Super User

Super User

Cümə, 14 Oktyabr 2022 11:00

“Boğuluram, ilahi…”

“Ədəbiyyat və incəsənət” Poetik qiraət rubrikasında sizləri gözəl şairimiz

Əlizadə Nurinin yeni şeirləri ilə tanış etməkdədir. Bu dəfəki şeir payınız “Günəş, gəl şəklimi çək” adlanır. 

 

Hara qoyum bu qəmi?

Əlim gəlmir atmağa.

Hansı yalanı seçim,

Özümü aldatmağa?

 

Ümidi şikəstlərin,

Ürəyi şikəstədi.

O ay niyə saralıb

Yoxsa o da xəstədi?

 

Günəş, gəl şəklimi çək,

Sonra yaz arxasını.

…Bir az gözlə, bağlayım

Dərdimin yaxasını…

 

O daş hardan düşdü ki?-

Sınan bir cam kimiyəm.

Dağıntılar altında

Qalan adam kimiyəm…

 

Ver əlini, nə olsun

Qara qulam, ilahi?

Quruda üzsəm də mən,

Boğuluram, ilahi…

 

“Qobustan” sənət toplusunun növbəti sayı çıxıb və say xüsusidir, Şuşa mövzusundadır. 

Toplu ölkə Prezidentinin qərarı ilə Şuşa şəhərinin mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə ithaf kimi işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, ilk dəfə tam rəngli formatda oxuculara təqdim edilən dərgidə Şuşanın, Qarabağın sənət tariximizdəki yeri incələnir. 

Pərvin “Əziz Şuşa, sən azadsan” essesi ilə azad Qarabağda, Şuşada keçirilən mədəniyyət tədbirlərindən söz açır, tanınmış tarixçi-jurnalist Müsəllim Həsənov “Mehdiqulu xan Şuşanı niyə tərk etmişdi...” məqaləsi ilə Qarabağ olaylarının tarixi köklərinə nəzər salır, Aləmzər Sadıqqızı Şuşaya bayrağımızı sancan polkovnik Rəşid Aslanovla müharibə və Qələbəmiz haqqında söhbətləşir, professor Ziyadxan Əliyev “Şuşa-rənglərin işığında” məqaləsi ilə rəssamlıq sənətimizdə Şuşanın yerindən danışır. Həmçinin Xalq rəssamı Arif Hüseynov dərginin əməkdaşları ilə söhbətində “Qarabağnamə - Tarixin səhifələri” silsiləsinin yaranma tarixçəsini bölüşür, Narıngül Nadir “Pərdələr açılır” məqaləsi ilə Şuşa Teatrının tarixindən və 73 ildən sonra azad Şuşada açıq hava altında göstərdikləri tamaşadan danışır, Əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssam Mirmehdi Seyidovun qısa ömrünə və yaradıcılığına sığan Şuşadan söz açır, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli xalçaçılıq sənətimizdə Qarabağ və Şuşa xalçalarının özəl yeri haqqında tədqiqatlarını bölüşür. Bu nömrədə, eyni zamanda, akademik Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır” monoqrafiyası əsasında, Pərvin Qarabağın, Şuşanın sənət simvoluna çevrilmiş sənətkarlardan danışır, sənətşünas Leyla Nəzərli “Cabbarsız Şuşa olmaz” essesində böyük sənətkar Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarını və xanəndənin qohumu Akif Qaryağdı ilə söhbətinin təəssüratlarını bölüşür, gənc müəllif Ülvi Bahadır “Bədəlbəylilər”in timsalında məşhur Qarabağlı ailələrdən söz açır, Qarabağın simvoluna çevrilmiş şən-şux, baməzə adamlar Esmira Nəzərlinin araşdırmasına yada salınır, “Molla Nəsrəddin” qəhrəmanlarını xatırladan bu məzəli insanlar haqqında yazı elə həmin estetikada rəssam Ayxan Rəsulun çəkdiyi karikaturlərlə təqdim edilib. Eyni zamanda, türk yazıçı-tərcüməçisi İmdat Avşar “Zəfər yolundan Şuşaya dönmək” essesində Şuşaya ilk səfərinin təəssüratlarını bölüşür və Zülfiyyə Qəniyevanın “Qurama”sında Şuşa haqda kiçik, amma maraqlı faktlar yer alıb. 

