Bakıda İtaliyanın "Buongiorno Ceramica!" festivalı çərçivəsində “Arts Council Azerbaijan”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Gilabi Ceramics” Balaxanı Yaradıcılıq Mərkəzi və “World Craft Council Europe” təşkilatlarının birgə əməkdaşlığı ilə silsilə tədbirlər keçirilib.
AzərTAC xəbər verir ki, əvvəlcə rəssam Mir Teymur Məmmədovun keramika mərkəzinə ekskursiya təşkil olunub. Sonra “Gilabi Ceramics” Balaxanı Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib. Ustad dərsinin iştirakçılarına özlərinin keramika işlərini düzəltmək və onu öz zövqlərinə uyğun ornamentlərlə bəzəmək imkanı verilmişdir. Həmçinin həmin gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Muzey-sərgi kompleksi”ndə “Sabahın xeyir, keramika” adlı sərgi açılıb. Sərgidə müxtəlif texnika və üslubda hazırlanmış yüzə yaxın keramika işi nümayiş etdirilib.
Qeyd edək ki, "Buongiorno Ceramica!" keramika sənətini və sənətkarlığını təbliğ etmək, təkmilləşdirmək məqsədilə AİCC - İtaliya Keramika Şəhərləri Assosiasiyası tərəfindən yaradılmış festivaldır. Ənənəvi olaraq mayın 20-də və 21-də İtaliyada “Buongiorno Ceramica” festivalı çərçivəsində müxtəlif tədbirlər keçirilir. Bu il Azərbaycan bu festivalda ilk dəfə iştirak edib. Festivalın Azərbaycanda keçirilməsinin təşəbbüskarı və kuratoru “World Craft Council Europe” təşkilatının nümayəndəsi Sona Quliyevadır. Keramika sənəti mədəniyyətimizin, tariximizin ayrılmaz hissəsi olduğundan, Azərbaycan xalqının mədəni irsində mühüm yer tutur.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)