Əfsanəvi Barett Stronq və Enni Verşinq vəfat ediblər Featured

Ötən gün dünya mədəniyyət xəzinəsinə iki ağır itki üz verdi. İki məşhur amerikalı sənətçi vəfat etdi. Əfsanəvi musiqiçi Barett Stronq və məşhur aktrisa Enni Verşinq. 

 

Barett Stronq

Amerikalı əfsanəvi müğənni, bəstəkar Barrett Stronq 81 yaşında vəfat edib.

Bu barədə “Motown Records” səsyazma şirkətinin muzeyi özünün “Twitter” hesabında xəbər verib. Bu barədə  “Deadline” məlimat yayıb. 

“Motown Records”un ilk hit müğənnisi, əfsanəvi müğənni-bəstəkar Barrett Stronqun vəfatını dərin kədər hissi ilə bildiririk”, - deyə məlumatda deyilib.

Qeyd edək ki, Stronq yaradıcılıq karyerasına 1959-cu ildə Berri Qordinin “Tamla Records” leyblində (indiki “Motown Records”) başlayıb. Həmin ilin sonunda o sonradan rok klassikasına çevrilən “Money”ni (“That's What I Want”) yazıb. ABŞ-də böyük hitə çevrilən bu mahnı “The Beatles” və “The Rolling Stones” kimi qruplar tərəfindən də ifa edilib.

2011-ci ildə “Rolling Stone” jurnalı mahnını bütün zamanların ən yaxşı 500 mahnısı siyahısında 294-cü sırada yerləşdirib.

Bundan əlavə, Stronq bəstəkar kimi də tanınıb. O, 1961-ci ildə Eddi Hollandın “Jamie” hitini yazıb, 1966-1973-cü illərdə Norman Uitfildlə mahnılar bəstələyib.

1973-cü ildə Barrett Stronq yenidən müğənnilik karyerasına qayıdıb.

Onun sonrakı nisbətən uğurlu mahnıları siyahısına “Stand Up and Cheer for the Preacher” və “Is It True” daxildir.

 

Enni Verşinq

“24 saat” serialı ilə şöhrət qazanan Enni Verşinq isə daha gənc idi, 45 yaşlı aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, 2020-ci ildə xəstəlik diaqnozu qoyulduqdan sonra da filmlərdə çəkilməyə davam edib. “Ulduz yolu: Pikar” (“Star Trek: Picard”) və “Debütant” (“The Rookie”) seriallarında məşhur rolları canlandırıb.

Amerika mədəniyyət ictimaiyyəti bu iki itki ilə bağlı bərk sarsılmasını sosial mediada izhar edib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.