Super User

Super User

Xanəndə Səttar. BMM-in “Unudulmayanlar” layihəsinin növbəti ünvanı bu xanəndə oldu

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi dərhal diqqəti cəlb etdi. Niyə? Deyək. Sənətdə bəzi adlar yaddaşlara həkk olunur, amma taleyin ironiyası ilə bəziləri, hətta bəzın daha istedadlıları unudulur. Müasir təbircə desək, reklamı zəif olur. BMM-in sözügedən layihəsi həmin o unudulmağa layiq olmayan, amma unudulanları yada salmaq, gündəmə gətirib ora pərçimləməkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə çərçivəsində bu dəfə unudulmaqdan xilas edilən sənətçi Xanəndə  Səttar idi, tədbir də “Xanəndə Səttar” adlanırdı. Fevralın sonunda keçirilən tədbir bir bahar müjdəçisi idi sanki.

Kimdir Xanəndə Səttar? XIX əsrin tanınmış siması! Bəli, zamanında xanəndə Səttar məşhur olub, amma nədənsə adı gəlib günümüzə yetişməyib. Tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı isə indi buraxılan səhvi düzəltmək çabası göstərir, xanəndənin fitri istedadı barədə car çəkir. 

Gecədə Gülhüseyn müəllim Azərbaycan muğam ifaçılığında iz qoyan xanəndənin sənət yolu haqqında məlumat verdi. Bildirdi ki, musiqişünası Firidun Şuşinski öz məqaləsində Səttara yüksək qiymət verərək yazıbmış: "Səttarın Qafqaz xalqlarının milli musiqisinin inkişafında böyük rolu vardır. Səttarın konsertlərində Tiflisdə yaşayan rus və italyan musiqi həvəskarları iştirak edir və özlərinin konsertlərində iştirak etmək üçün onu da dəvət edirdilər. 1847-ci ildə italyan skripkaçı Tiflis teatr orkestrinin dirijoru Malaqolli Səttarı xeyriyyə cəmiyyəti tərəfindən təşkil olunmuş konsertdə iştirak etməyə dəvət etmişdi. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyətlər qazanmışdı". 

Gülhüseyn Kazımlı nəql etdi ki, Səttar Tiflisin musiqi həyatında görkəmli rol oynayıb. O, nəinki musiqi gecələrində, həm də açıq havada təşkil olunan konsertlərdə və ziyafətlərdə məlahətli səsi ilə çoxmillətli şəhərin sakinlərinə estetik zövq verirmiş. O, yoxsullara kömək məqsədilə keçirilən beynəlxalq konsertlərdə skripkaçı Miller ilə, müğənni Seymur-Şiff ilə birgə iştirak edib. 

Xanəndə Səttar Tiflisin indiki Nəbatat bağında əvvəllər mövcud olan müsəlman qəbiristanlığında dəfn edilib. 

Tədbir çərçivəsində BMM-in solistlərinin ifasında muğam və təsniflərdən ibarət konsert proqramı təqdim olundu. 

Monitorda Xanəndə Səttarın siması əks olunmuşdu. Sanki o da tamaşaçılarla birlikdə muğamı dinləyir, feyziyab olurdu. Və sanki əmin idi ki, estafet layiqli əllərdədir.

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

Cümə, 03 Mart 2023 09:00

Heç vaxt sönməyəcək bir ocaq

Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!

 

Bu sətirlər onundur, Mirvarid Dilbazinin. O Mirvarid Dilbazinin ki, martın 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda hamı onun işığına yığışmışdı, 

 “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin hazırladığı “Öz içindən yanan bir ocağam mən” kitabının təqdimatı keçirilirdi.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir 110 illiyini qeyd etdiyimiz Xalq şairi Mirvarid Dilbazinin zəngin ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir. Və əlbəttə ki, Mirvarid Ana heç vaxt unudulmayacaq. Və onun xatirəsinin yaşadılmasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin də rolu böyükdür. 

Elə tədbiri də birliyin sədri Güllü Eldar Tomarlı açdı, kitab haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, kitabda Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş yubiley tədbirindəki çıxışlar və görkəmli şəxslərin fikirləri, haqqında yazılan məqalələr, şairə həsr olunmuş şeirlər, fikirlər yer alıb: “Bütün bunlar Mirvarid Dilbazi adına, yaradıcılığına sevgidir, böyük dəyərdir. Bu gün Mirvarid Dilbazi haqqında işıq üzü görən yeni kitab istəkli oxucuların ixtiyarına verilir”. 

