Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Ünlü bədii qiraət ustası, Xalq Artisti Əminə Yusifqızından 23.07.1998 tarixində götürülmüş müsahibə.
-Əminə xanım, sizi ən yüksək fəxri ad olan Xalq artisti adı almağınız münasibətilə ürəkdən təbrik edirik.
-Çox sağ olun.
-Biz sizi klassik və müasir poeziyamızın yorulmaz təbliğatçısı, bədii qiraət ustası kimi tanısaq da, sənət fəaliyyətinizə teatr aktrisası kimi başlamısınız? Necə oldu ki, teatr səhnəsi ilə vidalaşdınız?
-Mən sənət fəaliyyətimə Gənc Tamaşaçılar Teatrının səhnəsində başlamışam. Məni ora bədii qiraət müsabiqəsi zamanı görüb bəyənən, teatrın direktoru Zəfər Nemətov dəvət eləmişdi. Amma sonra gördüm ki, orada arzusinda olduğum sənət atmosferi yoxdur. Uzaqlaşmalı oldum.
-Axı, o vaxtlar Gənc Tamaşaçılar Teatrında Yusif Vəliyev, Hüseynağa Sadıqov, Firəngiz Şərifova kimi aktyorlar işləyirdilər.
-Adını çəkdiklərinizin içərisində ən istedadlısı Yusif Vəliyev idi. O, həmişə mənə deyərdi ki, Əminə, özün getdin canını qurtardın, biz qaldıq burda.
-Deyilənlərə görə, Yusif Vəliyev qəribə adam olub?
-Mən onunla uzun illər həm də kinostudiyada dublyajda olmuşam. Onda elə bir qeyri-adi qəribəlik görməmişəm. Sadəcə olaraq, hər bir istedadlı adam kimi öz işinə qarşı çox tələbkar və ciddi idi. Yüksək zövqə sahib idi. Əgər bunu qəribəlik hesab edirdilərsə, mən belə qəribəliyi alqışlayırm. Hər bir istedad sahibində belə qəribəlik olmalıdır. Mən özümü böyük bir istedad hesab eləmirəm, amma həmin ciddilikdən məndə də var. Hər rolu bəyənməmişəm. İllər boyu gözləmişəm ki, mənimçün xüsusi rol yazılacaq. Gözləyə-gözləyə də qalmışam.
-Xarakterinizdəki ciddilik bir aktrisa kimi yüksəlişinizə mane olmayıb ki?
-Olub. Amma neyləyəsən, mən öz prinsiplərimə həmişə sadiq olmuşam.
-Deyilənlərə görə, siz Bakı şəhərində avtomobil idarə edən ilk xanımsınız...
-(gülərək) Məndən bir qədər əvvəl Flora xanım maşın sürməyə başlamışdı. Ümumiyyətlə, Flora xanımla mən həmişə birlikdə olmuşuq. O, bir çox mahnıların sözlərini unudanda həmişə məndən soruşardı.
-Deməli, estrada kraliçası ilə bədii qiraət kraliçası rəfiqə olublar...
-(gülərək) Bəli. Flora uzun illər mənim ən yaxın rəfiqəm olub. İndi əvvəlki qədər görüşə bilməsək də, yenə də münasibətlərimizi saxlayırıq. Flora xanım, doğrudan da, estradamızın kraliçasıdır. O, dünyanın ən şöhrətli müğənniləri ilə bir səviyyədə durmağa layiqdir. Təəssüf ki, yaşadığımız mühit onun böyük istedadının tam parlamasına imkan vermədi.
-Sizin aktrisa kimi fəaliyyətinizin mühüm bir dövrü “Azdrama” da işlədiyiniz illərə düşür. Oranı niyə tərk etdiniz?
-Mən Dram Teatrına gələndə orada böyük sənətkarlar var idi: Barat Şəkinskaya, Hökumə Qurbanova, Həsənağa Salayev, Leyla Bədirbəyli... sonra orada elə bil ki bir boşluq yarandı. Məndən başqa bir çox aktyorlar – Barat Şəkinsykaya, Həsən Məmmədov, Şahmar Ələkbərov da oranı tərk etdilər.
-Bu, o vaxt teatrda olan intriqalarla bağlı deyildi ki?
-Dünyada elə bir teatr yoxdur ki, orada intriqa olmasın. Odur ki, buna təəccüblənmək lazım deyil. Bu baxımdan, indi də Milli Teatrda vəziyyət o qədər də yaxşı deyil. Cavan qızlar yığışıb ora, o deyir teatrın “geroinya”sı mənəm, bu deyir mənəm. Bu yaxınlarda konsertlərdən birində görürəm ki, mənimlə həmişə böyük ehtramla davranan Laləzar Mustafayeva salam vermədən ötüb keçir. Doğrusu, bu mənə qəribə gəldi. Sonra mənə dedilər ki, mənim Məleykə Əsədovanı “geroinya” adlandırmağım onun qısqanclığına səbəb olub.
-Sizcə, Laləzar xanım bu qısqanclığında haqlıdır?
-Söhbət ondan getmir ki, Məleykə böyük istedad sahibidir və teatrın “geroinyası” olmağa layiqdir, ya yox, ondan gedir ki, hal-hazırda o, teatrda əksər tamaşalarda baş rolları oynayır, teleseriallara çəkilir. Bir vaxtlar on-on beş il ərzində Amaliya Pənahova da teatrın “geroinya”sı idi, əksər tamaşalarda baş rolları oynayırdı. Amma bu o demək deyildi ki, o bütün bunlara tamamilə layiq idi. Biz “geroinya” etalonu kimi Mərziyə xanımı, Fatma xanımı, Barat xanımı, Hökümə xanımı tanıyırıq.
-Bədii qiraət ustası kimi sizin sinəniz şeir xəzinəsidir. Əgər sizi yuxudan qəfil oyadıb bir şeir deməyi xahiş etsəydilər, hansı şeir yadınıza düşərdi?
-Bu sualı mənə çox veriblər. Amma mən konkret bir şeiri xatırlamazdım. Hansını istəsələr, onu deyərdim.
-Niyə heç vaxt Sabirdən şeirlər demirsiniz?
-Görünür, satira mənim yaradıcılıq təbiətimə uyğun deyil.
-Ailədə də belə ciddisiniz?
-Yəqin ki... Bu ciddilik bir ana kimi məni xoşbəxt edib. Qızım Səminədən çox razıyam. Onun həyat yoldaşı Rauf mənə bir qaynana kimi yox, bir ana kimi baxır.
-Həyat yoldaşınız kimdir?
-(ani bir pauza) O yoxdur...
-Vəfat edib?
-O qəzada həlak olub...
-Əminə xanım, siz müğənni deyilsiniz, toylara getmirsiniz, aktrisa kimi kinofilmlərə çəkilmirsiniz. Qiraət ustası kimi bu gün necə dolanırsınız?
-Rauf və Səminə mənə kömək edirlər. Raufun öz firması var. Allaha şükür, heç nəyə ehtiyacım yoxdur.
-Özünüzdən sonrakı nəsil bədii qiraət ustaları içərisində kimi bəyənirsiniz?
-Hamı Laləzarı tərifləyir, amma, məncə, şeir boğazdan yuxarı deyil, ürəkdən deyilməlidir.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Yaddaşımı.
“Ədəbiyyat və incəsənət”
(31.01.2023)