“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Könül Siyavuşqızı yazır
Deyirlər, “Gözəllik ondur, doqquzu dondur”. Qədimdən bizə ərmağan olan bu atalar sözünün hikmətinə görə bütün dövrlərdə gözəl geyimlərə üstünlük verilib. Bu gün gözümüz çeşid-çeşid geyimlər görür, könlümüz bu rəngarənglikdən, bolluqdan xoş olur, amma gəlin, görək, qədim zamanlarda geyimlərimiz necə olub, paşaların, ağaların, rəiyyətin geyimi arasındakı fərq nədən ibarət olub?
İlk buraxılımızı şöhrəti dünyaya yayılan dilbər guşəmiz Qarabağa həsr etmişik. Amma, əvvəlcə ümumilikdə milli geyimlərimiz haqda söz açmaq istərdik, diqqət edin ki, tariximizin incə ilmələrindən bir-bir xəbər tutasınız.
Azərbaycan ərazisində məskunlaşan ilk insanlar bürüncək, sarıq, örtmə kimi dəri, süni liflərdən düzələn geyimlərdən istifadə edib. Orta əsrlər dövründə geyimin təkmilləşməsi yönündə bir sıçrayış nəzərə çarpır.
Tarixi filmlərdən, şəkillərdən seyr etdiyimiz geyimlər əslində XİV- XVİ əsrədək formaca bir-birinə çox bənzəyib, hətta ilk baxışdan onların fərqli cəhətləri çox gözə çarpmayıb. XVI-XVII əsrlərdə Azərbaycanda ipəkçilik, toxuculuq geniş vüsət almağa başladığı vaxtdan geyimlər yaxşı mənada dəyişdi, gözəlləşdi, çeşidləndi. Parçalar arasında zərbəft, xara, atlas, tafta, qanovuz, kəmxa, kiseyə, məxmər, darayı, mahud, şal, tirmə, midqal, bezin adlarını çəkmək olar. Bəziləri xalq arasında "Hacı mənə bax", "gecə-gündüz", "gendə dur", "alışdım yandım", "küçə mənə dar gəlir" və s. ad altında məşhur idi.
XVİİ-XVİİİ əsrlərdə Azərbaycanda xanlıqlar yarandı və bölgələrin geyim tərzləri bir-birindən əməllicə fərqlənməyə başladı. Müxtəlif coğrafi bölgələr, adət- ənənələr buna rəvac verirdi. Parçanın çeşid və növündən tutmuş, saplar, bəzək aksesuarları, düymə, basmalaradək, rəngindən tutmuş, naxışlarına kimi hər şey düşünülüb öz təyinatına uyğun biçilib tikilirdi. Burda ən önəmli məqamlardan biri qadının və kişinin statusu, yaşı idi. Cavan qızın və ailəli qadının geyimlərində fərqlər olurdu. Cavan gəlinlər daha rəngarəng geyinərdilər, qızlar və yaşlı qadınlar bəzək elementlərindən az istifadə edirdilər. Bu tarazlıq bütün bölgələrdə saxlanırdı. Şəriətlə bağlı qəbul olunmuş geyim qaydalarına da ciddi əməl olunurdu.
XVİ - əsr "qızılbaşlar" dövründə kişilər başlarına təpəsi nazik və hündür qırmızı papaq qoyub, ətrafına sarıq dolayırdılar. Zadəganlar və rütbəli hərbi xidməçilərsə əmmamənin üstündən 12 qaş taxar, ya da zərli xətlər çəkdirərdilər. Xalq arasında adi bəzəksiz, ağ əmmamələr də vardı.
Qadınların baş geyimləri arasında çalma ilə yanaşı, qoyun dərisindən tikilən başqa formalı papaqlar, gözəl, əlvan naxışlı örpəklər, naxışlı araqçınlar, yun, pambıq şallar, kəlağayılar, çənə altından bağlanan xəz və məxmərdən tikilmiş papaqlar var idi. Soyuq havalarda tirmə, kəşmiri, təbii yundan toxunmuş şaldan istifadə olunardı. Qadınlar küçəyə çıxarkən isə çarşabsız çıxmazdılar, çarşabsız gəzmək kiçik qızlara, bir də yaşlı qadınlara icazə verilirdi. Baş örtüsü sürüşməsin deyə, qüllabı adlı çəngəl, boğazaltıdan istifadə olunurdu.
Kişi üst geyimlərindən danışsaq, deməliyik ki, nisbətən varlı təbəqəyə mənsub kişilər üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xələt, əba və çuxa geyərdilər. Əbanı, əsasən, mollalar və hörmətli qocalar geyərdi.
