Super User

Super User

Çərşənbə axşamı, 18 Oktyabr 2022 09:00

“Yorulanda baş qoyasan, Bir qağayı qanadına…”

“Ədəbiyyat və invəsənət” Poetik qiraət rubrikasında sevilən şair Əlizadə Nurinin “Getmək” şeirini təqdim edir. 

 

Hamıdan çıxıb gedəsən,

Gedəsən çox uzaqlara.

Yer üzünü tapşırasan

Bu balaca uşaqlara.

 

Götürəsən qələmini

Son şeirinin varağından.

Hərdən əyilib öpəsən,

Çiçəklərin yanağından.

 

Bir qız çıxa yolun üstə,

O ağlaya, yol ağlaya.

Gedəsən  batan günəşi 

Soraqlaya-soraqlaya…

 

Dənizi içib gedəsən,

Su adına, qan adına.

Yorulanda baş qoyasan,

Bir qağayı qanadına.

 

Dalğaları çevirəsən,

O üzünə, bu üzünə.

Bat, ya batma-nə fərqi var,

Hamı çıxır su üzünə…

 

Qoy arxanca danışsınlar:-

Hara getdi, nəyə getdi?

Bir uşaq göyü göstərə-

Allahı görməyə getdi…

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin 01.09.2022-ci il və 01.11.2022-ci il tarixlərini əhatə edən «Vətən müharibəsi yeniyetmə və gənc istedadların yaradıcılığında» layihəsi Quba, Qusar, Xaçmaz  inzibati bölgələrində öz tədbirlərini yekunlaşdırıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, altı tədbirdən ibarət müsabiqəyə Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində, Quba rayon, Susay Kənd Orta Məktəbində, Qusar Rayon Mədəniyyət Mərkəzində, Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində 168 nəfər yeniyetmə və gənc birbaşa  cəlb olunmuşdular. Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənc istedadlıların yaradıcılığında Vətən Müharibəsi mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 9 000 nəfərdən çox yeniyetmə və gənc bu müsabiqədən xəbərdar olmuş, yeniyetmə və gənc istedadların Vətən Müharibəsi mövzusunda yaratdıqları bədii nümunələrlə tanış olmuş, dolayı yolla maariflənmişlər.

Tədbirlərdə  himnimiz oxunduqdan və  şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, «Vətən müharibəsi yeniyetmə və gənc istedadların yaradıcılığında» layihəsini  dəstəklədiyi üçün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Sonra, təşkilat və layihə haqqında məlumat verərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyması haqda geniş məlumat verdi. Əlavə olaraq, yüksək texnoloji nailiyyətlərlə 21-ci əsrin müharibəsini aparan şanlı Azərbaycan ordusunun keçilməz yollarla, güllə yağışının altında sıldırımlı qayalarla əhatə olunmuş Şuşa qalasını azad etməsi ilə bütün dünyaya səs salmasını xüsusi vurğuladı. Eyni zamanda  şəhidlərimizin, qazilərimizin, qəhrəmanlarımızın, sərkərdələrimizin hərb tariximizə qızıl hərflərlə yazdıqları misilsiz qəhrəmanlıqların yeniyetmə və gənc istedadlılarımızın bədii yaradıcılıqlarında əks etdirilməsinin əsil vaxtı olduğunu bildirdi. Çıxışının sonunda 44 günlük Vətən müharibəsinin əhəmiyyətini qeyd edərək, qələbəmizin, hər bir qəhrəmanlıq nümunələrinin obrazlı dünyaya tanıdılmasında yeniyetmə və gənc istedadlılarımızın istedadlarını səfərbər edəcəklərinə əmin olduğuna toxunaraq çıxışını yekunlaşdırdı.

Çıxışçün söz alan məsul şəxslər və ekspertlər yeniyetmə və gənc istedadlıların yaradıcılığında 44 günlük Vətən Müharibəsinin əks olunmasının müdhiş əhəmiyyətinin olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Onlar bildirdilər ki, «Vətən müharibəsi yeniyetmə və gənc istedadlıların yaradıcılığında» layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil, obrazlı şəkildə gələcək nəsillərin maariflənməsinə hesablanıb. Əlavə olaraq qeyd etdilər ki, bədii sənətin dili kəskin, ömrü uzun olur, deyilənlər unudulur, yaradılanlar, yazılanlar xalqın mənəvi, mədəni tarixinə əbədi olaraq həkk olunur. Düşmən işğal altında uzun illər saxladığı, qarət etdiyi torpaqlarımızı ona görə özününküləşdirə bilmədi ki, ulularımız, ata-babalarımız Vətən torpağının hər qarışını mədəniyyət məbədinə çevirmişlər. Bu ənənənin yeniyetmə və gənclərimiz tərəfindən davam etdirməsinin nə qədər əhəmiyyətə malik olmasını yaradıcı yeniyetmə və gənclərimiz yaxşı bilməlidir deyə vurğulamışlar.