Qeyd edək ki, jurnalın üz qabığında Xalq rəssamı Sakit Məmmədovun ingilis kraliçasına hədiyyə etdiyi “Cıdır düzü” əsəri verilib. Həmçinin müxtəlif yazılar rəssamlarımızın əsərləri ilə estetik, rəngarəng şəkildə təqdim edilib.

 

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Çipollino” tamaşasını nümayiş etdirəcək ki, tamaşanın da quruluşçu rejissoru Yelena Matsxanaşvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Matsxanaşvilidir. Üç gürcü ortaya sənət əsəri qoyacaqlar.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, Coni Rodarinin məşhur “Çipollino” əsəri Kukla Teatrının repertuarında da özünün uğurlu səhnə həyatını yaşayır. Məşhur italyan müəllifin “Çipollinonun macəraları” nağıl-povesti əsasında səhnələşdirilən tamaşa cəsarətli soğancıq (italyan dilindən tərcümədə bu mənanı verir) oğlanın bütün maraqlı xüsusiyyətlərini rəngarəng çalarlarla tamaşaçıya çatdırır. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancığın mübarizəsi tamaşanın əsas qayəsidir. Balaca soğancıq daim meyvə-tərəvəzlərin nağıl aləminin qəhrəmanı, onların mühafizəçisi kimi də anlaşılır. Qəddar Limon, zalım Pomidor, lovğa Albalının bütün əməllərini ifşa edir. Sadiq dostları sayəsində qalib gələn soğancıq oğlan bu mənada yaxşı nümunədir. Uşaqlara qorxmazlığı, cəsarəti və hər zaman dürüst olmağı təlqin edir.

Kanadada fəaliyyət göstərən ELTV Media qrupu “Vahid Azərbaycan dövləti – Səfəvilər” adlı sənədli film yayımlayıb.

 

“Ədəbiyyat və incəsənət” Diasporla İş üzrə Dövlət Komitəsinin mediaya yaydığı məlumata istinadən bildirir ki, filmdə Səfəvilər dövlətinin yaranma tarixi, əhatə etdiyi coğrafi ərazilər, süqutunun səbəbləri və bu dövlətin qurucusu Şah İsmayıl Xətai barədə ətraflı məlumat verilib. 

Səfəvilər dövlətinin müasir Azərbaycanın milli kimliyinin formalaşmasında böyük tarixi rol oynadığına diqqət cəlb edilib.

“My History” layihəsi çərçivəsində gerçəkləşdirilən film Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.

Diasporla İş üzrə Dövlət Komitəsi ümumazərbaycançılıq işinə töhfələr verməkdədir.

 

Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, dördüncü təlim kursuna start verilib. 

 

“Ədəbiyyat və incəsənət”  xəbər verir ki, təlim kursunun mövzusu UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası”nı əhatə edir.

Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində keçirilmiş əvvəlki üç təlim kursu haqqında qısa məlumat verib. Bildirib ki, həmin təlim kursları 1954-cü il Haaqa Konvensiyası, münaqişələr zamanı mədəni irsin qorunması, mədəni müxtəlifliyin qorunması ilə bağlı konvensiyaları əhatə edirdi. 

