Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası ən yaxşı filmlərin adını açıqlayaraq onlara Rusiya gerbini bəzəyən qartalın həkk olunduğu “Qızıl qartal” mükafatını təqdim edir. Həftəsonu növbəti dəfə mükafatlar təqdim edilib və bu xəbəri “Ədəbiyyat və incəsənət” kp.ru saytına istinadən məlumat verir.
Moskvada, “Mosfilm” kinostudiyasının birinci pavilyonunda Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının “Qızıl qartal 2023” mükafatlandırma mərasimi keçirilib. Adətən çox uzun keçən mərasim bu dəfə tez yekunlaşlb, cəmi 2 saat 20 dəqiqəyə. Və təbii ki, xəbəri oxuyan hər bir əcnəbini ilk öncə o düşündürür ki, Ukraynaya silahlı təcavüz edən bir ölkədə mədəniyyətin səviyyəsi hansı şkalada ölçülür?
Əsas mükafatın (“Ən yaxşı film”) qalibi Anatoli Karpov və qrosmeyster Viktor Korçnoy arasındakı əfsanəvi rəqabətdən bəhs edən “Dünya çempionu” filmi olub. Filmin yaradıcısı Aleksey Sidorov “Ən yaxşı rejissor” və baş rol ifaçısı İvan Yankovski isə “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafata layiq görülüblər.
“Ən yaxşı aktrisa” nominasiyasında mükafatı isə “Sağlam adam” adlı qısametrajlı filmdə çəkilən İrina Starşenbaum alıb.
“Ən yaxşı serial” nominasiyasında “Qızıl qartal 2023” mükafatı “Alibi” adlı layihəyə verilib, onlayn platformalarda ən yaxşı serial kimi isə “Rəssam” serialı seçilib. “Ən yaxşı animasiya filmi” nominasiyasında liderliyi “Finnik” əldə edib.
“Parma ürəyi” filmi üç nominasiyada – “Ən yaxşı quruluşçu rəssam”, “Ən yaxşı səs rejissoru” və "Ən yaxşı kostyumlar" üzrə qalib olub. Və təbii ki, müharibə aparan dövlətin cəngavərlik mövzuda çəkilən savaş filminə üç mükafat verməsi başadüşüləndir.
Vladimir Naumov Rusiya kinosunun inkişafındakı müstəsna xidmətlərinə görə xüsusi mükafatla təltif edilib.
Qeyd edək ki, “Qızıl qartal” mükafatı 2002-ci ilin fevralında Rusiya Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən təsis edilib.
Fotoda: Laureat İvan Yankovski mükafat ilə.
Üç nominasiyada qalib gəlmiş “Parma ürəyi” filmindən kadr.
“Ədəbiyyat və incəsənət”
(30.01.2023)