Tədbirdə çıxış edən ziyalılar, Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru Fəridə Ləman, Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva, publisist-politoloq Reyhan Mirzəzadə, şair Zaməddin Ziyadoğlu, rəssam Qafar Sarıvəlli və söz adamları, poeziya vurğunları kitab haqqında təəssüratlarını bölüşdülər.

Kitabın redaktoru Güllü Eldar Tomarlı, məsləhətçisi Səbuhi Ordubadlı, texniki redaktoru və çapa hazırlayanı Vüsal Sehranoğlu, rəyçilər- AYB Qazax zona bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü Səringül Sadədir.

 

Əslim - Dilbazilərdən

Mərdlər böyüdən yerdən,

Südüm mələk südüdür,

Sərvətim nəğmələrdən -

Özüm də Dilbaziyəm

Azərbaycan qızıyam! -deyir Mirvarid Ana. Və haqq edərək deyir!

 

“Ədəbiyyat və incəsənət”

(03.03.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın baş qərargahında Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumışla görüşüb. 

Fonddan verilən məlumata görə Günay Əfəndiyeva Qazaxıstanda bu gün qeyd olunan Təşəkkür Günü münasibətilə qonağı təbrik edib.

Görüş zamanı Günay Əfəndiyeva Fondun fəaliyyətindən, türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlərdən söz açıb. Fondun prezidenti türk dünyasının qədim irsinin beynəlxalq aləmdə təbliği ilə bağlı birgə layihələrin görülməsinin əhəmiyyətindən bəhs edib.

Qazaxıstanın xarici işlər nazirinin müavini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirərək, təşkilatın türk ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi töhfələr verdiyini vurğulayıb. O, eyni zamanda, Qazaxıstanın Fond tərəfindən keçirilən layihələrə hərtərəfli dəstək verəcəyini bildirib.

Görüşdə Fondun fəaliyyət göstərdiyi illər ərzində yalnız türk dövlətləri ilə deyil, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın önəmi qeyd edilib. Tərəflər bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının X Zirvə Görüşünün türk dövlətlərinin inteqrasiyası üçün böyük əhəmiyyət daşıdığını bildirib. 

Eyni zamanda, bu il Azərbaycanın və bütövlükdə türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi, Türk təsəvvüfünün banisi Əhməd Xoca Yasəvinin 930 illiyi, məşhur türk hökmdarı Sultan Beybarsın 800 illiyi kimi əlamətdar tarixlərin türk dünyasında təntənə ilə qeyd edildiyi vurğulanıb.

Görüşdə Qazaxıstanla təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

 

Daşkənddə Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açıldı

 

Gələcək türk dünyasınındır. Əlaqələr artan xətt üzrə davam etməkdədir. Azərbaycanla Özbəkistan əlaqələri də xüsusən. Budur, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi daha bir gözəl iş ortaya qoydu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan-Özbəkistan Dostluq Muzeyi təşkil etdi və ötən gün Daşkənd şəhərində muzeyin açılış mərasimi oldu. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzinin önündə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçəklər qoydular. Muzeyin açılış lenti kəsildi, qonaqlar muzeyin müxtəlif bölümləri, eksponatları ilə tanış oldular. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, çoxsaylı tədbirlərlə daim gündəm təşkiı edən Samir Abbasov Dostluq Muzeyi haqqında geniş məlumat verərək xalqlar və dövlətlər arasındakı tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışdı. 

O, Özbəkistanla əlaqələrin daim Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını, dövlət başçılarımızın görüşləri, günü-gündən inkişaf edən əməkdaşlğımızın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirdi. 

Samir Abbasov daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin uzun illər ərzində hazırladığı Azərbaycan-Özbəkistan Dostluq Muzeyində işlərin bu günlərdə başa çatdığını, muzeydə Azərbaycan və Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr və eksponatlar, maketlər, maraqlı nəşrlərin yer aldığını bildirdi. O, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin, dostluq və əməkdaşlığın qurulmasında misilsiz xidmətləri olduğunu qeyd edərək, məhz bu səbəbdən muzeyin açılışının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğuladı. 

Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva ulu əcdadlardan miras qalan Azərbaycan və özbək xalqları arasında tarixi dostluğun Nizami Gəncəvi ilə Əlişir Nəvai, Məhəmməd Füzuli kimi tarixi şəxslərin timsalında qədim köklərə sahib olduğunu, ümummilli lider Heydər Əliyev və Özbəkistan lideri Şərəf Rəşidov arasında davam etdiyini, bu gün isə Azərbaycan və Özbəkistan prezidentlərinin uğurlu siyasətləri nəticəsində bu münasibətlərin öz intibah dövrünü yaşadığını söylədi. 

