Super User

Super User

 

Görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı, Azərbaycan Sovet nəsrinin sütunlarından biri Əli Vəliyevin vəfatından 40 il ötür.

 

Əli Vəliyev yaradıcılığa gənc yaşlarından başlayıb, özündən sonra zəngin bir ədəbi irs qoyub. Tərcümeyi-halına nəzər salsaq görərik ki, o, 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ali təhsilini Azərbaycan Dövlət Darülfünununda davam etdirib. Əmək fəaliyyətinə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində başlayıb. Sonrakı dövrlər “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb. Beş övlad atası olub.

Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edir. Həmin illər işıq üzü görmüş “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanır.

Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazır. 

Həmin dövrlər onun müharibədən bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kimi kitabları nəşr olunur.

1950–1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri” “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam” romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.

1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur.

1958-ci ildə yazıçının “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Müxtəlif dövrlərdə Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.

Öz “tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.

Əli Vəliyev 1983-cü il fevralın 2-də Bakı şəhərində vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Cümə axşamı, 02 Fevral 2023 11:15

Günün fotosu: Fransa etiraz edir

Günün fotosu: Fransa etiraz edir

 

1.3 milyon fransız küçələrə çıxaraq Pensiya islahatlarına etiraz edir. Və xalqın qəzəbi hakimiyyəti geri çəkilməyə vadar edəcək.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, “Popun kralı” adını qazanan Maykl Ceksonun həyatı barədə film çəkilir.

Əfsanəvi ifaçını bayopikdə bacısı oğlu Cəfər Cekson canlandıracaq.

 

Qazeta.ru xəbər verir ki, bu barədə filmin rejissoru olacaq Antuan Fukua özünün “Instagram” hesabında xəbər verib

Onun sözlərinə görə “Lionsgate” şirkəti ilə “Maykl” (“Michael”) adlı layihə üzərində işləyir.

Filmin prodüserləri isə Qrem Kinq, Con Brank və Con Makkleyn olacaqlar.

Ssenarini əvvəllər “Qladiator” və “Aviator” filmlərini hazırlayan Con Loqan yazıb.

Qeyd edək ki, 13 “Grammy” mükafatı qazanan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.

Xatırladaq ki, dünya ulduzu haqqında olan film “CinemaPlus” kinoteatrlar şəbəkəsində də yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Cümə axşamı, 02 Fevral 2023 07:30

Prezident gəncləri mükafatlandırdı

Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2023-cü il Gənclər üçün Prezident mükafatları verilsin:

 

Axundova Ülviyyə Süleyman qızı

 

Əliyev Kamran Əbülfəz oğlu

 

Əliyeva Adilə Həbib qızı

 

Həşimov Orxan İlqar oğlu

 

Hüseynli Cabbar Rasim oğlu

 

İslamov Bəxtiyar Qabil oğlu

 

Məsimov Nicat Rafiq oğlu

 

Nağıyeva Mehriban Vidadi qızı

 

Zəkəryəzadə Tural Namiq oğlu

 

birgə fəaliyyətə görə:

 

Xəlilov Şahin İlqar oğlu

 

İmanzadə Günay Fikrət qızı.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2023-cü il

Cümə axşamı, 02 Fevral 2023 17:30

Uğur qazanmaq üçün lazım olan 15 keyfiyyət

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

1) Nümunəvi tərbiyə almaq.

Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.

Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.

Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.

 

Növbəti dəfə “Möhkəm ailəyə malik olmaq” barədə danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(02.02. 2023)

 

Cümə axşamı, 02 Fevral 2023 16:30

“Türkiyədə isti münasibətlər gördüm”

Gənc yazar Habil Yaşar yaradıcılığı ilə bağlı qardaş Türkiyədə bir çox tədbirlərə qatılıb, mükafatlandırılma məeasimlərində iştirak edib.

 

Yazar “Ədəbiyyat və incəsənət” portalına bildirib ki, İstanbul şəhərində ədəbi vəqflərdən biri tərəfindən "Günəş" mükafatına layiq görülüb. Tezliklə onu "Beyaz Tv" də izləyə biləcəksiniz, televiziya onunla bağlı süjet hazırlayıb. Eyni zamanda o, İzmir şəhərində "Yazsader"in törənində başqan Cemal Durmaz bəy tərəfindən "Edebiyyat onur ödülü” nə layiq görülüb. Bursa şəhərində isə "Fevki Ala Türk Müziği Korosu"nun başqanı Fatma Gündoğdu xanımım təşkilatçılığı ilə "Ördekli Kültür Mərkəzi”ndə yazarımızın oxucularla görüşü keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023) 

 

 

Fevralın 2-dən etibarən bütün kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanacaq. 

 

“Azərbaycanfilm” kinostudiyasının ictimaiyyətlə əlaqələr və marketinq şöbəsindən bildirilib ki, kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir. 

Kinoalmanaxın tərkibindəki “Sizə məktub var...” filmi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Məzahir Həşimov, əsas rolların ifaçıları Əli Əliyev və Dəniz Tacəddindir. Ekran əsərində öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım, ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir…

Digər “Arxa cəbhə” filmi Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı olan filmin rejissoru və ssenari müəllifi Gülay Babayeva, əsas rolların ifaçıları Kəmalə Piriyeva və Niyaz Qasımovdur. “Arxa cəbhə” adlı ekran əsərində ailəsini Bərdədə qoyub özü döyüşə gedən oğlan filmin əsas qəhrəmanıdır. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı pozur.

“Hasar” filmi də Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Ultra Production”ın istehsalı olan filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, əsas rolların ifaçıları Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərovdur. “Hasar” adlı ekran əsərində Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin Qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur.

Ümumilikdə Birinci, İkinci Qarabağ müharibələri və müharibədən sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır.

Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlir “YAŞAT” Fonduna ianə ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Qədəm qoyduğumuz Fevral ayı Bakıda gurultulu estrada proqramları ilə yadda qalacaq. O cümlədən Türkiyə ulduzu Ferhat Göçerin çıxışı ilə. 

 

Fevralın 14-də - Sevgililər günündə Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin konserti təşkil olunacaq. YouTube platformasında milyonluq səddi çox erkən aşıb keçən, 

ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan sevgi mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Cümə axşamı, 02 Fevral 2023 13:30

Kukla Teatrının fevral repertuarı açıqlanıb

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı fevral ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb. Şəklə diqqət edin:

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Müğənni, Xalq artisti Niyaməddin Musayevin adı çəkiləndə hamının üzündə xoş təbəssüm oyanır. Haqqında lətifələr qoşulan sənətkarımız bu obrazda özünü heç də pərt hiss etmir, insanlara gülüş bəxş etmək də bir istedaddır. 

Xalq artisti “Künc-bucaq" YouTube  layihəsində qonaq olarkən yenə bizləri güldürüb. Bir nəzər yetirək: 

-O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi. "Udarnik" var, ona vururdular, amma musiqi düz gəlmirdi. "Dubts-dubts" ritmi almaq üçün həmin "udarnik"ə "poduşka" qoyur, min dənə iş görürdüm. Sadə ritmlər olmurdu. Diskotekanı, o ritmləri ölkəyə mən gətirmişəm. Yeniliklər var, amma o diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də onu başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz.

Və yaxud bu fikir:

-Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqda bir kəlmə də olsun danışmırlar. Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir.

Və bu:

-Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar.

Sonda da bir gülümsəyən smaylik.

(Mətnin stenoqramı axşam.az-dan götürülmüşdür) 

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.