Əsas təlimçilərin Türkiyədən olduğunu qeyd edən Vasif Eyvazzadə deyib: “İki gün ərzində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması konvensiyası ilə bağlı təlim keçiriləcək. Təlimlərdə qeyri-maddi mədəni irs, onun ölkələr üçün əhəmiyyəti, digər konvensiyaların mətnindəki məqamlar, təlimat sənədindəki vacib məsələlər barədə danışılacaq, nominasiya fayllarının hazırlanması formaları, reprezentativ siyahının növləri ilə bağlı məlumat veriləcək”. 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva kursun işinə uğurlar arzulayaraq qeyd edib ki, bu gün başlayan təlim kursu vacib mövzuya həsr olunub. Konvensiya məzmun və fəaliyyət baxımından Mədəniyyət Nazirliyi üçün xüsusi əhəmiyyət kəsb edir, çünki onun əsas məqsədi UNESCO-ya üzv ölkələrdəki insanların yaradıcılığının məhsulu olan mədəniyyət nümunələrini milli və beynəlxalq səviyyədə qorumasıdır. Azərbaycan 2006-cı ildə rəsmən bu konvensiyaya qoşulduğu andan UNESCO-da aktiv fəaliyyət göstərib, bir sıra layihələrə dəstək verib. UNESCO-da uğurlu fəaliyyət nəticəsində ölkəmizin 15 nominasiyası dünya irs siyahısına daxil edilib. 

Bu il siyahıya yeni nominasiyaların daxil ediləcəyini bildirən nazir müavini deyib: “Biz öz fəaliyyətimizdə Türkiyə tərəfi ilə sıx əməkdaşlıq edirik. Belə təlimlər bacarıqların inkişaf etdirilməsinə, qurumlar arasında əlaqələrin yaradılmasına və mütəxəssislərin yeitşməsinə öz töhfəsini verir”. 

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Xudayət Həsənli UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası” mövzusunda təlim kursunun təşkilinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli Sərəncamına uyğun olaraq, UNESCO-nun göstərilən Konvensiyası üzrə Azərbaycan ərazisində olan qeyri-maddi mədəni irsin qorunması üzrə öz səlahiyyətləri daxilində Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyası səlahiyyətli orqanlar kimi müəyyən edilib. 

Ölkəmizin bu Konvensiyaya qoşulması ilə bağlı prosedurların yerinə yetirilməsində Əqli Mülkiyyət Agentliyinin fəal iştirakını diqqətə çatdıran Xudayət Həsənli Agentliyin qeyri-maddi mədəni irsin qorunması sahəsində normativ-hüquqi bazanın yaradılmasında da mühüm rol oynadığını bildirib. Belə ki, layihəsi Agentlik tərəfindən hazırlanmış “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası” və “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi” Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilib. Qaydalar hazırlanarkən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə yanaşı, UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası”nın müddəaları da nəzərə alınıb. 

Xudayət Həsənli qeyd edib ki, qeyri-maddi mədəni irsin qorunması sahəsində məlumatlılığın və biliklərin artırılması üçün Agentlik tərəfindən metodiki tövsiyələr və kitablar çap olunub, habelə müxtəlif tədbirlər keçirilib. Professor Kamran İmanovun bu mövzuda bir neçə sanballı kitabı nəşr edilib. Onun “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” adlı kitabında qeyri-maddi mədəni irsin qorunub saxlanılması, qeyri-maddi mədəni irs nümunələrinin əqli mülkiyyət kimi qeydiyyatı prosedurları, qeyri-maddi mədəni irsin tərkibi və bununla bağlı digər məsələlər geniş izah olunub. 

Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən regional idarələrin və mədəniyyət müəssisələrinin, həmçinin Dövlət Turizm Agentliyinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “ABAD” publik hüquqi şəxsin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, “Şuşa” Şəhəri Dövlət Qoruq İdarəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA-nın Əlyazmalar İnstitutunun, Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının, “Arts Council Azərbaycan” təşkilatının, Bəstəkarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Cümə, 14 Oktyabr 2022 09:30

Bu dəfə Zaqatalada

 

Yunus Oğuzun “Cığır”la bölgələrə səfərləri davam edir

 

Oktyabrın 13-də Zaqatala şəhərində tarixi romanlar yazarı, publisist Yunus Oğuz ilə rayon ictimaiyyətinin görüşü keçirilib.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Anar Seyidov qonaq qismində iştirak ediblər.
Tədbirin aparıcısı Heydər Əliyev mərkəzinin əməkdaşı Nərmin İbrahimova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Cümə axşamı, 13 Oktyabr 2022 15:10

Günün fotosu: Bir əski Şuşa xatirəsi.

