Bakı Dövlət Universitetində (BDU) birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir. Festival Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçirilir.
Dünən isə festivalın açılış mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Cəngi” rəqsi ifa olunub. Daha sonra Şuşa şəhərinin 270 illiyi və “Şuşa İli” ilə əlaqədar havaya içərisində şeirlər olan rəngli şarlar buraxılıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev festival iştirakçılarını ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı və məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universitetində görməkdən şad olduğunu bildirib. Rektor qeyd edib ki, BDU yarandığı gündən indiyə kimi bir çox tarixi hadisələrə şahidlik edib. Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı da həmin tarixi günlərin sırasında xüsusi yer tutacaq: “Əminəm ki, festival türk dünyasının sarsılmaz birliyinə, xüsusilə eyni mədəniyyətə, tarixə malik olan qardaş Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfə verəcək”.
Rektor festivalın təşkilində müstəsna rol oynayan və tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara xüsusi minnətdarlıq edib: “Çox məmnunuq ki, Azərbaycanla türk dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətləri günbəgün inkişaf edir. Burada mən xüsusilə Türkiyədən gələn qonaqları vurğulamaq istəyirəm. Bu gün Azərbaycan və Türkiyə arasındakı münasibətlər özünün ən yüksək səviyyəsinə çatıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı Azərbaycanla Türkiyənin dost və qardaş münasibətlərinin strateji inkişafının yol xəritəsidir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə ən yüksək səviyyədə davam etməkdədir. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında oldu, savaşın ilk anlarından ölkəmizə ən yüksək səviyyədə mənəvi-siyasi dəstəyini ifadə etdi. Məhz bu tarixi qələbənin nəticəsində bugünkü festivala Azərbaycanın qalib ölkə kimi ev sahibliyi etməsi çox qürurvericidir. Bu gün bu möhtəşəm festivalla eyni vaxtda TEXNOFEST keçirilir. Bu möhtəşəm elm, texnika festivalı da qardaş ölkələrimizin dostluğunun, birliyinin daha bir parlaq nümunəsidir”.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxışında Azərbaycan və Türkiyənin həm silahının, həm sözünün güclü olduğunu qeyd edib, bütün dünyaya barış, sülh arzulayıb: “Hər xalq öz doğma torpağında əkib-becərsin, mahnılar yazsın, kitablar oxusun, belə kitab bayramlarını ürək açıqlığı ilə qeyd edə bilsin”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı Aqil Abbas, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, TÜRKSOY-un Baş katibinin köməkçisi Bilal Çakıcı çıxışlarında birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar.
Qeyd edək ki, mayın 26-dan 28-dək keçirilən festivala türk dövlətlərinin tanınmış alimləri, qələm adamları qatılıblar. Tədbirin birinci günü “Şuşa Günü”, ikinci günü “Türk Dünyası Günü”, üçüncü günü isə “Dədə Qorqud Günü” adlandırılıb. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək. Festival türk dünyasının böyük mütəfəkkirləri Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirələrinə həsr edilib. Festivalda türk dövlətlərinin alimləri həmin ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər. Tədbir çərçivəsində Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Əhməd Cavad, Xurşidbanu Natəvan, Hüseyn Cavid, Əhməd Baydursunlu, Mirzə Fətəli Axundzadə, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub. Tədbirin sonuncu günü, mayın 28-də festivalın təntənəli mükafatlandırma mərasimi təşkil olunacaq.
Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı gələn il Türkiyədə təşkil ediləcək.