Fotomüxbir İlqar Cəfərov Serbiyada keçirilən “GOOD LIGHT 2023” Beynəlxalq Fotomüsabiqəsində FİAP-ın - Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının qızıl medalına layiq görülüb. FIAP-ın himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 54 ölkəsindən 183 fotoqrafın 3350 fotoşəkli göndərilib.
FIAP-ın qızıl medalına İ.Cəfərovun 2020-ci ildə II Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayəti əks etdirən “Evi bombalanmış insan” (A bombed -out house) fotosu layiq görülüb. Fotomüxbir bu qələbəsini, həmin günlərin acılarını bərabər yaşadığı həmkarı, şəhid jurnalistimiz Məhərrəm İbrahimovun əziz xatirəsinə ithaf edib.
Xatırladaq ki, İlqar Cəfərov AzərTAC-ın fotomüxbiridir.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)