Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü qeyd olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, builki beynəlxalq tədbirdə qalib Azərbaycanın mədəniyyətini, incəsənətini daha parlaq və geniş təbliği ilə əlaqədar tədbirlər həyata keçirilib. Tədbirlər planı çərçivəsində muzeydə “Şuşa guşəsi” yaradılıb. Guşədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfərlərini əks etdirən fotolar, Xarıbülbülün rəmzi, Şuşadan gətirilmiş torpaq, eləcə də Şuşanın kiçik maketi nümayiş etdirilib.
Gürcüstan Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Tamta Çalabaşvili, eləcə də ictimaiyyət nümayəndələri muzeydəki eksponatlarla yanaşı, “Şuşa guşəsi”nə də baxıb, Azərbaycanın mədəniyyət nümunələri və inciləri ilə yaxından tanış olublar. Tamta Çalabaşvili jurnalistlərə müsahibəsində deyib ki, Beynəlxalq Muzeylər Günündə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi rəsm sərgisi, eləcə də muzeydəki “Şuşa guşəsi”nin yaradılması olduqca təqdirəlayiqdir. O, Azərbaycan mədəniyyətinin təbliği və qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Qeyd edək ki, builki beynəlxalq tədbirdə Tbilisidəki daha bir muzey – Nəriman Nərimanovun Ev-Muzeyi də iştirak edir.
Muzeyin elmi işçisi Leyla Əliyeva AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olunub. Muzeydə “Şuşa guşəsi”nin yaradılması da “Şuşa İli” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən biridir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.
“M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi Azərbaycan mədəniyyətinin, incəsənətinin Gürcüstanda inkişafı, təbliği və təşviqi sahəsində bir sıra mühüm layihələr həyata keçirəcək” – deyə L.Əliyeva vurğulayıb.