“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Şahmar Ələkbərovdur.
ŞAHMAR ƏLƏKBƏROV
(1943-1992)
***
Orta məktəbdə yaxşı oxuyurdum. Riyaziyyatdan əla alırdım. Orta məktəbi 16 yaşın içində olanda bitirdim. Peşə seçməyimin zamanı çatmışdı. Evdə anam:
– Yaxşı, ay Şahmar, vaxta bir şey qalmadı, sənədlərini hara verəcəksən? – xəbər alanda, bir qədər fikirləşdikdən sonra:
– Yəqin, universitetin şərqşünaslıq fakültəsinə verərəm, – dedim.
Məktəbdən attestatımı alıb evə qayıdırdım. Təsadüfən İncəsənət İnstitutunda qəbul imtahanlarının daha tez keçirildiyi barədə elanı oxudum. Evdən xəlvət özümü sınamaq üçün sənədlərimi incəsənət institutuna verdim. Tale elə gətirdi ki, qəbul olundum.
Anam evdə bu xəbəri eşidəndə çox pərt oldu:
– Heç səndən aktyor çıxar? Nə qədər gec deyil, get sənədlərini götür. Gələn il şərqşünaslığa verərsən.
– Narahat olma, ana, – dedim, – əgər qəbul olmuşamsa, aktyor da olacağam…
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)