Super User

Super User

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında “Nəğməmə inan” tamaşasının premyerası olacaq.

 

Teatrın yaydığı məlumatda bildirilir ki, teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın ilk təqdimatı bəstəkarın doğum günündə fevralın 4-də saat 19:00-da onu sevənlərə təqdim olunacaq və bu tamaşa həmçinin fevralın 5-də də oynanılacaq.

Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.

Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Yazıçı Xeyrəddin Qocanın satirik “Gözlərim” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır. 

 

 

Uşaqlıqdan gözü qıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki çıxmır. Böyürdən biri "pık" eləyən kimi bağrım yarılır. Yəqin, maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?

O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməzliyə vururam.

Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. 

Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki! 

Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməzliyə. Çünki binayi-qədimdən belə olub, nə qədər müsəlmançılıqdı yəqin, həmişə də belə olacaq. 

Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür, kim-kimi "döyür". 

Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyiləm ki", - deyə düşünüb, özümü vururam görməzliyə.

Başağrısı olmasın, mənim gördüyüm, görməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Çərşənbə axşamı, 31 Yanvar 2023 13:30

Əli Kərimin şeirləri Azərbaycan, türk və rus dillərində

Əli Kərimin “Vəsiyyət” kitabı rus dilində, “Hər kəsə məktub” kitabısa Azərbaycan və Türkiyə türkcəsində  nəşr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin və  Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyilə nəşr olunan kitablar CBS mətbəəsində çap edilib. 

Kitablar Beynəlxalq Muöam Mətkəzində keçirilən Əli Kərimin xatirə gecəsində təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Hindistanın Dehli şəhərində Beynəlxalq Otel İdarəetmə İnstitutunun (International İnstitute of Hotel Management) təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023”ün (“Young Chef Olympiad 2023”) açılış mərasimi olub. Azərbaycanın da təmsil olunduğu yarışmada 55 ölkədən gənc aşpazlar iştirak edir.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq yarışmada ölkəmizi gənc aşpaz Emil Zeynalzadə və onun müəllimi təmsil edir. Təmsilçilərimiz Delhidən Qoa şəhərinə gedərək, orada Hindistan, Malayziya, Kolumbiya, Əfqanıstan və digər başqa ölkələrin komandaları ilə mübarizə aparacaq. Komandamız ən uğurlu 10-luq siyahısına düşə bilsə, o zaman Hindistanın Kolkata şəhərində keçiriləcək yarışmanın finalına qatılacaq. 

Qeyd edək ki, olimpiada fevralın 4-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Ünlü bədii qiraət ustası, Xalq Artisti Əminə Yusifqızından 23.07.1998 tarixində götürülmüş müsahibə. 

 

 

 

-​Əminə xanım, sizi ən yüksək fəxri ad olan Xalq artisti adı almağınız münasibətilə ürəkdən təbrik edirik.

 

-​Çox sağ olun.

 

-​Biz sizi klassik və müasir poeziyamızın yorulmaz təbliğatçısı, bədii qiraət ustası kimi tanısaq da, sənət fəaliyyətinizə teatr aktrisası kimi başlamısınız? Necə oldu ki, teatr səhnəsi ilə vidalaşdınız?

 

-​Mən sənət fəaliyyətimə Gənc Tamaşaçılar Teatrının səhnəsində başlamışam. Məni ora bədii qiraət müsabiqəsi zamanı görüb bəyənən, teatrın direktoru Zəfər Nemətov dəvət eləmişdi. Amma sonra gördüm ki, orada arzusinda olduğum sənət atmosferi yoxdur. Uzaqlaşmalı oldum.

 

-​Axı, o vaxtlar Gənc Tamaşaçılar Teatrında Yusif Vəliyev, Hüseynağa Sadıqov, Firəngiz Şərifova kimi aktyorlar işləyirdilər.