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Beynəlxalq Münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Azamat Toşov dövlətlərimizin çoxmillətli və çoxmədəniyyətli ölkələr olduğunu qeyd edərək, ölkələrimizdə müxtəlif millətlərin qarşılıqlı hörmət, dinc, mehribanlıq və tolerantlıq prinsipi ilə yaşadıqlarını fəxrlə bildirdi. O, mədəni əlaqələrimiz haqqında danışaraq, bu işdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu qeyd etdi. 

Azamat Toşov Muzeydə Özbəkistanda tanınmış azərbaycanlıların büstlərinin qoyulmasını, onlara dair xüsusi bölümün yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. 

Daha sonra çıxış edən Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Mətbuat Mərkəzinin rəhbəri Şerzodxan Qudratxoca açılan Dostluq Muzeyinin iki qardaş xalq arasında qədim dövrdən başlayan mədəni-ədəbi əlaqələrin, dostluq münasibətlərinin, çoxsaylı ortaq dəyərlərimizin, adət-ənənələrimizin əyani vəsaitlərlə, unikal eksponatlarla və guşələrlə nümayiş etdirildiyini bildirdilər. Onlar muzeydə iki xalqın ortaq dəyərlərini – dilimizi, dinimizi, adət və ənənələrimizi, habelə qədim dövrlə müasir dövrün eyni məkanda canlandırıldığını qeyd edərək belə bir muzeyin böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin yubileyi münasibətilə açılmasının da hər iki xalq üçün tarixi hadisə olduğunu vurğuladılar. 

Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova yüksək muzeyşünaslıq zövqü və yaradıcılıq şövqü ilə qurulmuş bu muzeyin bir model olaraq gələcəkdə yeni muzeylərin yaradılmasında tətbiq edilməsinin çox faydalı olacağını qeyd etdi. O, bu Dostluq Muzeyi vasitəsilə iki xalq, dövlət arasında tarixi dostluğu, qohumluğu, əməkdaşlığı geniş tərənnüm edən unikal bir ocaq yaradıldığını bildirdi və nümayiş etdirilən eksponatların düşünülmüş, məntiqli təşkil edildiyini, ziyarətçiyə təsir edən uğurlu bir təqdimat növünün seçildiyini söylədi. 

İndi də muzey barədə danışaq. Dostluq Muzeyində dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri, onların ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq, xalqlarımızın yaxınlığı ilə bağlı fikir və şüarları, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad etməsinə dair fotostendlər yerləşdirilib. 

Muzeyin mərkəzi hissəsində Azərbaycan və özbək xalqlarını birləşdirən dəyərlərə dair Azərbaycan rəssamları tərəfindən çəkilmiş unikal rəsm, habelə xalqlarımızın yaxınlığını göstərən ortaq dəyərimiz olan dilimiz, dinimiz, milli bayramımız olan Novruz, muğam və makom sənəti, aşıq və baxşıçılıq sənəti, hər iki ölkədə keçirilən beynəlxalq musiqi festivallarına dair stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz və çox sayda eksponatlar sərgilənir.

Muzeyin “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı bölməsində qardaş Özbəkistanın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Məqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynov, rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri və şəxsi əşyaları təqdim olunur.

Bəli, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi gənc nəsillərə iki xalqın tarixi dostluğunu və əməkdaşlığını nümayiş etdirmək, xalqların yaxınlığını əyan etmək üçün gözəl vasitədir.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

YARAT növbəti səyyar sərgisini Saatlıda açdı

 

Martın 1-də YARAT Müasir İncəsənət Məkanı tanınmış gənc rəssamların əsərlərindən ibarət “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlıda təqdim etdi. Bu da YARAT-ın coğrafiyasının genişlənməsinə bir sübutdur. 

 

YARAT sərgisini bu cür xarakterizə edir: sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürüb. Əsas ideya rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Hədsiz informasiya "dumanının" içində yoldan azmaq və vacib məsələlərin izini itirmək mümkündür. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə də mühüm sayılan və ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı və hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən bizim nəzərimizdən qaçırdığımız və diqqət etmədiyimiz mövzuları qabardan hesab olunurlar. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər. Gündəliyin müvəqqətiliyi kontekstində, sərgi müşahidə, refleksiya etmək və yaxşılığa doğru dəyişmək üçün humanist yanaşmanı təklif edir.

