Super User
Sıla və Demet Akalı paytaxtımızda konsert verəcəklər
Türkiyənin iki sevilən müğənnisi mart ayında Bakıda konsert verəcək. Martın 11-də Bakı Konqres Mərkəzində Sılanın konserti təşkil olunacaq. Öz ifaları ilə musiqisevərlərin qəlbini fəth edən müğənni və bəstəkar öz repertuarında olan mahnılarla növbəti dəfə Bakıda pərəstişkarları qarşısında çıxış edəcək.
Aprelin 15-də isə eyni məkanda türk pop musiqisinin məşhur ifaçılarından olan Demet Akalının konserti təşkil olunacaq.
Sənətə gəldiyi andan qısa zamanda böyük pərəstişkar kütləsi toplayan müğənni öz repertuarında olan mahnılarla növbəti dəfə Bakıda pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Həm döyüş, həm rəqs - yapon gözəlliyi elementləri
Həftəsonu diqqətimizi çəkən mədəniyyət hadisələlərindən biri də Heydər Əliyev Mərkəzində baş tutdu. Söhbət “TATE-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı”ndan gedir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa edənlər o qədər bol təəssürat aldılar ki, sözlə ifadə etmək mümkünsüzdür.
Biz qılıncı döyüş aləti sanırıq, bizimçün qılınc - qılınclamaq, öldürmək üçündür. Deməzsənmiş, qılıncın plastikası var imiş, zərifliyi, gözəlliyi var imiş.
Tədbir öncəsi Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi TATE incəsənət növü haqqında məlumat verdi, bu sənətin özündə qədim samuray döyüş növü, rəqs və Kabuki elementlərini birləşdirən unikal bir səhnə performansı olduğunu bildirdi. Dedi ki, Nyu-York daxil olmaqla, ABŞ-ın müxtəlif ştatları və Yaponiyada çoxsaylı səhnə performansları ilə çıxış edən “TATE Hatoryu” qrupu TATE incəsənət növünü təbliğ edir, eyni zamanda, bir çox hadisə və döyüş filmləri üçün səhnələrin çəkilişində dəstək göstərir.
İki ölkənin coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirən səfir, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğuladı, eyni zamanda, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd etdi. Və hamını əmin etdi ki, bu gün görəcəkləri onlarda Yaponiyaya sevgini daha da artıracaq.
TATE performansı qaranlıqda göydən düşən işıq zolağı içində - sanki ay işığında hərəkət edərək əlindəki qılıncı sağa-sola yelləyən ağ kimanolu yaponun performansıydı. Sonra qılınc hərəkətləri ilə kollektiv çıxışlar nümayiş olunub.
Mütləq qeyd edək ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, “ITOCHU, JTI Azərbaycan” və “ISR Auto, Landmark Bakı”nın dəstəyi ilə təşkil olunmuşdu.
O da var ki, fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirərək azərbaycanlılarda Yaponiyaya sevgi elementlərini artıracaqlar.
Və sonda: yaponlar bu döyüş-mədəniyyət sənətini Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində də sərgilədilər, tələbələrə həm sənət nümayiş olundu, həm master-klass keçildi.
“Ədəbiyyat və incəsənət”
(06.02.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Təxminən 50 min il yaşı olan virusun "dirildilməsi"
Rusiya, Almaniya və Fransadan olan alimləri Sibirin əbədi buzlaqlarında yaşı on minlərlə il olan bir neçə virus aşkar ediblər. Onlar Yukeçi alasında gölün dibinin 16 metr dərinliyində tapılıb. Virusların ən qədimi 48,5 min il orada olub.
Tədqiqatçılar nəhəng DNT tərkibli 13 virus müəyyən edə biliblər, hətta onlardan birini yenidən canlandıraraq laboratoriyada çoxaltmaq mümkün olub. Virusların heyvanlar və bitkilər üçün təhlükəsiz olduğu iddia edilir. Belə bir virus yalnız ən sadə canlı orqanizmləri yoluxa bilər.
Elm adamlarının fikrincə, iqlim dəyişikliyi və planetdə orta temperaturun yüksəldiyi bu günlərdə belə mikroorqanizmlərin öyrənilməsinə ehtiyac var. Bu, əbədi buzların əriməyə başlamasına, nəticədə sərbəst qalan virusların yeni infeksiyaların yaymasına səbəb ola bilər.
Alimlər bu gün virusları öyrənməyin mümkün pandemiyaya əvvəlcədən hazırlaşmağa imkan verəcəyini düşünürlər.
“Hicran” tamaşası HD formatında yayımlanacaq
Azərbaycan Televiziyası sevilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.
TRT-də aparılan işlər zamanı tamaşanın görüntü və səs restavrasiyası edilib. Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.
Qeyd edək ki, QSC lazımi avadanlıq tam istifadəyə verildikdən sonra arxivindəki materialların restavrasiyası işlərinə başlayacaq.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Hər şey İranın Azərbaycana “anneksiya etmək hüququ”ndan başladı
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev siyasi elmlər doktoru Adəm İsmayılovun “Haqqın az” saytında rus dilində çap olunmuş "Xalqın böyüklüyü və ağlın gücü" adlı məqaləsini Azərbaycan dilinə tərcümə edib. Professor məqalənin günümüzlə səsləşdiyini nəzərə alaraq onu dilimizə çevirdiyini bildirib.
Məqaləni Daycest bölümündə oxuculara təqdim edirik.
