“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Hamlet Xanızadədir.
HAMLET XANIZADƏ
(1941-1990)
***
Mən eyni vaxtda böyük dramaturq Hüseyn Cavidin həm “İblis” (teatrda), həm də “Topal Teymur” (televiziyada) tamaşalarında əsas rolları oynayırdım. Bir gün böyük rejissor Mehdi Məmmədov məndən:
– Hamlet, rolların ikisi də ağırdır, böyükdür, yüklüdür. Sənin üçün çətin deyil ki? – deyib, xəbər aldı.
– Mehdi müəllim, rollar ağır olsa da hər iksini həvəslə oynayıram. Teatrda yorulanda, televiziyada başqa ab-havaya düşüb, dincəlirəm, orada yorulanda, “İblis”in məşqlərində yorğunluğum çıxır. Çünki əsərlər də gözəldir, rejissorlarım da.
– Elə sən də pis deyilsən, – deyən, Mehdi müəllim söhbəti zarafatla bitirdi.
***
1987-ci ildə kinorejissor Cəmil Quliyev “Cansıxıcı əhvalat” filmini çəkirdi. Filmdə kiçik qardaşımı incəsənət institutunun tələbəsi oynayırdı. Bəzən mən teatrda məşqdən çıxanda o teatrın qarşısında gözləyirdi, Pirşağıya çəkilişə bir yerdə, mənim maşınımla gedirdik.
Bir dəfə yol gedəndə “balaca qardaşımı” pərt gördüm.
– Nə olub, niyə kefin yoxdur? – soruşdum.
– Səhnə hərəkəti müəllimi Bəxtiyar Xanızadə mənə zaçot yazmır.
– Niyə?
– Çəkilişdə olduğum üçün dərslərində olmamışam, ona görə.
– Darıxma, düzələr, – deyib yoluma davam etdim.
Çəkilişdən sonra axşam geri qayıdanda həmin tələbəyə bir kağız yazıb verdim:
– Bunu, Bəxtiyar müəllimə çatdırarsan.
Bəxtiyar Xanızadə mənim əmim nəvəsi idi. Kağızda “bu tələbə mənim “qardaşımdır”, onun zaçotunu ver getsin” – yazmışdım.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)