İndi də gəlin sərgidə təmsil olunan gənclərlə qısa tanışlıq həyata keçirək. 

 

Dadaş Adna 

O, öz əsərlərində sadəliyin poetikasını – insanların və onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır.

 

Mehrin Əlili

Oxşar üsul ilə "Bəs birdən" videoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis və kənd həyatından olan kadrları müqayisə edərək, mövcud və paralel reallığı araşdırır. Rəssam videolarda, bəs birdən onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür.

 

Elturan Məmmədov

Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində də yaxından müşahidə olunur: bir-birinə uyğun gəlməyən rənglər, yeri dəyişdirilmiş obyektlər və bayağılıq ən gözlənilməz şəkildə görünür.

 

Ramal Kazım

Onun əsərlərində təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilir. Rəssam sadə görünən insan emosiyalarının və hisslərinin mürəkkəbliyini qrotesk, güclü hisslər oyatmaq üçün çox qabarıq formada göstərir. 

 

Nadir Eminov

Onun “Okey, bumer" instalyasiyası postmodern cəmiyyətə və onun mübarizə mexanizmlərinə bir ironiyadır. Rəssam KİV-in insan qavrayışına necə təsir etdiyini və əksəriyyət üçün aldadıcı fikir yaratdığını müşahidə edir. Sanki həyat ekranın o biri tərəfindən güdülür, burada sənətçi reallıq və idrak arasındakı qaçış və uçuruma işarə edərək, tənha və əzmkar bir atmosfer yaradır.

 

Soltan Soltanlı

Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks edir. Rəssam Soltan Soltanlının əsəsrləri mütəmadi olaraq “Ədəbiyyat və incəsənət” portalında da dərc edilib. O, öz əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.

Elə şeylər var ki, universal olaraq düşünmək üçün xoşagəlməz hesab olunur, məsələn, tanıdığımız və sevdiyimiz hər kəsin gec-tez bu dünyadan köçməyin həqiqəti. Bu həqiqətlər həmişə var, lakin insanlar adətən onları qovmağa çalışırlar.

 

Habib Saher

 "Qodonu gözləyərkən" instalyasiyası ilə Habib itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması və onunla barışmasını bəyan edir.

 

Rəşad Babayev

“Dərviş" əsəri ilə Rəşad məkan və zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir. Mistik sufi ənənələri ilə əlaqəli olan asketizm ilə dərviş gələcək nəsillərə müdriklik xəbəri verir. Rəssam bugünkü regional mədəniyyətin formalaşmasında mədəni və dini köklərin gücünü işıqlandırır.

 

Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə də rəssamlara məxsus müxtəlif medialarla yaradılmış əsərlər daxildir.

Ənənəvi olaraq, sərgi əsasında YARAT heyəti və rəssamlar tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində müasir incəsənət sahəsinə dair mühazirələr və ustad dərslərində iştirak etmək mümkün olacaq.

Sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə həyata keçirilir.

Uğurlu layihədir! Təşkilatçılar da, iştirakçılar da var olsunlar!

 

Şəkillərdə: Soltan Soltanlının rəsmi; sərgidən görüntülər.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Cümə axşamı, 02 Mart 2023 17:30

Simurq - yenidən həyata gəlmə rəmzidir!

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 7-ci məqalə

 

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəmzi Simurq quşudur. Bu gün “Ədəbiyyat və incəsənət” portalı sizə rəmz seçimi barədə söhbət açacaq. 

 

Simurq - Azərbaycan mifologiyasında qədim xeyir və yenidən həyata gəlmə, fədakarlıq rəmzidir. Simurq rəmzi Müqəddəs Səmadan və ya Müqəddəs Dağdan “həyat ağacının” pöhrələrini ilk dəfə Yer kürəsinə gətirən böyük qartalabənzər quş haqqında Avrasiya əsatiri ilə sıx bağlıdır. 

Simurq səkkizguşəli ulduzun mənaca sinonimlərindən biridir. Səkkizguşəli ulduz həm Şərqdə, həm də Qərbdə kainatın yeni, əbədi həyat simvolu qismində qəbul olunmuş, tanrıların lütfü və ölkənin çiçəklənməsinin qədim rəmzidir.

