Super User

Super User

Ötən gün Bakıda şadlıq saraylarının birində meyxana ustadları itə meyxana deyiblər.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, saytlarımızın yerləşdirdiyi bu xəbər ən çox oxunan mədəniyyət xəbər kimi gündəmi zəbt edib. 

İtə meyxana deyilməsi meyxana xridarlarının kəskin etirazına səbəb olub.

Hadisə meyxana ustası Mübariz Maştağalının ad günündə baş verib. Belə ki, Sadiq adlı biznesmen meyxana sifariş verib və itinin təriflənməsini istəyib.

Məclisdə iştirak edən meyxana ustadları - Ağamirzə, Mehman Əhmədli, Akif Arif, Mübariz Maştağalı sifarişi böyük həvəslə yerinə yetiriblər.

Biz sənəti niyə bunca ucuzlaşdırırıq? Yadımıza böyük Seyid Əzim Şirvaninin yüz illər öncə yazdığı misralar düşür:

 

İt deyil, o dəxi bizim birimiz,

Belə ölmüşlərə fəda dirimiz. 

 

Bəli, biz dəyişmirik ki, dəyişmirik. 

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Könül Siyavuşqızı yazır

 

 

 

Deyirlər, “Gözəllik ondur, doqquzu dondur”. Qədimdən bizə ərmağan olan bu atalar sözünün hikmətinə görə bütün dövrlərdə gözəl geyimlərə üstünlük verilib. Bu gün gözümüz çeşid-çeşid geyimlər görür, könlümüz bu rəngarənglikdən, bolluqdan xoş olur, amma gəlin, görək, qədim zamanlarda geyimlərimiz necə olub, paşaların, ağaların, rəiyyətin geyimi arasındakı fərq nədən ibarət olub?

 

İlk buraxılımızı şöhrəti dünyaya yayılan dilbər guşəmiz Qarabağa həsr etmişik. Amma, əvvəlcə ümumilikdə milli geyimlərimiz haqda söz açmaq istərdik, diqqət edin ki, tariximizin incə ilmələrindən bir-bir xəbər tutasınız.

 

Azərbaycan ərazisində məskunlaşan ilk insanlar bürüncək, sarıq, örtmə kimi dəri, süni liflərdən düzələn geyimlərdən istifadə edib. Orta əsrlər dövründə geyimin təkmilləşməsi yönündə bir sıçrayış nəzərə çarpır.

 

Tarixi filmlərdən, şəkillərdən seyr etdiyimiz geyimlər əslində XİV- XVİ əsrədək formaca bir-birinə çox bənzəyib, hətta ilk baxışdan onların fərqli cəhətləri çox gözə çarpmayıb. XVI-XVII əsrlərdə Azərbaycanda ipəkçilik, toxuculuq geniş vüsət almağa başladığı vaxtdan geyimlər yaxşı mənada dəyişdi, gözəlləşdi, çeşidləndi. Parçalar arasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bezin adlarını çəkmək olar.  Bəziləri  xalq arasında "Hacı mənə bax", "gecə-gündüz", "gendə dur", "alışdım yandım", "küçə mənə dar gəlir" və s. ad altında məşhur idi.

 

XVİİ-XVİİİ əsrlərdə Azərbaycanda xanlıqlar yarandı və bölgələrin geyim tərzləri bir-birindən əməllicə fərqlənməyə başladı. Müxtəlif coğrafi bölgələr, adət- ənənələr buna rəvac verirdi. Parçanın çeşid və növündən tutmuş, saplar, bəzək aksesuarları, düymə, basmalaradək, rəngindən tutmuş, naxışlarına kimi hər şey düşünülüb öz təyinatına uyğun biçilib tikilirdi. Burda ən önəmli məqamlardan biri qadının və kişinin statusu, yaşı idi.  Cavan qızın və ailəli qadının geyimlərində fərqlər olurdu. Cavan gəlinlər daha rəngarəng geyinərdilər, qızlar və yaşlı qadınlar bəzək elementlərindən az istifadə edirdilər. Bu tarazlıq  bütün bölgələrdə saxlanırdı. Şəriətlə bağlı qəbul olunmuş geyim qaydalarına da ciddi əməl olunurdu.

