Super User

Super User

Uik-endin ən çox oxunan mədəniyyət xəbəri 2013-cü ildə Rusiyaya köçən və Rusiya vətəndaşlığı alan məşhur fransalı aktyor Jerar Depardye ilə bağlı olub. 

 

“Ədəbiyyat və incəsənət” Euronews-a istinadən xəbər verir ki, Depardye Ukraynaya dəstək olaraq Rusiyanın siyasətini pisləyib. O, "Le Figaro"ya müsahibəsində bildirib:

"Rusiya vətəndaşı olduğuma görə utanıram. Mordoviyadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm. Fransa hakimiyyətinə dəstək üçün müraciət edirəm və onlardan mənə müharibədən qaçqın statusu vermələrini xahiş edirəm".

Qeyd edək ki, Depardye Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəmişdi. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb Rusiyaya köçmüşdü. İndi isə o, peşmandır və geri qayıtmaq istəyir.

Görəsən Fransa prezidenti Makron onun xahişinə necə baxacaq?

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Bazar ertəsi, 06 Fevral 2023 11:15

Bu gün festival Gəncədə davam edəcək

Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi istiqamətində “Gəncliyin səsi” festivalı keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə etməkdədir. Festival çərçivəsində bir sıra konsertlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində keçirilir. 

Bu gün - fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək. Gənc solistlər rəngarəng ifaları ilə çıxış edəcəklər.

Xatırladaq ki, fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etmişdi. 

Fevralın 8-də isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin gənc solistləri öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

“Ədəbiyyat və incəsənət” Daycest bölümündə Kulis.az-a saytında məşhur meyxanaçı Məşədibaba haqqında gedən maraqlı yazını oxucularına təqdim edir.

 

 

Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-də Bakının Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə maraq göstərən Məşədibabanın istedadı şeiriyyatda özünü göstərməyə başlayır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Səsi ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Yazdığı qəzəlləri meyxanaya çevirir.

*

Qısa zamanda qəsəbə camaatı arasında hörmət qazanan meyxanaçı kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş. Ustadı olmayan meyxanaçı özü haqqında belə deyirmiş: "Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa, deyəcəksən, bacarığın yoxdursa, lap 50 il sənə bir ustad dərs versin, xeyri yoxdur. Bu tamam Allahın vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz."

*

Məşədi Baba yaman dəcəlmiş, dalaşqanmış məktəbdə. Tez-tez müəlliməyə söz qaytararmış. Müəllimə də dinc durmur əvəzində. Qədim mollaxanalardakı kimi, uşağın ayaq pəncələrini keçirir bir növ fallaqqaya. Xətkeşlə Məşədi Babanın ayaq pəncələrinə vurur. Bu hadisədən sonra onun sümükləri zədələnir, bir neçə dəfə əməliyyat olunur.

Maştağadakı toy adətlərindən biri də toyun axırına yaxın qüdrətli meyxana ustasının böyrünə bir stul da əlavə edərlər ki, görsünlər çoxmu boş qalacaq o? Gözü qızmış bir cayıl, nəhayət, gəlib oturacaqmı bu boş stulda? Meyxana deməyə cürət edəcəkmi ağır-sanbal el ustaları hüzurunda? Bir gün Ağasəlim Çıldağın böyrünə belə bir boş stul qoyurlar. Deyirlər ki, bəs yenə əvvəlki kimi boş qalacaq o. Ancaq bu dəfə həmin stul boş qalmır. Əvvəl Məşədi Baba, sonra Elçin gəlib oturur Ağasəlimin böyründə adətən boş qalan həmin stulda. Qafiyəni götürüb başlayırlar səhərəcən meyxana deməyə.

*

2005-ci ildə namaz qılır, dinlə maraqlanır. Lakin, bu cəmi bir il çəkir. Məşədibaba 2006-cı ildə namazdan dönür.

*

Yaxınlarının sözlərinə görə çox bədxərc adam olub. Bir gecədə toydan beş min qazansa da, ertəsi gün ailəsindən əlli qəpik istəyirmiş. Bir dəfə isə burnu axırmış, cibində komalanan əlli, yüz manatlıqları çıxarıb əlli manatlığın biri ilə burnunu silib küçəyə atır.

