“Ədəbiyyat və incəsənət” portalı Nargisin “Gəlsən gələrdin...” hekayəsini təqdim edir. Hekayə fərqlidir, cəsarətlidir, hətta bir qədər risklidir, onun müzakirələrə və mübahisələrə səbəb olacağı şübhəsizdir. Əsl sənət nüminələri həmişə müzakirə və mübahisələri sevir.
-Fa’nın insanlaşması məni niyə qorxudurdu?
Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq qavramı ilə tanış oldum. Hələ də məni özümə gətirə bilməyən bu eşq qavramını yaşayanlar neçə dəfə ölürlərmiş ilahi? İnsan insanı tanrısayağı sevə bilərdimi?
Eşqi bir neçə yerə bölmüşdüm o zamanlar. Ancaq həmin əlyazmada təsvir olunan tamam başqa şey idi. Burada insanın insana duyduğu tanrısal bağ haqqındakı fikirlər var idi. Fikrimcə bu cür sevmək bacarığını Tanrı çox adamın qəlbinə qoymur. Bunu yaşayan şəxs kitabda bu hisləri dərinliyinə qədər təsvir etmişdi.
-Mən onu bir qəpiksizkən də, dünyanın maddi zənginliyinin içində boğularkən də eyni hislərlə sevirdim. Mən onu görən kimi tanımışdım. Gözləntim sadəcə məni anlaması və sevməsi idi. Sevdiyini deyirdi də. Beləliklə, illərə yayılan böyük bir sevgi, tutqu ikimizi də qırılmaz bağlarla bir-birimizə bağlamışdı. Həm də necə bağlamışdı. Mən bir-birini tanrısal eşqlə sevən iki nəfəri necə anladım axı sizə? Dodaqlarımı ona toxunduranda Tanrıya toxunur kimi soyunurdum fiziki mənliyimi... Ruhum uçurdu tanımadığım məkanlara...
Hər zaman deyilən o idi ki, insan ki, bir-birinə toxunur, sevişir, artıq bu eşq davam etmir. Hər şey adiləşir... Bəlkə də, insani sevgilərdə elə bu cür də olur. Ancaq bizdə elə deyildi. Bir-birimizə toxunmağımız bu hissi daha da gücləndirirdi. Ey insan oğlu, istəyirsən gül, istəyirsən başla, hazıram, yenə danış öz doğruluq nəzəriyyələrini... Çək silahı vur ürəyimdən, zəhərlə məntiqimi uydurma konsepsiyalarınla. Ruhum, ruhumla bacara bilməyəcəksən. Mən onu ruhumla sevirəm. Bu sadəcə bədənlərin görüşməsi deyil, ruhların rəqsidir. Tanrısayağı eşqdir.
Mənə heç kim o cür toxunmağı bacarmadı. Heç kimin baxışları ağlımı başımdan o cür almadı. Heç kimin gülümsəməsi ruhumu o cür sığallamadı, ağrılarıma antidepresant olmadı.
Bəlkə də mən demiseksual idim... Amma yox, bu başqa bir şey idi. Bu haqda düşüncələrimi yazanda belə təkrar-təkrar yaşayıram hər şeyi, küllərindən yenidən doğulur yaşadıqlarım. Bu çox ağrılı prosesdir. Dözmək mümkün deyil... Yaşamaq da olmur, ölmək də... Başqası ilə deyib gülmək də... Ona duyduğum eşq digər bu tərz münasibətlərə qarşı həm məntiqimi, həm ruhumu, həm qəlbimi, həm də vücudumu bloklayırdı. Mən onun ovuclarına buraxmaq istəyirdim bütün aqibətimi...
Nəfəsim kəsilirdi ona doğru atdığım hər addımda. Əlləri saçlarımı hər sığallayanda, ruhumu könüllü təslim etmək keçirdi içimdən... Saatlarca susurduq. Susaraq sevirdik. Susmaq böyüklükdür deyirlər... Qızıldır deyirlər... Fikrimcə susmaq həm də labüd sonu gecikdirməkdir, susmaq həm də itirmək qorxusudur, incitmək qorxusudur...
Susmaq həm də boğulmaqdır, səssizcə hıçqıraraq ağlamaqdır. Susmaq onun adını qeyri-iradi bağırmaqdır, boşluğa baxıb onu səsləməkdir. Susmaq ağlını getdikcə qaçırmaqdır... dəli olmaqdır... Boşluğa təslimiyyətdir...
-Mənə görə eşq də, ədəbiyyat da tabutdakı ölüdür, o ölünü tabutda daşımaq ürküdücü deyil. Nə qədər ki, o, tabutdadır mühafizə olunur, qorunur... Düzü də budur bəlkə də... Ancaq bunu hədəflənən nöqtəyə çatdırmaq üçün güvənilən çiyinlər, qeyri-toksik münasibətlər gərəkdir. Çiynin biri xəfif büdrərsə tabut yerə dəyib parçalanar, bu isə ürküdücü olar... Bütün hislər muncuq ədası ilə laqeyidcə çıxmazlara səpələnər...
