağacların şəklini çəkirdilər, meşədə, çılpaq və boz qayada, səhralıqda… Yaşılını, sarısını, qurumuşunu… Kiarostaminin filmlərinin qəhrəmanları zeytunluqdan qaçırlar, albalı dadından danışırlar, ev tikmək üçün xammal sayılacaq quru ağac axtarışına çıxırlar. Kiarostaminin özünü də ağacla müqayisə edirlər. Çünki o, İrandan mühacirətə gedəsi olanda kino çəkə bilməyəcəyini deyirdi, çünki, özgə torpağına köçürülmüş meyvə ağacı meyvə barını heç cür özü ilə daşıya bilməzdi. Sonra, artıq həyatının sonuna yaxın İrandan uzaqda, Fransada rejissor söyləyəcəkdi ki, əgər ağac kifayət qədər yaxşı bəslənmişdisə, onu başqa yerə köçürtsən belə yaxşı baxsan, suyunu bol eləsən, kökləri suya çatacaq.”

Qeyd edək ki, İranın "yeni dalğa" kinosunun ən mühüm nümayəndələrindən biri olan Abbas Kiarostami tamaşaçıya inqilabdan sonrakı İranda həyatın başa düşülməsi, dərki illüziyasını verib. O, öz filmlərində ucqar və "balaca insanlar" ölkəsini vəsf edib — deyingən qocaları, ciddi uşaqları, yorulmuş qadınları vəsf edib, İranın yalnız upuzun yollardan və uzun filmlərdən ibarət olduğunu anladıb. Bu ölkədə kino mənbəyi qeyri-peşəkar aktyorlar və peşəkar peyzajlardan ibarətdir, rejissorsa sadəcə, yağışlı bir gündə avtomobili ilə gedən və qarşıdan gələnlərdən  yolu soruşan nabələd bir adamdır.

Kiarostami 1940-cı il iyunun 22-də Tehranda anadan olub. Zərif İncəsənət Məktəbini bitirib. Özü deyir ki, "ağlımı itirmişdim, çünki o zaman başqaları üçün tam əhəmiyyətsiz olan detallarda mənalar axtarırdım". İllüstrator, qrafik dizayner işləmiş, reklam çarxlarını çəkmişdir. Şahin Fərəh Pəhləvinin yaratdığı uşaq və yeniyetmələrin intellektual inkişaf İnstitutunda kino şöbəsinin təşkilatçılığı ilə uşaqlar üçün təhsil-didaktik filmlər çəkmişdir, məsələn, dişləri necə təmizləmək, yaxud xiyabanda quduz itdən necə qorxmamaq.
Böyük kinoya gəlişi isə həqiqətən həm İran tarixini, həm kino tarixini silkələmişdir.
5 iyul 2016-cı ildə 76 yaşında Parisdə dünyasını dəyişən Abbas Kiarostami xüsusilə “Albalı dadı”,
 “Koker trilogiyası” və “Külək bizi sovuracaq” filmləri ilə adını qızıl incəsənət irsi siyahısına yazdıra bilmişdir.
Bu qədər.

İyulun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə öncə
teatrın direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov nazirə mədəniyyət ocağının uğurları, repertuarda olan tamaşaları, texniki imkanları haqqında məlumat verdi.
Daha sonra nazir böyük tarixə malik olan Akademik Milli Dram Teatrında yaradıcı kollektivlə görüşməkdən məmnun olduğunu bildirdi, ölkədə  mədəniyyət sahəsinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd etdi, dövlətin bu sahəyə diqqət və qayğısından söz açdı. Nazir bildirdi ki, Mədəniyyət Nazirliyi teatr sahəsində islahatları özünün ən vacib, prioritet istiqamətlərindən biri hesab edir.
O dedi: “Teatr tarixən milli ruhun qorunub saxlanılmasında böyük rol oynayıb. Məqsədimiz, amalımız odur ki, teatr inkişaf etsin. Biz Azərbaycan teatr sənətinin zəngin ənənələrini daha da inkişaf etdirməliyik. Teatrın inkişafına, yeni uğurlar qazanmasına dövlətin hər zaman dəstəyi olub, bundan sonra da olacaq”.
Nazir onu da əlavə etdi ki, bir əsrdən çox tarixi olan Akademik Milli Dram Teatrında böyük sənətkarlar çalışıb, teatrda Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri tamaşaya qoyulub, bu səhnədə təqdim olunan tamaşalar eyni zamanda bizə tariximizi, ədəbi irsimizi tanıdıb, mənəvi dəyərlərimizi, milli kimliyimizi təlqin edib. Pandemiyanın, mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə zərbə vurduğunu, yaradıcı fəaliyyəti məhdudlaşdırdığını deyən Anar Kərimov tezliklə teatr müəssisələrinin fəaliyyətə başlayacağına və öz tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcəyinə ümid etdiyini bildirdi.
Daha sonra xalq artistləri Nurəddin Mehdixanlı və Rafiq Əzimov çıxış edərək teatrın müasir cəmiyyətin həyatında oynadığı mühüm roldan danışdılar, mədəniyyət nazirinə kollektivlə görüşdüyü üçün təşəkkürlərini bildirdilər.
Görüş xoş hər iki tərəfdə təəssüratlar oyatdı.