Günün fotosu: Bir əski Şuşa xatirəsi.

 

Rəşid Behbudovun atası, Tiflis Zadəganlar klubunun üzvü, görkəmli xanəndə Məcid Behbudovun Şuşadakı evi.

 

Şəxsi Fotoalbomdan

Cümə axşamı, 13 Oktyabr 2022 11:30

Bu gün Ümumdünya zombi günüdür

 

Bu günün əlamətdar hadisələrini diqqətinizə çatdırırıq:

13 oktyabr. Ümumdünya fəlakət təhlükələrinin azaldılması günü

Söhbət təbii fəlakətlərdən gedir, 1989-cu ilin 13 oktyabrında verdiyi qərarla 1990-99-cu illərdə BMT təbii fəlakətlərin təhlükəsini azaltmaq onilliyi keçirib, o vaxtdan da 13 oktyabr belə bir gün statusu alıb. Zəlzələdən, sel və sunamilərdən, siklonlardan, quraqlıqdan təkcə 2004-cü ildə 250 000 nəfər qurban gedib, ümumən, hər gün təbii fəlakətlər 184 can alır. Bu gün insanlar arasında maarifçilik işləri aparılır, ilk yardımdan istifadə etmək qaydaları aşılanır, öz informasiya mübadilələrini artırmaq, sinoptiklərin məlumatlarına diqqət yönəltmək, risk zonalarından uzaq durmaq kimi nəsnələr tövsiyyə edilir.

13 oktyabr. Pinqvinlər barədə məlumatlanmaq üzrə Afrika günü

Xoşum gəlir bu cür ekstravaqant adı olan günlərdən. Nə deyirik, gəlin məlumatlanaq. Biz sanırıq ki, pinqvinlər Arktikada, buzlaqlar qoynunda yaşayır, elə? Deməzsənmiş, orada cəmi 3 növ pinqvin yaşayırmış, 17 növ isə Afrika sakini imiş. Afrika pinqvinləri Arktika pinqvinlərindən ayaqlarının qara olması ilə fərqlənirmiş. Onların məskunlaşma yeri Cənubi Afrika sahilləri imiş. 2012-ci ildə Afrika pinqvinlərinin sayı 1930-cu ildəkinin cəmi 2 faizinə bərabər olub. Deməli, bu canlılar qırılmaq üzrədirlər, ona görə də onları qorumaq lazımdır. Dünyanın ən təzadsevər canlılarıdır pinqvinlər. Niyə belə deyirəm? Bir hissəsi ən soyuq yerdə - buzlaqlarda, digər hissəsi isə ən isti yerdə - ekvatorial ərazidə yaşayırlar.

Onları müşahidə etmək insanda xoş təəssürat oyadır. Nədənsə həddən artıq sevimli görünürlər adama bu qəribə məxluqlar. Kaş ki, bunca azalmayaydılar...

13 oktyabr. Ümumdünya zombi günü

2006-ci ilin bu nəhs günündə ABŞ-ın Pitsburq şəhərində, Monrovil ticarət mərkəzində ilk Zombi-gəzinti reallaşıb. Corc Romero orda “Ölülər üçün dan yeri” filmini çəkirdi, zombi mədəniyyətinin bütün heyranlarını da bir araya toplamışdı. Məqsəd bir idi – canlı meyit kimi yaşayan bu ac və evsiz insanları nümayiş etdirib aclıq və evsizlik sayını azaltmaq. Hərfi mənada canlı meyit, yaxud, öz üzərində nəzarəti itirib tam olaraq başqasının iradəsi ilə yaşamaq anlamını verən zombilik hazırda daha çox ölü diriltmək, cadugərlik və ekstrasenslik tərəflərinə meyl etməkdədir. Şeyx Nəsrullah kimi ölüdirildən ədəbi obrazına malik Azərbaycan da zombilikdən xali deyil. Bizdə zombilik, daha çox, şəxsi düşüncəsini büsbütün itirmiş, tam olaraq idarə olunan insanlara (dünyaşöhrətli Çingiz Aytmatovun təbirincə desək, manqurtlara) aid edilir.