 

XVİ - əsr "qızılbaşlar" dövründə  kişilər başlarına təpəsi nazik və hündür  qırmızı  papaq qoyub, ətrafına sarıq dolayırdılar. Zadəganlar və rütbəli hərbi xidməçilərsə əmmamənin üstündən 12 qaş taxar, ya da  zərli xətlər çəkdirərdilər.  Xalq arasında adi bəzəksiz,  ağ əmmamələr də vardı.

 

Qadınların baş geyimləri arasında çalma ilə yanaşı, qoyun dərisindən tikilən başqa formalı papaqlar, gözəl, əlvan naxışlı örpəklər, naxışlı araqçınlar, yun, pambıq şallar, kəlağayılar, çənə altından bağlanan xəz və məxmərdən tikilmiş papaqlar var idi. Soyuq havalarda tirmə, kəşmiri, təbii yundan toxunmuş şaldan istifadə olunardı. Qadınlar küçəyə çıxarkən isə çarşabsız çıxmazdılar, çarşabsız gəzmək kiçik qızlara, bir də yaşlı qadınlara icazə verilirdi. Baş örtüsü sürüşməsin deyə, qüllabı  adlı  çəngəl, boğazaltıdan istifadə olunurdu.

 

Kişi üst geyimlərindən danışsaq, deməliyik ki, nisbətən varlı təbəqəyə mənsub kişilər üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xələt, əba və çuxa  geyərdilər. Əbanı, əsasən, mollalar və hörmətli qocalar geyərdi.

 

Qadın üst geyimlərinə gəlincə, varlı təbəqədən olan qadınlar da çiyinlərinə bəzək üçün uzunqollu xələt salardılar. Üst geyimləri - üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Qadın üst geyimlərindən biri də kürdü idi. Kürdü sarıqlı və qolsuz olduğundan qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilərdi.

 

Ayaqqabılardan da söz açsaq, ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız  başmaq -  nəleyin idi. Dövlətlilər nazik dəridən tikilmiş uzunboğaz çəkmələr, kəndlilər isə bağları yun ipdən toxunan çarıq geyərdilər. Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan tikməli çəkmələr  geyirdilər. Qadınlarının ənənəvi ayaq geyimlərinə yun və ya ipək corabçarıq, badış, şətəl, başmaq, çust, uzunboğaz və yarımboğaz çəkmələr daxil idi.

 

Azərbaycanın milli geyimləri, onların növləri, çeşidləri haqda ümumi məlumat verdik. Gəlin görək, Qarabaq bölgəsinin geyimlərinin  digər bölglərdən fərqli və oxşar  edən cəhətləri nələr olub?

 

Gəncə-Qarabağ geyimləri çox bənzəyib. Bu geyimlər də dəst halında olurdu, üst tumanla üst çiyin geyimi eyni, ya da oxşar, köynək isə açıq və parlaq rənglərdə tikilirdi.

 

Qarabağ çəpkənini digər bölgələridən fərqi qollarının sallamaqollu olmasıdır. Qollar çiyin tikilişlərinin üstünə əlavə tikilir, ucları əlcək və qolçaqla tamamlanırdı. Qoltuqdan dirsəyə, biləkdən barmaq uclarına qədər hissəsi açıq saxlanırdı. Çəpkən bəzən pullu olurdu. “Baharı” adlı  bəzəkli üst geyimi də ən çox  bu bölgədə geyilib. Tünd qırmızı, moruğu rəngli məxmərdən tikilən “Baharı”nın qolları düz, uzunluğu dirsəyə qədər, bel xəttindən əlavə büzməli ətək tikilir, hər ətəkdə kəsmə cib qoyulurdu. Yaxa, qolağzı, ətək tikmələrlə bəzədilirdi. Qarabağ küdrüsü də məxməridən tikilməyi, bədənə kip oturmağı, qolsuz olmağı xəz və baftadan başqa heç bir bəzəyinin olmamasıyla digər bölgədəki  küdrülərdən  seçilib.  Bəzən o, sırıqlı formada da tikilirdi. 