"Azərbaycan xalqının minillik tarixi yüksək səviyyədə mənəvi mədəniyyətə malik, güclü inkişaf etmiş dövlətçilik nümunələri yaradıb. Bununla belə, milli tariximizin ən dramatik dövrlərindən biri Azərbaycan xalqının iki hissəyə bölünməsi olub. Rusiya İmperiyası ilə İran arasında bağlanmış və XIX əsrin əvvəllərində Rus-Fars müharibələrinə son qoyan 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələri nəticəsində Azərbaycan torpaqlarının bölünməsinə baxmayaraq, xalqımız öz dövlətçiliyini dirçəltmək üçün milli istəklərini heç vaxt itirməyib. Ümuazərbaycan milli-azadlıq hərəkatı həm rus, həm də fars imperiyalarında onun inkişafının müxtəlif formalarında təcəssüm olunub. Çar administrasiyası tərəfindən Rusiya imperiyasının quberniya və qəzalarına parçalanmış Şimali Azərbaycanda güclü fəal ictimai-siyasi fikir yarandı. Siyasi təşkilatların yaradılmasında, xalqın sosial-demokratik, liberal-demokratik fikirlərini ifadə edən qəzetlərin nəşrində maddiləşdi. Bu ideyaları Azərbaycan xalqı arasında yayan Azərbaycanın ziyalı elitası oldu. Şimali Azərbaycanda milli-azadlıq hərəkatının inkişafının növbəti mərhələsi Rusiya imperiyasının süqutundan sonra müstəqil dövlətin yaradılması uğrunda mübarizə oldu ki, bu mübarizə respublika dövlət quruluşuna və demokratik rejimə malik, Şərq tarixində ilk demokratik dövlət olan hakimiyyətin - Azərbaycan Cümhuriyyətinin elan edilməsi ilə yekunlaşdı. İqtisadi və müdafiə qüdrətinə, beynəlxalq aləmdə görkəmli nüfuza malik dövlətçiliyinə görə Azərbaycan Respublikasının əsası müasir mərhələdə Azərbaycan xalqının Ulu öndəri, adı dünya tarixinin salnaməsinə qızıl hərflərlə yazılmış, Azərbaycan tarixində tamamilə misilsiz xidməti olan Heydər Əliyev tərəfindən qoyulub".
Məqalədə qeyd olunub ki, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı 1905-1911-ci illər İran inqilabı zamanı öz inkişafında ən yüksək həddə çatıb: "Həm sosial, həm də milli-azadlıq xarakteri daşıyan, feodallığı ləğv etmək, burjua-demokratik ictimai quruluş yaratmaq vəzifələri ilə yüklənmiş inqilabın 1908-1909-cu illərin məşhur üsyanı zamanı öz cəmlənmiş ifadəsini Güney Azərbaycanın paytaxtı Təbrizdə göstərməsi təsadüfi sayılmamalıdır. Böyük Britaniya və Rusiya İmperiyası tərəfindən fəal dəstəklənən monarxist irtica qüvvələri tərəfindən yatırılan inqilab Təbriz üsyanının yatırılmasından sonra daha iki il bütün İranda rezonans doğurdu. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra müəyyən geosiyasi faktorlar hesabına dirçələn Cənubi Azərbaycanın milli-demokratik hərəkatı 1945-ci ilin noyabrında "müqəddəs üsyan" nəticəsində Azərbaycan Respublikasının yaranması ilə reallaşdı. Həmin dövrdə Şah Rza Pəhləviyə muxtariyyət tələbi ilə çıxış edən Cənubi Azərbaycan Ümumxalq Məclisinə seçkilər keçirildi və 39 nəfərdən ibarət Milli Komitə yaradıldı və Azərbaycan xalqına müraciət qəbul edildi. 1945-ci il noyabrın 26-da Cənubi Azərbaycan Milli Məclisinə seçkilər keçirildi. Həmin il dekabrın 12-də Güney Azərbaycanın siyasi lideri Seyid Cəfər Pişəvəri 12 nəfərdən ibarət hökumət qurdu. 1941-ci ilin sentyabrından İranda olan sovet ordusunun 77-ci diviziyasının hissələri əsasında 1921-ci il Sovet-Fars müqaviləsinin 6-cı maddəsinə əsasən 1946-cı il fevralın 5-də Cənubi Azərbaycan milli ordusu yaradıldı. Milli hökumət bankları nəzarətə götürdü, özünün müvəqqəti əskinaslarını buraxdı və dövlət ticarət sistemini tətbiq etdi. Milli Məclis kəndlilərə keçmiş torpaq mülkiyyətçilərinin və dövlət torpaqlarının paylarını verən aqrar qanunu, zavod və fabriklər üzərində fəhlə nəzarətini təsbit edən “Əmək haqqında” qanunu, Azərbaycan dilini Güneyin rəsmi dövlət dili elan edən “Dil haqqında” qanun qəbul etdi. Bununla yanaşı Təbriz Universiteti yaradıldı. Beləliklə, Güney Azərbaycan tamamilə Tehranın nəzarətində olmayan əraziyə çevrildi".
Qeyd olunub ki, bundan ciddi narahat olan şah rejimi SSRİ səfirliyinə nota göndərərək “separatçıları” sakitləşdirmək üçün hökumət qoşunlarının Cənubi Azərbaycan ərazisinə buraxılmasını tələb etdi: "Sovet tərəfi qəti imtina ilə cavab verdi. Artıq heç kimə sirr deyil ki, SSRİ rəhbərliyi Cənubi Azərbaycanı Azərbaycan SSR-ə birləşdirməklə ölkənin ərazisini genişləndirmək niyyətində idi.
Bu regionda Sovet İttifaqının mövqelərinin güclənməsinə və sərhədlərinin Cənubi Azərbaycan hesabına genişləndirilməsinə mane olmaq istəyən Böyük Britaniya, Sovet qoşunlarının bu ərazidən çıxarılması məsələnin müzakirəsini BMT Təhlükəsizlik Şurasına həvalə etmək üçün uğursuz cəhd etdi. Lakin özü üçün məqbul həllə nail ola bilməyib, İranın cənubuna əlavə hərbi kontingent göndərdi.
İran monarxiyası üçün yaranmış böhranlı vəziyyət onu Cənubi Azərbaycanın məhdud muxtariyyətini tanımağa və Azərbaycan Məclisinə milli enjomen (seçilmiş komitə) statusu verməyə məcbur etdi. Lakin bu, ölkənin baş naziri Əhməd Qəvamın Azərbaycan milli demokratik hərəkatını yatırmaq üçün vaxtı uzatmaq və Sovet İttifaqına məşhur şimal neft konsessiyasını inkişaf etdirmək hüququnun verilməsi üçün açıq sövdələşmə məqsədi ilə həyata keçirdiyi müvəqqəti taktika idi.
