Super User
AzTV ilk qadın çoban barədə film çəkib
Bu gün “Park bulvar”da Azərbaycanın ilk qadın çobanının həyatından bəhs edən “El adamı” sənədli filminin premyerası olub. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istehsalı olan ekran əsəri ilk qadın çoban Kəklik Əhmədovanın həyatından bəhs edir.
Filmdə Kəklik Əhmədovanın həyat yoluna işıq salınır, gördüyü işlər və qazandığı nailiyyətlərdən danışılır. Uşaqlıqdan kənddə böyüyən, ömrünü dağlarda keçirən 68 yaşlı çoban qadın torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra Kəlbəcərə yollanıb. Ağcabədinin Hüsülü kəndində yaşayan K.Əhmədova bir müddət orada bələdiyyə sədri kimi də fəaliyyət göstərib.
Ulu Öndər Heydər Əliyev xidmətlərinə görə Kəklik Əhmədovaya avtomobil bağışlayıb.
Maraqlı süjet xəttinə malik filmi “Park bilvar”a təşrif buyuranlar məmnuniyyətlə izləyiblər.
Filmin rejissoru və ssenari müəllifi Nadir Diridağlı, rejissor assistenti Vüsal Məhərrəmov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.
Qeyd edək ki, film sabah saat 15:00-da AzTV-də yayımlanacaq.
Xoş izləmələr!
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Tanınmış teatr və kino aktrisası Ofeliya Aslanın 84-cü ildönümü
Bu gün tanınmış aktrisa Ofeliya Aslanın anadan olmasının 84-cü ildönümü tamam olur. Çoxlarının yasında o, görkəmli aktyor Siyaviş Aslanın həyat yoldaşı kimi qalır, amma o, öz bənzərsiz istedadı ilə adını Azərbaycan teatr tarixinə yazdırıbdır. Ofeliya Aslanın adı çəkiləndə, heç şübhəsiz, “Hicran” tamaşası, “Çarliston” obrazı daha çox yada düşür.
Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, sənətkar ailəsində dünyaya göz açıb. Atası Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası Xalq rəssamı Bədurə Əfqanlı isə ilk azərbaycanlı qadın teatr rəssamı olub. O, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, bir müddət A.Şaiq adına Kukla Teatrında aktrisa kimi çalışıb.
Sonradan Musiqili Teatrda əvvəl xor artisti kimi işə başlayıb. Aktrisanın teatrda ilk rolu “Durna” komediyasında Lalə olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib.
O, teatr truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş “Ana, mən evlənirəm” əsərində Bibixanım rolunda səhnəyə çıxıb.
Ofeliya Aslan 2010-cu il mayın 18-də vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Bu gün Dədə Ədalətin doğum günüdür
Ona sazın-sözün Ədaləti deyirdilər. Öz sənəti ilə əbədiləşmiş az sayda insanların sırasında yer tutub o. Bu gün onun doğum günüdür: türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 84-cü ildönümüdür.
Ədalət Nəsibov 1939-cu il yanvarın 27-də şeir-sənət ocağı, sazın vətəni Qazaxda pinəçi ailəsində anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalıb. 1950-ci ildə Bakıya dəvət olunub. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib.
UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılıb. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə edib.
Bir- birindən bənzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini, hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə yeniliklər, müasirlik gətirib. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq. Çünki Aşıq Ədalət bütün aşıq havalarını ruhu ilə, canı ilə ifa edib. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları ustad Ədalətin ifasında daha gözəl, fərqli, bənzərsiz alınmışdır.
Aşıq Ədalət Nəsibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Sənətkar 2017-ci il sentyabrın 14-də Bakı şəhərində vəfat edib və Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
Ustad aşığın xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində “Qazax” Xeyriyyə-İctimai Birliyinin sayəsində möhtəşəm qəbirüstü abidə yaradılıb.
Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.
Və Aşıq Ədalətdən danışırkən mütləq Xalq yazıçısı Mirzə İbrahimovun onun haqqında söylədiyi bu kəlmələrə istinad etmək lazımdır: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik”.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb
Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.
AzərTAC Azərbaycanın Misirdəki səfirliyinə istinadən xəbər verir ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində bu ölkənin Baş naziri Mustafa Mədbuli iştirak edib, sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.
Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, nümayiş etdirilən kitab və jurnallar təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
“İlin ədəbiyyat adamı” elan edildi
Azərbaycan Yaradıcılıq Fondu növbəti dəfə “İlin Ədəbiyyat adamı" mükafatını təqdim edib. Bu dəfə mükafat “Azərbaycan" jurnalının Baş redaktoru, Əməkdar incəsənət xadimi, ssenarist, tərcüməçi İntiqam Qasımzadəyə qismət olub.
İntiqam müəllimi səmimi qəlbdən edirik!
