Bu gün Milli Kitabxananın 100 yaşı tamam olur

 

Ədibə İsmayılova: Milli Kitabxana 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilib - müsahibə

 

 

Bu gün Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi tamam olur. Milli Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb. Belə bir əlamətdar gündə AzərTAC-ın əməkdaşı Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ilə həmsöhbət olub. 

“Ədəbiyyat və incəsənət” portalı müsahibəni sizin diqqətinizə çatdırır.

 

-Ədibə xanım, yüz illik tarixi olan Milli Kitabxananın yaradılması ideyası haqqında məlumat verərdiniz...

 

-Azərbaycanda hamının istifadə edə biləcəyi Milli Kitabxananın yaradılması fikri hələ XIX əsrin 70‐ci illərində “Əkinçi” qəzeti tərəfindən irəli sürülüb. Sonralar ölkə mətbuatında, o cümlədən “İrşad”, “Kaspi”, “Tərəqqi” qəzetləri, həmçinin “Molla Nəsrəddin” jurnalında bu məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, Milli Kitabxananın yaradılması təşəbbüsü dövlət səviyyəsində Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yenidən qaldırıldı. Lakin sonralar respublikada ictimai‐siyasi mühitin kəskin surətdə gərginləşməsi ilə əlaqədar bu məsələ təxirə salındı və Demokratik Respublikanın süqutu bu ideyanın həyata keçməsinə imkan vermədi. Arxiv sənədlərindən məlum olur ki, Bakıda mərkəzi dövlət kitabxanasının yaradılması məsələsi ilk dəfə Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920‐ci il tarixli 53 saylı iclasında müzakirə edilmiş, kitabxananın yararlı bina, avadanlıq və kitab fondu ilə təmin edilməsi haqqında müvafiq qərar qəbul edilib. 1922‐ci ilin yanvar ayında Xalq Maarif Komissarlığı tərəfindən Mərkəzi kitabxananın direktor vəzifəsi təsis edilir və bu vəzifəyə Müseyib İbrahim oğlu Səlimov təyin edilir. Yeni yaranan kitabxana indiki Üzeyir Hacıbəyli küçəsindəki keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında yerləşdirildi. Azərbaycanın Mərkəzi Kitabxanasının fondunun əsasını ilkin mərhələdə İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından toplanmış 5 min 212 nüsxə kitab təşkil etmişdir. O dövrdə kitabxana tərəfindən həyata keçirilən ən mühüm tədbirlərdən biri respublikada nəşr edilən bütün kitab, jurnal və qəzetlərin iki məcburi nüsxəsinin alınması haqqında dekretin hazırlanıb Respublika Xalq Maarif Komissarlığı tərəfindən təsdiqlənməsi idi. Dövlət səviyyəsində qəbul edilmiş bu sənəd Mərkəzi Kitabxananın kitab fondunun müntəzəm və planlı surətdə yeni ədəbiyyatla komplektləşdirilməsinin əsasını qoydu. 1923‐cü ildən başlayaraq kitabxanaya məcburi nüsxələr daxil olmağa başladı. Kitabxananın açılışı ərəfəsində fondun ümumi həcmi 20 min 441 nüsxəyə çatmışdı. Kitabxananın təsis edilməsi, ona Azərbaycan Mərkəzi Dövlət Kitabxanası statusunun verilməsi və dövlət səviyyəsində açılışı 23 may 1923‐cü ildə olduğundan bu tarix Milli Kitabxananın yaranması günü kimi qəbul edilir.

 

-Ölkəmiz müstəqillik əldə etdikdən sonra Milli Kitabxananın fəaliyyətində hansı yeniliklər olub? 

 

Müstəqillik illərini Milli Kitabxananın fəaliyyətinin çiçəklənməsi dövrü kimi qeyd etmək olar. Məhz bu dövrdə Milli Kitabxana xalqımızın milli‐mənəvi dəyərlərinin etibarlı şəkildə mühafizə olunaraq gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirən elm məbədinə, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə gedən flaqmana, əsl mədəniyyət mərkəzinə çevrilib. Ulu Öndər Heydər Əliyev mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşmışdır və bu diqqət milli mənəvi dəyərlərimizi yaşadaraq gələcək nəsillərə çatdıran Milli Kitabxanamızdan da yan keçməyib. 1995-1997-ci illərdə dəfələrlə bu elm məbədinə gələn və hər gəlişi ilə bu kitabxanaya yeni bir abu-hava, müsbət dəyişikliklər gətirən Ulu Öndər təsadüfi olaraq demirdi ki, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev kitabxanaya gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın qiymətli kitabı Milli Kitabxanaya hədiyyə edib. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə -1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanada olub. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundzadə adına Dövlət Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004‐cü il tarixli qərarı ilə “Milli Kitabxana” statusu verilib. Bu status kitabxananın qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş, ölkənin ictimai həyatında rolunu artırıb.

