Azərbaycan Kinematoqrafçılar İttifaqında birdən-birə 20 nəfərin istefası barədə məlumatlı idiniz. Amma qurum fəaliyyətindən də qalmır. Qurum
yenidən film nümayişlərinə start verir.
“Ədəbiyyat və incəsənət” İttifaqa istinadən xəbər verir ki, ilk nümayiş bu gün - yanvarın 31-də “Azərbaycan” kinoteatrında olacaq. Bu dəfə üç rejissorun - Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır” sənədli filmləri nümayiş olunacaq. Baxışdan sonra tamaşaçılar ilə yaradıcı heyət arasında müzakirələr olacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqının kino nümayişləri üzrə məsul əməkdaşı, rejissor Ülviyyə Əhmədova bildirib ki, bu il Azərbaycan kinosunun 125 illiyi, Azərbaycanfilm” kinostudiyasının 100 illiyidir və bu səbəbdən klassik milli filmlərimizin nümayiş proqramı da planlanır: “Keçən il reallaşdırdığımız “Dünya şedevrləri Azərbaycan dilində” proqramı bu il də reallaşacaq. Proqramda Aleksey German, Nikita Mixalkov, Tengiz Abuladze kimi dünyaşöhrətli rejissorların filmləri var. Ənənəyə sadiq qalaraq 2023-cü ildə də “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq nəzərdə tutulub”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması İttifaqın prioritet məqsədlərindəndir.
“Ədəbiyyat və incəsənət”
(31.01.2023)