 

Qarabağ  bölgəsində  istifadə  olunan köynəyin gövdəsi qatlama üsulu ilə biçildiyindən çiyinliyi tikişsizdir. Qollarının üstündəki xırda  qırçınlar əsasən bəzək məqsədi daşıyır. Köynəyin qıraqlarında "peş" adlanan çapıqlar olur.  Qolların ağzına və yaxa kəsiyinə bafta tikilir. Milli geyimlərin əsas hissəsi olan tuman qaz-qazı, zərxara, atlas kimi parçalardan tikilirdi. Ətəklərin aşağısına müxtəlif ölçüdə tirmə və başqa parçadan qat payı tikilirdi.

 

Qarabağın arxalıq üst geyimi qiymətli parçalardan tikilir,  tox rənglərdən istifadə olunurdu. Al rənglərə çox üstünlük verilmirdi. Arxalığın daha da gözəl görünməsi üçün qol ağzına və yaxa kəsiyinə qırçınlı - büzməli əlavələr  tikilirdi. Yaxası buta formasında olan arxalıqlara da təsadüf edilirdi. Onların yaxalığı ikiüzlü qırçınlanmış parça ilə bəzədilirdi. Qarabağ-Gəncə arxalıqları "nülufər qollu", yelparəli olurdular. Qol dirsəyədək yelparəli, dirsəkdən aşağı zanbaq formasında biçilirdi, ağzına isə qırçınlı-büzməli əlavələr verilirdi ki,  arxalığı daha baxımlı və gözəl göstərsin.

 

Beləcə, sizə  milli geyimlərimizdən  danışdıq. Qarabağ bölgəsinin geyimlərinin fərqli və oxşar cəhətlərini də vurğuladıq. Bütün bölgələrimizin geyimləri bütövlükdə Azərbaycanımızın mədəni irsi, izi  əsrlərin, qərinələrin  içindən keçib gəldikləri uzun, məşəqqətli yol soy kökümüzün, dədə -babalarımızın  irsi, izidir. Bu irsə sahib çıxmaqsa bizim  müqəddəs borcumuzdur. Gəlin,  araşdıraq, öyrənək, gələcək nəsillərə ötürək ki, əbədiyən yaddaşlara yazılsın.  

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(02.02.2023) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İçərişəhərdə, Müslüm Maqomayev küçəsi, 20 ünvanında qədim bir tikili var. Yaşı əsrləri adlayan bu tikili qədim və müasir Azərbaycan memarlıq sənətinin harmoniyasını yaşatmaqla yanaşı, həm də çağdaş günümüzün bir sənət məbədinə çevrilib. Hazırda burada ölkəmizi dünyada layiqincə təmsil edən Bakı Marionet Teatrı fəaliyyət göstərir. Əsası 1980-ci illərin ortalarında Əməkdar incəsənət xadimi Tərlan Qorçu tərəfindən qoyulan Bakı Marionet Teatrı ötən dövrdə çox uğurlara imza atıb. AzərTAC-ın müxbiri yolunu bu sənət ocağından salaraq, teatrın təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu ilə görüşüb, sənət ocağının repertuarı, zəngin yaradıcılıq axtarışları və gələcək planları barədə fikirlərini öyrənib. Daycest bölümündə həmin müsahibəni diqqətinizə çatdırırıq. 

 

 

-Tərlan müəllim, necə oldu ki, Bakı Marionet Teatrı yarandı? 