-Hər dəfə çiynin büdrəyir sənin. Bilirsən axı, mən hər dəfə yaralanıram. Hər şeyi hər kəslə rahatlıqla müzakirə etməyə adət etmiş mən, səni heç bir şəkildə paylaşa, danışa bilmirəm. Tanrısal eşqi bir-birini insan sevgisi ilə sevən cəmiyyətdəki fərdlər anlayarmı? Anlamaz, əlbəttə anlamaz. Məni əxlaq, din, doğru, yanlış konsepsiyaları ilə zəncirləyəcəkdilər əzizim... Bundan qorxmuram əlbəttə, sənə olan eşqim mənim ruhuma, məntiqimə, iradəmə, duruşuma hər gün sıxılan qurşundur. Ancaq o zəncirlər ya sənə gəliş yollarıma əngəl olarsa? Bizi nakam bir sona məhkum edərsə? Bəlkə də elə istədiyin budur. Susmaq bax qorxmaqdır, reallığı öyrənməkdənsə bir uydurmaya təslimiyyətdir... Susmaq əzizim, imitasiya olunmuş cəmiyyətin nəzəriyyəsinə əlimdən axıb gedərkən əllərin danışmamaqdır...Qürurundan ürəyini, mənliyini mühafizə edərək ruhunu deşik-deşik etmək, lezvalamaqdır... Hiss edirəm axan qanın istiliyini... Tükəndiyimi...
Tanrısal eşqdə belə bir tərəf daha məntiqli olurmuş. O bir tərəf digər tərəfdə unutmurmuş bütün mənliyini. Ara-ara yox, elə tez-tez oyanırmış bu “qəflət” uyqusundan. Sorğulamırmış belə bu oyanışını... Fiziki dünyaya daha çox aludəçiliklə də əlaqələndirmirmiş...
Digər yarısını yuxulu-yuxulu uçurum kənarında unudub gedirmiş öz düzlər nəzəriyyəsinin ardınca.
-Bəli, əlbəttə haqlısan, əziz oxucum... Yuxulu olan, oyanmaq istəməyən, mənim kimi yuxularında qalmağı seçən düşürmüş uçurumun dibinə... Yaralanırmış, məhv olurmuş, qan itirirmiş, hər gün ölüb dirilirmiş... Bir müddət sonra qartalların zirvələri sevdiyi kimi sevirmiş uçurumun ən dibini... Qorxulu gəlmirmiş artıq ona bu dərinliklər. O ruhunu bu dərinlikdə sakitləşdirir, ovundururmuş. Qayıtmaq istəmirmiş insani sevginin hegemaniyasına, qeyri-səmimiliyinə... Onu artıq maraqlandırmırmış zirvələr, o uçurumun dərinliklərinə məhkum edirmiş könlünü... İnanırmış ki, bu, əslində ikisini də qorumağın ən gözəl yoludur.
Çoxları eşqi daddığını iddia edir. Ancaq uçurumun dibini görmək, fiziki bədəni soyunub birini ruhunla sevə bilmək hər insana nəsib olmur. Çoxları sevir, bəli, ancaq onlar uçurumun kənarlarından baxır diblərə, dərinliklərə... Tanrısal sevgidə hər şey başqa cür olur... Fiziki dünyada qazanılan bütün kimliklərindən soyunur insan, ruhu səmalaşır. İnsanı Tanrıya duyulan eşqlə sevir... Tanrı da Liliti elə sevməmişdimi? Tanrısal eşq həm də yaşayarkən ölmək deyilmi?
Bəli tanrısal eşqdə belə bir tərəf daha məntiqli olur... Öncəlikləri fərqli olur... Gedir, gəlir, gəlir, gedir, gəlmir, gəlmir, gəlmir və gəlmir... Gəlsə belə, gəlmir... Gəldiyini düşünsə belə gəlmir...
Gəlmirsən, əzizim, çoxdandır gəlmirsən... Hiss edə bilmirəm səni... Harda qoymusan ruhunu... Bu fani vücud mənə gərək deyil... Soyuqsan... Ölüm soyuqluğu sığınıb barmaqlarına,..
Tanrısal eşqdə belə bir tərəf daha qəddar olurmuş...
Düşünməzmiş bəs o nə haldadır? Necədir?
- Axı bütün yollarımı əzbər bilirsən...Məni ən çox sən tanıyırsan. Özüm kimi olduğum yeganə yer də, ev də, insan da, dünya da, vətən də sənsən deyilmiydin?
Sənə duyduğum hislər məni aşıb, okeanlaşıb... səmalaşıb...
-Mənim qədər sevir inancı ilə hər gün yemləyirəm məntiqimi. Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi... Mən o keçidlərdə hər gün gözləyirəm səni... Ruhunun zindanlarına qapatmışam ruhumu...
Ölüm də diləmək olmur.
-Ölüm ruhun gedişi deyilmi? Getmək istəməyən ruhu Tanrı aparmaq iqtidarındamı?
-Bağlasam da yollarımı sənə... Bilirsən bütün gizli keçidlərimi...
Gəlsən gələrdin, əzizim, gəlsən gələrdin, əzizim...
“Ədəbiyyat və incəsənət”
(30.01.2023)