Daşkənddə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Həqiqətən də, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri bitib tükənmir. Mərkəzlə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı sayəsində Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

 

Mədəniyyət Mərkəzinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi xəbərə görə, tədbirdə Özbəkistanın dövlət nümayəndələri, diaspor nümayəndələrimiz, mədəniyyət, incəsənət xadimləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündəki Ümummilli Lider Heydər Əliyevin büstünün və şəhidlər abidə kompleksinin qarşısına gül-çiçəklər qoyublar. Daha sonra tədbir iştirakçıları Mərkəzdə Heydər Əliyevə həsr edilmiş sərgi ilə də tanış olublar.

Mədəniyyət Mərkəzinin böyük konsert zalında davam edən tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin banisi, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin xidmətləri haqqında danışaraq, onun Azərbaycanın dövlətçilik tarixində o qədər böyük yeniliklərə, böyük işlərə imza atdığını söyləyib, Ulu Öndərin bu müstəsna xidmətlərinin Azərbaycanla yanaşı, bütün dünyada geniş təbliğinin zəruri olduğunu vurğulayıb. 

Samir Abbasov Heydər Əliyev şəxsiyyəti, onun Türk dünyası ilə bağlı fikirləri, Özbəkistanla dövlətlərarası əlaqələrin və əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib və Ulu Öndərin adını daşıyan rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafındakı layihələri haqqında danışıb. 

Çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, onun Azərbaycan dövlətçilik tarixindəki rolundan söz açaraq Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara qarşı xüsusi diqqətinin olduğunu və Azərbaycan diasporasının məhz Ulu Öndərin hakimiyyəti illərində formalaşdığını, diaspora fəaliyyətinin dövlət səviyyəsində qurulmasında Ulu Öndərin böyük xidmətlərini qeyd edib. 

Azərbaycan dövlətinin diaspora fəaliyyətindən söz açan Fuad Muradov qardaş Özbəkistanda da çox sayda soydaşlarımızın yaşadığını və azərbaycanlıların daim ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etdiyini qeyd edib. Fuad Muradov Özbəkistanda azərbaycanlıların daim yaşadıqları və vətəndaşı olduqları ölkənin rifahı üçün çalışmaqla yanaşı, Azərbaycan-Özbəkistan arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsinə öz töhfələrini verməsinin vacibliyini vurğulayıb. 

Özbəkistan Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, iki qardaş respublika arasında həm sovet dövründə, həm də müstəqillik əldə etdikdən sonra münasibətlərin qurulması və inkişafında Heydər Əliyevin tarixi rolunun olduğunu vurğulayıb. O, Özbəkistanda da Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğunu və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən xüsusi sərəncam və tədbirlər planı təsdiq edildiyini qeyd edib. 

Çıxışlardan sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi ilə hazırlanmış və Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib. 

Tədbir çərçivəsində Özbəkistan Xalq Çalğı Alətləri Kamera Orkestri Ulu Öndərə həsr edilmiş Dostluq Konserti ilə çıxış edib. Bədii rəhbər Özbəkistan Respublikasının Əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarların Azərbaycana, Heydər Əliyevə həsr edilmiş əsərləri, habelə, xalq mahnılarımız səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.