-Öz repertuarı olan və bütün dünyada tanınan cəmi 5-6 Marionet teatrları var. Buna misal olaraq Avstriyada Volfqanq Amadey Motsartın əsərlərinə səhnə quruluşu verən Marionet Teatrını, həmçinin İtaliyadakı Marionet Teatrını göstərmək olar. Bizim yaxın qonşularımızdan Gürcüstanda da tanınmış ssenarist, yazıçı-dramaturq, rejissor Rezo Qabriadzenin yaratdığı belə bir teatr fəaliyyət göstərir. Bizdə isə tarixən marionet teatrı səhnəsi olan teatr kimi heç vaxt fəaliyyət göstərməyib, sadəcə ənənəvi kukla teatrları olub. Ölkəmizdə ilk Marionet Teatrı da mənim təsis etdiyim teatrdır. 1985-ci ildə Tiflisə “Kukla teatrları” festivalına getdim və o zaman orada Marionet Teatrı yeni yaradılmışdı. Onların repertuarında olan bir tamaşanı izlədim və bu mənə çox müsbət təsir etdi. Qərara gəldim ki, mütləq Azərbaycanda da belə bir teatr açmaq lazımdır. Bakıya qayıtdıqdan sonra məşhur teatr rəssamı Elçin Məmmədov və bəstəkar Cavanşir Quliyevlə birgə “Arşın mal alan” tamaşası üzərində işə başladıq. Tamaşanı biz təxminən 4 ilə hazırlayıb bitirdik. O zaman ölkəmizdə bu sahənin texnikasını yaxşı bilən mütəxəssis yox səviyyəsində idi, buna baxmayaraq mükəmməl bir iş ortaya qoyduq. 1988-ci il aprelin 20-dən rəsmi olaraq ölkəmizdə Marionet Teatrı fəaliyyət göstərməyə başladı. Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində yaradılan teatrımızın ilk tamaşası Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası olub. Daha sonra 1993-cü ildə Marionet Teatrı Bakı Bələdiyyəsinin nəzdinə verildi. 2013-cü ildən isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil edildi. Teatrımızın əsas məqsədlərindən biri də Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etməkdən ibarətdir. 1990-cı ildə Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Arşın mal alan” tamaşasını ilk dəfə Fransada nümayiş etdirdik. Dünyada marionet teatrlarının çox az sayda olması tamaşaların uzun müddət ərzində ərsəyə gəlməsi ilə bağlıdır. Bəzən bir tamaşa bu teatrlarda 3-5 il ərzində hazırlanır və çox zəhmət tələb edir. Bura həmçinin kuklaların, dekorasiyaların və kuklalarla bağlı rekvizitlərin hazırlanması, eləcə də digər bu kimi işlər aiddir. Bunlar hamısı əl işi olduğu üçün də çox dəyərlidir və hazırlanmasına uzun bir vaxt tələb olunur. Marionet kuklaları çox kiçik ölçüdə olduğu üçün tamaşa zalı da kiçik olmalıdır ki, izləyicilər kuklaları rahat görə bilsinlər. Bizim zal 50 nəfərlikdir və belə olduğu halda da teatr çox qazanc əldə edə bilmir. Bunun üçün də Marionet teatrlarına dövlət qayğısı vacib amillərdəndir. 

-Tamaşalarınızda istifadə olunan marionet kuklaları necə hazırlanır?

-Marionet kuklalarının hazırlanmasına uzun vaxt tələb olunur. Bu prosesdə sona kimi bir nəfər usta iştirak etmir. Bir kuklanın ərsəyə gəlməsinə ən azından dörd tamam fərqli sənət adamları, mütəxəssislər cəlb olunurlar. Bir usta taxtadan kuklaları bütövlükdə cilalayır, digəri onun hərəkət-idarə sistemini yığıb formaya salır, başqa mütəxəssis onun geyimini, aksesuarlarını hazırlayır və başqa biri isə kuklanın vizual bəzədilməsi, boyanması işi ilə məşğul olur. Bu mütəxəssisləri də bir yerə yığmaq çox çətindir. Olur ki, bu tip işlərdə bəzi məsələləri özümüz həll edirik, bəzilərinin həlli üçünsə xarici ölkə teatrlarına müraciət edirik. Biz “Leyli və Məcnun” tamaşası üzərində işləyərkən kuklaları müxtəlif ölkələrdə bir neçə mütəxəssisin köməyi ilə hazırlamışıq. Ümumilikdə isə bədii və texniki nəzarət, eləcə də kuklaların son yığma işləri bizim tərəfimizdən aparılır. Xüsusən qeyd etmək istərdim ki, tamaşada hər bir personaj üçün hazırlanan kuklalar hərəsi ayrı bir zaman müddətində ərsəyə gətirilib. Misal üçün, “Leyli və Məcnun” tamaşasında Məcnun kuklası 2 aya hazırlanıbsa, Leyli kuklasının tamamlanmasına 6 ay vaxt sərf olunub. Hər bir kuklanın baş hissəsinin hazırlanmasına həftələrlə vaxt gedir. Əgər kukla tamaşanın konsepsiyasına uyğun gəlmirsə, prosesi yenidən başlamalı oluruq. Bu isə təbii olaraq xeyli vaxt alır. Burada hansısa bir normativ olmadığı üçün kuklaların konkret hazırlanma müddəti də dəqiq bilinmir. Ümumiyyətlə dünyada keyfiyyətli marionet kuklası hazırlayan 2-3 mütəxəssis var. Təxminən bir marionet kuklasının hazırlanması 7-10 min dollara başa gəlir.

