Xalq şairi Səməd Vurğunun anım günü- vəfatının 66-cı ildönümü izsiz ötüşə də bilməzdi, şairin doğulduğu Yuxarı Salahlı kəndindəki Poeziya Evində bu münasibətlə yaddaşlarda qalan tədbir keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Qazax Yazıçılar Birliyinin sədri Barat Vüsal, Yazıçılar birliyinin üzvləri Mustafa Rasimoğlu, Mübariz Qaragözov, Azərbaycan Dövlət Universitetinin Qazax filialınin müəllim və tələbələri, Vurğunsevərlər iştirak edirdi.
Poeziya Evinin bələdçiliyi ilə tədbir iştirakçılarına şairin həyat və yaradıcılığı barədə geniş məlumat verildi. Tələbələr şairin şeirlərindən söylədilər.
Ən maraqlı məqamlardan biri - Qazax rəsm qalereyasının tələbəsi Həlimə Alməmmədova Səməd Vurğunun rəsmini çəkərək rayon üzrə rəsm müsabiqəsində birinciliyi qazanmışdı. Balaca rəssam çəkdiyi rəsmi Poeziya Evinin müdiri Mətanət xanıma hədiyyə elədi.
Sonra tədbir yenə də sazla, sözlə davam etdi.
Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandır ayrılıq dərdi.
Demə Səməd Vurğun gəldi gedərdi.
Unutmaz bu oba, bu mahal məni.