Super User
Məşhur qrup dağılıb
Amerikanın məşhur pank-rok qrupu "Panic! At the disco" dağılıb.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı qrupun lideri Brendon Urie paylaşıb.
O bildirib ki, valideyn olmağa hazırlaşdığı üçün bu qərara gəlib və qrup bir daha fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Brendon komandanın yeganə daimi üzvü kimi çıxış edirdi. Qrup 2004-cü ildə Las-Veqasda yaradılmışdı.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Opera və balet teatrı “Riqoletto”nu oynayacaq
Fevralın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin "Riqoletto" operası yenidən nümayiş olunacaq.
Tamaşada əsas rolları Xalq artisti Əvəz Abdulla, Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov və Səbinə Vahabzadə ifa edəcəklər. Tamaşanı rumıniyalı dirijor Daniel Jinga idarə edəcək.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, Verdi yaradıcılığının ən dəyərli nümunələrindən biri hesab olunan "Riqoletto" operasının librettosu Viktor Hüqoqun "Kral əylənir" dramının süjeti əsasında qələmə alınıb. "Riqoletto"nun premyerası 1851-ci il martın 11-də Venesiyanın "La Fenice" teatrında baş tutub. Tamaşa böyük uğur qazanıb və hersoq mahnısı bəstəkarın gözlədiyi kimi böyük səs-küyə səbəb olub. Operanı səhnələşdirəndən sonra bəstəkar deyib: “Düşünürəm ki, heç vaxt bundan yaxşısını yazmayacağam”.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Bakıda şir və pələng şousu nümayiş etdiriləcək
Bakı Dövlət Sirki inanılmaz bir tamaşa ilə sirksevərləri sevindirəcək. Bütün fəsillərdə olduğu kimi, yaz aylarında da öz fəaliyyətini yaddaqalan etməyi düşünən sirkimizdə mart ayının 1-dən başlayaraq “DZİVA” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq. Proqram aprel ayının 30-dək davam edəcək.
“DZİVA” adlı sirk proqramının süjet xəttinin əsasını heyvanların - şir və pələnglərin şousu təşkil edəcək. Digər heyvanlardan itlərin də çıxışlarına xüsusi yer veriləcək. Dünyanın ən tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək.
Bundan başqa, hava gimnastlarının qeyri-adi fərdi və kollektiv fəndləri, halqa şousu, dünyaşöhrətli janqlyorun, akrobatların sirkin manejində kollektiv çıxışları kimi digər nömrələr də göstəriləcək. Proqramın təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Qeyd edək ki, proqramda dünya sirk sənətinin aparıcı janrlarına xüsusi yer verilib.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Vyanada Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyi qeyd edilib
Dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin 75 illiyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb.
Qeyd edilib ki, Fərhad Bədəlbəyli Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi və mədəniyyət diyarı olan Qarabağ, Şuşa şəhəri Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında yer alan Bədəlbəylilər nəsli təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın mədəni və ictimai həyatında önəmli rol oynayıb. Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq və maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar və dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor və aktyor olub. Belə yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli də həyatını musiqi ilə sıx bağlayıb.
Diqqətə çatdırılıb ki, 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru olan, eləcə də pedaqoji fəaliyyətlə məşğul olan görkəmli musiqiçi Azərbaycanın mədəni-ictimai həyatında xüsusi çəkiyə malik şəxsiyyətlərdəndir. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür. Ötən il Vyana şəhərində təşkil olunmuş “Odlar Yurdunun sədaları“ beynəlxalq musiqi festivalının münsiflər heyətinə fəxri sədrlik edən F.Bədəlbəyli Azərbaycan musiqisinin Avropada təbliği və gənc istedadların üzə çıxarılmasına töhfə verib.
Sonra Fərhad Bədəlbəyliyə həsr olunmuş sənədli videoçarxlar nümayiş olunub.
Tədbirin bədii hissəsində yubilyar Fərhad Bədəlbəyli beynəlxalq müsabiqələr laureatı Dennis Həsənov (skripka) və Mariya Şebzukova (soprano) ilə birlikdə klassik konsert proqramı təqdim edib. Konsertdə bəstəkarlar Qara Qarayev, Cövdət Haciyev, Mixail Qlinka, Yohannes Brams və digər bəstəkarların əsərləri səsləndirilib. F.Bədəlbəylinin bəstələdiyi “Ave Maria“ və “Dəniz“ əsərləri, Tofiq Quliyevin “Qaytağı” fortepiano pyesi xüsusi maraqla və rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Bazar günü YARAT-da
YARAT yenə də maraqlı layihələri ilə sevindirir. Yanvar ayı ərzində mütəmadi “Little YARAT” layihə çərçivəsində ustad dərsləri təşkil olunub.