SSRİ-yə misli görünməmiş İngiltərə-Amerika təzyiqi elə rol oynadı ki, 1946-cı ilin mayında Sovet qoşunları Stalinin şəxsi göstərişi ilə Cənubi Azərbaycan milli ordusu ilə birlikdə Azərbaycan ərazisini tərk etdilər. 21 noyabr 1946-cı ildə İran hökuməti vilayətdə guya “15-ci Məclisə seçki azadlığını təmin etmək üçün” qoşun yeridildiyini elan etdi. 1946-cı il dekabrın 15-də şah ordusunun hissələri “üsyankar” Azərbaycan ərazisinə daxil oldu. Bəzi məlumatlara görə, Güney Azərbaycanın müstəqilliyinin 20 minə qədər tərəfdarı məhkəməsiz və istintaqsız cəza dəstələri tərəfindən məhv edildi. Azərbaycan xalqına qarşı davamlı milli ayrı-seçkiliyə, İranın mürtəce dairələri tərəfindən onun ictimai-siyasi fəal nümayəndələrinə qarşı həyata keçirilən sonsuz repressiyalara baxmayaraq, otuz milyonluq İran azərbaycanlısının hər birinin qəlbində həqiqi azadlıqlar əldə etmək uğrunda mübarizə alovu alovlanır. Onların gələcək, hərtərəfli inkişafı üçün iqtisadi və sosial-mədəni şəraitin təmin edilməlidir. Çünki qırx milyonluq Azərbaycan xalqının İranda bir milli məktəbi, Azərbaycan dilində bir dənə də olsun mətbu nəşri olmadığını başa düşmək mümkün deyil. İran yüz min erməni üçün 29 təhsil müəssisəsi açmış, erməni dilində 2 qəzet - “Alik” və “Araks” nəşrinə icazə vermişdir".
Müəllif məqaləsində vurğulayıb ki, bu mübarizə istər Rza Pəhləvi monarxiya rejimi dövründə, istərsə də indiki mərhələdə sərt teokratik totalitarizm şəraitində sönməyib: "Səhv hicab geyindiyinə görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin öldürülməsi siyasi xarakter almış kütləvi etiraz hərəkatına çevrilməsi ilə bağlı son hadisələr bunu əyani şəkildə sübut edir. İrəli sürülən siyasi şüarların amplitudası onun inkişafı prosesində milli azlıqların, o cümlədən azəri türklərinin hüquqlarının genişləndirilməsindən tutmuş, prezident İbrahim Rəisinin istefasına və teokratik totalitar rejimin dünyəvi demokratik rejimlə əvəzlənməsinə qədər uzanırdı. İran tarixində dəfələrlə baş verdiyi kimi, Güney Azərbaycanın paytaxtı Təbriz etiraz hərəkatının mərkəzinə çevrildi. Azərbaycan türklərinin bəzən latent, bəzən də müxtəlif ictimai-siyasi xarakterli açıq etiraz hərəkatlarında reallaşan sarsılmaz milli dirçəliş arzusu, şübhəsiz ki, İranda ümumi daxili siyasi vəziyyəti sabitsizləşdirir, onun hakimiyyətinin həqiqi narahatlığına səbəb olur. Və bu narahatlığın real əsası var. Çünki İranın Təbriz, Qəzvin, Zəncan kimi şəhərlərində nümayişçilərin izdihamı şüarlar səsləndirib: “Yaşasın Azərbaycan! Kim kor olmaq istəməz! Azərbaycan türklərinin etiraz hərəkatı İranda ayrı-seçkiliyə məruz qalan ərəblər, bəluclar, bəxtiyarlar, türkmənlər, gilanlar, mazenderanlar kimi bu etirazlarda fəal iştirak edən etnik azlıqların eyni hərəkətləri ilə başlandı. İlk dəfə ölkədə siyasi sistemin özünə qarşı çıxan etnik iranlılar da daxil olmaqla, demək olar ki, bütün nümayişçilər hakimiyyəti, müxalifləri təqib edən inzibati qurumları və etnik azlıqların hüquqları uğrunda mübarizə aparanları, dini qurumların nümayəndələrini və polis müavinini tənqid edir, onları “vicdansız” adlandırırlar".
Məqalədə qeyd olunub ki, Güney Azərbaycan xalqının etiraz hərəkatının barışmaz mahiyyəti və miqyası təkcə milli bərabərlik və istiqlaliyyət uğrunda mübarizə maraqlarına aludə olması ilə deyil, həm də İranın Azərbaycana qarşı mahiyyətcə düşmən xarici siyasəti ilə müəyyən edilir: "Baxmayaraq ki, bu düşmənçiliyə nazik diplomatik don geyindirilir. Bununla belə, faktlar öz sözünü deyir. İranın təcavüzkar dairələrinin bu düşmənçilik üçün ideoloji və hüquqi əsas yaratmaq istəyi var. Belə ki, 2013-cü ildə İran parlamentinin bir qrup deputatı Gülüstan və Türkmənçay müqavilələrinə xitam verilməsi ilə bağlı İran hökumətinin açıqlamasını özündə əks etdirən qanun layihəsi hazırlayıb. Bu qanun layihəsinin müəlliflərinin fikrincə, tarixi Azərbaycanın Rusiya ilə Fars arasında iki yerə - İranın Cənub hissəsi və Rusiya imperiyasının şimal hissəsinə bölünməsi qüvvədən düşmüş hesab edilməlidir. Bundan İranın ölkələrin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə bağlı mövcud beynəlxalq imperativlərə baxmayaraq, indiki müstəqil Azərbaycan Respublikasının bütün ərazisini ilhaq etmək “haqqı” gəlir. Və bu şovinist motiv heç bir halda orijinal və ya yenilikçi deyil. İranda indiki Azərbaycan ərazisinin Aran adlanması, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin yalnız Aran və Şirvanı əhatə etməsi ilə bağlı maraqlı tarixi dosyeni xatırladaraq, Tehran bundan sonra Zaqafqaziyada yeni dövlətin yaradılmasına fəal etirazını bildirib. Vaxtilə Monmut Universitetinin tarix üzrə fəxri professoru Tadeuş Sventochovski “Rusiya hökmranlığı, müasirləşən elita və xalqın formalaşması” əsərində “Azərbaycanda milli kimlik” haqqında belə yazmışdır: “İran 1919-cu ilə qədər rəsmi şəkildə Şimali Azərbaycana iddialarını irəli sürdü və 1919-cu ildə daha real mövqelərə keçərək müstəqil respublika ilə konfederasiya danışıqları apardı. Yalnız 1920-ci illərdə Tehran Azərbaycanın iki bölgəsi arasındakı əlaqələrə özünün milli homojen fars dövləti ilə bağlı yeni layihəsinə təhlükə kimi baxmağa başladı”. Bununla belə, Tehran Azərbaycanın iki hissəsi arasında əlaqələrin möhkəmlənməsinə milli homojen fars dövlətinin mövcudluğuna təhlükə kimi baxmaqda davam edir. Eyni zamanda, İran isteblişmenti arasında İranın devrilmiş şahı Rza Pəhləvinin formalaşdırdığı “Güney Azərbaycansız İran başsız dövlətdir” ifadəsi indi üstünlük təşkil edir ki, bu da Güney Azərbaycanın İranın dövlət gerbi olan aslanın başı olduğunu ifadə edir.
