Ümid Nəccarinin tərcüməsində
“Ədəbiyyat və incəsənət” portalı “Dünya ədəbiyyatı” rubrikasında bu dəfə sizləri Nobel mükafatı laureatı Luiza Qlükün şeirləri ilə tanış edəcək. Luiza Qlük/Louise Elisabeth Glück - XX əsrin görkəmli ABŞ ədibi, şairə, esseist, tərcüməçidir.
1943-cü il aprelin 22-də Nyu-Yorkda anadan olub. Uşaqlığı Lonq-Aylenddə keçib. 1961-ci ildə Corc V.Hyulett orta məktəbini bitirib. Təhsilini daha sonra Sara Lourens kollecində və Kolumbiya Universitetində davam etdirib. Qlük 1993-cü ildə "Yabanı süsən" adlı şeir kitabıyla poeziya nominasiyasında Pulitser mükafatına layiq görülüb. Şairə bundan başqa "Axillesin zəfəri" kitabıyla Milli Kitab Tənqidçiləri Birliyinin, "İlkin" kitabıyla isə Amerikan Şairlər Akademiyasının mükafatlarına layiq görülüb. Qugenheym və Rokfeller Fondlarının, eləcə də Milli Sənət Fondunun təqaüdlərini alıb.
Hal-hazırda Kembricdə, Massaçusets ştatında yaşayır. Əvvəllər bu ştatdakı Vilyams Kollecində ingilis dili ixtisası üzrə baş müəllim kimi çalışıb. Şairə hazırda Yel və Boston universitetlərində yaradıcı yazı sənətindən dərs deyir.
"Axillesin zəfəri" (1985), "Yabanı süsən" (1992), "Çəmənliklər" (1996), "Vita Nova" (1999), "Yeddi yaş" (2001), "Averno" (2006) və başqa 11 şeir kitabının müəllifidir.
Ödülləri sırasında Boston Qloub Ədəbi Mətbuat Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Melvil Keyn Mükafatı, Konqres Kitabxanasının Rebeka Conson Bobbit Milli Poeziya Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Vilyam Karlos Vilyams Mükafatı, "Nyu-Yorker" Poeziya Mükafatı da var.
O, eyni zamanda "Sübutlar və nəzəriyyələr: Poeziya haqqında esselər" (1994) kitabına görə Pen-Marta Albrand mükafatına, Yel Universitetinin "Poeziya sənətində ömür boyu qazandığı uğurlara görə" iki ildə bir verilən "Bollingen" Mükafatına (2001) layiq görülüb. Luiza Qlük Amerika Akademiyası İncəsənət və Ədəbiyyat İnstitutunun üzvüdür. Şairə 1999-cu ildə Amerikan Şairlər Akademiyasının kansleri seçilib, 2003-2004-cü illərdə isə (Billi Kollinzdən sonra) ABŞ-ın ən yüksək poetik titulu olan laureat-şair adını alıb.
Qlük 2020-ci ildə isə, yuxarıda qeyd etdiyimiz kimi, "individual mövcudluğu sadə gözəlliklə universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.
OLMAMAQ
İndi yenidən görmək olur onları,
boz dağda qırmızı tutları
və göy üzünün qaranlığında
quşların gecə-gecə köçlərini…
Qəmgin edir bu xəyal məni
ölən kəslər, görmürlər...
Görmürlər bu kiçik şeyləri-
biz bağlamışıq onları bir-birinə
onlar qayıbdırlar.
Necə rahat olsun ruh?!
Özüm özümə deyirəm;
Daha bu xoşluqlara ehtiyac yoxdur bəlkə,
təkcə olmamaq bəlkə bu rahatlığa bəs edər
Təsəvvürü çətin olsa belə...
KƏPƏNƏK
Bax, bir kəpənək!
Arzu etdinmi?
Bura kimi kəpənəklərlə arzu etməmisən?
Et bunu!
Arzu etdinmi?
Bəli!
O zaman doyunca arzu et!
ƏLAMƏT
Ulduzlar çiçəklərin yumşaqlığında
təpənin yaxınlığında
astaca dolanırlar
bir-birinə hörülmüş kölgələr…
Burada heç bir yarpaq ayrı düşməyib,
hətta tikan belə.
Birgə olmaq üçün
hər şey bir-birinə qovuşub.
Havanı kəsmir Ay işığı,
lacivərdi işıq
uyumaq üçün astaca gəzir.
Gecə boyu heç bir aşkar əlamət yoxdur
mənim qucağımdan başqa.
TRİLLİUM
Oyandığımda ormandaydım,
adi görünürdü qaranlıq...
Küknar ağaclarının arasında,
göy üzü işıq parçaları ilə dolu idi.
Heç bir şey anlaya bilmirdim,
yalnız izləyirdim.
Izlədiyimdə göy üzünün bütün işıqları soldu,
soyuqluq arasında alovlar kimi.
O anda məhv olmamaq mümkün deyildi,
göy üzünü izləmək,
Ölümə ehtiyacı olan canlar,
mənim sığınacağa ehtiyacım olduğu kimi…
Bundan artıq söz desəm,
bu soruya da cavab tapacam,
görəcəyəm onların gördüklərini,
bir nərdivan özündən yuxarı qalxır...
düşün, mənim indi düşündüyümü…
Xəbərsiz ayıldım ormanlıqda,
bir az öncə bildim ki,
öz səsimi özümə versələr əgər
başdan-başa kədərli olacaq,
cümlələrim ağrıların fəryadından olan zəncir,
nə edəcəyimi bilmirdim,
ki, Söz gəldi,
ki, hiss etdim
yağış məndən süzülür…