“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Həsənağa Turabovdur.
HƏSƏNAĞA TURABOV
(1938-2003)
***
Bir gün jurnalistlərdən biri məndən soruşdu:
– Həsən müəllim, necə rolda oynamağı xoşlayırsınız, böyük, ya kiçik?
– O baxır pyesə, – dedim, – yaxşı pyes olanda məmnuniyyətlə böyük rolda oynamaq istəyərəm, yox əgər, pyes zaydırsa, heç kiçik rolda da oynamaq istəməzdim…
***
İnsənət İnstitutunda dərs deyirdim, bir gün siqaret almaq üçün bufetə girib pul verdim. Xırda pulum olmadığı üçün cibimdən iri pul çıxartdım. Bufetçi:
– Həsən müəllim, xırdam olmayacaq, – dedi.
Elə bu vaxt arxamda dayanan cavan tələbələrdən biri tez əlindəki pulu uzadıb:
– Həsən müəllim, narahat olmayın, mən ödəyərəm, – deyəndə, üzümü çevirib tərs-tərs ona baxdım.
– Ədə, tələbə, – dedim, – adamsan, puluvu qoy cibivə, – sözümü bitirib oranı tərk etdim.
Sonra “Bəyin oğurlanması” filmi çəkiləndə aktyor Füzuli Hüseynov həmin hadisəni mənə xatırladaraq, pulumu ödəmək istəyən tələbənin özü olduğunu söylədi.
“Ədəbiyyat və incəsənət”
(26.01.2023)