Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı davam edir

Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı böyük müvəffəqiyyətlə davam edir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “TEKNOFEST Azərbaycan” festivalının ikinci günü də böyük maraqla qarşılanıb, şoular, müsabiqələr və əyləncə proqramı ilə zəngin olub.

 

İlk olaraq festival ziyarətçiləri “Smart Qarabağ” Hakatonunun gedişatı barədə məlumatlandırılıb. Hakatonda Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizə aparır. Finalda mübarizə aparmaq hüququ qazanan komandalar işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” təklif edirlər.

“Smart Qarabağ” Hakatonuna mayın 25-dən start verilib. Bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.

Hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarında mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və marafon fasiləsiz olaraq 50 saat davam edəcək.

Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), “Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.

Sonra Xəzər dənizində nümayiş olunan “Take on gravity show” festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Şou zamanı havada müxtəlif truklar və akrobatik hava nümayişləri təqdim olunub. Bakılılar və şəhərimizin qonaqları quraşdırılmış xüsusi tribunada nümayişi böyük coşqu ilə izləyiblər. Həmçinin ölkəmizdə ilk dəfə su üzərində “Flyboard” şousu təşkil olunub. Şou məşhur ispaniyalı “flyboarder” Lindsay McQueenin təqdimatında baş tutub.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə keçirilən hava şouları bu gün də ziyarətçilərin qəlbini fəth edib.

Günün birinci yarısında dövlət rəsmiləri sərgilərlə tanış olublar. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, müdafiə sənayesi naziri Mədət Quliyev, dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslər “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində nümayiş olunan hərbi texnikalara, Müdafiə Sənayesi Nazirliyinin və digər qurumların pavilyonlarına baxış keçiriblər.

Festivala qatılan “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu və akademiyanın Yüksək Texnologiyalar Parkının (YTP) təqdim etdiyi innovativ məhsullarına baxış keçirib.

Haluk Bayraktar ilk dəfə Türkiyədən kənarda, Bakıda keçirilən bu mötəbər festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Şirkətin baş direktoru AMEA pavilyonunda təqdim olunan məhsullar arasında xüsusən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərib, akademiyada əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

“Düşünürəm ki, bu festival hər il daha da inkişaf edərək böyük bir platformaya çevriləcək”, - deyə qeyd edən Haluk Bayraktar festivalda iştirak edən hər bir müəssisə və təşkilata uğurlar arzu edib.

Yüksək Texnologiyalar Parkının baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Haluk Bayraktarı rəhbərlik etdiyi texnoparkda əldə olunan nailiyyətlər, istehsal olunan rəqabətədözümlü məhsullarla yaxından tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün YTP-yə dəvət edib.

“TEKNOFEST Azərbaycan” çərçivəsində ilk gündən yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında müsabiqələrin keçirildiyi Yarışmaçılar Zonası bu gün də iştirakçıların maraqla ziyarət etdiyi məkanlardan olub. Müsabiqənin münsiflər heyəti komandaların stendlərinə baxış keçirir, qiymətləndirmələr aparırlar. Festivalda ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modelləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilir - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər, yaxud sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanıb.

Festivalda Kiber İdman üzrə Avropa çempionatının “Tekken7” yarışlarına start verilib. “Tekken7” üzrə Azərbaycan, Türkiyə, Fransa, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Şimali Makedoniya, Monako, Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, Uels, Malta və İsveçdən ümumilikdə 17 iştirakçı mübarizəyə başlayıb.

Mayın 27-də “Bakı Kristal Zalı”nda start götürən çempionatın qalibləri 28 may tarixində bəlli olacaq.

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

Festivalın ikinci gününün sonunda ziyarətçilər üçün musiqi proqramı və lazer şou təqdim olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.