“Simurq”un fəlsəfəsinə görə, “Simurq” beynəlxalq medalına, “Mədəniyyət səfiri” beynəlxalq diplomuna, üzərində “Yüksək mədəniyyət darvazaları” təsviri olan fəxri fərmanlara və təşəkkürnamələrə Azərbaycanın və xarici ölkələrin yüksək mənəvi mədəniyyətin dəyərlərinə və əqli, mənəvi inkişafın xeyri, insanların həyat rifahının və həyat keyfiyyətinin yüksəlişi, mədəniyyətlərin ahəngi, əməkdaşlıq və sülh naminə yaradıcılıq prinsiplərinə sadiq qalan vətəndaşları layiq görülür. Belə insanlar qismində yüksək mədəniyyətli, kulturoloji piramida üzrə müdrikliyə yüksələn və öyrənmə, dərketmə və yaratma pillələrini anlayan layiqli şəxsiyyətlər seçilir.

“Simurq” AMA-nın diplom və təltiflərində əsas şəkillər “su işarələri” formasında təsvir edilib. “İnsan və Ulduz” su işarələri İnsan və Kainatın ayrılmaz ahəngdar birliyini təmsil edir. İnsan ağıl, qəlb və əmək ilə yaradılmış “ikinci, süni təbiət”i özündə təmsil edən ruhi və maddi mədəniyyətin rəmzidir.

Diplom və təltiflərdə daxili çərçivə “Yüksək mədəniyyət darvazaları”nı əks etdirir ki, onların xətləri özündə dünyanın yaradılışı, xeyir, nəciblik, qurtuluş və insan xoşbəxtliyini təcəssüm etdirən Simurq və Buta quşlarının əksinin növbələşməsi şəklində təsvir edilir.

 

Şəkildə: Assosiasiyanın mükafatları

 

Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Necə deyərlər, hər şey mətbəxdən başlayır. Və “Ədəbiyyat və incəsənət”in eksperti də mətbəxinizə daxil olub yağlı-piyli, bol kalorili qidaları zibil qabına tullamaq fikrində israrlıdır. 

 

Artıq çəkidən əziyyət çəkənlər ölkəmizdə kifayət qədər çoxdur. Sovetlər dövründən qat-qat çox. Çünki indi biz fəst-fud mədəniyyətinə çox dərindən yiyələnmişik. Həmin kompleksdən azad olmaq üçün idmanı seçənlər də, ac qalmağa üstünlük verənlər də var. Mütəxəssislər isə deyirlər ki, formada qalmaq 70 faiz qidalanma, 30 faiz fiziki aktivliklə bağlıdır. Nə yalnız idman etməklə, nə də yalnız qidalanmağa fikir verməklə istənilən nəticəni əldə etmək olmaz. Ona görə də onların hər ikisinə eyni vaxtda əməl etmək lazımdır.

Yaxşı nəticə əldə etmək üçün bir qayda olaraq məşqdən əvvəl qidalanmaq düzgün sayılmır, çünki idman hərəkətləri zamanı əzələlər işlək vəziyyətdə olduğu zaman mədə qidanı həzm etməyə çalışır, həmçinin əzələlərdə daha çox qan axını olur ki, bu da həzm sistemi üçün zəruri qan miqdarının axınının qarşısını alır. Odur ki, məşqdən 1-4 saat əvvəl qidalanmaq məsləhət görülür. Məşqdən əvvəl giləmeyvəli yoğurt, yaxud süddə hazırlanmış və giləmeyvəli yulaf sıyığı, alma, bir qədər qoz, üzüm, banan və digər qida məhsullarının istehlakı tövsiyə olunur.

Məsələn, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova deyir ki, “Məşqdən sonra qidalanma rejimi daha əhəmiyyətli hesab olunur, çünki məşq prosesində əzələlərdə olan qlükogen və amin turşulardan ibarət olan əsas enerji mənbəyinin əhəmiyyətli hissəsi tükənir, əzələ liflərinin dartılması baş verir və bunun nəticəsində iltihabi proseslər də gedə bilir. Ona görə də məşqdən sonra 1 saat müddətində zülal və karbohidrat ehtiva edən qida məhsullarının qəbul edilməsi həm qlükogen deposunu doldurur, həm əzələ zəifliyini aradan qaldırır, həm də əzələ kütləsini bərpa edir”.

Onu da qeyd edək ki, idmanla məşğul olan və qidalanmasına diqqət edənlərin yağlı və qızardılmış yeməklər - şokolad, lifli tərəvəzlər, yağlı ət, şirin və yağlı yoqurtlar, lif və yağ turşuları ilə zəngin kətan toxumu, fastfud, enerji içkiləri və qazlı içkilər qəbul etməsi məsləhət görülmür.

