Mədəniyyət Nazirliyi dünyaşöhrətli violin ifaçısı Dmitri Sitkovetskini Bakıya dəvət edib Featured

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə may ayının 15-dən Bakı şəhərində “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcəkdir. Tədbirlər mayın 20-dək davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, hazırda Londonda yaşayan dünya şöhrətli violin ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olmuşdur. D.Sitkovetski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin oğludur.

Doğulduğu ölkəyə xüsusi həssaslıqla yanaşan musiqiçi bir həftə ərzində yaradıcılığının fərqli sahələri ilə Bakılı musiqisevərlərin mədəni həyatını rəngləndirəcək. Artıq 15 və 16 may tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ilk ustad dərsi keçirilmiş və tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır. Ustad dərsləri bu gün də davam etdiriləcəkdir.

Ötən gün sənətçi həm də YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı video-mühazirə ilə çıxış etmişdir.

Bundan əlavə, Dmitri Sitkovetski növbəti günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirəcək, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestri ilə birgə çıxış edəcək, Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Violin incəsənətinin qızıl əsri” adlı növbəti elmi mühazirəsini təqdim edəcəkdir.

Qeyd edək ki, D.Sitkovetskinin iştirakı ilə ustad dərsləri və mühazirələr Mədəniyyət Nazirliyinin musiqi sahəsində təşkil etdiyi təlim proqramının bir hissəsidir. İl ərzində həmçinin digər tanınmış musiqiçi və pedaqoqların ustad dərslərinin təşkili nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.