*

Məşədibaba əmisi qızına istəkli olub. Onunla nişanlanır. Toylarına çox az qalmış yaxın dostu və rəqibi meyxanaçı Elçin Atakişiyevlə aralarında mübahisə yaranır. Mübahisə zamanı Məşədibaba dostunu bıçaqlayır. Lakin, bu bıçaq zərbəsi ölümcül olmur. Deyilənə görə Elçini xəstəxanaya çatdırmalı olan adamlar bilərəkdən ləng davranırlar. Nəticədə Elçin dünyasını dəyişib, Məşədibaba isə həbs olunub. Məhkəmə zamanı Elçinin atası öz ifadəsi ilə çoxlarını təəccübləndirərək deyir: "Bir oğlum məzara getdi, o birini də qazamata göndərməyin".

Məşədibaba altı il azadlıqdan məhrum olunur. 2000-ci ildə həbsdən azad edilir. Şahidlərin sözlərinə görə həbsxanadan çıxan kimi Məşədibababnın ilk getdiyi yer Elçinin məzarı olub.

*

Əsərlərinin çoxunu həbsdə olarkən yazır. Həbsdən çıxandan sonra əmisi qızı ilə ailə həyatı qurur. Bir il sonra onların Mircəlal adlı övladları dünyaya gəlir. Məşədibabanın içkiyə aludə olması ailəsində soyuqluq yaradır. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur.

*

Meyxanaçının oğlu Mircəlal Aydəmirov müsahibələrinin birində bu haqda deyir:

"Atam Elçini öldürmədiyini birinci dəfə mənə deyib. Deyirlər ki, guya atam həbsdən çıxandan sonra ilk olaraq Elçinin məzarını ziyarət edib. Yalan sözdür. Hadisə bizim evin qarşısında olub. Ad günündə çıxıb, maşınla evə gəlirlər. Meyxana nümayəndələrindən də orada olan olub. Bıçaqlanma səbəbi isə söyüş olub. Elçin atama nahaqdan əl qaldırıb. Atam da əlləri ilə dəstək ağacını (kastel) saxlayırdı. Ayağında uşaqlıqdan problem olub. Elçin vurub, atam yerə yıxılıb. Özü necə danışıb, mən də sizə elə deyirəm. Atam ayağa duranda, ikinci dəfə bir də vurub və yenə yerə yıxılıb. Üçüncünü vurmaq istəyəndə atam deyib ki, Elçin çıx get, səhər söhbət edərik. "Sən də içkilisən, mən də. Vuraram, peşmanlıq olar. Məni özümdən çıxartma". Elçin də söyüb ki, vurmayanın.... Atam da cibindən bıçağı çıxardıb, gödəkçənin üstündən vurub. Elçini 7 saat maşında gəzdiriblər. Həkim deyib ki, insan şillədən ölərdi, bu bıçaq yarasından ölməzdi. Niyə xəstəxanaya vaxtında çatdırmayıblar? Deyirlər ki, guya 7 bıçaq zərbəsi vurub. Yalandır. Meyxana aləmindən olan dostlar, insanlar atamla Elçinin arasında mübahisə olmasında maraqlı idilər. Hətta deyərdim ki, onların arasındakı mübahisənin də səbəbkarı onlar idi".

Həbsdən çıxandan sonra Elçinin qardaşları Məşədibabaya hücum etmək istəyirmişlər. Bir gün Məşədibaba "Tavaylıq" məhləsində toya gedir. Elçinin qardaşları, özü orada yaşayıbmış. Məşədibaba qaynına deyir, mən meyxana deyəndə arxamı qoru. Camaata baxıram, arxamı görə bilmirəm. Elçinin qardaşı Şahin Məşədibaba meyxana deyə-deyə arxasına keçir. Məşədibabanın qaynı özünü qabağa verib onu qoruyur.

*

Deyilənə görə Elçinlə Məşədibaba arasında yaranan ixtişaşda dövrün məşhur meyxanaçıları müəyyən mənada maraqlı olurlar. Məqsəd isə hər iki meyxanaçını aradan götürmək, onların şöhrətinin qarşısını almaq imiş.