Qadın üst geyimlərinə gəlincə, varlı təbəqədən olan qadınlar da çiyinlərinə bəzək üçün uzunqollu xələt salardılar. Üst geyimləri - üst köynəyi, çəpkən, arxalıq, kürdü, küləcə, ləbbadə, eşmək və baharıdan ibarət idi. Qadın üst geyimlərindən biri də kürdü idi. Kürdü sarıqlı və qolsuz olduğundan qış fəslində geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə xəz tikilərdi.
Ayaqqabılardan da söz açsaq, ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız başmaq - nəleyin idi. Dövlətlilər nazik dəridən tikilmiş uzunboğaz çəkmələr, kəndlilər isə bağları yun ipdən toxunan çarıq geyərdilər. Qadınlar üzü tikməli başmaq və ya uzun boğazı olan tikməli çəkmələr geyirdilər. Qadınlarının ənənəvi ayaq geyimlərinə yun və ya ipək corab, çarıq, badış, şətəl, başmaq, çust, uzunboğaz və yarımboğaz çəkmələr daxil idi.
Azərbaycanın milli geyimləri, onların növləri, çeşidləri haqda ümumi məlumat verdik. Gəlin görək, Qarabaq bölgəsinin geyimlərinin digər bölglərdən fərqli və oxşar edən cəhətləri nələr olub?
Gəncə-Qarabağ geyimləri çox bənzəyib. Bu geyimlər də dəst halında olurdu, üst tumanla üst çiyin geyimi eyni, ya da oxşar, köynək isə açıq və parlaq rənglərdə tikilirdi.
Qarabağ çəpkənini digər bölgələridən fərqi qollarının sallamaqollu olmasıdır. Qollar çiyin tikilişlərinin üstünə əlavə tikilir, ucları əlcək və qolçaqla tamamlanırdı. Qoltuqdan dirsəyə, biləkdən barmaq uclarına qədər hissəsi açıq saxlanırdı. Çəpkən bəzən pullu olurdu. “Baharı” adlı bəzəkli üst geyimi də ən çox bu bölgədə geyilib. Tünd qırmızı, moruğu rəngli məxmərdən tikilən “Baharı”nın qolları düz, uzunluğu dirsəyə qədər, bel xəttindən əlavə büzməli ətək tikilir, hər ətəkdə kəsmə cib qoyulurdu. Yaxa, qolağzı, ətək tikmələrlə bəzədilirdi. Qarabağ küdrüsü də məxməridən tikilməyi, bədənə kip oturmağı, qolsuz olmağı xəz və baftadan başqa heç bir bəzəyinin olmamasıyla digər bölgədəki küdrülərdən seçilib. Bəzən o, sırıqlı formada da tikilirdi.
Qarabağ bölgəsində istifadə olunan köynəyin gövdəsi qatlama üsulu ilə biçildiyindən çiyinliyi tikişsizdir. Qollarının üstündəki xırda qırçınlar əsasən bəzək məqsədi daşıyır. Köynəyin qıraqlarında "peş" adlanan çapıqlar olur. Qolların ağzına və yaxa kəsiyinə bafta tikilir. Milli geyimlərin əsas hissəsi olan tuman qaz-qazı, zərxara, atlas kimi parçalardan tikilirdi. Ətəklərin aşağısına müxtəlif ölçüdə tirmə və başqa parçadan qat payı tikilirdi.
Qarabağın arxalıq üst geyimi qiymətli parçalardan tikilir, tox rənglərdən istifadə olunurdu. Al rənglərə çox üstünlük verilmirdi. Arxalığın daha da gözəl görünməsi üçün qol ağzına və yaxa kəsiyinə qırçınlı - büzməli əlavələr tikilirdi. Yaxası buta formasında olan arxalıqlara da təsadüf edilirdi. Onların yaxalığı ikiüzlü qırçınlanmış parça ilə bəzədilirdi. Qarabağ-Gəncə arxalıqları "nülufər qollu", yelparəli olurdular. Qol dirsəyədək yelparəli, dirsəkdən aşağı zanbaq formasında biçilirdi, ağzına isə qırçınlı-büzməli əlavələr verilirdi ki, arxalığı daha baxımlı və gözəl göstərsin.
Beləcə, sizə milli geyimlərimizdən danışdıq. Qarabağ bölgəsinin geyimlərinin fərqli və oxşar cəhətlərini də vurğuladıq. Bütün bölgələrimizin geyimləri bütövlükdə Azərbaycanımızın mədəni irsi, izi əsrlərin, qərinələrin içindən keçib gəldikləri uzun, məşəqqətli yol soy kökümüzün, dədə -babalarımızın irsi, izidir. Bu irsə sahib çıxmaqsa bizim müqəddəs borcumuzdur. Gəlin, araşdıraq, öyrənək, gələcək nəsillərə ötürək ki, əbədiyən yaddaşlara yazılsın.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)