-Teatrın repertuarından və yeni layihələrinizdən danışardınız.

-Repertuarımıza Üzeyir Hacıbəylinin əsərlərindən ibarət tamaşalar daxildir. İlk tamaşamız olaraq “Arşın mal alan”ı səhnələşdirdikdən sonra biz 3 il müddətində “Leyli və Məcnu”nu hazırladıq. Bu proses məqsədli şəkildə aparılırdı, çünki 2013-cü ildə indiki binamızda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təmir-restavrasiya işinə başladıq. Qərara gəldik ki, təmir işləri ilə eyni anda yeni tamaşanı da hazırlayıb təqdim edək. Belə də oldu. Binanın açılışı ilə yeni “Leyli və Məcnun” tamaşasının premyerası da eyni günə salındı. Beləcə repertuarımıza “Leyli və Məcnun” tamaşası da daxil oldu. Gələcək planlara gəlincə isə, artıq bir neçə ildir ki, “Aşıq Qərib” tamaşası üzərində düşünürəm. “Aşıq Qərib” məni çox maraqlandırır və bu nəinki Azərbaycanda, eyni zamanda bir çox başqa ölkələrdə də tanınmış əsərdir. Əsərin tanınmasında Mixail Lermontovun çox böyük əməyi olub. Qafqazda olarkən o “Aşıq Qərib”i qələmə alaraq, rus dilli oxucular üçün adaptasiya edib. Bu əsər, həmçinin bir neçə dillərə də tərcümə olunub. Mən çox düşünürəm ki, “Aşıq Qərib” dastanını biz uğurlu bir tamaşa kimi hazırlaya bilsək, bu da gələcəkdə dastanların səhnəyə yol açmasına vəsilə olacaq. Bakı Marionet Teatrının digər tamaşalarında olduğu kimi bu yeni səhnə əsəri üçün də özəl, məxsusi kuklalar hazırlanacaq. Bir səhnə əsərində iştirak edən kukla digər tamaşada istifadə olunmur. Bizim teatrın ən böyük özəlliklərindən biri də budur. Repertuarımızda olan “Arşın mal alan”, eləcə də “Leyli və Məcnun” tamaşalarının kuklaları bir-birindən həm ölçü, həm də vizuallıq baxımından çox fərqlənirlər. Bu il artıq yeni layihəmiz olan “Aşıq Qərib” dastanının səhnə həllinə başlayacağıq.

- Yaradıcılığın bu üslubu inkişaf etmiş ölkələrin bir çoxunda sevilir və maraqla qarşılanır. İndiyədək hansı ölkələrdə qastrol səfərlərində olmusunuz?