Güney Azərbaycan xalqının problemlərinin həllinə bu cür şovinist yanaşma və doğrudan da Azərbaycan Respublikası ilə münasibətlər onsuz da dolaşıq olan ənənəvi toqquşma və ziddiyyətlərin dolaşıqlığını daha da dərinləşdirir. Bu, İranın Azərbaycan Respublikası ilə xarici siyasət əlaqələrində əks olunur.
Aşkar məntiqin əksinə olaraq, Azərbaycanla vahid şiə konfessiyasının telləri ilə bağlanan İran respublikamızın əhalisinin əksəriyyəti İslamın bu xüsusi qoluna etiqad etdiyi üçün ortaq tarixə və qan qohumluğuna malikdir. İran əhalisi azərbaycanlılardır, faktiki olaraq 30 ildən artıqdır ki, Azərbaycanla radikal şəkildə qarşıdurma vəziyyətində olan Ermənistanı dəstəkləyir. Eyni zamanda, Azərbaycana qarşı xarici siyasəti onun sərhədləri yaxınlığında vaxtaşırı qılınc zərbələri endirilməsi, respublikanın daxili işlərinə birbaşa müdaxiləyə bərabər olan separatçıların ayrılmasına birbaşa yardım, anti-dövlət dini ünsürlərə maliyyə və digər dəstək kimi səciyyələnir. Məhz bu perspektivdə 2021-ci ilin payızında Dağlıq Qarabağa İran yanacağının tədarükü baş verdi ki, bu da iki dövlət arasında daha ciddi və hətta təhlükəli qarşıdurma formasına çevrildi. Prezident İlham Əliyevin “Qarabağda 25 min insan naminə” Tehranın Bakı ilə münasibətlərini korlamaması ilə bağlı xəbərdarlığına baxmayaraq, 2021-ci il oktyabrın 1-də İranın şimal-qərbində - Cənubi Azərbaycan ərazisində böyük -Müxtəlif mənbələrə görə 30-40 min əsgər, tanklar, iriçaplı artilleriya, hava hücumundan müdafiə sistemləri və s. iştirakı ilə “Xeybər fatehləri” adlı miqyaslı təlimlər. Bir il sonra, 2022-ci il oktyabrın 17-də İran İranın Şərqi Azərbaycan əyalətinin Ermənistan və Azərbaycan Respublikası ilə sərhədləri yaxınlığında yerləşən Aras bölgəsində hakimiyyət orqanları “Ektedar” kod adlı manevrlər keçirib, təlimlər zamanı “Fəth-360” və “Fəcr-” peyk idarə olunan raketləri sınaqdan keçirib. Erməni dəstələri Xocalıda 613 dinc sakini qətlə yetirərkən İran niyə Ermənistan sərhədləri yaxınlığında belə hərbi şou təşkil etməyib, əksinə, onu hər cür himayə edir?
İranın Ermənistana qarşı təqvası üzdə! İranda mürtəce dairələrin özünə inamı misilsizdir! Lakin istənilən antiazərbaycan aksiyada kifayət qədər adekvat münasibət olub və olacaq. Həmin 2021-ci ildə, artıq oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdi, oktyabrın 5-8-də isə Türkiyə ilə birgə Naxçıvanda Ermənistan və İran sərhədləri yaxınlığında “Sarsılmaz Qardaşlıq-2021” adlı hərbi manevrlər keçirdi. Noyabrın 25-də “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında çıxış edən Prezident İlham Əliyev İranın hərbi təlimlərinə münasibət bildirərkən birmənalı şəkildə yekunlaşdırıb: “Biz hər zaman Azərbaycana qarşı yönəlmiş istənilən addıma cavab vermişik və bundan sonra da cavab verəcəyik. Bu addımlar, istər bəyanatlar olsun, istərsə də hərəkətlər. Onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamalı olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim millətin bir parçasıdırlar”. Güney Azərbaycan xalqının hətta İran daxilində də həyati azadlıqlar əldə etməsinə mane olmaq üçün onun hakimiyyətləri yalnız fars əhalisinin mənafeyini təmin edərək, öz dövlətlərinin digər ən böyük demoqrafik hissəsini farslardan sonra görməzlikdən gələrək Azərbaycan Respublikasının düşmənləri və əsasən Ermənistanla açıq ittifaqa girir.
Güney Azərbaycanın milli-demokratik hərəkatının yeni yüksəlişindən ehtiyatlanan İran İkinci Qarabağ Vətən Müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanı məğlub etməsindən və Azərbaycan ərazisinin 20%-nin işğalına son qoymasından məyus olduğunu gizlətmir. Belə ki, İran bu hərəkatın ilham mənbəyi olan Azərbaycanla deyil, Ermənistanla sərhədlərinin daha uzun olmasında maraqlı olduğunu gizlətmir, çünki bu, Güney Azərbaycan xalqının vəziyyətini yaxşılaşdırmaq fikrində deyil".
Öz azərbaycanlı əhalisi ilə, türk dünyasının bütün nümayəndələri ilə antaqonizm bütün məsələlərdə, o cümlədən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Sazişin 9-cu maddəsinin Ermənistan tərəfindən insanların, malların Zəngəzur dəhlizindən sərbəst keçidinin təmin edilməsinin yerinə yetirilməməsi məsələsində İranı Ermənistanın ən sabit müttəfiqinə çevirir. İran dövlətlərarası öhdəliklərin yerinə yetirilməsi məsələsində bu demarşda Ermənistanı açıq şəkildə dəstəkləyir.