Son zamanlar Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləşdirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir. Bu işlərdən ən sonu bu günlərdə yekunlaşıb: Nazirlik yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti əsasında Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası vacib bir missiyanı yerinə yetirib - rayonun Vahidli kəndi ərazisində yerləşən Son Orta əsrlər dövrünə aid Məscid və Türbə kompleksinin ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumata verir ki, sözügedən arxeolji  tədqiqat işləri Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib. Qazıntı işləri zamanı Qala düzü ərazisində Orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə aşkar edilib. XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqlarının aşkar olunması ərazidə yaşayış olduğunu sübuta yetirib. Bununla da Məscid və Türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün burada olması ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqlənmiş olub.
Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr Son Orta əsrlər dövrünə aid Tovuzda qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ortaya qoyur.

2021-ci ilin “Nizami Gəncəvi İli” ilə elan edilməsi ilə əlaqədar böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə işıq üzü görüb.
Azərbaycan Tərcümə Mərkəzindən bildirilir ki, “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi, professor Maqali Todua tərcümə edib.
Kitabın redaktoru yazıçı İmir Məmmədlidir.

Malayziyada nəşr olunan "Rossem Cartoon House" aylıq dərgisinin iyul sayında Azərbaycanın istedadlı karikaturaçı rəssamı Soltan Soltanlının əsəri yer alıb. Karikatura dərginin qapağı, üz qabığı kimi verilib. Son vaxtlar Soltan Soltanlının dərin məzmunlu karikaturaları ölkə sərhəddini keçib dünyada yayılmaqdadır, bu da, əlbəttə ki, böyük uğurdur.
Adətən əksər karikaturalar “Sözsüz” təyinatı ilə dərc edilir. Onların məna yükünü isə tamaşaçı özü duymalıdır. Eynən Soltan Soltanlının Malayziya dərgisində dərc edilən sözügedən əsəri kimi. Dilinə quş qonmuş insan. Danışmaq funksiyası daşıyan dil öz funksiyasını yerinə yetirməyəndə onun üzərinə quş da qonar, hələ lap bayquş da. Demək ki, karikatura insan susqunluğuna bir etirazdır.

İyulun 1-də Azərbaycan Yazıçılar Birliyində rəhbərliyin toplantısı keçirilmişdir. AYB mətbuat xidmətinin yaydığı məlumata görə, İştirakçılar uzun illər boyu AYB-nin Birinci katibi işləmiş mərhum Xalq şairi Fikrət Qocanın xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər. Birliyin Birinci katibi vəzifəsini icra etmək Xalq yazıçısı Çingiz Abdullayevə həvalə olunmuşdur. Birliyin katibi Rəşad Məcid sədrin müavini təyin edilmişdir. Elçin Hüseynbəyliyə və Səlim Babullaoğluna Birliyin katibləri vəzifəsini icra etmək tapşırılmışdır. Katiblər arasında iş bölgüsü məyyənləşdirilmişdir. Ağsaqqallar Şurasının sədri Xalq şairi Nəriman Həsənzadə və Gənclər Şurasının sədri Fərid Hüseyn katibliyin üzvləri təsdiq olunmuşlar. İndi 21 üzvü olan Gənclər Şurasının tərkibinin 31 nəfərdən ibarət olması razılaşdırılmışdır. Sayman Aruz sədrin müşaviri təyin edilmişdir.
Azərbaycan Yazıçılarının pandemiyaya görə təxirə salınmış XIII Qurultayının isə bu ilin oktyabr-noyabr aylarında keçiriləcəyi bildirilmişdir.  Qurultaya qədər olan müddətdə hazırlıq işləri aparılması və Nizamnaməyə görə seksiya və bölgələr üzrə Qurultayda nümayəndələr seçilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət” portalı Bəhram Bağırzadəyə istinadən məlumat verir ki, iki ay ərzində böyük azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin şərəfinə paytaxtın “İçərişəhər” metro stansiyasının yaxınlığında abidə ucaldılacaq.

 

Xatırladaq ki, bu təşəbbüslə “Bakılı oğlan” Bəhram Bağırzadə illər öncə çıxış etmiş, mövzunu ictimailəşdirmiş, yuxarı instansiyalara müraciət ünvanlamışdı.