-Teatrımızın qastrol səfərlərinə ilk dəfə 1990-cı ildə Fransadan başladıq, elə ilk tamaşamızı da orada nümayiş etdirdik. Onda Marionet Teatrının hazırladığı “Arşın mal alan” tamaşasını ölkəmizdə izləyən olmamışdı. Uzun illər səhnəmiz olmadığından əsasən qastrol səfərlərinə gedirdik. Əsasən də səfərlərimiz Avropa ölkələrinə olurdu, çünki orada marionet teatrlarını daha çox sevirlər. Bu teatrların repertuarı əsasən opera və musiqili tamaşalardan ibarətdir. Bu səbəbdən də Marionet Teatrlarını böyüklər üçün olan teatr da adlandırmaq olar. Fransadan başlayaraq, Polşa, İsveçrə, Almaniya və bir çox ölkələrdə tamaşalar göstərmişik. Hətta Amerikada da olmuşuq. Sonuncu qastrol səfərlərimizə gəlincə isə, “Leyli və Məcnun” tamaşamızın premyerasından sonra biz yenidən Fransaya mötəbər “Şarlövil Mezyer Beynəlxalq Marionet Teatrları Festivalı”na dəvət aldıq. İlk dəfə idi ki, ölkəmiz bu cür nüfuzlu festivalda iştirak edirdi. Təbii ki, orada “Leyli və Məcnun” tamaşasını göstərdik və çox böyük təntənə, sevgi və hörmətlə qarşılandıq. Festivaldan 4 ay əvvəl tamaşamıza olan biletlərin hamısı satılmışdı. Həmin festivala çox teatrlar qatıldığından və zaman çərçivəsi çox dar olduğundan iştirakçılar öz tamaşalarını cəmi 1-2 dəfə göstərə bilirdilər. Azərbaycandan ilk dəfə gəlmiş və hələ heç kimə məlum olmayan bir teatra 4 tamaşa göstərmək təklif olundu. Fransadan sonra Xorvatiyada da bir neçə tamaşamızı böyük müvəffəqiyyətlə təqdim etdik. Oradan qayıtdıqdan sonra bir neçə başqa ölkələrdən də təkliflər almağımıza baxmayaraq məlum pandemiya səbəbindən səfərlərimizi təxirə salmalı olduq. Bu ilin sentyabrında yenidən Fransaya nüfuzlu festivala dəvət almışıq. Bizim teatr kimi öz üslubu (yaxın Şərq estetikalı) olan teatrlar yox səviyyəsindədir və buna görə də bizə qastrol səfərləri üçün dəvət almaq elə də çətin deyil. Sadəcə olaraq bu səfərlərə getməyin özü çətin və əziyyətli bir prosesdir. Bunun üçün əvvəlcədən teatrda nümayiş olunan yerli tamaşalar dayandırılır, kuklalarla birgə hər bir detallar, tamaşada istifadə olunan bütün avadanlıqlar, hətta işıq setinə kimi aparılır. Çünki orada bizi qane edəcək və bizim tamaşanın konsepsiyasına uyğun səviyyədə işıq avadanlıqları olmur. Buna görə də biz qastrol səfərlərimizə öz teatrımızın ən müasir kompüter sistemli işıq avadanlıqları ilə getməli oluruq. Bu da çox ağır və əziyyətli prosesdir. Buna görə də qastrol səfərləri üçün bir çox ölkələrdən dəvətlər alsaq da bəzilərinə gedə bilmirik. Bizim Bakı Marionet Teatrına böyük maraq var və beynəlxalq festivallardan hər zaman mütəmadi olaraq dəvətlər alırıq.

-Bir az da teatrın yaradıcı heyəti haqqında məlumat verərdiniz. Marionet kuklalarını idarə etmək üçün nələri bilmək vacibdir...

-Əfsuslar olsun ki, nəinki marionet teatrı üzrə, hətta adi kukla teatrları üzrə ölkəmizdə, eləcə də dünyada ali təhsil ocaqlarında ixtisaslaşmış tədris mexanizmi yoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sadəcə ənənəvi Aktyor Sənəti üzrə fakültələr var. Kukla teatrları üzrə rəssamlar da hazırlanmır, təhsil nöqteyi-nəzərdən bu istiqamətdə hələ ki, tədris metodikası yoxdur. Buna görə də biz məcbur oluruq tədris prosesini elə teatrda keçək. “Marionet kuklalarının idarə olunmasının öz çətinlikləri, xüsusi texnikası var və bunları bizim teatrda işləmək istəyən kadrlara öyrədirik. Teatrımız 30 ildən çoxdur ki, fəaliyyət göstərir və bu illər ərzində bir neçə aktyor nəsli bizimlə eyni yolu keçib. Sənət ocağında hazırda həm yaşlı, həm də cavan aktyorlar çalışırlar. Teatrımızda birinci nəsil marionet aktyorlarına kuklalarla işləmək texnikasını mən öyrədirdim, indi isə bu prosesi onlar özləri yeni nəsil aktyorlara öyrədirlər. Mütəmadi olaraq digər ölkələrin teatr nümayəndələri, mütəxəssisləri ilə görüşüb bu istiqamətdə söhbətlər, debatlar aparırıq.

- Bakı Marionet Teatrının yerləşdiyi bu bina həm də qədim tarixə malikdir. Bu məkanı özünüz seçmisiniz...