Odur ki, İran Zəngəzur dəhlizinin yekun olaraq yaradılacağı təqdirdə Azərbaycanın güclənməsinə, onu özünün eksklavı - Naxçıvan Muxtar Respublikası ilə, eləcə də ən yaxın müttəfiqi Türkiyə ilə birləşdirməsinin əleyhinədir. Bu, İran İslam Respublikasının özünün maraqlarına nə dərəcədə cavab verir, xüsusən İlham Əliyev “Ermənistan istəsə də, istəməsə də” layihənin həyata keçirilməli olduğunu iddia etdiyinə görə?! Həqiqətən də, İran Azərbaycanla qarşıdurmanı gərginləşdirməklə öz maraqlarına etinasız yanaşır, çünki dəhliz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında mühüm halqaya çevrilmək potensialına malikdir və dövlətimizin nəqliyyat qovşağı kimi əhəmiyyətini xeyli artıracaq. Türkiyə öz mallarını Orta Asiyaya daha qısa marşrutla daşıya biləcək; Ermənistan Rusiya ilə 30 ildən çox əvvəl Rusiya və İranla kəsilən dəmir yolu əlaqəsini alacaq. Bu, doğrudan da, Aİİ-nin İranla həmsərhəd olan yeganə ölkəsi olan, Avrasiya İttifaqı ilə azad ticarət zonasına malik olan Ermənistandan İran İslam Respublikasını müəyyən qədər təcrid edir və Türkiyənin təsir gücünün artmasına töhfə verir. Azərbaycan xalqının Vətən Müharibəsindən sonra İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə vasitəsilə Azərbaycan Respublikasını təbrik etməsi qələbə ilə 3+3 əməkdaşlıq platforması çərçivəsində regional əməkdaşlığın qurulması üçün şərait formalaşdırılıb. Eyni zamanda, dünya miqyasında məskunlaşmış, böyük əksəriyyətini İran İslam Respublikasının tərkibində olan Güney Azərbaycanın əhalisi olan azərbaycanlıların milli hüquqlarının müdafiəsi məsələsində Azərbaycan dövləti barışmaz mövqe tutur. Səmərqənddə 2022-ci ilin noyabrında Türk Dövlətləri Təşkilatının (OTG) üzv ölkələrin liderlərinin Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev deyib: “Biz bundan sonra da öz dilimizi, adət-ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaq, azərbaycançılıq ideyalarına sadiq olmaq, onların tarixi vətənləri ilə əlaqələri heç vaxt pozmamaq üçün səy göstərəcəyik”.
Böyük fransız yazıçısı Viktor Hüqonun belə bir fikri ilə razılaşmamaq mümkün deyil:
“Xalqın böyüklüyü onun sayı ilə ölçülmür... yeganə ölçü onun əqli inkişafı və mənəvi səviyyəsidir”. Arazın hər iki tərəfində parçalanmış Azərbaycan xalqının əqli inkişafı, mənəvi səviyyəsi isə hərtərəfli inkişafının bütün istiqamətləri ilə ən orijinal və ən rəngarəng formada bütün dünyaya nümayiş etdirilir!".
Şəkillərdə: Yarım əsrdən sonra azərbaycanlılar yenidən ayağa qalxdılar (qapaq fotosu); Dumanlı Təbriz, azərbaycanlılar 2-ci dünya müharibəsi dövründə üsyan qaldırıblar; İran Azərbaycanla sərhəddə qoşun toplayır.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
“Dedim, qardaşıma qiymət yaz!”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Hamlet Xanızadədir.
HAMLET XANIZADƏ
(1941-1990)
***
Mən eyni vaxtda böyük dramaturq Hüseyn Cavidin həm “İblis” (teatrda), həm də “Topal Teymur” (televiziyada) tamaşalarında əsas rolları oynayırdım. Bir gün böyük rejissor Mehdi Məmmədov məndən:
– Hamlet, rolların ikisi də ağırdır, böyükdür, yüklüdür. Sənin üçün çətin deyil ki? – deyib, xəbər aldı.
– Mehdi müəllim, rollar ağır olsa da hər iksini həvəslə oynayıram. Teatrda yorulanda, televiziyada başqa ab-havaya düşüb, dincəlirəm, orada yorulanda, “İblis”in məşqlərində yorğunluğum çıxır. Çünki əsərlər də gözəldir, rejissorlarım da.
– Elə sən də pis deyilsən, – deyən, Mehdi müəllim söhbəti zarafatla bitirdi.
***
1987-ci ildə kinorejissor Cəmil Quliyev “Cansıxıcı əhvalat” filmini çəkirdi. Filmdə kiçik qardaşımı incəsənət institutunun tələbəsi oynayırdı. Bəzən mən teatrda məşqdən çıxanda o teatrın qarşısında gözləyirdi, Pirşağıya çəkilişə bir yerdə, mənim maşınımla gedirdik.
Bir dəfə yol gedəndə “balaca qardaşımı” pərt gördüm.
– Nə olub, niyə kefin yoxdur? – soruşdum.
– Səhnə hərəkəti müəllimi Bəxtiyar Xanızadə mənə zaçot yazmır.
– Niyə?
– Çəkilişdə olduğum üçün dərslərində olmamışam, ona görə.
– Darıxma, düzələr, – deyib yoluma davam etdim.
Çəkilişdən sonra axşam geri qayıdanda həmin tələbəyə bir kağız yazıb verdim:
– Bunu, Bəxtiyar müəllimə çatdırarsan.
Bəxtiyar Xanızadə mənim əmim nəvəsi idi. Kağızda “bu tələbə mənim “qardaşımdır”, onun zaçotunu ver getsin” – yazmışdım.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)
Bakılı balası sizi dəvət edir
Eyyub Yaqubov və "Big Band Sound Pro" çox saylı istəkləri nəzərə alaraq yenidən, tam fərqli bir solo-konsertinə dəvət edir. Və bu barədə sizlərə artıq bilgi vermişik.
Bizim paytaxtımızda yaradılan möhtəşəm "Big Band Sound Pro" müşaiyəti ilə respublikanın xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı və orkestrın bədii rəhbəri Fuad Musayev konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, musiqili gecə, 15-16 fevral, saat 20:00 Heydər Əliyev sarayında baş tutacaq.
Xatırladaq ki, ötən ildə Eyyub Yaqubov, Cavan Zeynallı və Fuad Musayev, "Big Band Sound Pro" -in iştirakı ilə DTX Mədəniyyət Evində iki gün, Heydər Əliyev Sarayında dörd gün, Gəncə Filarmoniyasının səhnəsində bir gün, Yaşıl Teatrda iki gün və Sea Breaze səhnəsində bir günlük möhtəşəm konsert proqramı ilə çıxış etmişdilər.
Biletlər https://iticket.az/ru/events/concert/eyyub-yaqubov-ve-big-band-sound-pro və şəhərin kassalarında.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
Elza Seyidcahan: “Yuxuda qayınanamı vedrə ilə döyürdüm”
“Gözə, nəzərə, əmələ, caduya inanmıram. Amma yuxulara çox inanıram. Yuxuda gördüm ki, qayınanamı vedrə ilə döyürəm. Bu isə o deməkdir ki, o, bütün gücümü alıb".
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xeyirli axşamlar" verilişində deyib.