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 15 illiyi qeyd edilib
Yanvarın 26-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko çıxış edərək Aİ-nin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini söyləyib. Avropa İttifaqının Azərbaycanın strateji tərəfdaşı olduğunu və əlaqələrin gündən-günə genişləndiyini diqqətə çatdıran P.Mixalko tərəflər arasında ticarət dövriyyəsinin getdikcə artdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüşlər, qarşılıqlı səfərlər əməkdaşıq əlaqələrini daha da gücləndirir. Vurğulayıb ki, tərəflər arasında Anlaşma Memorandumunun imzalanması əlaqələrimizi yeni mərhələyə yüksəldib.
Müxtəlif sahələrdəki əlaqələrdən danışan səfir qeyd edib ki, Aİ işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsində yardımını əsirgəmir. O, aviasiya sahəsində əməkdaşlıq proqramının da artıq hazır olduğunu diqqətə çatdırıb.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri bildirib ki, bundan sonra da mühüm layihələr həyata keçiriləcək və Avropa İttifaqı Azərbaycanı dəstəkləməkdə davam edəcək.
Tədbir konsert proqramı ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Ad günündə vəfasızlıqdan gileylənən Pop diva
Ən çox oxunan xəbər: Xalq artisti Aygün Kazımova 52 yaşını qeyd edib və o, özəl günündə yenə adət-ənənəsinə sadiq qalıb.
“Ədəbiyyat və incəsənət” Milli.Az-a istinadən xəbər verir ki, Pop diva yeni klipini sevənlərinin ixtiyarına verib.
"Vəfasızlar unudulmur" adlı mahnının sözləri Şahin İlqara, musiqisi İsmayıl Əsədova məxsusdur. Ekran işi Moskvada lentə alınıb. Klipin rejissoru və layihənin rəhbəri İbrahim Zahidlidir. Çəkiliş Rusiyanın məşhur "Mag film Moscow" şirkətinin heyəti tərəfindən gerçəkləşdirilib. Klipdəki modellər də Rusiyadan seçilib.
Ölkənin əsas ulduzu klipdə beş fərqli obraz yaradıb. Kazımovanın stili üzərində dizayner Ülkər Zahidli çalışıb.
Aygün Kazımova klipdə vəfasızlıqla üzləşən qadın obrazını canlandırıb.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Macarıstanla türk dünyası arasında əlaqələrin inkişafına yönəlmiş birgə layihələr müzakirə edilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Macarıstana səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyinin rəhbəri Yanoş Hovari ilə görüşü olub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın Türkiyənin Macarıstandakı səfirləri, həmçinin Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Görüşdə türk xalqları tərəfindən əsrlərdən bəri yaşadılan dəyərlərin mühafizəsinin və tanıdılmasının müasir dövrdə türk dünyası üçün önəminə toxunulub. Türk Əməkdaşlıq Təşkilatlarının geniş miqyaslı beynəlxalq fəaliyyətində Macarıstanın da aktiv rol oynadığı bildirilib. Ölkə ilə türk dünyası arasında günü-gündən daha da güclənən qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş mümkün birgə layihələr haqqında müzakirələr aparılıb.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Yıldız Sarayı Fotoşəkil Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” sərgisinin albomlarını diplomatik nümayəndəliklərin rəhbərlərinə hədiyyə edib.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın “M5” mədəniyyət kanalına Fond ilə təşkilatın müşahidəçi üzv ölkəsi Macarıstan arasındakı münasibətlər, eləcə də ümumtürk mədəni irsinin təbliği yönündə həyata keçirilmiş layihələr haqqında müsahibə verib.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Qazanmaq üçün hər yola əl atırlar
Məşhurlar bu yaxınlarda yeni gəlir mənbəyi kəşf ediblər. “Ədəbiyyat və incəsənət” lent.az-a istinadən xəbər verir ki, sosial media platforması məşhur adlara ödənişli şəkildə fərdiləşdirilmiş videolar çəkməyə imkan verir.
Həmin videolarda ad günləri kimi xüsusi günlər və qarşı tərəfə göndəriləcək xüsusi mesajlar məşhur adlar tərəfindən çatdırılır.
Bu sistemdə Serdar Ortaçdan Mehmet Ali Erbilə qədər bir çox məşhur adlar var. Məşhur adlar bu sistem vasitəsilə konsertlərdən, oynadıqları seriallardan, reklamlardan pul qazanırlar. Bundan başqa sosial şəbəkələrdəki paylaşımlarından və iştirak etdikləri dəvətlərdən də əlavə pul alırlar.
Mehmet Ali Erbil 5 min tl (təxminən 452 azn), Serdar Ortaç 2900 tl (təxminən 262 azn), Şafak Sezer 3 min tl-yə (təxminən 271 azn) görüntülü danışıq edir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Qoruğun ərazisində ova cəhd edənlər cəzalandırılıblar
Növbəti brakonyerlik xəbəri: Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ova cəhd edən şəxslər saxlanılıblar.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev mediaya bildirib ki, araşdırma zamanı brakonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)