Super User

Super User

Cümə, 27 Avqust 2021 10:17

Tisian Veçellio. “Gözəl qız”

Cümə, 27 Avqust 2021 10:15

25 avqust. 2021. Bitlis.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibəti ilə təşkil olunmuş mərasimdə çıxış edərkən.

Lətifələr adətən şifahi xalq yaradıcılığı hesab olunur, amma onların hər birinin arxasında konkret şəxs dayanır.  Bizim şimal qonşumuz lətifəsevəndir, yəni, ruslar üçün vodka necə önəmlidirsə lətifə də eyni dərəcədə önəmlidir. Rus lətifələrinin xeyli qismini Andrey Knışev yazıb, məlumatlısınızmı? 64 yaşlı bu şəxs günü bu gün də insanlara təbəssüm bəxş edir, özü də əsla qocalmır.
“Ədəbiyyat və incəsənət” portalı onun 20 qara lətifəsini və aforizmini sizlərə təqdim edir:

Bir oğlan qoca qarı ilə evləndi. O öləndə, onun bütün sərvəti qarıya qaldı.

Sovet insanının dünənki günə ümidi yoxdur.

Hərdən “Əl çək” demək istəyirəm. Ancaq kimə deyəsən?

Onun təmiz olan şeylərə meyli çirklənmişdi.

Mən özümə vurğun deyiləm. Sadəcə, özümdən xoşum gəlir.

Bütün dahiyanə işlər sadədir, amma zövqlə işlənib.

Brakonyer Potapov intihar edəndə özünü gözündən vurdu ki, dərisi korlanmasın.

Bütün işləri başda duranından başlayın. Qalanları özləri düz-qoş olacaqlar.

Köhnə çarpayının paslanmış dəmir döşəyini tullamağa tələsməyin. Bunu yavaş-yavaş, həzzlə eləyin. (“Faydalı məsləhətlər” silsiləsindən).

İnsan xoşbəxtlik üçün doğulub, necə ki, toyuq bulyoncun doğulub.

Dayan, inkişaf! Sən çox gözəlsən.

Haçansa bəşəriyyət “skleroz”, “infarkt”, “morazm” sözlərini unudacaq. Çünki həkimlərin səyi ilə insanlar cavan və sağlam öləcəklər.

Yalnız həyat bizim başımıza yaxşıca ilişdirəndə içimizdəki xırdaçılıqlar tökülür.

Bir dəqiqə gülüş ömrə bir il əlavə edir. Amma şərti il.

Hara tüpürmək istəyirsənsə, ora səndən əvvəl, özü də dəfələrlə tüpürüblər.

Statistikaya görə, saqqallı kişilər saqqallı qadınlara nisbətən daha çox xəyanət edirlər.

Nə qədər şiddətlə qapımı döysəniz bir o qədər şiddətlə mən evdə olmayacağam.

Qonağa çay verəndə stəkanı ağzına qədər doldurun ki, şəkər töküb qarışdıra bilməsin.

Müsbət keyfiyyətlərdən o şəxsdə təkcə rezus-faktor var.

Həyat yaxşı keçirsə, demək o, haradasa çat verib.

Hazırladı: Kənan Məmmədli

Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun: Doroteya Lanj: “Mühacir Ana". 1936-cı il.
Reportyor işləmiş Doroteya Lanj bu məşhur fotonu 1936-cı ildə, Böyük Depressiya illərində Amerikada - San-Fransisko şəhərində çəkmişdir. Sonradan o, bu foto barədə 1960-cı ildə danışmışdır: "Mən hər cür ümidini itirən ana gördüm, məni o maqnit kimi çəkdi, mən hər dəfə ona yaxınlaşanda, cəmi  beş dəfə şəklini çəkdim, amma heç onun adını da soruşmadım. O, 32 yaşında olduğunu və uşaqlarıyla  atılmış donmuş tərəvəzlərlə, habelə sapandla vurduqları quşlarla qidalandıqlarını söylədi. Həmin gün o, ənənəvi yollarla qida əldə edə bilmədiyi səbəbindən bir az yemək almaq üçün avtomobil şinlərini satmışdı".
 10 mart 1936-cı ildə “San Francisko xəbərləri”ndə bir məqalə getdi və bu foto dərc edildi. Məqalədə qeyd edilirdi ki, mühacirlər ac və ümidsiz halda yaşayaraq San-Fransisko ətrafında məhsul yığımında iştirak edirlər.
Bu naməlum qadının şəkli dərhal bütün ölkədə, tezliklə isə bütün dünyada yayıldı. Və orijinal fotoşəkil 2005-ci ildə auksionda çəkicdən $296 min dollara satıldı.