 

-​Adını çəkdiklərinizin içərisində ən istedadlısı Yusif Vəliyev idi. O, həmişə mənə deyərdi ki, Əminə, özün getdin canını qurtardın, biz qaldıq burda.

 

-​Deyilənlərə görə, Yusif Vəliyev qəribə adam olub?

 

-​Mən onunla uzun illər həm də kinostudiyada dublyajda olmuşam. Onda elə bir qeyri-adi qəribəlik görməmişəm. Sadəcə olaraq, hər bir istedadlı adam kimi öz işinə qarşı çox tələbkar və ciddi idi. Yüksək zövqə sahib idi. Əgər bunu qəribəlik hesab edirdilərsə, mən belə qəribəliyi alqışlayırm. Hər bir istedad sahibində belə qəribəlik olmalıdır. Mən özümü böyük bir istedad hesab eləmirəm, amma həmin ciddilikdən məndə də var. Hər rolu bəyənməmişəm. İllər boyu gözləmişəm ki, mənimçün xüsusi rol yazılacaq. Gözləyə-gözləyə də qalmışam.

 

-​Xarakterinizdəki ciddilik bir aktrisa kimi yüksəlişinizə mane olmayıb ki?

 

-​Olub. Amma neyləyəsən, mən öz prinsiplərimə həmişə sadiq olmuşam.

 

-​Deyilənlərə görə, siz Bakı şəhərində avtomobil idarə edən ilk xanımsınız...

 

-​(gülərək) Məndən bir qədər əvvəl Flora xanım maşın sürməyə başlamışdı. Ümumiyyətlə, Flora xanımla mən həmişə birlikdə olmuşuq. O, bir çox mahnıların sözlərini unudanda həmişə məndən soruşardı.

 

-​Deməli, estrada kraliçası ilə bədii qiraət kraliçası rəfiqə olublar...

 

-​(gülərək) Bəli. Flora uzun illər mənim ən yaxın rəfiqəm olub. İndi əvvəlki qədər görüşə bilməsək də, yenə də münasibətlərimizi saxlayırıq. Flora xanım, doğrudan da, estradamızın kraliçasıdır. O, dünyanın ən şöhrətli müğənniləri ilə bir səviyyədə durmağa layiqdir. Təəssüf ki, yaşadığımız mühit onun böyük istedadının tam parlamasına imkan vermədi.

 

-​Sizin aktrisa kimi fəaliyyətinizin mühüm bir dövrü “Azdrama” da işlədiyiniz illərə düşür. Oranı niyə tərk etdiniz?

 

-​Mən Dram Teatrına gələndə orada böyük sənətkarlar var idi: Barat Şəkinskaya, Hökumə Qurbanova, Həsənağa Salayev, Leyla Bədirbəyli... sonra orada elə bil ki bir boşluq yarandı. Məndən başqa bir çox aktyorlar – Barat Şəkinsykaya, Həsən Məmmədov, Şahmar Ələkbərov da oranı tərk etdilər.

 

-​Bu, o vaxt teatrda olan intriqalarla bağlı deyildi ki?

 

-​Dünyada elə bir teatr yoxdur ki, orada intriqa olmasın. Odur ki, buna təəccüblənmək lazım deyil. Bu baxımdan, indi də Milli Teatrda vəziyyət o qədər də yaxşı deyil. Cavan qızlar yığışıb ora, o deyir teatrın “geroinya”sı mənəm, bu deyir mənəm. Bu yaxınlarda konsertlərdən birində görürəm ki, mənimlə həmişə böyük ehtramla davranan Laləzar Mustafayeva salam vermədən ötüb keçir. Doğrusu, bu mənə qəribə gəldi. Sonra mənə dedilər ki, mənim Məleykə Əsədovanı “geroinya” adlandırmağım onun qısqanclığına səbəb olub.

 

-​Sizcə, Laləzar xanım bu qısqanclığında haqlıdır?