13 oktyabr. Yeni kostyumda Ağ Evin qarşısında Qurbanovun şeirləri ilə

Beynəlxalq kostyum günü. Deyilənə görə, bu gün hər kəs özünə yeni kostyum almalıdır, pulu olmayanlar evdəki nimdaş kostyumlarını ütüləyib geyinməlidirlər. Təcili tibbi yardımın tibb bacıları günü. Hamısını təbrik edək. Büstqaltersizlik günü. Üstündən keçək. Azərbaycanda dəmiryolu günü. Dəmir yolu deyəndə ağla hələ də Ziya Məmmədov gəlsə də, yadda saxlamalıyıq ki, indi həmin gərövdəki Cavid Qurbanovdur. Deyilənə görə, Cavid müəllim həm də istedadlı şairdir, qoşmalar yazır, hətta bu qoşmalar ara-sıra ictimai-siyasi məzmun da kəsb edir.

1987-ci ildə Amerika donanması Fars körfəzində tarixdə ilk dəfə delfinlərdən hərbi məqsədlərçün istifadə edib. 1965-ci ildə SSRİ-də Dövlət keyfiyyət nişanı gündəmə çıxıb. 1957-ci ildə SSRİ-nin Yerin ilk süni peykini kosmosa buraxması ilə Kosmik era başlayıb. 1938-ci ildə yəhudi əsilli sovet şairi Osip Mendelştam həbs edilərək əmək düşərgəsinə salınıb. 1925-ci ildə İngiltərəyə 11 il baş nazirlik etmiş Dəmir ledi – Marqaret Tetçer dünyaya gəlib. 1900-cü ildə Ziqmund Freydin “Yuxuyozmalar” kitabı işıq üzü görüb. 1884-cü ildə Qrinviç sıfır meridianı kimi təsdiqlənib. 1792-ci ildə Vaşinqtonda Ağ Evin tikintisinə başlanılıb. 1582-ci ildə İtaliyada, ardınca da digər katolik ölkələrində Yulian təqvimi Qriqorian təqvimi ilə əvəzlənib.

Varisin “11-20 oktyabrın təqvimi” yazısından

 

 

“Burdan min atlı keçdi”ni oxuyanlar oradan Azərbaycanın son əlli illik siyasi tarixinə, regionun coğrafi tarixindən düşüncə və ədəbiyyat tarixinə qədər xeyli məlumat ala bilərlər. Əsərin adı onun ruhunun ifadəsidir. Türkün həyatında at müstəsna rol oynayıb və yaşadığı çətinlikləri onunla yaşayıb, onunla keçib.”

 

Bu sözlər yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Hidayətin türk dilinə tərcümə olunaraq Bişkekdəki Qırğızıstan-Türkiyə Manas Universitetinin nəşriyyatında nəşr edilən “Burdan min atlı keçdi” əsərinə həmin universitetin rektoru, qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə nüfuzlu ekspert, professor Alparslan Ceylanın yazdığı “Ön söz”də yer alıb.

Azərbaycan oxucusuna kifayət qədər tanış olan, ötən əsrin 60-cı illərindən bu günə qədər xalqımızın çıxdığı sınaqlardan, bu kontekstdə ancaq ölkəmizdə və Ermənistanda deyil, bütün bölgədə gedən proseslərdən bəhs edən “Burdan min atlı keçdi” memuarının bədii və tarixi dəyərindən söz açan rektor əlavə edir: “Memuar səmimi dillə yazıldığından ancaq ədəbi deyil, hadisələrin baş verdiyi dövrün mənzərəsini yaradır və bununla həm də dəyərli tarixi qaynağa çevrilir”.

