Super User

Super User

Bu gün Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş “Qara Qarayev 105” adlı konsert keçiriləcək.

 

Konsertdə Əməkdar artist Vaxtanq İmanovun rəhbərliyi altında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera ansamblı çıxış edəcək. Konsertdə bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında “Nəğməmə inan” tamaşasının premyerası olacaq.

 

Teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın ilk təqdimatı bəstəkarın doğum günündə fevralın 4-də saat 19:00-da onu sevənlərə təqdim olunacaq və bu tamaşa həmçinin fevralın 5-də də oynanılacaq.

Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.

Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” əsərləri əsasında uşaqlar üçün hazırlanan “Mauqli” adlı tamaşanın premyerası keçiriləcək. 

 

Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

“Çarlz Dikkensin ədəbi varisi” kimi xatırlanan Redyard Kiplinq həyatının müxtəlif dövrlərində uşaqlarla bağlı “Yeddi dəniz”, “Cəsur kapitanlar”, “Puk təpəsindən gələn Pak”, “Mükafatlar və pərilər” adlı əsərlər yazıb. Yazıçının ən çox müraciət olunan əsəri isə “Cəngəlliklərin kitabı” hekayələr toplusu olub. Kitabdakı hekayələrin qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında, xüsusən Rusiyanın aparıcı teatrlarında uşaq tamaşaları hazırlanıb, filmlər və cizgi filmləri ekranlaşdırılıb. 

Yeni tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar Asya Atakişiyeva, Nurlan Süleymanlı, Aybəniz Heydərova Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Elgün Yəhyayev, Gülbəniz Lətifova, Xəyalə Qasımova canlandıracaqlar. 

Qeyd edək ki, tamaşadakı hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə cərəyan edir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi gəzməyi yaşamağı öyrənməyə məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlinin özünü insan kimi hiss etməsinə səbəb olur.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Sabah Heydər Əliyev Sarayında 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti olacaq. 

 

Konsert proqramı Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.

Konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş gənclərə ianə ediləcək. 

Qeyd edək ki, gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılması məqsədilə təşkil olunan IX “Gəncliyin səsi” festivalı fevralın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Bu gün Azərbaycan Rəngkarlığı Muzeyində ilk dəfə təqdim olunan “Yer kürəsi və incəsənət” layihəsi çərçivəsində müzakirələr aparılacaq. 

 

Bu layihə qlobal, sosial və incəsənət aspektlərini özündə birləşdirən, həmin sahələrdə müəyyən töhfələr vermiş peşəkarların fikir mübadiləsini əhatə edir. Layihə yalnız incəsənət deyil, həm də nadir hallarda müzakirə olunan, lakin qlobal statusunu qoruyub saxlayan mövzuları da əhatə edəcək. 

Belə ki, tədbirdə “Bəşəriyyətin incəsənətdəki kodları: “METAKOD” sərgisinə yaxın perspektivdən baxış” mövzusu diqqət mərkəzində olacaq. 

Layihənin ilk tədbirinin qonaqları hazırda muzeydə nümayiş edilən “METAKOD” sərgisinin kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olacaq. 

Moderatoru Mina Abbasova olan tədbirdə müzakirələr Azərbaycan və rus dillərində aparılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Səddam Laçın

 

Səddam Laçın - Məmmədov Gülmalı Şahlar oğlu 1992-ci il mart ayının 1-i Laçın şəhərində doğulub. Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda " ARB" telefviziyasında efir redaktoru olaraq çalışır. Şeirləri və hekayələri ilə müntəzəm olaraq mediada çıxış edir.

 

 

“Öldürən qəbirlər”

 

Babam rəhmətə gedəndən bir neçə ay sonra anamın yuxusuna girdi. Anam da yuxusunu birinci axar suya, sonra atama danışdı. Gördü ki ürəyi soyumadı, un halvası bişirib yeddi qonşuya payladı. Sonda bir daha atamla məsləhətləşdi.

- A kişi, nə deyirsən, qəbir üstünə gedək, ya yox?

Əslində özü hər şeyi bilirdi. Amma niyəsə hər dəfə atamdan soruşurdu. Biz tərəfdə bütün analar belə edirdilər. Onlar dəqiq bildikləri şeyləri də kişilərdən soruşmamış etmirdilər. Son sözü yenə atam dedi: 

-Hazılaş, gedək.

Adət-ənənəyə əsasən yuxusuna rəhmətə gedən əzizi girən hər kəs mütləq onu ziyarət etməli idi. Yoxsa qəbiristanlığa diri yox, ölü gedərdi.

Atam qapının ağzında siqaretini tüstülədə-tüstülədə “Ağız, uşağı qonşuya qoy, özün də bir az tez elə, şər qovuşmamış gedək”- dedi.  Anam da “ Uşağı niyə qapılarda qoyaq e, getsin də bizlə, nə olacaq ki?”- soruşdu. Yəqin ki, “qapılar” sözü atamı tutdu. Siqaretindən bir qullab da alıb “Yaxşı, di bir az tez ol” dedi. Anam tələm-tələsik hazırlaşmağa başladı. Onsuz da yazıq ömür boyu harasa tələsirdi. Atamın deyinməyini nəzərə alsaq, həmişə də gecikirdi. 