 

2019-cu ilin mart ayında Prezident İlham Əliyevin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Bəhram bir daha bu məsələni qaldırmışdı. Görüşdə çıxış edən aktyor digər görüş içtirakçılarından fərqli olaraq şəxsi xahiş əvəzinə Tağıyevə abidə qoyulması xahişini etmişdi: “Bu gün mən problemlər haqqında danışmaq istəmirəm. O demək deyil ki, mənim problemlərim olmayıb. Müəyyən həyat məqamlarında problemlər olub, onları, şükür Allaha, Siz həll etmisiniz, istər 1995-ci ildə, istərsə də 2000-ci ildə. Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda olan insanlar mənim bütün problemlərimi həll ediblər. Ona görə mən sizə dərin təşəkkürümü bildirirəm. Fürsət olmamışdı, bu gün xalqımın qarşısında bunu edirəm. Bir tərəfdən də, bilirsiniz, mənim “Instagram” və “Facebook” səhifələrimdə yarım milyona qədər izləyicim var. Bu günləri mən onların qarşısında çıxış etməliyəm, sözümü deməliyəm. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab prezidentən nə xahiş etdin. Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsa 10 milyonluq xalq Sizə həmişə dua edəcək. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm. Hacı Zeynalabdin Tağıyev faytonda oturacaq və Siz hər dəfə səhərlər işə gedəndə onu orada görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı”.

 

 Bu təklifə müsbət yanaşan ölkə başçısı özü də maraqlı açıqlama vermişdi: “Mənim babam Əziz Əzliyev oxumaq üçün Hacı Zeynalabdin Tağıyevə məktub yazıb. O zaman babamı heç tanımadığı halda Hacı Zeynalabdin məktuba müsbət cavab verib. Nəticədə babam Sankt-Peterburqda gedib təhsil alıb”.

 

 

 

Bağırzadənin təşəbbüsünü Heydər Əliyev Fondu da dəstəkləmişdi. Bəhram Bağırzadəyə abidənin İşərişəhər ətrafında ucaldılacağı vədi verilmişdi. Müsabiqə elan edilmiş, xalq rəssamı Xanlar Əhmədovun eskizi bəyənilmişdi.

 

2,3 metr hündürlüyündə olacaq abidənin (onun postament üzərində olub olmayacağı hələ dəqiqləşdirilməyib) sentyabrın ilk gününədək ucaldılacağı barədə məlumatı da Bəhram Bağırzadə Heydər Əliyev Fondu rəsmilərindən almışdır.

 

Əlbəttə ki, bu çox sevindirici xəbərdir, Azərbaycan tarixində xalqına ən çox fayda vermiş şəxslərdən biri olan, Bakı və bakılılar üçün heç nəyini əsirgəməyən Hacı Zeynalabdin Tağıyevin xatirəsinin heykəl şəklində əbədiləşdirilməsi vacibdir. Keçmişinə ehtiram göstərən xalqın sabahı işıqlı olar.

 

“Ədəbiyyat və incəsənət” portalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın tanınmış dombra ifaçısı Arslanbek Sultanbekov ilə, habelə “Dombranın izi ilə” sənədli filminin rejissoru Mehmet Gün ilə görüşdüyü barədə xəbəri Qənirə Paşayevaya yaxın mənbəyə istinadən paylaşır.
Görüşdə Q. Paşayeva Arslanbek Sultanbekov adının, sənətinin Azərbaycanda, ümumən türk dünyasında məşhur olduğunu vurğulayıb, onunla görüşməkdən məmnun olduğunu bildirib. Qənirə xanım söyləyib:
-Qardaş xalqlar arasında ən əsas bağlardan biri məhz mədəniyyət, mədəniyyət xadimləri arasında güclü işbirliyinin olmasından keçir. Sizin kimi məşhur ifaçının bu planda verə biləcəyi töhfələr böyükdür. Çox şadam ki, sizin və qardaş Türkiyənin tanınmış rejissoru Mehmet Günün iştirakıyla dombra ilə bağlı film hazırlanır. Ümidvaram ki, dombra, saz, digər türk musiqi alətlərinin yaranması, ozan-aşıq sənətinin inkişaf yolları timsalında ortaq mədəni irsimizlə bağlı gözəl bir sənət əsəri ərsəyə gələcək.
Komitə sədri hər iki sənətkara xatirə hədiyyələri, o cümlədən Rusiyanın Qaraçay-Çərkəz Respublikasında tikiləcək məscid üçün Türk-İslam motivli rəsm əsəri hədiyyə edib.

1-10 iyulun təqvimi Varisin təqdimatında.