“Evim” adlı ustad dərsləri yanvarın 15-dən start götürüb. Ustad dərsinin iştirakçıları öz evlərinin xarici görüşünü təhlil ediblər, xatirələrini canlandıraraq onu kağız üzərində boyalarla çəkiblər.
Yanvarın 22-də mövzu “Günəş sistemi” olub. Ustad dərsində ilk növbədə iştirakçılar Günəş sistemi ilə tanış olublar, daha sonra planetlərin çalarlarını təhlil edib, onları müxtəlif texnikalarla təsvir ediblər.
Bazar günü - yanvarın 29-da isə mövzu “Saat neçədir?” olacaq. İştirakçılar, gün ərzində zamanı necə idarə etdiklərini və hansı fəaliyyətlər ilə məşğul olduqlarını əks etdirən karton saat yaradacaqlar.
Ustad dərsi 4-7, 8-12 yaşarası uşaqlar arasında keçirilir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Sabah “Traviata” Opera və Balet Teatrında nümayiş olunacaq
Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.
Tamaşanı müasir dövrün ən məşhur dirijorlarından olan Korneliya fon Kerssenbrok (şəkildə) idarə edəcək.
İtalyan bəstəkar Cüzeppe Verdinin “Kameliyalı Qadın” (A.Düma) əsərinin motivləri əsasında bəstələdiyi "Traviata" operası həyatın məngənəsində yolunu azmış gənc Violetta ilə, ona aşiq olan Alfredonun eşq uğrunda apardığı mübarizədən bəhs edir.
Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Azər Zadə, İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, aparıcı solistlər Mahir Tağızadə və Nina Makarova canlandıracaq.
Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iTicket.az saytından əldə etmək olar.
İnanılmaz zövq alacağımız şübhəsizdir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Sabah “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabı təqdim olunacaq
Türk ölkələrindən Azərbaycana dəvət olunmuş gənc yazarların iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabının təqdimatı mərasimi “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq və mərasimə qatılan hər bir şəxsə kitab hədiyyə olunacaq.
“Ədəbiyyat və incəsənət” bildirir ki, tədbir yanvarın 28-də, saat 15:00-də baş tutacaq. “Azərkitab” kitab təbliğatı mərkəzinin ünvanını xatırladırıq: Bakı, Atatürk prospekti , A. Salamzadə küçəsi, 65 B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən"Zivella" mebel evinin arxası).
Tədbirin Proqramı:
1. Kitabın təqdimatı;
2.Müzakirələr;
3.Təltiflər.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Filarmoniyada abonement konsertlər yekunlaşır
Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər cari ilin yanvarında da davam etdirilir. Sözügedən konsertlər hər həftənin şənbə günləri saat 15:00-da Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçirilir.
Belə ki, yanvarın 14-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxmışdı. Yanvarın 21-də Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçirildi. Sabah - yanvarın 28-də isə son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram təqdim edəcək.
Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Pantomim Teatrının fevral repertuarı
Azərbaycan Dövlət Pantomim Teatrının fevral repertuarını təqdim edirik:
Ayın 4-də “Son ştrix”, 5-də “Mən və Mən”, 11-də “Manqurt”, 12-də “Kişilər və qadınlar” tamaşaları göstəriləcək.
Bundan başqa, fevralın18-də “Dejavü”, 19-da “Yük”, 25-də “Adsız”, 26-da isə “Manqurt” tamaşaları nümayiş etdiriləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)
Opera və Balet Teatrının fevral repertuarı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fevral repertuarını təqdim edirik:
1 fevral – “Eşq və Ölüm” baleti
4 fevral – “Riqqletto” operası, “Leyli və Məcnun” baleti
5 fevral – “Don Kixot” baleti
8 fevral – “Əsli və Kərəm” operası
11 fevral – “Din Kixot” baleti
12 fevral – “Zoluşka” operası
15 fevral – “Arşın mal alan” musiqili komediyası
18 fevral – “Min bir gecə” baleti
19 fevral – “Aleko” operası
22 fevral – “Nəsimi” baleti
25 fevral “Aida” operası
“Ədəbiyyat və incəsənət”
(27.01.2023)