-Bakı Marionet Teatrının özünəməxsus və fərqli üslublu binasını 30 il bundan əvvəl özüm seçmişdim. Bina XIX əsrin ortalarında inşa edilib və Səlimxanovlar ailəsinə məxsus olub. İnqilabdan sonra binanın sahibi dəyişib. Əvvəllər burada çox güclü yanğın baş verib və nəticədə bina tamam yararsız hala düşüb. Təmir-restavrasiya işlərinə isə həddindən çox maliyyə tələb olunurdu. Binanın təmiri və restavrasiyası, ən əsas da marionet teatrına uyğunlaşdırılması çox uzun bir vaxt aldı. Hətta bu binada vaxtilə yaşamış insanlar gəlib tamaşaya baxaraq xoş xatirələrlə buradan ayrılırlar. Təmir işlərinə başladığımız zaman istəyirdim ki, bura marionet teatrının konsepsiyasına uyğun qeyri-adi bir məkan olsun. Öyrəşdiyimiz ənənəvi sovet üslublu teatrlar kimi olmasın. Düşünürəm ki, istəyimizə nail ola bildik. Binamızın açılış günü - 2016-cı il dekabrın 24-də Prezident İlham Əliyevin öz doğum günündə birinci xanım Mehriban Əliyeva ilə birgə Bakı Marionet Teatrının qonağı olması bizim üçün çox qürurverici idi. Elə həmin ərəfədə Bakı Marionet Teatrı olaraq “Leyli və Məcnun” tamaşasının premyerasını keçirdik. Teatrımızın bu fərqli, gözəl binası dörd mərtəbədən ibarətdir, üç fundamental mərtəbə və dördüncü son mərtəbə isə şüşə konstruksiyalı əyləncə, tədbirlər üçün geniş zal. Binanın konsepsiyasında sanki zaman ekskursiyası yer alır. Birinci mərtəbə XVIII əsri xatırladır. İkinci mərtəbəyə qalxdıqda isə müasirliklə üzləşirsən və ondan sonrakı digər mərtəbələr isə daha müasir ab-hava yaradır. Bina qədim aksesuarlar, bəzək əşyaları və teatrın üslubuna uyğun kuklalarla zəngin olduğu üçün bizim teatra tamaşaya baxmağa gələnlər eyni anda həm də özlərini muzeyə gəlmiş kimi hiss edirlər. Tamaşaçılarımızın əksər hissəsini də əcnəbi qonaqlar təşkil edir. Buna əsas səbəb repertuarımızda olan tamaşaların Azərbaycan mədəniyyətini tərənnüm edən klassik opera nümunələri olmasıdır. Eyni zamanda, teatrımızın tamaşalarında Şərq mədəniyyəti hiss olunur, həmçinin musiqili opera tamaşaları olduğu üçün səhnə əsərlərinin tərcümə olunmasına ehtiyac qalmır. Tamaşalarımız anşlaqla keçir, biletlər 1 ay əvvəlcədən tamam satılır. Azərbaycanda Marionet Teatrının olması ölkəmizin adını dünya mədəniyyətində önə çıxarır. 

-Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Cümə axşamı, 02 Fevral 2023 16:00

Heydər Əliyev Sarayında xeyriyyə konserti olacaq

Fevralın 4-də Heydər Əliyev Sarayında 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti olacaq. 

Konsert proqramı Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.

Konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş gənclərə ianə ediləcək. 

Qeyd edək ki, gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılması məqsədilə təşkil olunan IX “Gəncliyin səsi” festivalı fevralın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Cümə axşamı, 02 Fevral 2023 11:30

“ABSURDİSMLİK ƏSRİ” - Əli Çağlanın şeiri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın “Absurdismlik əsri” şeirini oxucularımıza təqdim edirik.  Qeyd edək ki, Absursismlik - 

¹Səudiyyə Ərəbistanın cənubunda yerləşən böyük səhranın  adıdır.

 

 

Göz işlədikcə boş Rub-əl-Xali¹ səhrasındayam

Hay vururam, səsim özümə dönür.

Boş təpələrin torpağı

Udmaq istəsə də məni, qorxmuram

Darıxıram səni canımdan çıxartmağa.

 

Dişimin arasında qalmış ləpə dənəsisən.

Dartınıram özümlə,

Göynəyir dilimin ucu.

Oyub çıxartmaq istəyirəm səni

Çöpsüz, ağacsız,

Ərəb səhrasında...

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Fevralın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçiriləcək.