1 iyul, Kanada Günü
6 saatlıq qurşaqda yerləşən, Şimali Amerika materikinin ucu-bucağı görünməyən çöllərini əhatə edən bu soyuq coğrafiya həm də mühacir idxal edir, “Yaşıl pasport” siyasəti yeridir, bu səbəbdən də ona soyuqluğunu bağışlayıb dünyanın hər yerindən isti qəlbli insanlar vətəndaşlıq almaq çabalarına girişirlər. Kanada barədə çoxlu qeyri-adi faktlar var, məsələn, dünyanın ən uzun küçəsi – 1896 kilometrlik (bəli, bəli, rəqəm səhvi yoxdur, məhz bu qədər) Yanq Strit küçəsi bu ölkədə yerləşir, Torontonun Ontario əyalətindən, Ontario gölünün sahillərindən başlayan Yanq Strit küçəsi düz ABŞ sərhədinə - Minnesotaya qədər uzanır. Demək, Kanadanın əksər dünya ölkələrinin boyaboy uzunluğundan uzun olan bir küçəsi varmış.
Kanada həm də dünyada ən uzun sahil xəttinə malikdir, sərasər 202 080 kilometr. Dünyanın ən böyük dəmir pulu – diametri 1 metr olan Ontario sikkəsi də Kanadaya məxsusdur. Dünyada ən böyük monitor da bu ölkədə quraşdırılıb – Sony kompaniyasının istehsal etdiyi 10 x 33,6 metrlik ekran Toronto şəhərinin SkyDome zalında, Rodjers mərkəzində yerləşir.
Kanada məşhur Vinni Pux adlı cizgi qəhrəmanının vətəni də hesab edilir. 1915-ci ildə Vinnipeq adlı ayı balası Kanadadan London zooparkına aparılır. Zooparka gəlmiş Kristofer adlı balaca oğlan ayını çox sevir, hər gedəndə onu yemləyir, tamaşasına durur. Uşağın bu ayı sevgisindən təsirlənən atası, yazar A.A. Miln də şən və məzəli ayı olan Vinni-Puxun əhvalatını yazmaq qərarına gəlir.
Özgə nə demək olar Kanada barədə? Çox şey. Amma yerimizin məhdud olmasını nəzərə alıb son olaraq onu deyim ki, Kanada Günü 1868-ci ildən, kondeferasiyanın ildönümünü bayram etməklə qeyd olunur - 1867-ci ilin 1 iyulunda Kanada Böyük Briyaniyadan müstəqilliyini qopara bilmişdi.
Və bir şeyi də deyim ki, bu bayram günündə Kanadada ərzaq mağazalarından başqa digərlərinin hamısı bağlanır, yalnız kitab mağazaları istisna olmaqla. Kanadada belə bir düşüncə tərzi var ki, kitab oxumağa heç bir qüvvə gərək mane olmasın.
Kanadalıların həyat səviyyəsi həddindən çox yüksəkdir, biləsiniz.

2 iyul, Beynəlxalq İdman Jurnalistikası Günü
World Sports Journalists Day Azərbaycanda peşə bayramı kimi rəsmən qeyd olunmasa da, hər halda jurnalistika çevrələrində qeyd olunur, Azərbaycan İdman Jurnalistlər Assosiasiyası, CBS sport, İdman Azərbaycan kimi televiziyalarda, “Futbol +”, “Çempion” kimi qəzetlərdə, Sport24, Rekord, Qol, Sportinfo  kimi saytlarda və digər medialarda fəaliyyət göstərən idman jurnalistləri bir araya gəlirlər.
1924-cü ilin bugünkü günündə Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası təsis olunub. 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Ona görə də hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd olunur. Hazırda Assosiasiyanın 4 kontinental qurumunda 130-dan çox dövlətin milli idman mediası birləşib. 2 iyul günü idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirirlər, eyni zamanda idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.
Sirr deyil ki, müxtəlif idman növləri üzrə qitə və dünya çempionatlarının, futbol üzrə qitə çempionatının, Avroliqa finalının, Avropa Oyunlarının, "Formula 1" kimi mötəbər yarışların Bakıda keçirilməsi bu sahədə ölkəmizdə peşəkar jurnalistlərin yetişməsini şərtləndirib, onlar daha çox maddi dayaqları yüksək olan medialarda cəmləşiblər.
Mən özüm qatı idman azərkeşiyəm, uşaqlıqdan futbol matçlarını qaçırmadan izləyirəm, Sovetlər dönəmindəki  Ozerov, Maslaçenko, Maxaradze kimi futbol şərhçilərinin səsləri və emosiyaları uzun illər keçsə də, hələ də xatirimdədir. Eləcə də bizim şərhçimiz Fikrət Adıgözəllinin ləngər vura-vura, hardasa yarıyuxulu təsiri bağışlayan futbol reportajlarını dodağımda təbəssüm xatırlayıram. O vaxtlar hətta belə bir lətifə də var idi ki, Fikrət Adıgözəlli oyunun ritminə uyğun danışmaqdansa “Neftçi” nin futbolçuları Fikrət Adıgözəllinin ritminə uyğun oynayırlar.
Peşə bayramınız mübarək, əziz idman jurnalistləri!