AzərTAC xəbər verir ki, əsərdə Azərbaycan xalqının taleyüklü məqamlarında onun yanında olan, şəxsi nüfuzuna, siyasi çəkisinə görə yalnız Sovet İttifaqında deyil, dünyada nüfuzlu siyasətçilərdən və dövlət xadimlərindən biri kimi tanınaraq qəbul edilən Heydər Əliyevin xidmətlərinin bütün miqyası ilə görünməsi faktına toxunan tarixçi bunun azman tarixi şəxsiyyətlərin missiyasında zəruri hal sayır.

Kitabda yer alan “İrəvana yeddi məktub” fəslində verilən o məktubların hər birində ötən əsrin 60-cı illərinin sonlarından 1982-ci ilədək müddətdə ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanda, sonradan Ermənistan SSR adlanan nominal dövlətdə yaşayan soydaşlarımızla bağlı narahatlığı, şəxsi nüfuzundan istifadə edərək onların sosial həyatının yaxşılaşdırılması istiqamətindəki fəaliyyəti əks olunur. 

Daha sonra memuarda Qərbi Zəngəzurda, ümumiyyətlə, Qərbi Azərbaycanda bu ərazilərin aborigen əhalisinə qarşı bütöv bir xalqın erməni millətçiliyi ilə zəhərlənməsinin hansı fəsadlar yarada biləcəyi vurğulanır və bununla bağlı konkret faktlar xatırlanır: “1973-cü ildə “Ararat” futbol klubu çempion olmuşdu. Məşhur erməni artisti Frunzik Mkrtçyan bu münasibətlə təşkil olunan tədbirdə çıxış etdi: “Yerdən yeni bir daş çıxartdılar. O daşın üzərində “Ararat” 1974-cü ildə dünyanın ən böyük kubokunu alacaq- yazılıbmış”,-dedi və əlavə etdi: “Bilmirəm, o daşı oraya sonradanmı qoyublar, yoxsa qədim dövrlərdən qalıb?”. Salon həyəcana gələrək uğuldadı və danışanı alqışladı. Çünki Frunzik həmin sözlərlə “Erebuni-2750”yə (Guya ermənilərin 2750 il əvvəl saldığı Erebuni şəhərinə) işarə vururdu”.

Əsərdə böyük bir xalqın son 100 ildən bəri gəldiyi, son 60 ildə yazıçı-dramaturq Hidayətin də içində olduğu hadisələr faktlarla sadalanır, bu 60 ildə lideri ətrafında birləşən xalqın onun üçün hazırlanan fəlakət ssenarisindən necə çıxdığı təqdim olunur. 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibədə qazanılan Zəfər məhz bu kontekstdən qəbul edilir. Kitabda 30 ilə yaxın müddətdə Ermənistanın işğalda saxladığı Şuşanın azad edilməsi ilə bağlı xəbəri xalqına Fəxri xiyabandan, ümummilli lider Heydər Əliyevin məzarı önündən çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı bunu bir daha sübut edir.

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində almaniyalı yazıçısı və jurnalist Ştefan Vakvits kuratoru olduğu “Muzey zaman maşını kimi” (“Zeitmaschine museum”) layihəsi çərçivəsində mühazirə ilə çıxış edəcək.

Mühazirə Azərbaycan dilinə sinxron tərcümə ilə təqdim olunacaq. Mühazirə zamanı Ştefan Vakvits, müxtəlif ölkələrdə təşkil edilən fəaliyyətlər haqqında məlumat verəcək, biliklərin ötürülməsi, qabaqcıl təcrübələr və eksperimental layihələrdən danışacaq. 

Qeyd edək ki, layihə 2012-2014-cü illərdə Höte İnstitutu tərəfindən müxtəlif post-sovet bölgələrində təşkil edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.