Sənətçi bildirib ki, qayınanası ailəsində elə bir şərait yaratmışdı ki, məcburiyyət qarşısında həyat yoldaşından boşanıb:
"O zaman ərimdən boşanmamışdım. Mən anamla qalırdım. Uşaqlarımın atası isə anası ilə. Bizim boşanmaq fikrimiz yox idi. Sevib ərə getməmişdim. Məni həmin insana ərə vermişdilər, mən də getmişdim.
Ailə mənim üçün müqəddəs olduğu üçün, ailəmi qoruyurdum. Aramızda qat-qat fərq vardı, hər bir şeydə. Buna baxmayaraq deyirdim ki, uşaqlarımın atasıdır, ailəmdir. Qayınanam ərimlə boşanmaq vəziyyətini yaratmışdı. Özləri də mənə yalvara-yalvara qalmışdı".
Bəli, Elza yenə öz ampluasındadır, yenə güldürür.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
“Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?” - Pərvin Etisaminin poeziyası barədə
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik
Güney Azərbaycan şeirini orijinal yaradıcılıq dəst-xətti ilə zənginləşdirən, poeziyaya yeni bir rəng, çalar qatan görkəmli şair Pərvin Etisaminin (1907-1941) adı ədəbiyyat tarixində gözəl təmsillər ustası kimi əbədiləşib. Azərbaycan əsilli şair “Sərxoş, lakin agah” adlı romantik şeirlər toplusu ilə böyük şöhrət qazanmış, öz şair mənini təsdiqləmişdir. XX yüzil farsdilli Azərbaycan şeirinin görkəmli nümayəndəsi kimi tanınan Pərvin Etisami Azərbaycanın qədim mədəniyyət və sənət ocağı Təbrizdə doğulmuş, ədəbi zövqü və dünyagörüşü bu doğma şəhərdə formalaşıb inkişaf etmişdir.
Onun haqqında çağdaşlarının yazıb nəşr etdirdiyi xatirələr şairin şəxsiyyəti, şərəfli fəaliyyət yolu haqqında yüksək fikir və qənaətlər yaradır. Şeirlərini çap etdirən, əsərləri haqqında düşüncələrini bildirən müəlliflər şairin ədəbi-mədəni, ictimai-siyasi mühiti, ailəsi, doğulduğu yer və şəxsiyyətinin formalaşmasına təsir edən amillər barədə aydın təsəvvür yaratmışlar. Qulamhüseyn Təkmil Humayun Pərvin Etisamiyə həsr etdiyi məqaləsində yazır: “Pərvin öz dövrünün saleh və inanc sahibi olan insanıdır. Hər bir şairin, yazıçının və ya sənətkarın düşüncəsini anlamaq üçün, şübhəsiz ki, həmin şəxsiyyətin, özəlliklə sənətkarın formalaşmasında bir qəlib rolu oynamış dövrün ictimai-siyasi, mədəni durumunu öyrənmək lazımdır. ...Təbii ki, ictimai mühitin təsiri olmadan sənətkar formalaşmır”. Həm doğulduğu ailə mühiti, həm də fəaliyyət göstərdiyi ictimai çevrə Pərvin Etisaminin yaradıcılığına və sənətkar şəxsiyyətinə ciddi nüfuz etmişdir. Üzlət aşiqi, guşənişin şairin həyata baxışı ilk olaraq atasının təsirilə formalaşıb.
O, 1907-ci ildə Təbrizdə vali ailəsində anadan olub. Babası XIX yüzilin II yarısında Güney Azərbaycanın tanınmış aydınlarından biri kimi tanınıb. Atası Yusif Etisamülmülk Pərvinə hələ kiçik yaşlarından klassik Şərq ədəbiyyatını sevdirib. İranın çağdaş təcüməçi və şairlərindən biri olmaqla yanaşı, Təbrizdən millət vəkili seçilmiş Yusif Etisamülmülk işlərinin çox olmasına, ölkədəki çətin duruma baxmayaraq, qızının təhsili, düşüncələrinin formalaşması, istedadının üzə çıxması, poeziyanın dərinliklərinə bələd olması baxımından son dərəcə önəmli rola malik olmuşdur. Qızının yaradıcılığına ilk ədəbi qiymət verən də o, özü olmuşdur. Tədqiqatlarda Pərvin xanımın təlim-tərbiyəsində anasının müstəsna xidməti xüsusi vurğulansa da, şairin ədəbi inkişafı bilavasitə atasının adı ilə bağlıdır. Anasından əxz etdiyi milli-mənəvi dəyərlər, yüksək keyfiyyətlər onun Azərbaycan qadınının simvoluna çevrilməsində ciddi önəm kəsb etmişdir. Şairin anasına həsr etdiyi şeirlərin məzmunundan da görünür ki, anası İxtiyarülmülk xanım qayğıkeş, cəfakeş, gözəl və humanist insan, örnək bir ana və tərbiyəçi olmuşdur. Pərvin Etisaminin anası Nəsirəddin şah dövrünün natiq və katiblərindən, tanınmış aydınlarından olan, Qəvamüddövlə adı ilə tanınan, “Şuri” və “Qəvvam” təxəllüsləri ilə şeirlər yazan Mirzə Əbdülhüseyn Şuri Bəxşayeşin qızı idi. Pərvin Etisaminin babası Mirzə Əbdülhüseynin 9 qəsidə, 193 qəzəl, 4 müsəmmət, 1 tərcihbənd, 3 təzmin, 3 məsnəvi, 11 rübai və 1 saqinaməni əhatə edən “Divan”ı hazırda Təbriz Milli Kitabxanasında saxlanılır.