2 iyul, Azərbaycan Polisi Günü
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və Daxili İşlər naziri Fətəli xan Xoyski 1918-ci il 2 iyul tarixində ölkədə ilk polis bölümünün yaradılması barədə əmr vermişdi, bununla da Azərbaycan polis orqanlarının əsası qoyulmuşdu. Sovetlər dönəmində polis dönüb milis oldu, müstəqillik əldə ediləndən sonra yenə əzəlki polis adı geri qaytarıldı.
Tək bir faktı deyim ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, 931 nəfər şəhid verib. Polisin sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallara layiq görülənlər vardır.

4 iyul, Azərbaycanın dövlət xadimi Nəsib bəy Yusifbəylinin 140 illiyi
Bu gün rəsmi dövlət təqvimlərində yer almayan bir yubiley də var, böyük azərbaycanlı Nəsib bəy Yusifbəylinin anadan olmasının 140-cı ildönümüdür. Azərbaycan sevdalısı, həyatını xalqının azadlığına, firavanlığına qurban vermiş Nəsib bəy Yusifbəylinin adını təqvimlərə salmaya bilərlər, amma bu ad milyonlarla soydaşımızın qəlblərinə yazılıb, bunu diqqətdən kənarda saxlamaq olmaz.
Nəsib bəyin qısa həyat tarixçəsinə (cəmi 39 il yaşayıb) ötəri nəzər saldıqda hər bir xronologiyanın altından markerlə “Azərbaycan naminə” işarəsi qoymağa məcbur olarıq. 1881-ci ilin bugünkü günündə Gəncədə dünyaya göz açan Nəsib bəy Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi olub. Hələ ilk gənclik illərindən qəlbində millətçilik, vətənpərvərlik təşnəsi hiss edib, Odessa şəhərindəki Novorossiya İmperator Universitetinin Hüquq fakültəsində təhsil alarkən orada oxuyan azərbaycanlı  tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətini yaradıb. Təhsilini tamamlamadan Krıma gedərək orada İsmayıl Qaspıralının əsasını qoyduğu “Tərcüman” qəzetində fəaliyyət göstərib. Siyasi düşüncə və fəaliyyətlərinə görə Çar hökuməti tərəfindən təqib olunduğu üçün daha sonra İstanbula köçən Nəsib bəy burada Türk Dərnəyi cəmiyyəti ilə təmasda olub. 1909-cu ildə Gəncəyə qayıdaraq o, Şəhər Dumasında milli fraksiyada fəaliyyət göstərib, paralel olaraq müəllim kimi də çalışıb. 1917-ci ilin martında Gəncədə Nəsib bəyin rəhbərliyi altında Türk-Ədəmi Mərkəziyyət Firqəsinin əsası qoyulub. Sonra firqə Müsavatla birləşib, iki böyük sima - Nəsib bəy və Məmməd Əmin siyasi fəaliyyətdə yanaşı dayanıblar. 1918-ci ilin 23 fevralından sonra yaranan yeni hakimiyyətə - Zaqafqaziya Seyminə seçilən və Azərbaycanı təmsil edən 44 nümayəndədən biri də Nəsib bəy olub. Nəsib bəy daha sonra seymin əsasında yaranan Zaqafqaziya Federativ Demokratik Respublikasında xalq maarif naziri vəzifəsinə seçilib. Şərəfli tarixdə - 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da Nəsib bəy yüksək dövlət vəzifələrini icra edib. O, yaradılan kabinetlərdə müxtəlif nazir postlarını tutduqdan sonra 3-cü və 4-cü kabinetlərdə Baş Nazir vəzifələrini yerinə yetirib. 28 aprel 1920-ci ildə bolşevik istilasından sonra ölkəni tərk etmək istəyərkən böyük şəxsiyyət bizim tarixi mənbələrin yazdığına görə “Kürdəmir yaxınlığında müəmmalı şəkildə həyatını itirib.” Amma onun Sovet rejimi tərəfindən qətlə yetirilməsi də gün kimi aydındır.
Tarix saxtakarlıq sevməz. Tarix ucaları endirənləri də bağışlamaz.