Şəkil: 100photos.time.com

AzərTAC xəbər verir ki, Teymur Kazımov “Klivlend mədəniyyət bağları”nda keçirilmiş “The Stars od Summer” Vokalçıların və Pianoçuların II Beynəlxalq Müsabiqə-Festivalında onlayn formatda iştirak edib və “Akademik vokal” nominasiyasında Qran-Pri mükafatını qazanıb. Müsabiqədə Azərbaycandan olan iştirakçılardan başqa, ABŞ, Kanada, Avstriya, Rusiya, Almaniya, Yunanıstan, Ukrayna və Çinin pianoçu və vokalçıları iştirak ediblər. Müsabiqənin sponsoru “Geauga West Rotary Club” Teymur Kazımova pul mükafatı təqdim edib. O, həmçinin münsiflər heyətinin üç üzvü tərəfindən onların ölkələrində keçiriləcək festival və tədbirlərə dəvət alıb.
T.Kazımovun laureatların qala-konsertində də onlayn rejimdə çıxış edib. Teymur Kazımovun müsabiqəyə hazırlanmasında BMA-nın məktəb-studiyasında solo vokal sinfi üzrə müəllim Ofeliya Axundova və konsertmeyster Dilarə Kərimova iştirak ediblər.
Qeyd edək ki, Teymur Kazımov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xüsusi musiqi məktəb-studiyasının şagirdi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçısı, beynəlxalq müsabiqələr laureatıdır.
Müsabiqədə Azərbaycanı həmçinin beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova təmsil edib, o, “Akademik vokal” nominasiyasında birinci yerə layiq görülüb və iki münsifdən dəvət alıb.

 

Dünya ədəbiyyatı nəhəngləri sırasına adını yazdıran Drayzer ölməz irs qoyub gedərək min illər bundan sonra da aktual olaraq qalacaq, buna şübhə yoxdur. Dahilərin tərcümeyi-halını oxumaq çox maraqlıdır, mütləq nəsə əxz edirsən. Teodor Drayzer 1871-ci il avqust ayının 27-də ABŞ-ın İndiana ştatının Teppe-Xot şəhərində anadan olub. 1889-cu ildə İndiana universitetinə qəbul olsa da maddi vəziyyəti üzündən təhsilini yarımçıq qoyub. 1892-1894-cü illərdə Çikaqo, Sent-Lui, Pitsburq şəhərlərinin qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, 1894-cü ildə Nyu-Yorka köçüb və orada qardaşının təsis etdiyi «Every month» jurnalında 1897-ci ilədək redaktor kimi çalışıb. Teodorun qələmi çox itiydi, yazdıqları diqqəti cəlb edirdi. Səliqə-səhman da var idi yazılarında, üsyançılıq da, zövqoxşama da. İlk oçerk və hekayələri elə həmin 1897-ci ildə çap olunub. 1900-cü ildə ilk irihəcmli əsəri olan “Kerri bacı” işıq üzü görüb, dərhal Drayzerin şöhrəti Amerikanı bürüyüb. 1911- ci ildə o, “Cenni Herhardt” romanını çap etdirdi, hər iki romanında Drayzer sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid etmişdi. 1912-ci ildə “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi”, həmin ildə yazdığı “Dözümlü adam” və 1914-cü ildə “Titan” romanlarında bu dəfə Amerika inhisarçı kapitalizmi ifşa olundu. 1915-ci ildə Drayzerin qələmindən növbəti şedevr çıxdı - yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi göstərilirdi. Yazıçı ki xalqının məhrumiyyətlərinə biganə yanaşdı, o nə yazıçıdır? 1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirini əks etdirən hekayə və esselər yazmağa başladı. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan, Amerika ədəbiyyatında realizmin zirvəsi və ədibin ən məşhur əsəri olan “Amerika faciəsi”nin mövzusunu təşkil etdi. 1927-ci ildə dəvətlə SSRİ-yə gələn Drayzer solçu meyillərini gizlətmirdi, 1929-cu ildə “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaratdı. 1930-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülsə də bu ona qismət olmadı. 1944-cü ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Amerika İncəsənət və Ədəbiyyat Akademiyası yazıçını fəxri qızıl medalla təltif etdi.

 

Teodor Drayzer 1945-ci il dekabr ayının 28-də 74 yaşında Hollivudda vəfat etdi.

 

27 avqust. Ümumdünya Bağışlama Günü

 

Qərəz, xudpəsəndlik, kin, nifrət. İnsan ömrünü məhv edən, gününü qara boyayan nəsnələrdir. O gün bir gənc bir yaşlı insanı yıxıb sürüyürdü, deyirdi ki, xaindir, mənim Facebook statusumu like eləməyib. Deyirdi, ölənədək onunla düşmənəm. Bəli, eynən bu cür. Bəzən iki dost elə səbəbsiz düşmən olur, iki sevən elə sadə bir şeydən ötrü ayrılır ki. Səbəb bağışlamağı bacarmamaqdır. Bağışlama günü bağışlamaq və bağışlanmaq zamanını bildirmirmi, bildirir. Belə bir gün təqvimdə var idi, onu başqa bir təşkilat keçirirdi. Bugünkünü isə Christian Embassy of Chirts Ambassadors təşkilatı keçirir. Deyirlər, qoy insanların bir-birini bağışlamağa daha bir şansı olsun. Bu bayram Kanadada – Vankuver şəhərində doğulub. Bu gün mütləq kimisə bağışlayın, bu barədə qərarınızı da başqalarına açıqlayın, qoy bu nəcib hərəkətiniz ayaq açıb yerisin. Dünyanı bağışlamaq xilas edəcək.