 

Sözügedən musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

Qeyd edək ki, konsert proqramında Azərbaycan, Rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən heykəltaraşlıq müsabiqəsi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 13 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən birinci yerə Natiq Əliyev, ikinci yerə Xanlar Əhmədov və üçüncü yerə Kamran Əsədov layiq görülüblər.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Fevralın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək. 

 

Bu gecədə bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə solist Günel Kazımova (piano) çıxış edəcək. 

Proqramda dünya klassik bəstəkarlarının əsərlərindən nümunələr səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Cümə axşamı, 02 Fevral 2023 08:30

Gənclər Kitabxanasında Gənclər Günü qeyd edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “GUYS” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bu gün Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti anlayışının bizə Ulu Öndər Heydər Əliyev tərəfindən miras qalmasını və bu gün də bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini söyləyib. Azərbaycanda gənclər siyasətinin uğurunun bariz nümunəsi olan bir sıra yerli və beynəlxalq tədbirlərin təşkilindən, “Gənclər Günü”, “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılmasından, gənclər üçün “Prezident mükafatı”nın təsis edilməsindən, gənclərin elmi, mədəni, iqtisadi, siyasi sferalarda bir mütəxəssis kimi yetişmələrinə göstərilən daimi dəstəkdən danışıb. Artıq 50 gündən çoxdur ki, Xankəndi-Laçın yolunda Azərbaycan gəncləri, fəal könüllülər tərəfindən “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarların səsləndirilməsi ilə müşayiət olunan dinc ekoaksiya haqqında da məlumat verib. 

“GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev müasir Azərbaycan gəncliyinin yüksək dinamika ilə inkişaf etməsindən, daim öz üzərində çalışmasından, müasir texnologiya vasitələrinə marağından, sağlam rəqabət aparma qabiliyyətlərindən danışıb.

Tədbirdə kitabxananın əməkdaşları “Zəfər dastanı yazan qalib Azərbaycan gəncliyi”, “Dövlətin gənclər siyasəti”, “İntellektual Azərbaycan gəncliyi: gələcəyimizin etibarlı davamçısı” mövzularında çıxışlar ediblər.

Kitabxananın İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Gənclər Gününün tarixinə nəzər salaraq, Respublika Gənclər Kitabxanasının 95 illik fəaliyyəti müddətində əsas auditoriyasının gənclərdən ibarət olmasını vurğulayıb. Daim inkişaf etməkdə olan Azərbaycan gəncliyinin asudə vaxtının, mütaliəsinin təşkili, intellektual səviyyəsinin yüksəldilməsi yönündə həyata keçirdikləri tədbirlər haqqında danışıb. 2 Fevral – Gənclər Günü ilə əlaqədar kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterial, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal haqqında məlumat verib.

Prezident təqaüdçüsü və mükafatçısı Ramil Əhməd ölkənin elmi, mədəni sferalarında çalışan gənclərin fəallığından, müxtəlif yerli və beynəlxalq layihələrə, proqramlara cəlb olunmalarından, daim öz peşəkarlıq səviyyələrini yüksəltmələrindən danışıb. Mədəniyyət Nazirliyi tərəfindən Şuşada təşkil edilən Vaqif Poeziya Günlərində bir çox istedadlı gənclərin peşəkarlığının şahidi olmasını vurğulayıb.

Tədbirdə kitabxananın üç əməkdaşı – Şəhla Quliyeva, Züleyxa Seyidova və Nilufər Əhmədova kitabxanada uğurlu fəaliyyətlərinə görə fərqlənmə diplomu, on nəfər fəal gənc isə “GUYS” İctimai Birliyi tərəfindən ölkəmizin sosial və ictimai həyatında aktivlik nümayiş etdirdiklərinə görə təşəkkürnamə ilə təltif ediliblər.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Belçikanın Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisəsi olan Avropa Kollecində Azərbaycan milli günləri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, milli günlər çərçivəsində gənc pianoçu Etibar Əsədlinin caz-muğam konserti təşkil edilib, milli mətbəx təqdimatı və müxtəlif ölkələrdən olan kollecin tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib. Qaliblərə suvenirlər təqdim olunub.

Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xəyyam Rzazadə, Elvin Hacıyev və Necla Ayvazinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Tələbələr səfirliyimizə dəstəyə görə təşəkkürlərini bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.