4 iyul, ABŞ-ın Dövlət Müstəqilliyi Günü
Bir mahnıda deyildiyi kimi, macəra dolu Amerika. 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə ərazisindən ibarət ölkə. 9,8 milyon kvadrat kilometr ərazisi ilə ərazisinə görə dünyanın 3-cü ölkəsi və 327 milyon nəfərdən çox əhalisi ilə əhalisinə görə yenə də dünyanın üçüncü ölkəsi. Paytaxtı  Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-York.
12 min il əvvəldən ərazisində hindular yaşayan (biz uşaqlıqda onlara indeyes, Çinqaçquk deyərdik), 16-cı əsrdən avropalıların müstəmləkəçiliyinə məruz qalan, 1775-ci ildə buranı idarə edən müstəmləkəçi Britaniya ağalarının müstəqil dövlətə sahib olma iştahası nəticəsində Britaniya İmperiyasına qarşı silah qaldırıb inqilab edərək müstəqillik qazanan bir dövlət. XIX əsrin ikinci yarısında burada baş tutan vətəndaş müharibəsi ölkədə hüquqi köləliyin sona çatmasına səbəb oldu, əsrin sonunda ABŞ Sakit okeana qədər genişləndi, sənaye inqilabı iqtisadiyyatı yüksəltdi, İspaniya-ABŞ müharibəsi və Birinci Dünya Müharibəsi ölkənin hərbi güc statusunu təsdiqlədi, İkinci dünya müharibəsi  ABŞ-ı qlobal bir supergecə, nüvə silahı yaradan və bundan istifadə edən ilk və yeganə ölkəyə çevirdi. 1991-ci ildə Sovet İttifaqının dağılması isə ABŞ-ı dünyanın yeganə supergücü etdi.
ABŞ BMT-nin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun təsisçi üzvüdür. Onun qlobal ÜDM-in təxminən dörddə birini təşkil edən nominal ÜDM üzrə dünyada ən iri iqtisadiyyatı var. ABŞ dünyada dəyərinə görə məhsulların ən böyük idxalçısı və ikinci ən böyük ixracçısıdır. Əhalisi dünya cəminin yalnız 4,3 faizi olmasına baxmayaraqABŞ dünyada ümumi sərvətin 31 faizinə sahibdir.
Mən ABŞ-ın dövlət bayramı barədə çox şey yaza bilərəm, amma qısa və konkret yazmaq tələb olunduğundan yalnız bir neçə məqamdan söz açıram. 1776-ci ildə ABŞ-in İstiqlaliyyət Bəyannaməsini 56 nəfər imzalamışdı, onlardan ən gənci 27 yaşlı Tomas Linç, ən yaşlısı isə 70 yaşlı Bencamin Franklin idi. Deklorasiyanı imzalayanlardan 7-si Harvard Universitetini bitirmişdi. Düzdür, deklorasiyanı imzalayanlardan bizdə ən çox tanınan şəkli yüz dollarlıq əskinasları bəzədiyi üçün hamıya doğmalaşmış Franklindir, amma sənədin hazırlanmasında, onun tətbiqində ən fəalları Con Adams və Tomas Ceferson olmuşlar. Və bu insanları qəribə tale izləmişdir. Sonradan ayrı-ayrı dönəmlərdə onların hər ikisi ABŞ prezidenti olmuşlar, hər ikisi də 1826-cı ildə eyni gündə dünyadan köçmüşlər. Amma bu da hələ hamısı deyil. Onların  hər ikisi məhz 4 iyul günü dünyadan köçmüşlər.
Düzü, mən bilmirəm, ABŞ-da da yalnız qargörən “hinduşkanı” (hindtoyuğu – red.) yemək dəbi varmi, ancaq bayram günündə amerikalılar mütləq hinduşka yeyirlər, bu ənənənin əsasını da Franklin qoyub. Franklin hətta ABŞ-ın simvolunun da hinduşka olmasını təklif edib, amma onu məzxərəyə qoyub yırtıcı qartalı qəbul ediblər. Amerikalılar öz dövlətlərinin “doğum gününü” sevgi ilə “4 iyul bayramı” adlandırırlar, həmin gün yalnız yeyib-içib kef edirlər. Bayramın əsas atributu tək hinduşka yemək deyil, ümumən çox yeməkdir. Həmin gün statistikaya görə amerikalılar 150 milyon dollarlıq hot-doq, 700 milyon dollarlıq toyuq əti yeyirlər. Və düz 1 milyard dollarlıq spirtli içki alıb içirlər! (Adamın orda bir “Şərab evi” ola, bir günə bir ilin qazancını əldə edib sonra da yıxılıb yatasan). Bayram günü atəşfəşanlıq yaratmaq da mütləqdir. Yenə də statistikaya görə bir bayram günündə partlatmaq üçün ABŞ Çindən düz 227 milyon dollarlıq pirotexnika alır.
Xeyir, həmin gün mədəniyyət kölgədə qalmır, düz düşünmürsünüz. ABŞ-ın ən səs-küylü blokbasterləri kinoteatr ekranlarına məhz İstiqlaliyyət günündə çıxır.
Vəssalam.