 

-Son illər hansı mühüm layihələr reallaşdırılıb və bu layihələr ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə nə kimi töhfə verib? 

 

- ABŞ‐ın VTLS korporasiyasının məxsusi kitabxanalar üçün işləyib hazırladığı VİRTUA proqramının tətbiqi ilə Milli Kitabxanada elektron kataloqun yaradılmasına hazırlıq işləri başa çatıb, 2006‐cı ilin mayında Milli Kitabxananın veb‐saytınınnın və elektron kataloqunun təqdimatı olub. 2010‐cu ildən Kitabxana fondlarında olan kitabların rəqəmsallaşdırılması işi xeyli sürətlənmiş, “Azərbaycan ədəbiyyanın arxivi” və “Nadir kitablar və kitabxana muzeyi” şöbələrində olan və oxucular tərəfindən ən çox tələb olunan kitabların, XIX əsrin sonunda və XX əsrin əvvəllərində respublikamızda dərc olunan qəzet və jurnalların demək olar ki, 90 faizinin elektron versiyası hazırlanmışdı. Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son yeniliklərdən biri də məsafədən virtual kitab sifarişi sisteminin yaradılması oldu. Yəni İnternetə çıxışı olan hər bir oxucu saytdakı “Virtual xidmət” bölməsinə daxil olaraq istənilən kitabı sifariş edə bilirdi. 2008‐ci ildə Milli Kitabxananın Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsində Rusiya Dövlət Kitabxanasının Elektron dissertasiya fondunun Virtual oxu zalı açıldı. Oxu zalında Azərbaycan Milli Kitabxanasının oxucuları Rusiya Dövlət Kitabxanasının dissertasiya və avtoreferatlar fondunda mühafizə olunan 1 milyondan artıq dissertasiya və avtoreferatın tam elektron mətnindən istifadə etmək imkanı əldə etdilər. Şöbə Azərbaycanda müdafiə olunmuş dissertasiyaların tam mətnli elektron məlumat bazası ilə də oxuculara virtual xidmət göstərirdi.

 

-Milli Kitabxananın beynəlxalq əlaqələrindən də danışardınız... 

 

- Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlayıb. Azərbaycan Milli Kitabxanası Müstəqil Dövlətlər Birliyinin milli kitabxanalarını özündə birləşdirən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) beş təsisçisindən biri olaraq, keçmiş Sovetlər birliyi məkanında yeganə professional kitabxana təşkilatının yaradıcılarından biri kimi çıxış etdi. 2005-ci ildə Azərbaycan Milli Kitabxanası dünyada çox nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatına üzvlüyə qəbul olundu. Bu nüfuzlu təşkilatın Lüksemburqda keçirilən illik iclasında ilk dəfə təmsil edildi və 43 ölkənin yekdil qərarı ilə həmin təşkilata üzv oldu. 2009-cu ilin avqustunda Azərbaycan Milli Kitabxanası Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları Federasiyasına (İFLA) üzvlüyə qəbul edildi və ilk dəfə həmin ilin avqustunda İFLA-nın Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən illik iclasında iştirak etdi. Bu zaman İFLA-nın prezidenti tərəfindən Azərbaycan Milli Kitabxanasına İFLA-nın üzvlüyü sertifikatı təqdim edildi. Eyni zamanda Azərbaycan Milli Kitabxanası İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları və Arxiv təşkilatları Birliyinin və Türkdilli Ölkələrin Milli Kitabxanaları Direktorları Şurasının da üzvüdür və bu beynəlxalq təşkilatların layihələrində fəal iştirak edir. Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri bu gün dünya kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq istiqamətində də uğurla inkişaf etməkdədir. Bu gün Milli Kitabxanamız dünyanın 47 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalamışdır və bu kitabxanalarla fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda dünyanın 80-dən artıq ölkəsinin milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi yolu ilə kitab və digər nəşrlərin mübadiləsini həyata keçirir. Azərbaycan Respublikasında Kitabxana-informasiya sahəsinin inkişafında və yenidən qurulmasında mühüm mərhələ təşkil edən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bütövlükdə ölkəmizdə kitabxanaların, o cümlədən Milli Kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində yenidən qurulmasında, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasında, oxuculara kitabxana-biblioqrafiya xidmətlərinin təkmilləşdirilməsində və elektronlaşdırılmasında əhəmiyyətli rol oynadı. Bu Dövlət Proqramının uğurla yerinə yetirilməsi Azərbaycan Milli Kitabxanasının aparıcı dünya ölkələrinin milli kitabxanaları sırasında öncül yerlərdən birinə çıxmasına və Cənubi Qafqazın ən modern kitabxanası səviyyəsinə yüksəlməsinə səbəb oldu. 