Tədbirlərdə yeniyetmə və gənclərin yaradıcılıq mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai  birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması,  yeniyetmə və gənc istedadlıların sənət nümunələrini əhatə edən kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlardan sonra yeniyetmə və gənc istedadlıların əl işlərinə, rəsmilərinə, rəqslərinə, poeziya nümunələrinə, ifalarına və s. baxış keçirildi. Münsiflər heyəti tərəfindən qaliblər seçilərək diplomlarla, hədiyyələrlə mükafatlandırıldılar.

Xüsusi istedada malik yeniyetmə və gəncləri narahat edən bütün suallara aydınlıq gətirildi.

Yerlərdə mədəniyyət mərkəzlərinin rəhbərləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür müsabiqələrin xüsusi istedadlı yeniyetmə və gənclər arasında mütəmadi təşkilinin əhəmiyyətinə toxunaraq, belə maarifləndirici tədbirlərin onların yaradıcılığında yüksək mənada öz əksini tapacağına əmin olduqlarını bildirdirdilər.

Dəftərxana ləvazimatları, qovluqlar, diplomlar paylanmış tədbirlər sonrda çay və şirniyyat süfrəsilə davam etdi.

Günün fotosu: Çin Kommunist Partiyasının 20-ci qurultayı keçirilir

 

Hazırda Pekində Çin Kommunist Partiyasının 20-ci qurultayı keçirilir. Sovet dönəmində biz də belə al bayraqlı, şüarlı qurultaylar keçirərdik.

Foto: Euronews

Bazar ertəsi, 17 Oktyabr 2022 14:00

ƏKS PSİXOLOGİYA NƏDİR?

 

Əks psixologiya arzu olunan nəticədən fərqli bir davranışı müdafiə etməyi əhatə edir. Bəzən bu sözləri övladlarını yedirtməyə çalışan ana və ya atalarda görürük. Bu yeməyi heç vaxt bitirə bilməyəcəksən. Uşaq qəflətən özünü yarışda tapır və yeməyi bitirməyə çalışır. Beləliklə, o, bunu bacardığını göstərir. Qələbə qazanır. Burada əsas məsələ bizim istədiyimizin əksini deyərək qarşı tərəfi də bu yola salmaqdır. Buna görə də sosial həyatımızda tərs psixologiya ifadəsini tez-tez eşidirik. Bu, əslində bir növ manipulyasiya texnikasıdır. Qarşı tərəfdə buna məruz qalan şəxs əslində bunun fərqində deyil. Əks psixologiya, əlbəttə ki, sadə bir qida nümunəsi ilə məhdudlaşmır.

Tərs psixologiyaya çətin  vəziyyətlərdə rast gəlinir. İş yerində hakim olmaq istəyən müdir, məktəbdə şagirdləri idarə etmək istəyən müəllim, uşağını idarə etmək istəyən valideyn… Bu misalları çoxalda bilərik. Bəzi reklamlarda bura tıklamayın yazısını görürük. İstər-istəməz ağlımız o yazıya klikləmək istəyir. Bu tip reklamlara şahid olan şəxs əslində nə baş verdiyini təxmin etməkdə çətinlik çəkmir. Amma digər tərəfdən təzyiq də hiss edir. Bunu dərk etməsəniz belə, həyatınızın bir dönəmində bu texnikaları sınamış olursunuz.

 

 Tərs psixologiya aid nümunu

Tez-tez marketinq və satış strategiyalarında görünür. İnsanlar malları satarkən tez-tez tərs  psixologiyadan istifadə edirlər. Bu mağazadan alış-veriş etməyin, bu pencəyi almayın və s.. Digər tərəfdən, valideynlər uşaqlarına nəzarət etmək üçün bu üsullardan istifadə edirlər. Bu oyuncaqları heç vaxt toplaya bilməyəcəyiniz ifadəsi əslində oyuncaqlarınızı toplamaq deməkdir. Amma uşaq, təbii ki, bu cümlənin fərqinə varmır. Beləliklə, o, oyuncaqlarını tez bir zamanda toplamağa başlayır. Bu, romantik münasibətlərdə də doğrudur. Cütlər bir-birinə demək istədiklərini deyə bilməzlər. Buna görə də əksinə gedir. “Bu gün evdə yeyək, ,çölə çıxmayaq” cümləsi bəzən çöldə yemək istədiyim cümlədir.