4 iyul, Azərbaycanın siyasi xadimi Rəbiyyət Aslanovanın 70 illik yubileyi
Bu yubileyin mövzuya o dəxli var ki, məmur, deputat kimi tanıdığımız bu xanım 2004-cü ildə “İslam mədəniyyət sistemində” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, fəlsəfə elmləri doktorudur. 2004-cü ildən BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. Bioqrafiyasında “Mədəniyyət” kəlməsi varsa, demək, bizim əhatə dairəmizdədir.
Rəbiyyət Aslanova Kəlbəcər şəhərində anadan olub, yeddi kitabın, 200-ə yaxın elmi məqalənin müəllifidir. Avrasiyanın siyasi, mədəni, iqtisadi, sosial, elmi inkişaf problemləri ilə məşğul olan məşhur Türkiyə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin üzvüdür. MDB Parlamentlərarası Assambleyasının Elm və Təhsil Komissiyasının sədr müavinidir. Tərcümeyi-halını həm də “Şöhrət” ordeni ilə təltif edilmişdir” kəlmələri bəzəyir.
4 iyul, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının direktoru Əliqismət Lalayevin 65 illik yubileyi
Teatrımızda bu şəxsin əvəzsiz yeri var desəm, yanılmaram. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini kimi, Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi, Şıxəli Qurbanov adına Dövlət Musiqili Komediya Teatrının direktoru kimi bu şəxs həyatını incəsənətə həsr etmişdir. Azərbaycan teatrları arasında ilk dəfə məhz Musiqili Komediya Teatrı beynəlxalq qurumda təmsil olunmaq fürsəti qazanmış, 2008-ci ildə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv qəbul edilmişdir. Bu gün teatrın tamaşalarını dünyanın 20-dən çox xarici ölkəsində, o cümlədən, ABŞ-da, Türkiyədə, İranda, Rusiyada maraqla izləyirlər. O, həm də sənətşünaslıq üzrə fəlsəfə doktorudur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.
Lalayev 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif edilib. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin direktorudur. Bir sözlə, Lalalayev soyadına uyğun olaraq teatrda lalələr açdırır.
“Haralıdır” sualını sevən oxucular narahat olmasınlar, deyəcəyəm, salyanlıdır.

5 iyul, Cənubi Azərbaycanın tanınmış maarifçisi Həsən Ruşdiyyənin 170 illiyi
Həyatını xalqının maariflənməsinə həsr edən, bundan ötrü böyük məhrumiyyətlər görən Həsən Mehdi oğlu Rüşdiyyəni niyə də tanımayaq? 1851-ci il iyul ayının 5-də Təbrizdə anadan olan bu şəxsiyyət mütərəqqi təlim-tərbiyə üsullarını öyrənib İranda yaymaq məqsədi ilə XIX əsrin 80-ci illərində Qafqaza gəlmiş, 1883-cü ildə İrəvanda azərbaycanlılar üçün yeni üsullu məktəb açmışdır. 1887-ci ildə İrana qayıdan Rüşdiyyənin 1888-ci ildə Təbrizdə açdığı “Dəbistani Rüşdiyyə”, “Mədrəseyi Rüşdiyyə” məktəblərini, 1897-ci ildə Tehranda açdığı yeni üsullu məktəbləri mürtəce ruhanilər və mövhumatçılar dəfələrlə bağlamış və qarət etmişlər. Buna baxmayaraq, Rüşdiyyənin məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. Bu məktəblərin tədris planına Azərbaycan, fars, fransız dilləri, ədəbiyyat, riyaziyyat, fizika kimi fənlər daxil idi. Tədris Azərbaycan dilində aparılırdı. Dövrün tanınmış ziyalı şəxsləri, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüsеyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar.
Ruşdiyyənin 1902-1903-cü illərdə Tehranda nəşr etdirdiyi “Məktəb” və “Tehran” qəzetlərində metodiki məqalələri ilə yanaşı, mütləqiyyət üsul-idarəsini ifşa edən yazıları da dərc edilmişdir. 1894-cü ildə M.Rüşdiyyə “Vətən dili” adlı əsərini yazmış, “Rüşdiyyəyi-Müzəffəriyyə”də tədris olunan ana dili dərsləri məhz bu kitab üzrə aparılmışdır. Sadə və aydın dildə yazılan bu dərslik onu qavramaqda məktəblilər üçün hеç bir çətinlik yaratmır, onlara Azərbaycan dilini sevdirirdi. Mürtəce mütləqiyyət rejiminə qarşı çıxdığı üçün həbs edilərək Xorasan əyalətinə sürgün edilən Rüşdiyyə 1905-1911-ci illərdə İran inqilabı dövründə Tehrana qayıtmış, ictimai-pedaqoji fəaliyyətini davam etdirmişdir. Rüşdiyyənin ən böyük хidmətlərindən biri də qadın azadlığı və qadın təhsili uğrunda mübarizə aparıb qızlar məktəbi açması, kоrlar üçün yеni охumaq üsulu iхtira еdib, оnlar üçün də məktəb təsis еtməsi olmuşdur.
Həsən Mehdi oğlu Rüşdiyyə 1944-cü il dekabr ayının 10-da vəfat etmişdir. Azərbaycanlılar üçün bu qədər işlər görən şəxsə gəlin bir kəlmə “Ruhu şad olsun!” söyləyək.

