İranda görkəmli şair-filosof Firdovsinin doğum günü qeyd olunur

 

Mayın 15-də İranda “Şahnamə” poemasının müəllifi, görkəmli şair-filosof Əbdülqasım Həsən ibn Əli Tusun (Firdovsinin) (934-1025) doğum günü qeyd olunub.

 

AzərTAC İrandan xəbər verir ki, şairin doğum günü hər il müxtəlif təntənəli tədbirlərlə qeyd edilir. İranın Xorasan vilayətinin Tus şəhərində anadan olan şair uzun illər orduda xidmət edərkən xalqın məişəti, mifləri və əfsanələrini öyrənmiş, emosional təsirə malik şeirlər yazmışdı. Ə.Firdovsinin həyatı haqqında dövrümüzə az məlumatlar çatıb. Lakin dünya mədəniyyətinin ən görkəmli abidəsi hesab edilən “Şahnamə” şairin həyatı barədə də məlumatlar verir.

Ə.Firdovsinin fəlsəfəsi ondan ibarətdir ki, cəmiyyətdə hər kəs vicdanlı, vətənini, xalqını sevən, hər zaman hər yerdə haqsızlığa qarşı mübarizə aparan, sağlamlığına diqqət edib fiziki baxımdan güclü və humanist olmalıdır. Eyni zamanda, dostluğa və məhəbbətə sadiq qalmalıdır. Onun əsərinin əfsanəvi qəhrəmanları Rüstəm, Siyavuş, Cəmşid məhz belə yüksək keyfiyyətlərə malik personajlardır.

“Şahnamə” əsərini tamamlayan şair onu sultan Mahmud Qəznəviyə təqdim edir. Lakin Ə.Firdovsinin azadlıq sevgisi ilə yaşayan qəhrəmanları qəddar və despotik fikirlərə malik sultanın xoşuna gəlmir və şair təqiblərlə üzləşərək İrandan qaçmaq məcburiyyətində qalır.

Rəvayətə görə, Qəznəvilər dövlətinin hökmdarı Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini deyir, lakin "Şahnamə"ni oxuyandan sonra bəyənmir və Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir. Firdovsinin 30 ilə yazdığı "Şahnamə" poeması İranın VII əsrədək olan tarixini özündə əks etdirir. Bu əsər 60 min beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir.

Sonralar İrana qayıdan Ə.Firdovsi doğma Tus şəhərində vəfat edir. Sultanın qəzəbinə tuş gələn şairin nəşinin şəhər qəbiristanlığında dəfn edilməsinə icazə verilmir. Böyük şair-filosofu bir neçə dostu öz evinin bağçasında dəfn edirlər.

Ə.Firdovsinin anadan olmasının min illiyi münasibətilə Rza şah Pəhləvi 1928-ci ildə onun qəbri üzərində mavzoleyinin ucaldılması haqqında sərəncam verir. Bu gün şairin mavzoleyi İrana gələn turistlərin sevimli yerlərindən biridir.

Məşhəddəki Firdovsi Universitetinin ədəbiyyat kafedrasının müəllimi professor Fərzad Qaemi “Şahnamə”ni İranın ən qədim ədəbiyyat nümunəsi adlandıraraq bildirib ki, ondan əvvəl Əbu Mənsur, Ədbülməyid Bəlxi, Əbu Məsudu və digər şairlər də “Şahnamə” yazıblar. Professor qeyd edir ki, şaha ithaf olunan böyük əsərlər “Şahmanə” adlandırılırdı, bu da böyük bir ədəbi cərəyanın yaranmasına səbəb olmuşdu. Lakin Firdovsinin “Şahnaməsi” onunla fərqlənirdi ki, o, İran tarixini, mədəniyyətini və milli kimliyini ədəbi üsulla çatdırmışdı.

Qeyd edək ki, Firdovsi ömrünün son illərində yazdığı “Yusif və Züleyxa” əsərində “Şahnamə”ni özündən uydurub yazdığını etiraf edir. 

Şairin əsərləri bir sıra dillərlə yanaşı, Azərbaycan dilinə də tərcümə edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.