Pərvin Etisami Tehranda yerləşən Amerikan məktəbində təhsil almış, burada ingilis, ərəb dillərini mükəmməl öyrənmişdir. O, ən ünlü şairlərin, qələm adamlarının yanında fərdi ədəbiyyat dərsləri alaraq söz sənətinin sirlərinə dərindən yiyələnmişdir. Sonralar müəllim işləyən gənc şair 1926-cı ildə Pəhləvi sarayında işləməyə dəvət olunsa da, bu təklifdən imtina edib. Sənətsevər mədəni ailədə yetişdiyindən onun istedadlı gənc kimi özünü təsdiqləməsi, daha geniş çevrədə tanınması isə çətin olmayıb. O, hələ yeniyetmə yaşlarından atasının yanında böyük şair və yazıçılarla tanış olmuş, özü də uşaqlıqdan şeir yazmışdır. Gənc şairin əsərlərinə diqqətlə yanaşan atası Yusif Etisami qızının istedadını yüksək dəyərləndirərək yazırdı: “Pərvin xanım üslub, şəxsiyyət, fəlsəfi fikir, əxlaqi ifadə baxımından digərlərindən fərqlənməyi bacarmışdır. Pərvinin şeiri ovqat, əhval şeiri olamayıb, fərdi deyil. Onun şeiri böyük tərbiyə, zarafat, əxlaq şeiridir. Onun şeiri nəğmədir, məhəbbət ruhiyyəsidir, duyğu, fəzilətdir. Onun şeiri çalışqanlıq, əməl, razılıq, fəallıq nəğməsidir. Bu şeirlər oyaqlıq, salehlik, xilas nəğməsidir”. Az müddətdə bu “salehlik, xilas nəğmələri” bütün qapıları döymüşdü. Onun misraları yaxın-uzaq diyarlara yol tapmış, qəlbə yaxın, ruhu titrədən misraları hamı tərəfindən sevilmişdi:
Əqlilə evraqi dünyaya girərkən ey könül,
Eşqi də bir giz kimi içdə nihaan saxlamaq...
Can bağında anbaan əkmək gərək min türlü rəng,
Ol könül bağında yetkin baağbaanı saxlamaq.
Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül,
Ərməğan ol yar üçün sevdalı caanı saxlamaq...
Pərvin xanımın sənət yolunda uğurları bir-birini əvəz etsə də, şəxsi taleyi uğursuz olmuş, atasının əmisi oğlu ilə 1934-cü ilin yayında qurduğu ailənin ömrü uzun sürməmişdir. Bundan sonra şair ömrünün sonunadək bir daha ailə qurmamış, həyatını bütünlüklə şeirə-sənətə həsr etmişdir. Tənha və təcrid olunmuş bir həyat tərzi keçirən Pərvin Etisaminin böyük istedadı daha çox əsərlər ərsəyə gətirməyə imkan versə də, ömrü yarıda qırıldığından bunu gerçəkləşdirə bilməmişdir. O, cəmi 35 il yaşamışdır. Həyatda yeganə hamisi olan sevimli atasının ölümündən sonra həyatı dərdə, qəmə bürünmüş, möhkəm sarsılmışdır. Ümidini yalnız qələminə sarılmaqda, yazıb-yaratmaqda görən şair dərdini misralara yükləmişdir. Lakin bu həsrət ömründə yaşadığı bütün dərdlərdən ağır idi – şairin qəm qoxulu şeirlərində həmin itkinin yaşatdığı ağrı-acını daha aydın hiss etmək olur. Pərvin xanım bu ayrılıqdan 3 il sonra bu dünyaya gözlərini əbədi yumub. O, 1941-ci ildə Qum şəhərində vəfat etmişdir. Pərvin Etisaminin qəfil ölümü bütün ölkəni yasa qərq etmiş, xatirəsinə şeirlər, saysız mərsiyələr həsr olunmuşdur. Qum şəhərində, atasının məzarı yanında dəfn edilən şairin qəbir daşında sağlığında özünün seçdiyi “Nə gördün” rədifli qəzəli həkk olunub:
Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?
Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?
...Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.
Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?
Ölümündən öncə, bu əzablı dünyadan yol alıb getməyə hazırlaşanda qəbri üstə həkk olunacaq şeirini seçməsi insanın canına, ruhuna bir üşütmə salır. Bu qədər ağır daxili gücü 35 yaşın astanasında o qədər rahat qəbul etmək hər yaradıcı qəlbin yükü ola bilməz. Yəqin ki, bu güc ancaq zərif qəlblə polad iradənin vəhdətindən doğa bilərdi...
Özündən sonra zəngin bir yaradıcılıq mirası qalan şairin şeirləri ona əbədiyaşarlıq qazandırmışdır. Fitri istedadı hələ kiçik yaşlarından üzə çıxan, 9 yaşındaykən şeirlər yazan Pərvinin sənətə gəlişi həyatını bütünlüklə dəyişdirmişdi. Güneyli ailələrdə qız uşaqlarına aid “şirin, parlaq, gözəl” anlamlarını ifadə edən “Rəxşəndə” – əzizləmə müraciəti onun şeir yazması ilə “Pərvin”ə çevrilib. Doqquz yaşında ilk şeirlərini yazanda və bir qədər sonra çap etdirənincə Pərvin imzası ilə tanınmağa başlayıb. Şairin ilk şeirləri 1921-1922-ci illərdə “Bahar” dərgisində gün üzü görəndə böyük oxucu rəğbəti ilə qarşılanıb. Bu təzə istedad, yeni nəfəs, özünəxas yaradıcılıq tərzi, ilk növbədə insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilirdi...
Dövrün siyasi və mədəni dəyişiklikləri, İranda baş verən mürəkkəb ictimai hadisələr Pərvin Etisaminin şeirlərinə ciddi təsir göstərib. İctimai görüşlərinin formalaşması yaratdığı bədii örnəklərdə dolğun əksini tapıb. Ona böyük şöhrət qazandıran “Sərxoş, lakin agah” adlı romantik şeirlər toplusundan da göründüyü kimi, həssas qəlbli Pərvin Etisami öz dövrünün qəddarlığa, zalımlığa, amansızlığa qarşı çıxan ən güclü ədəbi səsi olmuşdur. İranda qadınların acınacaqlı taleyinə həsr olunan təsirli şeirləri də bu qəbildəndir. Bu şeirlərdə qadınlar, uşaqlar, qoca qarılar, onların ağrıları, əzab-əziyyətləri, acınacaqlı taleyi çox ustalıqla təsvir olunmuşdur. Şeirlərindəki yüksək emosionallıq, sonsuz həssaslıq şairin yaşadığı ölkənin, bütövlükdə bəşəriyyətin taleyinə sənətkar münasibətini ifadə edir.
Pərvin Etisaminin yazdığı 210 şeirin çoxu gündəlik üzüntülər və onların həlli yollarının axtarışı ilə bağlıdır. Onun 156 şeirlik ilk “Divan”ı 1935-ci ildə həmin dövrün tanınmış şair və ədəbiyyatşünası Məhəmməd Tahir Baharın ön sözü ilə yayınlanmışdır. Bu “Divan”a daxil olan şeirlərin hər birində aydın müşahidə etmək olur ki, Pərvin xanım Etisami əsərlərini fars dilində yazsa da, ruhən hər zaman doğma Azərbaycana bağlı olmuşdur. Pərvin xanım həm də gözəl təmsilləri ilə ün qazanmış, dövrünün təmsil ustası kimi tanınmışdır.
