Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın dördüncü və sonuncu plenar sessiyasında “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi ilə ekosistemlərin qorunması” mövzusunda müzakirələr aparılıb. Plenar sessiyada spikerlər - İslam dünyası təhsil, elm və mədəniyyət təşkilatının (ICESCO) “Dayanıqlı və ağıllı şəhərlər” layihəsinin koordinatoru Fuad El Ayni, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Basaran, Biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi və digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elm siyasəti platformasının (BEXHP/ IPBES) nümayəndəsi Rövşən Abbasov çıxış ediblər.
Konfransda çıxış edənlər bildiriblər ki, “Ağıllı şəhər” konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir və bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda bununla bağlı müxtəlif təlimlər keçirilməlidir.
Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyinin aclıq və digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır və bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. “Ağıllı kənd” layihəsinin həm ekosistem üçün, həm də modern texnologiyalardan istifadə üçün gözəl plan olduğu bildirilib.
Panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bağlanış mərasimi keçirilib.