 

Tərs psixologiya necə edilir?

İstədiyiniz davranışdan imtina edin (bunu etməməlisiniz)

Gözlənilən davranışı qadağan edin (bunu etməyin)

Bu davranışı edə bilməyəcəyinizi söyləyin

İstədiyiniz davranışı minimuma endirin

İstədiyiniz davranışı başqa bir şeylə mənfi şəkildə müqayisə edin.

Digər insanlarla müqayisə edin

 

 Tərs psixologiyanın zərərləri

Tərs psixologiya manipulyasiya formasıdır. Odur ki, dediklərimizin həddi-hüdudu olmalıdır. Həyatımızı daimi olaraq bu şəkildə davam etdirsək, özümüzə zərər vermiş olarıq. Beləliklə, sizə inam azalır. Tərs psixologiyadan istifadə etdiyiniz zamanı:

Münasibətlərinizə zərər verə bilərsiniz.

Özünə güvənsiz görünürsünüz.

Sosial dairəniz sizdən imtina edir, sizə üstünlük vermir.

İnandırmağa çalışdığınız adam sizinlə maraqlanmır.

 

 Tərs psixologiyadan daha çox kimlər istifadə edir?

1) Daim idarə etməyə üstünlük verən şəxslər.

2) Camaat nə deyər düşüncəsi olan şəxslər.

3) İtaətsiz olan şəxslər.

4) Zəif xarakterə malik şəxslər.

 

 

Zümrüd Haqverdiyeva

Special school məktəb tipli Reabilitasiya Mərkəzinin psixoloqu

Bazar ertəsi, 17 Oktyabr 2022 13:00

Kinodan 1 milyard dollarlıq gəlir!

 

Kinoda növbəti başgicəlləndirici rəqəm açıqlanıb. Baş rollarda Culiya Roberts və Corc Kluninin oynadığı "Cənnətə bilet" romantik komediyası inanılmaz uğur əldə edib.

 

“Ədəbiyyat və incəsənət” pprtalı Qərb mətbuatına istinadən xəbər verir ki, ekran işi yayımlandığı üç həftədən az müddətdə dünya üzrə 60,6 milyon dollar gəlir əldə edib.

Sual olunar, “Cənnətə bilet" filmi nədən bəhs edir ki, bu qədər uğur qazanıb? Roberts və Kluni qızlarının yad adamla evlənməsinin qarşısını almaq və 25 il əvvəl personajların özlərinin etdiyi səhvi təkrar etməmək üçün Baliyə gedən boşanmış valideynləri canlandırırlar. 

Və ən maraqlısı: Roberts və Kluninin bu, yeganə birgə işləri deyil. Cütlük bugünədək birgə beş filmdə rol alıb. Onların bu beş filminin ümumi qazancı isə 1 milyard dolları ötüb.

Bax belə!

 

Tanınmış rejissor, “Space" TV-nin keçmiş rəhbəri, Xalq artisti Vaqif Mustafayev məşhur aktrisa, Xalq artisti Şəfiqə Məmmədova ilə bağlı paylaşım edib.

 

“Ədəbiyyat və incəsənət” bizimmediaya istinadla xəbər verir ki, rejissor aktrisa ilə "Dənizkənarı Milli Park"da çəkilən səmimi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Şəkillərdə diqqət çəkən məqam isə V. Mustafayevin əlini Ş. Məmmədovanın çiyninə ataraq, onu qucaqlaması olub.

Qeyd edək ki, Şəfiqə Məmmədova 1995-2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub. 2012-ci ildə yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

 

Beynəlxalq müsabiqələr laureatı, pianoçu və bəstəkar, Əməkdar artist İsfar Sarabski noyabrın 6-19-da keçiriləcək Roma Caz Festivalında iştirak edəcək. O, kvartetlə birgə noyabrın 15-də Romadakı “Parco della Musica” konsert zalının səhnəsində “Planet” albomundan mahnılar ifa edəcək.

Qeyd edək ki, hər il noyabrda təşkil olunun Roma Caz Festivalı dünyanın hər yerindən ən yaxşı caz ifaçılarını bir araya toplayır. 