Günortadan sonra qəbiristanlığa getdik. Anam içəri girər-girməz dil deyib ağlamağa başladı. Mən isə yersiz uşaq qısqanclığı ilə iki daşın arasında fikirləşdim ki, görəsən, mən də ölsəm anam belə ürəkdən ağlayarmı?

Yazıq elə nalə qopardı ki, pis oldum. Oradan uzaqlaşmaq istədim. Atam isə anama təsəlli vermək yerinə, mənə özümü ağıllı aparmağı, qəbirlərin üstünə çıxmamağı tapşırdı.

Anam ayağa qalxıb babamın məzarını təmizlədi. Bu vaxt başında qəribə papağı, üzündə eybəcər saqqalı olan bir kişi bizə tərəf gəldi. "Allah rəhmət eləsin" - dedi.

Mənə elə gəldi ki, o, bu cümləni sual formasında işlətdi . Çünki atam başını yelləyəndən sonra bilmədiyim dildə bəzən gur, bəzən asta səslə tələm-tələsik nəsə oxudu. Bitirən kimi də atam onun cibinə on manat basdı. Çox pulgir olduğumdan, ya da atamdan nə vaxt pul istəsəm vermədiyindən, onluğu görən kimi anamdan əminin oxuduğu kitabı bizə neçənci sinifdə keçəcəklərini soruşdum. O da ağzımdan vurub, "Kiri, Allaha ağır gedər" -dedi. Allah babaya oxumaq istədiyim kitab, yoxsa qazanmaq istədiyim pul ağır gedər, bilmədim, amma kiridim.

Anam babamın baş daşını öpə-öpə bir az da ağladı. Onun ağlamağı ürəyimi sıxırdı. Başımı qatmaq üçün ətrafa göz gəzdirdim. Bizdən xeyli aralıda gözümə bir qəbir sataşdı. O dəqiqə bildim ki, qəbir yiyəsi bütün ölülərdən varlıdı. Həm rəngi, həm hündürlüyü, həm də üstündəki gülləri ilə digərlərindən seçilirdi həmin qəbir. Acgözlüyümdənmi, yoxsa uşaqlığımdanmı, bilmədim, amma dərhal düşündüm ki, görəsən, mən də ölsəm, elə qəbrim olarmı? Sonra əlimi uzadaraq "Ana, o qəbir kimindir? "- soruşdum.

Deməz olaydım.

Ağzımdan söz çıxan kimi aləm dəydi bir-birinə. Atam hədsiz dərəcədə əsəbiləşib, "Sənə dedim axı, uşağı qəbiristlanlığa gətirmə"- dedi. Yazıq anam kor-peşman, mənə tərəf döndü. Mən də nə olub itdiyindən xəbərsiz, sual dolu baxışlarla ona baxdım. Anam əsə-əsə bir əli ilə qolumdan tutub, o biri əlinin şəhadət barmağı ilə tənbeh etdi ki, bir də heç vaxt qəbirlərə əl uzatmayım.

Mən də bir az qorxmuş, bir az da küskün halda niyəsini soruşdum. "Adam əlini qəbirlərə uzatmaz, yoxsa qəbirdəki onu yanına aparar"- dedi. Dəhşət içində ağlamağa başladım. Mən artıq əlimi uzatmışdım.

Pəh, yazı yaza bilməyən uşaq əli ölüm fərmanı imzaladı.

Maraqlı idi. Ölümün nə demək olduğunu bilməsəm də ölməkdən qorxdum. Amma bir tərəfdən də sevindim ki, ən yaxşı qəbirin, ən varlı ölünün yanında olacam. Bəlkə də ondan pul istəsəm, atam kimi xəsislik etməz, nə qədər lazım olsa verərdi. Bir tərəfdən də, özümə təsəlli verirdim ki, onsuz da cənnətə düşəcəm.

Qonşumuzun mən yaşda oğlu öləndə atam demişdi ki, Allah baba uşaqları cənnətə aparır. Sonra birdən yenə dəhşətli qorxu içində ağlamağa başladım. Yadıma düşdü ki, dünən gecə anamdan gizlin dırnaqlarımı tutub, bu azmış kimi qayçının ağzını da açıq saxlamışam. Çünki anam ikisinə də “olmaz” demişdi. Mən də etsəm nə olacaq deyə qəsdən iki günahı birdən işləmişdim. Bu da axırı…

Allah baba məni cəhənnəmə aparacaq. Ağlamağa, ağladıqca da qışqırmağa başladım. Sonra evə gəldik, qəbiristanlıq yadıma düşdükcə yenə ağladım.

Bir müddət sonra ağlamağımın səbəbini axtarmağa başladılar. Heç kim məndən heç nə soruşmadı. Müxtəlif versiyalar irəli sürüldü. Anama elə gəldi ki, mənə göz dəyib. Bu gün qəbir üstünə gedəndə hanısısa sonsuz arvad mənə yaman baxıbmış. Atam da öz növbəsində düşünürdü ki, bütün baş verənlərin günahkarı anamdır. Axı uşağın çöldə nə işi var ki, ona göz də dəyə. Anam həm atamı, həm məni, həm də özünü sakitləşdirmək üçün "Dərd verən Allah dərmanın da verər" - deyib mətbəxə keçdi.