 

-Milli Kitabxananın Avropa standartlarına uyğunlaşdırılması istiqamətində hansı işlər görülüb? 

 

-2014-cü ildən Milli Kitabxananın kolleksiyalarında müasir tipli mobil kitab rəflərinin quraşdırılması işlərinə başlanıldı. Tozu, rütubəti, işığı buraxmayan və qiymətli kitabların günəş işığından və digər kənar təsirlərdən qorunmasına xidmət edən mobil kitab rəfləri eyni zamanda, yeni kitabların yerləşdirilməsi imkanlarının da iki dəfə artırılmasına kömək edir. Son illərdə Kitabxanada Avropa standartlarına uyğun işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılıb, qazla işləyən avtomatlaşdırılmış yanğınxəbərverici və yanğınsöndürücü sistem quraşdırılaraq istifadəyə verilib. Fondun xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət işini yaxşılaşdırır, həm də qiymətli kitab kolleksiyalarının etibarlı mühafizəsinə xidmət edir. Hazırda kitabxananın Azərbaycan ədəbiyyatının milli arxiv fondu, Azərbaycan ədəbiyyatı fondu, Azərbaycan bəstəkarlarının not əlyazmaları fondu və bütün digər sənədlər yüksək keyfiyyətli müasir tipli mobil kitab rəflərinə köçürülüb və bu ilin sonunadək bu işin tamamilə başa çatdırılması nəzərdə tutulur. 2016-cı ilin iyul ayında Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə, Milli Kitabxananın nəzdində həftənin bütün günləri, 24 saat xidmət göstərən “Mən oxudum, sən də oxu” devizi altında işləyən “Açıq Kitabxana” yaradıldı. Açıq kitabxanada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. 2020-2021-ci illərdə Milli kitabxananın fonduna müxtəlif mənbələrdən 33 641 nüsxə ədəbiyyat daxil oldu. Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Yaranan maneələrə baxmayaraq Milli Kitabxanada robot skanerlər, portativ skanerlər və rəqəmsal fotoaparatlar vasitəsi ilə çəkilmiş və qrafik proqramlarda işlənmiş 88048 tammətnli (kitab, dissertasiya, dövri-mətbuat olmaqla) elektron resurs yaradıldı. Pandemiya ilə əlaqədar bilavasitə kitabxanada oxuculara xidmət dayandırıldığı üçün qısa zaman kəsiyində istifadəçilərə kitabxana-informasiya xidmətini virtual rejimdə təqdim etmək üçün xidmət miqyasını genişləndirərək, kitabxananın saytında yeni "Onlayn xidmətlər” pəncərəsi yaradıldı. Bu pəncərənin “Sənədlərin sifarişi və elektron çatdırılması” bölməsi vasitəsilə istifadəçilərə 246 098 resurs göndərilib. Kitabxananın (millikitabxana.az) saytına daxil olan istifadəçilərin sayı isə 7.500.523 nəfər olub. Pandemiya şəraitində Milli Kitabxananın fəaliyyəti kitabxananın elektron xidmətlərinin, elektron kataloq və elektron kitabxanasının daha da təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə əhəmiyyətli təkan verdi. Uzun illər Ana Kitabxanamız xalqımızın milli‐mənəvi dəyərlərini etibarlı şəkildə mühafizə edərək gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmiş, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə getmiş, milli mənəvi dəyərlərimizin təbliğində və vətənə qayıdışı istiqamətində layihələrə imza atmışdır. Milli Kitabxananın son illərdə əldə etdiyi böyük nailiyyətləri yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual‐mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir".

Beləliklə, doğma Milli Kitabxanamız öz tarixi 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilib. 

 

-Sizi və çoxsaylı kollektivinizi əlamətdar gün münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.