Hər dəfə festivalın əsas mövzusu kimi cazın formalarından biri seçilir.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi olan "Anamın kitabı" tamaşasının premyerası olub. Öncədən deyək ki, tamaşa ingilis dilində nümayiş olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin ölkəmizdəki səfirlərin, eləcə də tanınmış teatr xadimlərinin, incəsənət adamlarının izlədikləri premyera alqışlarla qarşılanıb.

Əvvəlcə, tamaşa heyətini və tamaşaçıları salamlayan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib: "Azərbaycanın "La Skala"sında sizi görməkdən məmnunuq. Əminəm ki, bu gün burada fərqli və qeyri-adi tamaşa izləyəcəyik. Mədəniyyət Nazirliyinin layihəsi olan "Anamın kitabı" tamaşasının hazırlanma prosesi olduqca fərqli olub. Belə ki, 6 ay əvvəl ingilis dilində bir söz belə bilməyən bu səhnə əsərində gördüyünüz aktyor heyəti gərgin məşqlərin nəticəsində belə bir fərqli və gözəl iş hazırlayıblar. Səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor işi nəticəsində ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər. İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma ana dilimizin təbliğatı istiqamətinə yönəlib. Müasir dövrümüzün tələblərinə uyğun yeni texnologiyaları, xarici dilləri mənimsəməyin faydaları çoxdur, lakin hər kəs öz doğma ana dilini, milli dəyərlərini, tarixini bilməlidir. Ana dilini bilmək özünüdərk və müqəddəs amaldır. Tamaşanın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm və hamını bu gözəl səhnə əsərinə baxmağa dəvət edirəm”. 

Premyeradan sonra rəsmi qonaqların, eləcə də incəsənət xadimlərinin tamaşanı hazırlayıb ərsəyə gətirən truppa ilə səhnəarxası görüşü olub. Görüşdə tamaşa heyətinə təşəkkürlərini bildirən rəsmilər, teatrdan xoş təəssüratla ayrıldıqlarını vurğulayaraq, xoş arzularını çatdırıb, tövsiyələrini veriblər.

Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim edilir. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, Ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya çevrilir.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir. 

Qeyd edək ki, Musiqili Teatrın tarixində ilk dəfə ingilis dilində nümayiş olunan səhnə əsəri iki gün dalbadal oynanılıb.

 

 “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan birdən-birə dörd ölkə imtina edib. “ “Eurovisionwolrd.com” saytına  istinadən “Ədəbiyyat və incəsənət” məlumat verir ki, bu ölkələr post sosialist ölkələridir. 

 

Bolqarıstan, Monteneqro, Bosniya və Herseqovina və Şimali Makedoniya Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəklər. 

Bolqarıstan  müsabiqənin onlar üçün maraqlı olmadığını açıqlayıb.

Monteneqronun yerli yayım şirkəti RTCG bu qərarı ölkənin iştirak etmək üçün kifayət qədər büdcəsinin olmaması ilə əlaqələndirib. 

Şimali Makedoniyanın MRT telekanalı ölkədə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə müsabiqədə iştirak etməyəcəklərini açıqlayıb. 

2017-ci ildən müsabiqəyə qatılmayan Bosniya və Herseqovina isə  “Avroviziya-2023”də də iştirak etməyəcəyini heç bir səbəb bildirmədən elan edib. 

Yeri gəlmişkən, imtinaçı ölkələrin siyahısının bir qədər də genişlənəcəyi söylənilir.

 

İstanbulda Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin solo konserti keçirilib. Konsert proqramı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Beyoğlu Mədəniyyət Yolu” festivalı çərçivəsində İstanbulun “Grand Pera” Əmək Səhnəsində baş tutub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a müsahibə verən Turan Manafzadə bədii gecədə səsləndirilən əsərlərin əksəriyyətinin söz və musiqisinin özünə aid olduğunu bildirib.

Musiqiçi deyib: “Proqrama, eyni zamanda, aranjeman etdiyim xalq mahnıları da daxil edilmişdi. Bundan əlavə, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə repertuarıma onun “Mən səni araram” əsərini də əlavə etdim. Bununla da dahi bəstəkarımızı yad etmiş oldum və Azərbaycan bəstəkarlıq məktəbi haqqında dinləyicilərə məlumat verdim. Salonu dolduran sənətsevərlər Azərbaycan musiqisini böyük sevinc və maraqla qarşıladı, mənimlə birgə oxudular”.

Qeyd edək ki, Turan Manafzadə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun qızıdır və Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxış edirlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.