6 iyul, Ümumdünya Öpüşmə Günü
İnternational Kissing Day – səni də təqvimə salıblar, neynəyə bilərik ki? Qaragüruhu üstümə salmamaq üçün, mental xüsusiyyətlərə hörmət edərək bu gün barədə geniş danışmaqdan çəkinirəm. Amma mütləq şəkildə qeyd edirəm ki, öpüş zamanı insanın 146 əzələsi hərəkətə gəlir, nəticədə hər dəqiqə 2-3 kalori yandırılır. Dünyada ən uzun öpüş taylandlılar Ekkaxaye və Laksanaya məxsusdur, onlar sərasər 58 saat, 35 dəqiqə və 58 saniyə ərzində öpüşüblər. Öpüşmə səhnələri incəsənətdə də yer alıb, amma tarixdə ən məşhur “öpüşmə şedevri” real bir fotoqrafiyada fiksə olunmuş “fenomenal öpüşmə” hesab edilir. Bu fotonu yaşlı və orta nəsil gözəl xatırlayar, söhbət SSRİ-nin rəhbəri Leonid Brejnevlə Demokratik Almaniyanın rəhbəri Erik Henekerin öpüşməsindən gedir. Rəhmətlik nənəm hər dəfə bu fotonu görəndə deyərdi ki, “Bıy, ayıbınızı yer örtsün”.

7 iyul, tanınmış aktyor ƏləkbərHüseynovun 60 illiyi
Biz uşaq olanda bir aktyor var idi, Hüseynağa Sadıqov, ruhu şad olsun, ekranda onu görəndə bilirdik ki, uşaq saatı gəlib. Çağdaş dövrümüzdə həmin funksiyanı aktyor  Ələkbər Hüseynov daşıyırdı, o Ələkbər Hüseynov ki, uşaqlar onu sevə-sevə Ələkbər əmi çağırırdılar. Çox təəssüf ki, bu gün 60 yaşını qeyd etmək aktyora qismət olmadı, o, hələ 14 il əvvəl uzun sürən xəstəlikdən sonra vəfat etdi.
Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra Ələkbər Hüseynov 1988-ci il aprel ayının 5-dən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlamışdı, 2006-cı ildə Kukla Teatrının baş rejissoru təyin edilmişdi, uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuşdu. 2006-cı ildən ömrünün sonuna kimi Kukla Teatrında çalışan istedarlı aktyor həmin teatrın səhnəsində yaddaqalan obrazlar yaratmış, pyeslər yazıb onları teatrının rus bölməsində özü tamaşaya hazırlamışdı. Sənətdə qazandığı nailiyyətlərə görə “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı adını qazanmış, 2000-ci il oktyabr ayının 28-də Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adı ilə təltif olunmuşdu. Ələkbər Hüseynov 2007-ci ildə Polşanın “Təbəssüm Ordeni” mükafatına da layiq görülmüşdü. Bu da rəmzi məna daşıyır. Çünki illər keçsə də, Ələkbər əmi həmişə üzlərdə təbəssüm xatırlanır.

8 iyul, fransız şairi və təmsilçisi Jan de Lafontenin 400 illiyi
Lafonten (1621-1695) uzun, qıvrım saçlı bir saray şairi olub, kralın çörəyini yesə də ona asi çıxıb, Laröşfuko ilə dostluq edib, lirik şeirləri dillər əzbəri imiş, amma onu ədəbiyyat tarixində saxlayan təmsilləri hesab edilir. Ezop təmsilçiliyin əsasını qoysa da təmsilin didaktik nəzm formasının banisi bu şəxsdir. Hətta bizə rus Krılovun təmsili kimi sırıdıqları “Tülkü və qarğa” təmsili də bu fransıza məxsusdur.

10 iyul, fransız yazıçısı Marsel Prustun 150 illiyi
Lafontendən fərli olaraq Marsel Prust (1871-1922) ölkəmizdə çox tanınır. Fransız romançısı, esseist və tənqidçisi ən azı ən məşhur əsəri olan, 4800 səhifəlik, 7 cildlik “İtirilmiş zamanın axtarışı” romanı ilə ədəbiyyatsevərlərimizin qəlbini riqqətə gətirə bilib. Anası yəhudi ailəsindən olduğu üçün Prusta yəhudilər də sahib çıxırlar.
Deyim ki, ədəbi taleyi uğurlu olsa da şəxsi taleyi bədbəxçiliyə bürünüb yazıçının, doğulandan ta ki dünyadan köçənədək ağır vərəm xəstəliyindən əziyyət çəkib.
Prust Avropada ən çox sitat gətirilən yazıçıdır. Ondan bir sitat da mən gətirməyə borcluyam:“Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla etiraf edən, yaşı ötmüş və məsələn, ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş birisi, özündən daha gənc və daha saf, daha axmaq biri tərəfindən eyni qüsurların sərgiləndiyini görəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir” (“Dustaq” romanından).

10 iyulun şeir bəndi
Gəl otur yanımda səssiz, sədasız,
Ayrılaq bu gecə qansız, qadasız.
Son dəfə bir şeir oxuyum sənə.
Hər şeyi təzədən başlayaq yenə.

                              Adil Mirseyid

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.