Onun şeirlərində xalqının qəlbi döyünür. O, öz xalqının sadə dilində yazır, bu sadəlikdə bütöv Azərbaycanın mehribanlığını, əzmkar, güclü xarakterini əks etdiridi. Pərvin Etesaminin nə qədər səmimi, təvazökar və ədalətli insan olduğu, əxlaq və insanlıq məsələlərinə böyük önəm verdiyi, zülmə və despotizmə qarşı mübarizliyi şeirlərində dolğun ifadəsini tapıb. O, yaradıcılığında ciddi sosial məsələlərə toxunur, yoxsul və məzlum insanlara şəfqət göstərməyə səsləyirdi. Dövrün siyasi mühiti demokratiyaya məhdudiyyət yaratdığından bir çox qabaqcıl şairlər kimi Pərvin Etisami də şeirlərində açıq deyə bilmədiyi mətləbləri alleqoriya metodundan istifadə ilə dilə gətirirdi. Onun şeirlərinin çoxu dialoq – çiçəklə, təbiətlə, öz ürəyi ilə söhbət şəklində yaxud iki xəyali rəqib arasındakı mübahisə formasında qurulmuşdur...
Pərvin Etisaminin şeirlərində etiraz motivi olduqca güclüdür. Dövrünün bütün mürtəce qüvvələrinə, ictimai bərabərsizliyə, despotizmə, istibdada qarşı kəskin etirazı onun şeirlərinin tənqid pafosunu qüvvətləndirir, oxucunu düşünməyə vadar edirdi. Şairin tənqidi təmsillərində daha ustalıqla verilmişdir. Təmsillər şairin yaradıcılığının böyük bir qismini əhatə etməklə yanaşı, həm də bu şeirlərin əsas bədii qayəsini, sənətkar məqsədini ifadə edir. Satirik və nəsihətamiz məzmunlu, təsviri xarakter daşıyan, həcmcə o qədər də böyük olmayan yüzdən artıq təmsilində Pərvin Etisami tənqid etdiyi məsələləri yığcam şəkildə, poetik ümumiləşdirmələrlə vermiş, məqsədinə nail olmuşdur. Alleqorik janrın bütün imkanlarından məharətlə istifadə edə bilən şairin təmsilləri çox dərin məzmunlu olub, siyasi, ictimai, əxlaqi dəyərlərə malikdir.
Pərvin Etisaminin təmsilləri onun dövrü, mühiti və yaşadığı cəmiyyətdəki ədalətsizliyi ifşa edən, yüksək bədii formada yazılan, böyük ictimai önəm daşıyan əsərlərdir. “Gövhərin qiyməti”, “Uzaqgörən ana”, “Ey pişik”, “Bülbül və qarışqa”, “Ox və kaman”, “Tuti və şəkər”, “Bez və almaz”, “Dağ və saman”, “Qurd və it”, “Qurd və çoban”, “Gül və tikan”, “Qarışqa və ilan” kimi təmsilləri bu cəhətdən özəlliklə diqqətəlayiqdir.
Bu gün Təbrizdə bir ev var. – Könüllərin məskəni, şeir, sənət işığı saçan ev... Təbrizin qədim küçələrindən birində yerləşən bu qədim ev Pərvin Etisaminin evi olub. Evin bir hissəsi XIX yüzildə, Qacarlar dövründə, digər bir hissəsi isə Pəhləvilər dövründə tikilib. Vaxtilə qonaq-qarası, sözü-söhbəti əskik olmayan bu qədim evin, hazırda yalnız pəhləvilər dövründə tikilən hissəsi salamat qalıb. Ev Çaykənarı Xiyabanında yerləşir. Həyətindəki divarlarda Təbrizin görkəmli şəxslərinin şəkilləri əks olunub. Evin girişində isə pilləkənləri qalxan halda təsvir olunmuş Pərvin Etisaminin heykəli qoyulub. 28 mart 2006-cı ildən etibarən şairin evi İranın milli mədəni irsi siyahısına salınıb. İndi muzey kimi ziyarətçilərini qəbul edən bu evin hər hücrəsində şairin ruhunun tənhalığı hiss olunur.
Cismani yoxluğundan keçən onilliklər Pərvin Etisamini əsla unutdurmayıb. Xalq öz görkəmli şairinə ehtiramını muzeyini ziyarət etməklə, şeirlərini əzbər bilməklə, bu möhtəşəm yaradıcılığı yeni nəsillərə tanıtmaqla bildirir. 2005-ci ildən etibarən hər ilin mart ayında İranda “Pərvin Etisami Qadın Filmləri Festivalı” keçirilir. Bu festivalda qadın kino rejissorların çəkdikləri qadın mövzulu filmlər nümayiş etdirilir. 2011-ci ildə Suriyanın Dəməşq şəhərində keçirilən “Pərvin Etisami örnək ədəbiyyatçı” adlı seminar da şairin yaradıcılığına qarşı rəğbətin, marağın davam etdiyini göstərir. 2012-ci ildə Təbrizdə toxunan, iki ilə ərsəyə gələn və hazırda Təbriz şəhər muzeyində saxlanılan “Azərbaycan tarixi” adlı xalçanın üzərində Azərbaycanın tarixi abidələri və tanınmış simaları ilə yanaşı Pərvin Etisaminin də şəkillərinin toxunması şairin öz millətinin, vətənin simvollarından birinə çevrilməsinin isbatıdır. Şairin Azərbaycan dilinə çevrilmiş seçmə şeirləri “Ləldən parlaq” adı ilə nəşr olunaraq, çağdaş oxuculara təqdim edilib. Bütün bu dəyərləndirmələr bir daha göstərir ki, Təbriz qoxulu misraların müəllifi qısa ömür sürsə də, könüllərdəki mənəvi ömrü davam edir... Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)
“Adamlar və siçanlar” nədən bəhs edir?
Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA” amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin ən çox sevilən əsərlərindən biri olan “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın növbəti nümayişini həyata keçirəcək.
Quruluşçu rejissoru Nihad Qulamzadə olan tragikomediya fevralın 12-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.
Qeyd edək ki, əsər Kaliforniyada böyük böhran vaxtı fəhlə kimi işləyən iki dostun, Corc Milton və Lenni Smolun həyatından bəhs edir. Tamaşa insanlara mərhəmət, alicənablıq hissi, eləcə də xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(03.02.2023)