 

-​Söhbət ondan getmir ki, Məleykə böyük istedad sahibidir və teatrın “geroinyası” olmağa layiqdir, ya yox, ondan gedir ki, hal-hazırda o, teatrda əksər tamaşalarda baş rolları oynayır, teleseriallara çəkilir. Bir vaxtlar on-on beş il ərzində Amaliya Pənahova da teatrın “geroinya”sı idi, əksər tamaşalarda baş rolları oynayırdı. Amma bu o demək deyildi ki, o bütün bunlara tamamilə layiq idi. Biz “geroinya” etalonu kimi Mərziyə xanımı, Fatma xanımı, Barat xanımı, Hökümə xanımı tanıyırıq.

 

-​Bədii qiraət ustası kimi sizin sinəniz şeir xəzinəsidir. Əgər sizi yuxudan qəfil oyadıb bir şeir deməyi xahiş etsəydilər, hansı şeir yadınıza düşərdi?

 

-​Bu sualı mənə çox veriblər. Amma mən konkret bir şeiri xatırlamazdım. Hansını istəsələr, onu deyərdim.

 

-​Niyə heç vaxt Sabirdən şeirlər demirsiniz?

 

-​Görünür, satira mənim yaradıcılıq təbiətimə uyğun deyil.

 

-​Ailədə də belə ciddisiniz?

 

-​Yəqin ki... Bu ciddilik bir ana kimi məni xoşbəxt edib. Qızım Səminədən çox razıyam. Onun həyat yoldaşı Rauf mənə bir qaynana kimi yox, bir ana kimi baxır.

 

-​Həyat yoldaşınız kimdir?

 

-​(ani bir pauza) O yoxdur...

 

-​Vəfat edib?

 

-​O qəzada həlak olub...

 

-​Əminə xanım, siz müğənni deyilsiniz, toylara getmirsiniz, aktrisa kimi kinofilmlərə çəkilmirsiniz. Qiraət ustası kimi bu gün necə dolanırsınız?

 

-​Rauf və Səminə mənə kömək edirlər. Raufun öz firması var. Allaha şükür, heç nəyə ehtiyacım yoxdur.

 

-​Özünüzdən sonrakı nəsil bədii qiraət ustaları içərisində kimi bəyənirsiniz?

 

-​Hamı Laləzarı tərifləyir, amma, məncə, şeir boğazdan yuxarı deyil, ürəkdən deyilməlidir.

 

-​Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-​Yaddaşımı.

 

 “Ədəbiyyat və incəsənət”

(31.01.2023)

 

 

 

 

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “İohann Sebastyan Baxa ithaf” adlı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq.

 

Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Qeyd edək ki, konsert proqramında dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi İohann Sebastyan Baxın əsərlərindən ibarət musiqi nömrələri səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Azərbaycan Kinematoqrafçılar İttifaqında birdən-birə 20 nəfərin istefası barədə məlumatlı idiniz. Amma qurum fəaliyyətindən də qalmır. Qurum 

yenidən film nümayişlərinə start verir. 

 

“Ədəbiyyat və incəsənət” İttifaqa istinadən xəbər verir ki, ilk nümayiş bu gün - yanvarın 31-də “Azərbaycan” kinoteatrında olacaq. Bu dəfə üç rejissorun - Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır” sənədli filmləri nümayiş olunacaq. Baxışdan sonra tamaşaçılar ilə yaradıcı heyət arasında müzakirələr olacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının kino nümayişləri üzrə məsul əməkdaşı, rejissor Ülviyyə Əhmədova bildirib ki, bu il Azərbaycan kinosunun 125 illiyi, Azərbaycanfilm” kinostudiyasının 100 illiyidir və bu səbəbdən klassik milli filmlərimizin nümayiş proqramı da planlanır: “Keçən il reallaşdırdığımız “Dünya şedevrləri Azərbaycan dilində” proqramı bu il də reallaşacaq. Proqramda Aleksey German, Nikita Mixalkov, Tengiz Abuladze kimi dünyaşöhrətli rejissorların filmləri var. Ənənəyə sadiq qalaraq 2023-cü ildə də “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq nəzərdə tutulub”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması İttifaqın prioritet məqsədlərindəndir.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Çərşənbə axşamı, 31 Yanvar 2023 11:00

