Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “GUYS” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bu gün Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti anlayışının bizə Ulu Öndər Heydər Əliyev tərəfindən miras qalmasını və bu gün də bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini söyləyib. Azərbaycanda gənclər siyasətinin uğurunun bariz nümunəsi olan bir sıra yerli və beynəlxalq tədbirlərin təşkilindən, “Gənclər Günü”, “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılmasından, gənclər üçün “Prezident mükafatı”nın təsis edilməsindən, gənclərin elmi, mədəni, iqtisadi, siyasi sferalarda bir mütəxəssis kimi yetişmələrinə göstərilən daimi dəstəkdən danışıb. Artıq 50 gündən çoxdur ki, Xankəndi-Laçın yolunda Azərbaycan gəncləri, fəal könüllülər tərəfindən “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarların səsləndirilməsi ilə müşayiət olunan dinc ekoaksiya haqqında da məlumat verib.
“GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev müasir Azərbaycan gəncliyinin yüksək dinamika ilə inkişaf etməsindən, daim öz üzərində çalışmasından, müasir texnologiya vasitələrinə marağından, sağlam rəqabət aparma qabiliyyətlərindən danışıb.
Tədbirdə kitabxananın əməkdaşları “Zəfər dastanı yazan qalib Azərbaycan gəncliyi”, “Dövlətin gənclər siyasəti”, “İntellektual Azərbaycan gəncliyi: gələcəyimizin etibarlı davamçısı” mövzularında çıxışlar ediblər.
Kitabxananın İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Gənclər Gününün tarixinə nəzər salaraq, Respublika Gənclər Kitabxanasının 95 illik fəaliyyəti müddətində əsas auditoriyasının gənclərdən ibarət olmasını vurğulayıb. Daim inkişaf etməkdə olan Azərbaycan gəncliyinin asudə vaxtının, mütaliəsinin təşkili, intellektual səviyyəsinin yüksəldilməsi yönündə həyata keçirdikləri tədbirlər haqqında danışıb. 2 Fevral – Gənclər Günü ilə əlaqədar kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterial, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal haqqında məlumat verib.
Prezident təqaüdçüsü və mükafatçısı Ramil Əhməd ölkənin elmi, mədəni sferalarında çalışan gənclərin fəallığından, müxtəlif yerli və beynəlxalq layihələrə, proqramlara cəlb olunmalarından, daim öz peşəkarlıq səviyyələrini yüksəltmələrindən danışıb. Mədəniyyət Nazirliyi tərəfindən Şuşada təşkil edilən Vaqif Poeziya Günlərində bir çox istedadlı gənclərin peşəkarlığının şahidi olmasını vurğulayıb.
Tədbirdə kitabxananın üç əməkdaşı – Şəhla Quliyeva, Züleyxa Seyidova və Nilufər Əhmədova kitabxanada uğurlu fəaliyyətlərinə görə fərqlənmə diplomu, on nəfər fəal gənc isə “GUYS” İctimai Birliyi tərəfindən ölkəmizin sosial və ictimai həyatında aktivlik nümayiş etdirdiklərinə görə təşəkkürnamə ilə təltif ediliblər.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)