Mən isə yenə uşaq ağlımla, dərman olanın niyə dərd verdiyini düşünməyə başladım. Bu arada anam Allah babanın göndərdiyi dərman - yeməyə tökdüyü duzu başıma hərlədi, sonra onu ocağa atdı, ocaqda duz çırtladadıqca hiss elədim ki, arvad xeyli rahatlaşdı. Lakin hər zamanki kimi işini yarımçıq qoymaq istəmədi, son olaraq bir topa üzərlik yandırdı.

Vəssalam, bununla da göz yaşım qurumasa da mənə dəyən bütün gözlər çıxacaqdı. Beləcə, borcunu layiqincə yerinə yetirən anam yatmağa getdi. Mən isə həmən gecə qorxumdan gözümü belə qırpmadım. Elə bildim ki, yatan kimi öləcəm.

Ondan sonra da nə vaxt anamın yuxusuna girsəm, adəti üzrə halva bişirəcək, qonum-qonşuya paylayacaq, atamla məsləhətləşib balaca qardaşımı qonşuda qoyub, məni görməyə gələcək. Babamın qəbri üstündə tökdüyü göz yaşından mənim də məzarıma axıdacaq, atam isə anama təsəlli verəcək. Səs-küyü eşidən o qəribə papaqlı kişi də haradansa peyda olub, tələm-tələsik nəsə mızıldanacaq, sonra atamdan on manat alıb yoxa çıxacaq. Heç bir saat çəkməmiş hamı ev-eşiyinə dönəcək və növbəti yuxuya kimi məni orada tək qoyacaqlar. 

Bir gecənin içində ölümdən qorxan uşaqdan, öldürməkdən qorxan qocaya çevrildim. 

Səhərə yaxın idi. Nə qədər müqavimət göstərsəm də, yuxu məni aparırdı. Son dəfə gözlərimi açdım, tavana baxa-baxa Allaha vəsiyyət elədim ki, əgər ölsəm, mənə elə yaraşıqlı məzar qoymasınlar. Hansısa uşaq bilmədən əlini uzatmasın, mən də onu öz yanıma gətirməyim.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

 

 

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “İohan Sebastyan Baxa ithaf” adlı konsert təşkil edilib.

 

Gecədə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. 

Orkestr solistlərinin ifasında dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi İohann Sebastyan Baxın əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

 Möhkəm ailəyə malik olmaq.

Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.

Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.

 

“Ədəbiyyat və incəsənət”

(03.02. 2023)

 

Küveytlə Azərbaycan arasında turizm münasibətlərinin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Məhəmməd Abdullah Almauid arasında fevralın 2-də keçirilən görüşdə müzakirə olunub.

 

DTA-dan bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanla Küveyt arasında turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, 2022-ci il ərzində Küveyt Dövlətindən ölkəmizə səfər edən vətəndaşların sayının 22 min nəfərdən çox təşkil etdiyini və bu rəqəmin bu il daha da artmasına ümid etdiyini bildirib. 

Fuad Nağıyev bildirib ki, 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki qalibiyyətindən sonra Qarabağın turizm potensialının qiymətləndirilməsi və yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi Dövlət Turizm Agentliyi qarşısında qoyulan əsas vəzifələrdən birdir. O, Qarabağa və ölkənin turizm potensialı yüksək olan digər ərazilərinə investisiya qoyuluşu üçün əlverişli mühitin mövcudluğunu diqqətə çatdırıb.

Səfir Abdullah Məhəmməd Abdullah Almauid siyasi əlaqələrin inkişafının turizm əlaqələrinin də genişləndirilməsinə töhfə verdiyini qeyd edərək, yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunub.

O, iki ölkə arasında ortaq dəyərlərin, ölkəmizdə inkişaf etmiş turizm infrastrukturunun mövcudluğunun, həmçinin Azərbaycanın təhlükəsiz və ailəvi turizm destinasiyası kimi üstünlüklərə malik olmasının ölkəyə səfər edən Küveyt vətəndaşlarının sayının artmasına təsir etdiyini bildirib. 

Görüşdə Azərbaycana səyahəti asanlaşdıracaq prosedurlar, hazırda həyata keçirilən birbaşa uçuşların sayının artırılması, çarter reyslərinin təşkil edilməsi kimi mövzular barəsində fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Bakıdan Küveytin Əl-Küveyt şəhərinə “Kuwait Airways” və “Jazeera Airways” hava yolları vasitəsilə həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir. Küveyt vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Fevralın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi, rəqs və interaktiv uşaq oyunları ilə rəngarəng “Kung-Fu Panda” adlı müzikl-tamaşa nümayiş olunacaq.

 

Rus dilində hazırlanan müzikl-tamaşada Kung-Fu Panda və digər personajlar şən və musiqili səhnə oyunu ilə balaca tamaşaçıları əyləndirəcəklər.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.