Əfsanəvi Barett Stronq və Enni Verşinq vəfat ediblər

Ötən gün dünya mədəniyyət xəzinəsinə iki ağır itki üz verdi. İki məşhur amerikalı sənətçi vəfat etdi. Əfsanəvi musiqiçi Barett Stronq və məşhur aktrisa Enni Verşinq. 

 

Barett Stronq

Amerikalı əfsanəvi müğənni, bəstəkar Barrett Stronq 81 yaşında vəfat edib.

Bu barədə “Motown Records” səsyazma şirkətinin muzeyi özünün “Twitter” hesabında xəbər verib. Bu barədə  “Deadline” məlimat yayıb. 

“Motown Records”un ilk hit müğənnisi, əfsanəvi müğənni-bəstəkar Barrett Stronqun vəfatını dərin kədər hissi ilə bildiririk”, - deyə məlumatda deyilib.

Qeyd edək ki, Stronq yaradıcılıq karyerasına 1959-cu ildə Berri Qordinin “Tamla Records” leyblində (indiki “Motown Records”) başlayıb. Həmin ilin sonunda o sonradan rok klassikasına çevrilən “Money”ni (“That's What I Want”) yazıb. ABŞ-də böyük hitə çevrilən bu mahnı “The Beatles” və “The Rolling Stones” kimi qruplar tərəfindən də ifa edilib.

2011-ci ildə “Rolling Stone” jurnalı mahnını bütün zamanların ən yaxşı 500 mahnısı siyahısında 294-cü sırada yerləşdirib.

Bundan əlavə, Stronq bəstəkar kimi də tanınıb. O, 1961-ci ildə Eddi Hollandın “Jamie” hitini yazıb, 1966-1973-cü illərdə Norman Uitfildlə mahnılar bəstələyib.

1973-cü ildə Barrett Stronq yenidən müğənnilik karyerasına qayıdıb.

Onun sonrakı nisbətən uğurlu mahnıları siyahısına “Stand Up and Cheer for the Preacher” və “Is It True” daxildir.

 

Enni Verşinq

“24 saat” serialı ilə şöhrət qazanan Enni Verşinq isə daha gənc idi, 45 yaşlı aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, 2020-ci ildə xəstəlik diaqnozu qoyulduqdan sonra da filmlərdə çəkilməyə davam edib. “Ulduz yolu: Pikar” (“Star Trek: Picard”) və “Debütant” (“The Rookie”) seriallarında məşhur rolları canlandırıb.

Amerika mədəniyyət ictimaiyyəti bu iki itki ilə bağlı bərk sarsılmasını sosial mediada izhar edib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

2022-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilə bilər. 

AzərTAC Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

 

“Belə ki, dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard 463 milyon manat və ya 5 faiz çox icra olunub, proqnozlaşdırılan 32 milyard 304 milyon manat xərclər isə 99,3 faiz səviyyəsində - 240 milyon manat az icra edilib. Dövlət büdcəsinin kəsri ilkin nəzərdə tutulduğundan 55 faiz az olub”, - deyə nazir diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Çərşənbə axşamı, 31 Yanvar 2023 18:00

Təbiətə qənim kəsilən şəxs yaxalanıb

Növbəti gözəlliyə xələl gətirmə faktı Tovuz rayonunda aşkarlanıb, qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun yaydığı məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində saxlanılan Elyar Əliyevdən 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı çöl quşları və digər maddi sübutlar aşkar edilib.

Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.

 

“Ədəbiyyat və incəsənət”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.