*

Rəqibləri belə etiraf edirmişlər ki, Məşədibaba toyda ayağa qalxanda bütün toyxana onu alqışlayıb, başına pul səpirmişlər.

Çox böyük ürək sahibi olub. Ona nisyə şərab verməyən mağaza sahibini yadında saxlayır. Bir gün toydan qayıdanda mağazaya girərək nisyə dəftərindəki hər kəsin borcunu ödəyib, dəftəri cırdırır.

*

Həbsdən çıxandan sonra Məşədibabanın əsəbləri pozulur, ailəsi ilə, yaxınları ilə dolanmır, içki aludəçiliyi sürətlənir. Heç kim onun üçün çalışmır. Qohumları onu köhnəlmiş əşya kimi aparıb xəstəxanaya atırlar. Həyat yoldaşının isə onunla yaşamağa on il gücü çatır. 2006-cı ildə Məşədibaba içkili halda gəlib əvvəl evini, sonra isə maşınını yandırır. Daha sonra qayınanasını bıçaqlayır. Bütün bunları o, dörd yaşlı oğlunun və çox sevdiyi həyat yoldaşının gözləri qarşısında edir. Ancaq yenə də həyat yoldaşı ondan ayrılmır. Lakin, bir gün çatır, hər kəs Məşədibabanı tərk edir. O, içki şüşələri, siqaret və meyxanaları ilə təkbətək qalır. Bu təklik onun özünü yandırdığı günə qədər davam edir.

Oğlu həmin faciəvi günü belə xatırlayır:

"Atamı çox istəyirdim. Anam gedəndə də mən atamla qalırdım, ağlayıb onu istəyirdim. Saatlarla heyranlıqla ona baxırdım. Ayıq olanda tamam başqa insan idi. Sakit, danışmırdı heç. Amma o zəhrimar dilinə dəyəndə 180 dərəcə dəyişirdi. Atam öləndən sonra onlar tərəfdən 5-6 nəfərlə salamım var. Atamın ölümündən mənə əsəb pozğunluğu, bir də qorxu qaldı. Tez-tez səksənirəm. Əvvəl, uşaq olanda lap çox idi. Ev, maşın yananda o qədər də qorxmamışam. Özü yananda çox qorxdum. Hadisə birdən oldu. Pəncərədən baxdım ki, butulkada nəsə içir. Düşünürsən ki, su içir və birdən alov çıxdığını görürsən. Sən demə, bu benzin içib və başına töküb. Yanan anını gördüm. Alov çıxanda tez həyət qapısına çıxdım. Atamın dayısı oğlu məni yaxınlaşmağa qoymadı, qarşımı kəsdi. Onda çox qorxdum, səksəndim. Atam 99 faiz yanmışdı. Təkcə ayağının baş barmağının dırnağı yanmamışdı. Onsuz o özünü yandırmasaydı, tez öləcəkdi. Başında şiş var idi. İki dəfə qan qusduğunu görmüşdüm. İçkidən ciyərləri qapqara olmuşdu. Bəlkə də, həkim onun üçün vaxt qoymuşdu, heç kimə demirdi. Sağ ayağında da çürümə gedirdi. Əgər anamla atam barışsaydı, anam öləcəkdi".

*

Beləliklə sevdiyi qadını evinə qaytara bilməyən 39 yaşlı Məşədibaba 2010-cu il yanvarın 10-da qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orda can verir.

*

Gənc həmkarlarından biri deyir ki, biz xəstəxanaya çatanda o, hələ sağ idi. Amma artıq gözlərini aça bilmirdi. Həkimlər dedi ki, son söz olaraq iki bənd şeir deyib.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Bazar ertəsi, 06 Fevral 2023 10:15

IX “Gəncliyin səsi” festivalı davam edir

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX “Gəncliyin səsi” festivalı rəngarəng konsert proqramları, tamaşa nümayişləri ilə davam edir. 

 

“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, həftəsonu Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib.

Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında gənclər tərəfindən Ulu Öndərin sevdiyi əsərlər ifa olunub, mahnılar səsləndirilib.

Konsertdə, həmçinin Ümummilli Liderin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib.

Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə də “Aynabənd” rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər.

Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar.

Gecədə Fərəc Qarayevin "Qobustan kölgələri" baletindən fraqment, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və Məcnunun dueti ("Ah eylədiyim"), Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun "Yuxu" filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin "Ordan-burdan" operettasından fraqment və digər əsərlər təqdim edilib.

Festival fevralın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Bazar ertəsi, 06 Fevral 2023 18:30

Populyar teleserialda yeni aktyorlar

TRT1 kanalında yayımlanan "Alparslan Büyük Selçuklu" serialına yeni aktyorlar daxil olacaq. “Ədəbiyyat və incəsənət” Axşam.az-a istinadən xəbər verir ki, ekran işində aktyorlar Yıldırım Fikret Urağ və Atsız Karaduman rol alacaq. 

 

Onlar layihədə "Amidimülk" və "Aybars" obrazlarına həyat verəcək.

Qeyd edək ki, serialın baş rolunu Barış Arduçun canlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Rəsm qalereyası: Rafael Əsədov, “Köhnə Bakı”seriyasından.

Bazar ertəsi, 06 Fevral 2023 15:30

Günün fotosu: Roma Papası Sudanda

Günün fotosu: Roma Papası Sudanda

 

Roma Papasının Sudana səfəri major notlarla başa çatıb. Xristian dininin başbiləni Afrikadakı bu böyük xristian ölkəsinə səfər etməklə bir növ, həm Vatikanın, həm ümumən Qərbin ucqar xristian dünyasına qayğısını ortaya qoymuş oldu. 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Bazar ertəsi, 06 Fevral 2023 13:30

“Mən necə aktyor oldum”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Şahmar Ələkbərovdur.

 

ŞAHMAR ƏLƏKBƏROV

(1943-1992)

 

***

Orta məktəbdə yaxşı oxuyurdum. Riyaziyyatdan əla alırdım. Orta məktəbi 16 yaşın içində olanda bitirdim. Peşə seçməyimin zamanı çatmışdı. Evdə anam:

– Yaxşı, ay Şahmar, vaxta bir şey qalmadı, sənədlərini hara verəcəksən? – xəbər alanda, bir qədər fikirləşdikdən sonra:

– Yəqin, universitetin şərqşünaslıq fakültəsinə verərəm, – dedim.

Məktəbdən attestatımı alıb evə qayıdırdım. Təsadüfən İncəsənət İnstitutunda qəbul imtahanlarının daha tez keçirildiyi barədə elanı oxudum. Evdən xəlvət özümü sınamaq üçün sənədlərimi incəsənət institutuna verdim. Tale elə gətirdi ki, qəbul olundum.

Anam evdə bu xəbəri eşidəndə çox pərt oldu:

– Heç səndən aktyor çıxar? Nə qədər gec deyil, get sənədlərini götür. Gələn il şərqşünaslığa verərsən.

– Narahat olma, ana, – dedim, – əgər qəbul olmuşamsa, aktyor da olacağam…

 

 “Ədəbiyyat və incəsənət”

(06.02.2023)

 

 

Bazar ertəsi, 06 Fevral 2023 15:00

İnanılmazı inanılan etdi

Öz üzərində daim çalışan, zirvələr fəth etməyə can atan velosipedçi Ramil Ziyadov Azərbaycan adına bir ilkə imza atıb.

 

O, ikitəkərli atı ilə Yer kürəsinin ən böyük materiki olan Avrasiyanın ən uzun yolunu - 15 050 km-lik Maqadan (Rusiya) - Saqreş (Portuqaliya) yolunu qət edib. 

Alqışlar həmyerlimizə!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Gənclər Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi ən müxtəlif nominasiyalar üzrə il ərzində fərqlənən gəncləri “Gənclər mükafatı” ilə təltif edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Ədəbiyyat" nominasiyası üzrə Orxan Cuvarlı və Aytac Sahəd laureat olublar və Gənclər və İdman Nazirliyinin təqdim etdiyi mükafatla təltif ediliblər.

Qeyd edək ki, təltifetmə mərasimi 2023-cü ilin "gənclər paytaxtı" seçilən Mingəçevir şəhərində baş tutub.

Foto: Zaur Mustafayevindir.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.