 

27 avqust Səbəbsizliklər Günü

 

Çox maraqlı bir gündür. Günün adı “Sadəcə, elə-belə günü” kimi qeyd edilir. Məğzi odur ki, sizin səbəbsiz olaraq kiminçünsə yaxşılıq etmək, özünüzü sevindirmək  şansınız yaranıb. Özünüzə növbədənkənar istirahət günü götürün. Uzun illər görmədiyiniz bir adamla gedib görüşün. Lazımsız bir şey alın. Tanımadığınız adamın qapısını döyüb qonaq olun. Yoldan keçən sevən cütlüyə çiçək alıb hədiyyə edin. Parkda otun üzərinə uzanıb səmaya baxın. Hətta daha cəsarətlilər uşaq kimi gölməçələrin üzərindən tullana, arxa-arxaya yeriyə bilərlər.

 

27 avqust. Marqaret Vulf günü və Ginnesin Rekordlar Kitabının yaranışı

 

Moldovanın müstəqilliyi günü, Rusiyada kino günü, İranda farmasevt, Ukraynada sala (donuz piyi yəni), Britaniyada burger, ABŞ-da milli banan günü. Və bir də Hersoginya günü. Bu gün İrlandiya yazıçısı, romançı Marqaret Vulf Xanqerfordun şərəfinədir, Vulf romanlarını ABŞ-da Hersoginya təxəllüsü ilə dərc etdirərmiş. Üstəlik, onun ən məşhur romanı da bu cür adlanır.

 

1977-ci ildə Çernobıl AES-in 1-ci enerji bloku fəaliyyətə başlayıb. 1959-cu ildə qərara alınıb ki, SSRİ məktəblilərinin əlaçı olanları məktəbi bitirəndə medal alsınlar. 1955-ci ildə Ginnesin rekordlar kitabının ilk nəşri işıq üzü görüb. 1576-cı ildə böyük italyan rəssamı Tisian doğulub.

 

(Varisin “21-31 avqustun təqvimi” yazısından)

 

 

 

Türkiyənin Antalya bölgəsində - açıq səma altında  baş tutan “Antalya Fashion Week Digital 2021” moda defilesində Azərbaycanın 44 günlük müharibədəki tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.
Kolleksiyanın özəllikləri ondadır ki, tarixi zəfər noyabrda - 11-ci ayda  qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü özündə əks etdirir.
Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xari Bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır.
Əl ilə işlənmiş saç sancaqları isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.
Bu moda yeniliyini həm tarixi anlamına, həm də tərtibat gözəlliyinə görə tamaşaçılar coşqu ilə qarşılayıblar.

Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən ilk foto ilə tanış olun:
“Göydələndə nahar”
On bir kişi nahar edir, söhbət edir və siqaret çəkir. Hər şey adi olardı, əgər onlar bunu yerdə etsəydilər. Lakin onlar Manhattan üzərində 69-cu mərtəbə səviyyəsində polad balka üzərində oturaraq bunu edirlər. Naməlum fotoqrafın çəkdiyi və şərti olaraq "Göydəlındə nahar"
adlanan fotoda  məhz bu səhnə əks etdirilib. Foto 29 sentyabr 1932-ci ildə heç bir quruluş olmadan, real işçilərlə hazırlanmışdır və bir neçə gün sonra Nyu-York Herald Tribune-da yayımlanmışdır.
Fotoqrafiya Böyük Depressiya zamanı çəkilmişdir. Ümidsizliyə düçar olan insanlar istənilən işə hazır olduqlarından heç bir sığorta olmadan bu nəhəng hündürlüyə qalxıblar ki, tikinti işləri ilə məşğul olsunlar.
Bu Amerikanın yaxın tarixinin bir reallığıdır.

Şəkil: 100photos.time.com

Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.
Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumata görə, Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.
100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir.
Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək.
İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkili planlaşdırılır. Sanitariya-gigiyena qaydalarının tətbiqi ilə yanaşı, sərgi-yarmarka məkanında sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılacaq. Qeyd olunan tədbirlərlə bağlı əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar veriləcək.
Sərgi-yarmarkaya iştirakçı və ya ziyarətçi qismində qatılmaq istəyənlər ətraflı məlumat əldə etmək üçün sərginin rəsmi veb-saytına (www.bakubookfair.az), sosial media hesablarına daxil ola və yaxud telefon (+99412 404 10 00), e-mail ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilk dəfə 2009-cu ildə keçirilib.

Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın təbliği sahəsində növbəti addımını atıb. Belarusun populyar “Stihi.bu” ədəbiyyat portalı görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının, rus dilinə tərcümə olunmuş “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərini dərc edib, habelə şairin yaradıcılığı haqqında məlumata  yer ayırıb.
Şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan tərcüməçisi, mərhum şair Vladimir Qafarovdur.
Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış Belarus portalı öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrini rus və belarus dillərində dərc edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.