Sonda bir şeyi də qeyd edək: Tamah insanın ən zərərli xüsusiyyətidir. 

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Rusiyanın Azərbaycanda gənc qiraətçilər arasında “Canlı klassika” müsabiqəsi keçirməsinə sözönü

 

 

Ukrayna ilə müharibə aparmaqda olan Rusiya MDB ərazilərindəki mədəniyyət mərkəzlərinin fəal olması direktivlərini ortaya qoyub. Ən azı Rusiyanın Azərbaycandakı mədəniyyət mərkəzi bunu deməyə əsas verir. Bu tədbirlər təbii ki, heç bir siyasi məqsəd güdmür, onlarda Ukrayna əleyhinə cüzi bir ştrix yoxdur. Bunları keçirməkdə məqsəd, çox şübhəsiz, təcavüzkar müharibəyə qol qoyan bir ölkənin reputasiyasını qorumaq, onun mədəni köklərini bəyan etmək istəyidir. Yəni baxın, bu dövlət mədənidir, haqq-ədalət aşiqidir.

 

Bu fikirləri “Ədəbiyyat və incəsənət” portalına ekspert Malik Məmmədov söyləyib. O, Rusiya qurumları tərəfindən Azərbaycanda gənc qiraətçilərin “Canlı klassika” müsabiqəsi keçirilməsi xəbərinə məhz bu cür şərh verib. 

İndi isə xəbərin təfsilatı. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi məlum edib ki, sözügedən müsabiqə Rusiya Maarif Nazirliyi, “Rossotrudniçestvo” və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil olunur. Layihənin Azərbaycanda kuratoru Azərbaycan Rus Gəncləri Assosiasiyasıdır. 

Müsabiqəyə qoşulmağı arzu edən, yaşı 10-dan 17-yə qədər olan hər kəs dəvət olunur, iştirak ödənişsizdir. 

Müsabiqə iştirak etmək istəyən şəxslər “youngreaders.ru” saytında qeydiyyatdan keçməli, XVIII-XXI əsrlərin müəlliflərinin yaradıcılığından bir əsər seçib, onu əzbərləməlidirlər. Müsabiqənin bütün mərhələlərində məhz həmin nümunəni ifa etmək lazım olacaq. 

“Canlı klassika” – rusiyalı yazıçıların nəsr əsərlərindən nümunələrin ucadan oxunması üzrə yarışma tədbiridir. Əsasən yeni nəşrlər təqdim ediləcək. 

Və biz əmin olduğumuzu bildiririk ki, təqdim edilən nəsr əsərlərində millətçi çağırışlar olmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Cümə axşamı, 02 Mart 2023 16:00

Milli Dram Teatrının mart repertuarı

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mart ayında “Medeya” tamaşası ilə başlayaraq klassik əsərlər əsasında səhnələşdirilmiş maraqlı tamaşalarla çıxış edəcək. Sənət ocağının mart repertuarını təqdim edirik:

 

2 mart – “Medeya”

3 mart – “Xurşidbanu Natəvan”

4 mart – “Zorən şorgöz”

5 mart – “Filumena Marturano”

9 mart – “Manqurt”

10 mart – “Sərgüzəşti- vəziri-xani-Lənkəran” 

11 mart – “Ah, bu uzun Sevda yolu”

12 mart – “Ölülər”

18, 19, 20, 21, 22 mart – “Novruz” (uşaq tamaşası)

31 mart – “Zəfər yolu”

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Cümə axşamı, 02 Mart 2023 15:30

Bir şəklin tarixi

 

Dövrünün görkəmli ədəbiyyatşünası olmuş İmamverdi Əbilovun oğlu Etibar Əbilov bir şəklin tarixçəsini “Ədəbiyyat və incəsənət” portalının oxucularına danışır. 

 

Bu gün arxivimdə Səməd Vurğunla atamın 1954-cü ilin 12 iyununda Neftçalada çəkilmiş orijinal şəklini görüb haqqında bəhs etmək qərarına gəldim.

Bu şəkil 69 il bundan əvvəl çəkilib. Burada atamın 27 yaşı var. Səməd Vurğun isə 48 yaşındadır. 

Atam Səməd Vurğunun yaradıcılığı barədə məruzə edib. Atamın məruzəsindən sonra Səməd Vurğun ayağa qalxıb, atamı bağrına basıb və hamının  eşidəcəyi səslə:

    -Sən mənə lap anam Məhbubə xanım kimi layla çaldın- deyib.

Tarix onu yaşatdıqca tarix olur.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.