Yazıçı Xeyrəddin Qocanın satirik “Gözlərim” hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.
Uşaqlıqdan gözü qıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki çıxmır. Böyürdən biri "pık" eləyən kimi bağrım yarılır. Yəqin, maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?
O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməzliyə vururam.
Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir.
Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki!
Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməzliyə. Çünki binayi-qədimdən belə olub, nə qədər müsəlmançılıqdı yəqin, həmişə də belə olacaq.
Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür, kim-kimi "döyür".
Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyiləm ki", - deyə düşünüb, özümü vururam görməzliyə.
Başağrısı olmasın, mənim gördüyüm, görməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!
“Ədəbiyyat və incəsənət”
(31.01.2023)